14.03.2016

Qarabağ qazisi: "Mərmi düşdü yanımıza, baxdım ki, İdrisin beyni dağılıb su kimi axır..." Reportaj

12 iyun Mərzilidə erməni UAZ-nın vurulması
"Qarabağ müharibəsinin gizli məqamları silsiləsindən" başlığı ilə anons-yazı dərc edilmişdi. Yazıda o əməliyyatın iştirakçıları, əsir düşən əsgərimiz, həmin tağımın komandiri və bu məsələnin üzə çıxmasına səbəbkar barədə silsilə yazılar gedəcəyi bildirilmişdi.

Bugünkü yazımız araşdırma aparmağımızın səbəbkarı olan Qarabağ qazisi Həsənov Rövşən Vilayət oğlu haqqındadır.
Həsənov Rövşənin döyüş yolu və iştirak etdiyi əməliyyatlar haqqındakı reportajı sizə təqdim edirik:
Həsənov Rövşən Vilayət oğlu Mingəçevir şəhərində anadan olub. 1992-ci ildə Xocalı soyqırımından sonra Qasımov Natiqlə Mingəçevirdən könüllü olaraq Ağdamda məşhur özünümüdafiə batalyonunun komandiri, "Qatır Məmməd" ləqəbli Yaqub Rzayevin batalyonuna qoşulmağa gedirlər. Qatır Məmməd onları azyaşlı olduqlarına görə batalyonuna qəbul etmir. Teymurla Rövşəni çörək maşını ilə gətirirlər 50 nomrəli məktəbin yanına, oradan da göndərirlər Mingəçevirə. Rövşən Həsənov 1996-cı ilə qədər orduda olub.
- Müharibəyə nə zaman qoşuldun?
- 1992-ci ilin iyun ayında orduya çağırılmışam. Bizi Biləcəridən birbaşa gətirdilər Ağdama. Quzanlıda bizə təlim keçdilər. Təlimimiz 15 gün olurdu. 15 gündən sonra hərbi andı içdik və bizi böldülər. 15 gün ərzində bizə BMP-dən istifadəni də öyrətdilər. Bir mayor var idi, ona dedim BMP-də xidmət etmək istəyirəm. O, mənə cavab verdi ki, 18 yaşın var, üzünə tük çıxmayıb. Mayor əli ilə işarə edib dedi ki, ay oğul, biri var bu boyda başı gizlədəsən, biri də var döyüşdə o boyda BMP-ni gizlədəsən. Fikrimdən vaz keçmədim. Ağcəbədidən İlqar adlı komandir var idi. İlqar bizə BMP sürməyi və bu zirehli maşından istifadə etməyi öyrətdi. Bölünəndən sonra bizi gətirdilər Şirin Mirzəyevin batalyonuna. Həmin zaman Şirin Mirzəyev şəhid olmuşdu, ancaq batalyon elə onun adını daşıyırdı. Gəldik Şahbulağa. İlk döyüşlərim Ağdərə, Canyataq, Gülyataq, Mehmani, Çıldıran tərəflərdə olub. Bizə bildirdilər ki, sizə BMP-lər gəlib. BMP-ləri götürüb Şelli istiqamətində hərəkət etdik. Şellidən çıxıb gəldik BMP-ləri təmir edib texniki baxışdan keçirməyə. Səhər durduq ki, BMP-lər yoxdur. Dedilər, BMP-ləri Qatır Məmməd aparıb öz batalyonuna. Biz həmin vaxt Naxçıvanik kəndinin ön tərəfində postda dayanırdıq. O zaman tağım komandirim var idi, adı Qələndar idi. O, bir gün gəlib bildirdi ki, gedirik Gəncəyə BMP məktəbini oxumağa. Oxuyub qurtarandan sonra bizi Kamazla gətirdilər 864 saylı hərbi hissəyə. 5 nəfər idik. O vaxt əksər döyüşənlərə baxanda biz çox uşaq idik, hərbi hissədəki digər döyüşçülər isə bığlı-saqqallı kişilər idi, bizdən çox böyük idilər. Döyüşçülərin hamısı könüllülər idi, ona görə də hissədə sərbəstçilik hökm sürürdü. Gördüm bura əsl mənim yerimdir. Mənimlə gələn 5 nəfərdən 4-ü getdi batalyona, mən isə qaldım 864 saylı hərbi hissədə. BMP tağımının komandiri Şakir Hacıyev idi. Hamı ona Dədə Şakir deyirdi. Şakir mənə dedi ki, mənimlə döyüşə gedən oğlan 1 dəfə gedir, ya axıra kimi qalır, ya da ki, qaçır. Getdik Qarqar çayına. 10 litrlik bir su qabı var idi. Şakir o qabı qoydu daşın üstünə, dedi, at. Deməli ikinci mərmidə su qabını vurdum.
Bir dəfə Qərvənd istiqamətində ermənilər hücuma keçmişdilər. Şakirlə biz gəldik batalyona. O zaman batalyon komandiri Məmməd Qazıyev idi. Məmməd Qazıyev bir butulka araq çıxartdı, süzdü və mənə tərəf uzatdı. Mən içdim, Məmməd Qazıyev Şakirə dedi, "keçəl, qabağa getmə". Ancaq Şakirlə BMP-yə oturub getdik qabağa. Orada erməni tankı ilə qarşılaşdıq. Erməni tankını vurdum. Elə buna görə də Şakirə "Şah İsmayıl" Fəxri Fərmanı və gizir rütbəsi verdilər.
Mərzili döyüşü
Mərzili döyüşünə 3 BMP ilə getmişdik. BMP-nin birinin ekipajı Şakir, Zərqəm və mən idik. İkinci BMP-də Fərrux, Elçin, Mübariz, üçüncü BMP-də Əlağa, Seymur, Rasim var idi. Döyüş başladı. Həmin vaxt Yelmar dayı komandirimiz idi (Yelmar Ədilov, milli qəhrəman).
Dumanlı hava, göz gözü görmür... Şakir minatəmizləyənlərin üstünə qışqırır ki, yaxşı axtarın. Birdən üzümlüyün ortasında atışma başladı. Bizim BMP-lərdən biri gəlib söyüd ağacının yanındakı dərin arxa girdi. Şakir qaçıb BMP-yə girdi, ancaq mən minə bilmədim. Güllə yağış kimi yağırdı, başımı qaldırıb, BMP-yə tərəf gedə bilmirdim. Şakir BMP-dən atəşə başlayandan sonra BMP-yə minə bildim. Şakir tankdan DŞK tipli pulemyotu çıxararaq kustar üsulla BMP-yə birləşdirmişdi. Başladım DŞK-dan atəş açmağa. Şakir məni aşağıdan dartmağa başladı. Dedi ki, BMP-nin lüləsi işləmir, sök. Atışma, güllələr uçuşur, mən isə lüləni sökə bilmirdim. Şakir avtomatını götürüb getdi. Mən öz BMP-mizdən çıxdım, Rasimə dedim ki, BMP-ni buradan tez çıxarsın. Arxın içi ilə gedəndə gördüm ki, Fərruxgili gətirirlər. Fərruxun sir-sifəti qan içində idi. Soruşdum nə oldu? Dedilər, minaya düşdük. Oradan biraz da irəli gedəndə gördüm ki, Şakir BMP-nin yanındadır. Elə bir vəziyyət alınıb ki, sol da, sağ da, qarşı da ermənidir. Erməninin tankları sağda da, solda da, qarşıda da yanır... Yelmar dayının əsgərləri minaatanlarla erməni tanklarını vurmuşdular. Biz Mərzilidə döyüşə girəndə Yusifcanlı kəndində qoz bağında tanklar dayanmışdı. Biz o tanklara da arxayın idi ki, tanklar köməyə gələcək. Ancaq o tanklar köməyə gəlmədilər, top kimi arxadan atəş açdılar. Şakir mənə dedi, gir BMP-nin içərisindən pulemyotu çıxart. Başımızı qaldıra bilmirik. Qarakənddən BMP-mizi görüblər, artilleriya ilə BMP-ni vurmaq istəyirlər. Mən ona cavab verdim ki, pulemyotu çıxarda bilmirəm. Şakir mənə acıq edib getdi ki, BMP-nin içərisindən pulemyotu çıxarsın. Elə bu məqamda BMP-nin qabağına mərmi düşdü. Mərminin qəlpəsi Şakiri yaraladı. Şakir yıxıldı. Həmin an mən arxın içində idim. Şakirlə aramız 7-8 metr olardı. Sürünə-sürünə Şakiri birtəhər saldıq arxın içinə. Elə bu zaman qışqırışma düşdü ki, mühasirəyə düşmüşük. Şakiri sürüməyə gücüm çatmırdı. Şakiri qoyub qaça da bilmirdim, aparmağa gücüm də çatmırdı. Yetim ləqəbli biri var idi, adı yadımdan çıxıb, o gəldi girdi Şakirin qoluna sürüyə-sürüyə onu 100 metr gətirdik. Gördük Əlağanın olduğu BMP dayanıb, Şakiri BMP-yə qoyduq. Şakirdən başqa BMP-nin üstündə 6 yaralı, bir dənə də şəhid olan var idi. Əlağa BMP-ni sürməyə başladı. Əlağa həyacandan texnikanı ermənilər tərəfə sürməyə başladı. Əlağanın saçından tutub qışqırdım ki, ermənilər tərəfə sürürsən, döyüşə gələndə mina təmizləyənlər bizim qarşımızla gedirdi deyə, yol yadımda qalmışdı. Əlağa BMP-ni saxladı. Oturub BMP-ni sürüb gətirdim. Gəldik ki, avtobusda yaralı, şəhidlərimizin cəsədləri Yusifcanlı kəndindədir. Şakiri həmin yaralıların olduğu avtobusa qoyduq. Yelmar dayı da orada dayanmışdı. Heç kim həmin vaxt bilmirdi ki, Yelmar dayı da yaralıdır. Rizvan yaralanıb gedib, Şakir də yaralanıb getdi hospitala. Biz isə oradan qayıdıb gəldik Ergi düzünə. Şakir və Rizvan yaralanandan sonra başlı-başına qalmışdıq. Ona görə də, bizi Xətai Baxışovun komandirlik etdiyi 2-ci batalyona verdilər. Şakir sonradan gəldi, orada BMP-lərin sayı çox idi, Şakiri BMP-lərə komandir qoydular.
1994-cü ildə Çəmənli döyüşü oldu. Çəmənlidə postda dayanmışdıq. Bizim batalyonun yanında da Sumqayıt batalyonu dayanmışdı. Gecə gördüm erməni Şahbulaq tərəfdən qratlardan atmağa başladı. Uşaqlar qaçmağa başladılar. Hərbi rabitə ilə batalyona zəng elədim ki, hamı çıxıb gedir, mən də çıxıram. Dedilər, texnikanı kənddən çıxarmayın, gəlirik. Gecə ilə 2-ci batalyonun əsgərləri gəldilər, qəbiristanlıqda dayandılar. Sumqayıt batalyonunun komandiri Bəxtiyar idi. Xətai Baxşov dedi, irəli gedin, Sumqayıt batalyonunun uşaqları dedi, getmirik, öncə texnika getsin, biz arxadan gələcəyik. Elə oldu ki, razılaşdılar. Kənd camaatı bizə qatıq, atlama, yeşiklərlə araq, çörək gətirib verirdi. Əhval-ruhiyyə yüksək səviyyədə idi. Hamı döyüşmək istəyirdi. Mina təmizləyənlər gəlmişdilər, onlar yol açıb, bayraq qoymalı idilər ki, biz hansı istiqamətə gedəcəyimizi bilək. Mina təmizləyənlər getdilər, 1 saatdan sonra gəldilər ki, yolu təmizləmişik, hazırdır.
Hücum 3 istiqamətdə olub. Bir qrup Şirvanlı, bir qrup yarımstansiya, bir qrup da Çəmənli istiqamətində getməli idi. Hərəkət başladı, elə bir az getmiş mina təmizləyənlərin bayraqlarla işarələdiyi yolda minaya düşdülər. Guya mina təmizləyənlər oranı təmizləmişdilər. Ümumiyyətlə Qarabağ müharibəsində məğlubiyyətimizin əsas səbəblərindən biri səhlənkarlıq, məsuliyyətsizlik və hərbi sahədəki səriştəsizlik olub...
Rövşən Həsənov döyüşdən danışır:
Bizimlə birgə 2 Mi-24 (Timsah) helikopteri qalxdı, qarşı tərəfi bombaladı. Qarşıda gedən BMP minaya düşdü, anladım ki, yol başdan başa minadır. BMP-ni saldım arxın içinə. Texnikalarımızın çoxusu vuruldu. Bir tank, bir də bizim BMP. Bizim BMP-nin ekipajı Zaur, Taleh və mən idik. Qarşıda çala var idi, BMP-ni saldıq oraya. Birdə gördüm erməni BMP-2-si qarşımızda dayandı. Erməni BMP-2-si bizi görən kimi atəş açdı. Hiss elədim ki, güllə burnumun ucundan keçdi. Can şirin şeydir. Tez əyildim. Mövqeyimiz elə idi ki, bizi vura bilmirdilər, oradan çıxıb üzümlüyün içi ilə qayıdanda Xətai Baxışovla qarşılaşdıq. Xətai Baxışov dedi ki, ermənilərin Qrad atdığı yeri görürsən, bax oranı məhv eləmək lazımdır. Oraya getmək üçün isə 4 kənd keçmək lazım idi. Qışqırdı ki, başa düşdün əsgər, dedim oldu komandir. Təbii ki, oraya heç cürə gedə bilməzdik. Bu məqamda gördüm Şakir də gəlib. Şakirlə birlikdə ermənilərin vurduğu texnikalarımızı partlatmağa başladıq. O texnikaları partlatmasaq ermənilər onları aparacaqdı. Həmin anda ermənilər minaatanlardan atmağa başladılar. Bir neçə əsgərimiz də orada yaralandı. Şakir yaralıları yığıb apardı hospitala. Döyüş sakitləşdi. Geri qayıtdıq.
- 12 iyun Mərzilidə erməni UAZ-nın vurulması və sizin batalyon barədə araşdırmaya sizin sosial şəbəkədə yazdığınız bir cümləyə görə başlamışıq. Gerisi corab söküyü kimi gəldi. O əməliyyatda olmusunuzmu?
- O döyüşdə olmamışam. Bizi başqa istiqamətə göndərmişdilər. Həmişə döyüşdən sonra oturardıq. Döyüşün necə getdiyi haqqında danışardıq. Fərrux gəldi, döyüş haqqında danışdı. Dedi, Əkəni (Akif) ermənilər aparırdı. UAZ-ı vurdum. Bu söhbət olduğu kimi yadımda qalıb. Sosial şəbəkədə “PDM 258” adlı bir video qarşıma çıxdı. Müharibədə olduğum üçün keçmiş döyüşçülər barədə yazılan yazıları, videoları izləyirəm. Videoya axıra kimi baxdım. Xətai Baxışov bizim komandirimiz olub. Xətai Baxışov UAZ-dan danışır, ancaq orada deyilənlər hamısı Fərruxun o döyüşdən sonra dediyi ilə eyni idi, ancaq o döyüşdə Rizvan, Fərrux, Əkə (Akif), Elfaq, Xəyal olduğu halda başqalarının adının çəkilməsi, bunlardan bir kəlmə belə deyilməməsi pisimə getdi. Ona görə də, o videonun altına şərh yazdım ki, əslində o UAZ-ı 864-ün uşaqları Fərruxla, Rizvan vurub.
Xətai Baxışov o filmi çəkəndə bilməli idi nə vaxtsa biz üzə çıxacağıq. Ağdamda hamı bilir ki, Şakirin tağımı ad qoyub. O da döyüşüb, haqqında heç nə demək istəmirəm. Ancaq 12 iyun erməni UAZ-nı bizim tağım vurub. Haqqımızı heç kimə yedirtmərik... Döyüşmüşük, vuruşmuşuq, qan tökmüşük. Fakt odur ki, bunu bizim uşaqlar edib. Ölənlər də erməni zabitləri olub.
2 övldım var. Böyük oğlumun 19 yaşı var. Oturub söhbət edəndə soruşur ki, ata, müharibə başlasa gedərsənmi? Çox ağır sualdır. Müharibədən sonra 15 il Rusiyada yaşadım. Yox deyə də bilmirəm. Deyirəm ki, nə bilim. Müharibə başlasa bütün köhnə döyüşçülər irəli gedəcək. Biri var çağırışçı əsgər, biri də var praktikada o müharibəni keçənlər. Müharibə vaxtı Şakir bizə bir şey öyrətmişdi. BMP ilə heç vaxt yolla getmirdik. Minanı yola basdırırlar. Arxa, düzə mina basdırmaq kimin nəyinə lazımdır deyirdi. Biz də elə edirdik.
- Ən yadda qalan döyüşlər hansılardır?
- Ürək açan əməliyyatlarımız 1992-ci ildə Canyataq, Gülyataq, Mehmani döyüşləri olub. Çoxları deyir, döyüşmədən torpaqları qoyub qaçıblar. Ən güclü döyüşlər yarım saat çəkir. Götürə bildiyin güllə, sursat yarım saata demək olar qurtarır. Ona görə də, yarım saat ərzində kim nə edə bildi, etdi. Gənc əsgərlər idik. Komandirimiz Qələndər idi.
Mehmani hücumu
O vaxt "20 yanvar" batalyonu, Ala Yaqubun (Qatır Məmməd) Qiyaslı batalyonu ilə birlikdə hücum elədik Mehmaniyə. Yolla gedəndə texnikaların səsini eşitdik. Mingəçevirdən rabitəçi oğlan var idi, özünü necə itirdisə avtomatı əlindən düşdü, qaldı yolun ortasında. Gizləndik. Gördük qarşıdan 5 nəfər gəlir, özləri də maskalıdılar. Ara məsafəmiz 5-6 metr olardı. Biz də ağacın arxasında gizlənmişdik. Onlar avtomata çatanda biri dedi, “avtomata baaax”. Elə bunu eşidən kimi çıxdıq. Sevinirdik. Azmışdıq. Yeməyimiz qurtarmışdı. Bizə iki nəfərə bir ədəd ət konservi verdilər. Bunlar qabağa getdi. Biz elə konservanın ağzını təzəcə açmışdıq ki, döyüş başladı. Güllə yağış kimi yağırdı. Ağacların arxasında gizlənmişdik. Sözün əsl mənasında şokda idim. Döyüş uşaq vaxtı atışma-atışma oyunu kimi gəlirdi mənə. Ağacın arxasından çıxır, atır, gizlənirlər. Ağaca güllələr girir. Birdən qışqırışma düşdü ki, mühasirəyə düşmüşük. Özümü itirmişəm. Gördüm heç kim yoxdur, üç nəfər gənc əsgər qalmışıq. Başladıq qaçmağa. Cibimdə güllələr, ayağımda da 43 razmer çəkmə. Qaçanda şalvarın cibi cırıldı, güllələr töküldü çəkmənin içinə. Dayana da bilmirəm. Gəlib batalyonun dayandığı yerə çatdıq.
Səhərisi bir də hücum etdik. Bu dəfə istədiyimiz kimi oldu. Mehmanini aldıq, Çıldıranı aldıq. Bizdə o qədər həvəs yaranmışdı ki, uşaqlar deyirdi, Xankəndinə bayrağı birinci mən sancacam. Bizim aldığımız yerdən baxanda Sərsəng bizim arxamızda qalırdı. Çoxlu sayda erməni öldürdük. DŞK-nın arxasına zəncirə bağlı qaradərili öldürmüşdük. Onların səngərinə girdik. İlk dəfə “Yupi”ni orada gördük. Fransa istehsalı olan ət konservlərı var idi...
- Bax bu qədər irəli getmişdiniz, geri çəkilməyə səbəb nə oldu?
- Hücum edib alırdıq. Təbii ki, güllələr azalırdı, bitirdi. Kömək gəlmirdi, yemək gəlib çıxmırdı. Çıldıranı almışıq. İki gün ac, susuz, gülləsiz Çıldıranda qaldıq. Axırda komandir dedi, heç bir kömək gəlməyəcək, məcbur geri çəkildik.
- Yadda qalan uğursuz əməliyyatlar...
- 96 nəfərlə Fərruxa hücum etdik. Bələdçi qarşımızla gedirdi. Biz də onun arxasınca bir-birimizdən tutub gedirdik. Fərruxda olanlar bilir, oranın zülmət qaranlığı olur. Səhər açılanda Fərrux artıq bizdə idi. Səhər bizi dəyişməyə Gədəbəy və Gəncə batalyonları gəlmişdi, bunların içərisində də çoxu könüllülər idi. Gənc əsgər idik. Komandirlər tapşırırdı ki, siqaret çəkməyin, çəkmirdik. Komandirdən çəkinəcəyimiz var idi. Bizi dəyişdilər və biz Fərruxdan çıxdıq. Fərruxa gecə ilə girdik, gecə ilə də çıxdıq. Gəldik batalyona. Yoxlanış oldu, "yat" komandası verildi. Təzəcə yerimizə girmişdik ki, döyüş həyəcanı verildi. Xəbər gəldi ki, ermənilər Fərruxu qaytarıb alıblar, çoxlu sayda yaralı və şəhidimiz var. Yuxarıda dediyim kimi biz əsgər idik, komandir bizi siqaret çəkməyə belə qoymurdu. Siqaretin işığını ermənilər görə bilərdi. Könüllülər isə ocaq qalayıb, içiblərmiş. Üzlərini ermənilərə tutub, “Vazgen sənin ananı..., Aşot, sənin bacını...” Vazgenlər, Aşotlar da sürünə sürünə gəlib bizimkiləri məhv edib. Orada yaralanan və ölənlərin içərisində güllə yarası alan yox idi, hamısı qumbara qəlpəsindən yaralanıb ölmüşdü. Bizimkilər topa-topa ocağın başında durub, onlar da qranatı ortalarına atıblar. Təzədən Fərruxa göndərdilər bizi. Səhər açılıb. 500 metrlik arpalıq var. Arpalığı keçmək lazımdır. Erməni Fərruxdan o ərazini yaxşı görür, imkan vermir oranı keçək. Komandir dirənib ki, irəli, keçin qabağa. Quzanlıdan Habil, Tovuzdan da İdris bir də mən üçümüz yan-yana qaçırıq. Güllə atırlar bizə, dəymir. Minaatandan atəş açdılar, mərmi düşdü yanımıza. Üçümüz də uzandıq. Bir onu eşitdim ki, kimsə, “ay ana” dedi. Baxdım ki, İdrisin beyini dağılıb, su kimi axır. Dayana bilmədim. Qaçıb girdim meşəyə. Ölən və yaralılarımızı verdilər. Çoxusu qanaxmadan ölmüşdü.
Qazançı döyüşü
İrəvanda mina zavodu var. Qarabağ müharibəsində ermənilər ondan göbələk kimi istifadə edirdilər. Qazançıya gedirik, yolun kənarında armud ağacı var idi. Uşaqlar yoldan çıxıb armud dərməyə getdi. Qiyaslıdan komandirimiz var idi, Qələndər. Qələndərlə bir əsgər qabaqda gedirdi. Aramız olardı 20 metr, onlar düşdü minaya. Komandir minaya düşdüyü üçün döyüş təxirə salındı. Qələndəri 4 km sürüyüb gətirmişdik.
- Şakirlə söhbət edəndə dedi ki, Rövşənlə Azərbaycana məxsus bir UAZı partlatmağa getmişdik. Bu haqda danışardın.
- Xəbər gəldi ki, Ağdam-Qərvənd yolunda quşçuluq ferması var, orada UAZ-ımız neytral zonada qalıb. Şakirə dedilər ki, UAZ-ın içərisində sənədlər, xəritələr var. UAZ da o zaman hərbi hissə komandirinin müavini Xətai Baxışov və 2-ci taburun komandirinin olub. Şakir BMP 1-lə, mən də BMP 2 ilə getdik, gülçülükdə dayandıq. UAZ da quşçuluqda dayanmışdı. BMP 2-dən atəş açdım, mərmilər UAZ-a dəydi, ancaq partlamadı. Şakir dedi, məni qoru, gedirəm yaxından BMP 1-lə vuram. UAZ-ı partlatdıq...
Bütün Qarabağ qaziləri kimi Rövşən də o anlara qayıdanda əsəbləşir, kövrəlir. Yaxın dostlarının ölümü yadına düşdükcə ağlayır...
Siqareti siqaretə calayıb, susur. Gözləri yol çəkir...
Yaxın vaxtlarda Mərzilidə erməni UAZ-ı vurulan əməliyyatda iştirak etmiş, iki erməni zabitini öldürüb, sonrdan ağır yaralanan, hətta çoxları tərəfindən öldüyü deyilən Rizvan Məmmədvəliyevlə reportajı sizə təqdim edəcəyik...

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics