12.03.2016

Elman Nəsirli: Sahibkarlığın çökdürülməsində MTN-nin keçmiş rəhbərliyi çox fəal olub... — MÜSAHİBƏ

Yeni deputat seçilən şəxslərdən biri də politoloq Elman Nəsirlidir
Ölkə.Az yeni seçilən deputatlarla müsahibəyə star verir. İlk müsahibimiz Göyçay-Ağdaş dairəsindən deputat seçilmiş Elman Nəsirlidir.
Elman Nəsirli ilə geniş müsahibəni sizə təqdim edirik:

- Salam Elman müəllim. Seçilməyiniz münasibəti ilə sizi təbrik edirik.
- Çox sağ olun. Minnətdaram.
- Bu iştirak etdiyiniz ilk seçki idi. Necə yadda qaldı?
- Birinci dəfə idi ki, YAP-ın üzvü olaraq Milli Məclisə beşinci çağırış seçkilərində iştirak edirdim. Və ilk cəhdim uğurlu alındı. Ancaq ilk cəhd bu cür görünür. Əslində isə bu yol çox uzun bir yol idi. 2001-ci ildən YAP-ın üzvüyəm. Eyni zamanda YAP-ın Beynəlxalq əlaqələr üzrə komissiyasının katibiyəm. Seçkilərə qatılmağımla bağlı qərarı da partiya rəhbərliyi verdi. Mənə böyük etimad göstərdilər. Xüsusilə partiyamızın sıralarında təxminən 700 minə yaxın insan təmsil olunur. Partiyamız həm kəmiyyət, həm də keyfiyyət baxımından nəinki ölkəmizdə, bütöv cənubi Qafqazda ən böyük partiyadır. Eyni zamanda xüsusilə vurğulamaq istəyirəm ki, partiyamızın keyfiyyət baxımından çox böyük üstünlükləri var. Belə olan vəziyyətdə kimə etimad göstərib namizədliyini irəli sürəsən? Bu məsələ partiyamızda əsas vaxt alan məsələ idi. Çünki digər partiyalarda, müxalifət partiyalarında başqa problem var. Onlarda 1-2 liderlərindən başqa müxtəlif seçki dairələrindən namizədlik irəli sürmək üçün kadr potensialı yoxdur. Prinsipcə ayrı-ayrı üzvləri var, ancaq onları ölkədə heç kim tanımır. Belə olan vəziyyətdə formal baxımdan namizədliyi irəli sürə bilərlər, ancaq namizədliyini irəli sürən şəxslər bilirlər ki, onların qalib gəlmək şansları sıfıra bərabərdir. YAP-da isə kimin namizədliyini irəli sürəsən? Düşündürücü sual bu idi. YAP-ın çox geniş kadr potensialı var. Böyük ziyalıları, tanınmış alimləri, siyasətşünasları var. Belə olan vəziyyətdə bu reallıqda partiya rəhbərliyi mənim də namizədliyimi 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən irəli sürdü, böyük etimad göstərdi. Buna görə də, ilk növbədə partiyamızın rəhbəri, ölkə prezidenti cənab İlham Əliyevə təşəkkür edirəm. Partiyamızın bütün rəhbərliyinə təşəkkür edirəm. Bu seçki prosesində aktiv bir taktika seçdim, seçicilərlə ünsiyyəti seçdim. Təbliğat-təşviqat dövrü elə bir seçici kateqoriyası olmadı ki, onlarla görüşməyim, onlarla ünsiyyətdə olmayım. Ayrıca müəllimlərlə, tibbi personalla, ağsaqqallarla, qadınlarla, rayonların gəncləri ilə görüşlər keçirdim. Seçicilərlə bu ünsiyyətdən sonra artıq məndə belə bir əminlik hasil oldu ki, seçkilərdə qalib gəlmək üçün böyük şansım var. Bu görüşlərin ən böyük əhəmiyyəti onda idi ki, bir çox hallarda dedilər ki, sizin efirdən çıxışlarınızı izləyirik. Keçirdiyimiz görüşlərin birində bir xanım dedi ki, sizin bizimlə görüşünüz bizi çox böyük tərəddüddən azad etdi. Tərəddüd o idi ki, biz sizi görürdük, eşidirdik ancaq bundan sonra 5 il müddətinə taleyimizi sizə bağışlayacağıq. Belə olan vəziyyətdə təkcə efirdən tanımaq kifayət edərmi? Görüşlərdən sonra bildirdilər ki, bizi o tərəddüddən xilas etdiniz.
Gənclər həddindən artıq çoxlu suallar verirdi. Onlar cəmiyyətimizin lokomotividir, çox fəaldırlar. Onları narahat edən məsələlər var. Həm ölkə daxili ilə bağlı, həm də beynəlxalq məsələlərlə bağlı. Gəncləri ona görə vurğulayıram ki, YAP-ın sıraları daha da genişlənməkdədir və bunda əsas pay sahibliyi gənclərin üzərinə düşür. Gənclərimizə Azərbaycanı sevməyə bəzi qüvvələr təsir göstərmək istəyir. Onlardan istifadə etmək istəyirlər, ölkədə müəyyən gərginlik yaratmaq üçün onların imkanlarından istifadə etmək istəyirlər. Müxtəlif ölkələrdə siyasi kataklizim vaxtı gənclərdən istifadə olunduğunun dəfələrlə şahidi olmuşuq. Gənclərlə ünsiyyətdən sonra anladım ki, Azərbaycan gənci onların hansı qüvvələr olduğunu və niyyətinin nə olduğunu bilir.
- Səhv etmirəmsə elə mənimlə söhbətiniz zamanı demişdiniz ki, partiyanın mənim namizədliyimi verəcəyindən xəbərsiz idim.
- Bəli, elə olmuşdu. Partiyamızın o qədər böyük potensialı və kadrları var ki, heç kim bilmir ona etimad göstərəcəklər. Adım siyahıda çıxanda bildim ki, mən də namizədəm.
- Kampaniya aparmaq və seçilmək sizcə çətin olmadı ki?
- Yox. Çətin olmadı. Ona görə çətin olmadı ki, birinci növbədə mənim inamım var idi. YAP hakim partiyadır. Xalqımız bu partiyaya etimad göstərir. 2013-cü ildə ölkə prezidenti İlham Əliyevi növbəti dəfə prezident seçməklə əslində prezidentimizin və partiyamızın yeritdiyi siyasətə etimadını göstərdilər. YAP-ın üzvü olaraq seçicilərlə görüşdə rahatlıq hiss edirdim. Seçicilər onu da bildirdi ki, indiki Azərbaycan müxalifətinin radikal hissəsi əsl müxalifətə yaraşmayan hərəkətlər edirlər. Müxalifətçilik lazımdır, vacib elementdir. Müxalifətçilik ilə radikalizm başqa-başqa məsələlərdir. Bir məsələyə konstuktiv yanaşmaq başqa şeydir. Cığallıq etmək, müəyyən qüvvələrə işləmək müxalifətçilik yox, milli satqınlıqdır. YAP hakimiyyətə müxalif partiya olaraq gəldi. YAP həm də əsl müxalifətin necə olmasını ortaya qoydu. Partiyanın gücündən əlavə hər bir namizədin savadı, səmimiliyi faktorunun çox böyük rolu oldu. Xalqla səmimi olmaq lazımdır. Xalq bilməlidir ki, bu namizəd mənim içimdən çıxıb, bu mənim övladımdır. İnsanların səmimiliyə böyük ehtiyacı var.
- Dairədə ən güclü rəqibiniz kim idi?
- Siyasi prosesdə iştirak edən insanlar üçün rəqiblərin hər biri güclüdür. Siyasi mübarizə prosesinə qoşulub qalib gəlmək iddiasında olan hansısa namizəd öz rəqiblərini zəif hiss edirsə, həmin andan onun özünün zəifliyi başlayır. Namizəd olduğum dairədən 8 nəfər deputat mandadı uğrunda mübarizə aparırdıq. Ümid Partiyasından, Müsavat Partiyasından və QHT nümayəndələrindən ibarət rəqiblərim var idi. Hər kəsin öz seçicisi var. Kampaniyam dövrümdə bütün namizədlərin zəif və güclü tərəflərini öyrəndim. Mübarizədə rəqibini tanımaq lazımdır. Rəqiblərimi analiz etdikdən sonra mlum oldu ki, bu mübarizədə güclüyəm. Bu qənaətə gəlməkdə əsas səbəblərdən biri də o idi ki, seçicilərlə görüşdə bunu mənə deyirdilər. Belə olan halda məndə inam getdikcə artırdı ki, qalib gələ biləcəm. Ancaq bir an belə eyfariyaya qapılmadım. Hər anın öz hökmü var. Son nəticədə də xalqın etimadı öz rolunu oynadı. MSK-nın elan etdiyi nəticələrdə 61.5% səs yığdım və böyük üstünlüklə qalib gəldim.
- Rəqibləriniz sizi təbrik etdimi?
- Rəqiblərdən təbrik edən olmadı. Onlardan biri olan Vidadi İsgəndərli nəinki təbrik etmək, o yalnız təxribatla məşğuldur. Faktiki olaraq seçki prosesinə mane olmaq, olmazın şayələrini yaymaq, belə məsələlərlə məşul idi. Seçki kampaniyamda bir dəfə də onun adını çəkmədim. Çünki o mənim üçün real namizəd olmadı. Onun danışığı şər, qarayaxma, tənqid yox, təhqir üzərində qurulmuşdu. Seçki vaxtı dairə seçki komissiyasına gedərək gizli çəkilişlər edib “Youtube”a qoyurdu. Vidadi İsgəndərli hüquqşünasdır. Hüquqşünas bilmir ki, 2009-cu ildə 18 mart referendumunda konstitusiyaya əlavələr və düzəlişlər oldu. Həmin referendumda insanın xəbəri olmadan onu çəkmək, səsini yazmaq qadağan edildi. Bu insan məsuliyyət daşıyır. Özünü hüquqşünas adlandırır, bunu tez-tez təkrarlayır, ancaq özü çox böyük qanun pozuntusuna yol verir. Belə insandan nəinki təbrik, həqarətli yanaşmanın şahidi oldum.
Bir nəfər namizəd var idi, sonradan namizədliyini geri götürdü - Qumru Eyvazova məni təbrik etdi. Qumru xanım da prosesdə iştirak edirdi, sonradan bildirdi ki, siz çox güclü rəqibsiniz, bu halda namizədliyimi geri götürürəm. Qumru xanım təkcə namizədliyini geri götürmədi, eyni zamanda mənim təbliğat kampaniyamda iştirak etdi. Mənə dəstək verdi. Qumru xanıma təşəkkür edirəm. Digər namizədlərdən isə hələki o təbriki almamışam, ancaq onu deyim ki, telefonum susmayıb. MSK seçki dairələri üzrə liderlərin siyahısını açıqlayandan sonra hətta telefonumun batariyası çökdü. (gülürük)

- Politoloq Elman Nəsirov ictimaiyyətə yaxşı tanışdır. Bəs deputat Elman Nəsirovu necə tanıyacaqlar?
- Mənə elə gəlir ki, burada bir bağlılıq olacaq. Hesab edirəm ki, seçki kampaniyam dövründə politoloq kimi tanıyıb mənə çox pozitiv yanaşırdılar. Məlum oldu ki, çıxışlarımı, müsahibələrimi izləyirlər. Politoloq kimi özümü insanlara sevdirə bilmişəmsə, indi məsuliyyətim daha da artdı. Politoloq üstəgəl millət vəkili. Bundan sonra 5 qat məsuliyyətlə işləməliyəm. Elə etməliyəm ki, seçicinin etimadını konkret addımlarla qazana bilim. İstəyirəm yeni statusda da insanlar məni sevsinlər.
- Əvvəllər sizdən açıqlama almaq çox asan idi, deputat seçiləndən sonra media ilə necə işləməyi düşünürsünüz?
- Bundan sonra bizim media ilə əlaqələrimiz, ünsiyyətimiz daha geniş olacaq. Mənim 18 yaşım yoxdur ki, dəyişim. Necə formalaşmışamsa elədir.
- Adətən əksini görürük.
- Mediaya həmişə açıq olmuşam. Yorğun olanda, hətta sükan arxasında olanda belə mediadan mənə zəng gələndə, müsahibə istəyəndə dəfələrlə maşını kənara çəkib jurnalistlərin xahişini yerinə yetirmişəm. Dəfələrlə belə hallar olub. Mediaya xüsusi təşəkkür edirəm. Göyçayda, Ağdaşda seçicilər məni məhz medianın hesabına tanıyırdılar. Qalibiyyətimdə medianın da xüsusi rolu var. Eyni zamanda sizin Ölkə.Az saytınızın da xüsusi xidməti var. Ona görə sizə də təşəkkür edirəm. Bəri başdan deyim ki, media ilə əlaqələrimiz daha da sıx olacaq.
- Təbliğat-təşviqat zamanı AzTV-dəki layihənizi dayandırmışdılar. Bundan sonra tv layihənizə davam edəcəksiniz?
- AzTV-də “Bizim Planet” verilişinin aparıcısıyam. Seçki prosesi ilə bağlı müvəqqəti olaraq bu verilişi aparmağım dayandırılmışdı. Noyabr ayının 8-də “Bizim Planet” verilişində yenidən mənim aparıcılığım bərpa olunacaq. Noyabrın 8-i, saat 19:20-də əvvəlki qaydada mənim çıxışlarımı izləyə biləcəklər.
- Müxalif düşərgə bu seçkilərdə daha çox yaşlı namizədlərin çoxluğu və dəfələrlə seçilmiş şəxslərin yenidən namizəd kimi verilməsi səbəbindən YAP-ı tənqid edirdi.
- Bu düzgün yanaşma deyil. İstər yaşlı olsun, istər gənc bunların hər birinin bərabər hüququ var. Azərbaycan hüquqi və dünyəvi dövlətdir. Burada yaşlının bir hüququ olsun, gəncin bir hüququ olsun kimi yanaşma düzgün deyil. Bu yanaşma korrektəyə ehtiyac olunan yanaşmadır. Bütün parlamentdə gənclər olsa idi, müxalif düşərgə bu vəziyyətdə də parlamenti, iqtidarı tənqid etmək üçün deyəcəkdilər ki, ağsaqqallara hörmətsizlik edilir, böyük təcrübəsi olan insanları parlamentə buraxmırlar. Onlar heç cür pozitiv şey görə bilmirlər. Həkimlərlə söhbətim olan zaman dedilər ki, hər zaman neqativlə yaşamaq, ancaq pisi görmək heç nəyi hiss etməmək psixoloji baxımdan da, tibbi baxımdan da həmin şəxs üçün ciddi fəsadlar yarada bilir. Həkim bir ad çəkdi, onun adını deməyim, dedi, baxın onların simasına onlar təkcə fikirlərdə qocalmayıb, onlar həm də zahirən də qocalıblar. Səbəbi də odur ki, heç nəyə sevinmirlər. Azərbaycan BMT Təhlükəsizlik Şurasının iki illik daimi üzvü seçilir, buna sevinə bilmirlər. Azərbaycan Avrovision yarışmasında birinci yer qazandı müxalifət buna sevinə bilmədi, Azərbaycan 1-ci Avropa oyunlarında Avropanın 50-ə yaxın ölkəsini qabaqlayıb ikinci oldu müxalifət buna sevinə bilmədi. Onlar belə şeylərə sevinə bilmirlərsə, onda nəyə sevinirlər?
- Yeri gəlmişkən, həm politoloq, həm də deputat kimi MTN daxilində gedən proseslər haqqında nə deyə bilərsiniz?
- Baş verən hadisələrlə bağlı onu deyə bilərəm ki, ölkə başçısı bu məsələlərlə bağlı çox qətiyyətli addımlar atdı. Məlum olur ki, sahibkarlar çox ciddi təzyiq altında imişlər. Prezident İlham Əliyev son çıxışlarından birində bildirdi ki, 30 minə yaxın iş yeri bağlanıb. Bunun səbəbi odur ki, sahibkarın istehsalda heç bir marağı yoxdur. Çox istehsal edir, əlindəkini tutub alırlar. Bu prosesdə də MTN-in üzərinə çox böyük məsuliyyət düşürdü. Sahibkarlığın çökdürülməsində MTN-nin keçmiş rəhbərliyi çox fəal olub. Artıq 2 il müddətində sahibkarlara qarşı qeyri-qanuni yoxlamalar ola bilməz. Təxminən 35-ə yaxın qurum var idi ki, sahibkarın başının üstündə dayanmışdı ki, qazandığını tutub əlindən alsın. Sahibkar onda hansı istehsala maraqlı ola bilər? İlham Əliyev belə bir məsələ qoydu ki, Azərbaycan iqtisadiyyatının inkişafı üçün ixrac qabiliyyətimiz çox olmalıdır.
Ümid edirik ki, MTN-nin əvvəlki nüfuzu bərpa olacaq. Biz buna əminik.
- Müəllimlik, elm, teleaparıcı və millət vəkilliyi. 4 işi birdən görmək çətin olmayacaq?
- Prinsip etibarı ilə dünyada asan heç nə yoxdur. Əgər bilsəm ki, çətindir, qeyri-mümkündür, bu ağır prosesə də qatılmazdım. Ən çətin şey insanın içindəki qorxu hissidir. Qorxu hissindən imtina etmək lazımdır. İnsan hər şeyə qadirdir. Əsas odur məqsədyönlü şəkildə, yerində dayanmadan çalışasan. Bir gün bütün zəhmətin nəticəsi olacaq. Mənim timsalımda da bunun şahidi ola bilərsiniz. Müəllimlik faliyyətim və politoloqluğum beynəlxalq siyasətlə bağlıdır. Televiziyada “Bizim Planet” verilişini aparıram. O veriliş də beynəlxalq siyasətlə bağlıdır. Millət vəkilliyim yeni statusdur.
Beynəlxalq siyasətlə məşğulam. Milli məclisdə həm beynəlxalq məsələlər üzrə komitəyə, eyni zamanda humanitar məsələlər üzrə komitəyə uyğun gəlirəm.
- İlk deputat maaşınızı nəyə xərcləyəcəksiniz?
- Niyyət etmişdim, qurban demişdim ki, seçildikdən sora ilk deputat maaşımla yetim uşaqlara qurban kəsib aparacam. Nizami rayonu ərazisində yetimxana var, orada dəfələrlə olmuşam. Arzumdur ki, ilk maaşımla yetim uşaqların saxlandığı məktəblərə qurban kəsib aparım. Allah məni o arzuma çatdırsın…
Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics