27.12.2018

Erməni əsirliyindən film kimi qaçış

Həbs, əsirlik. Bunun necə bir zülm olduğunu yalnız yaşayanlar bilər. Bəziləri talehləri ilə barışar, cəzalarını çəkər. Bəziləri isə barışmaz, mübarizə aparar və qaçar.

Həbsdən, əsirlikdən qaçanlarla bağlı çoxlu filmlər izləmişik. Qarabağ müharibəsi zamanı ermənilərin əlində çoxlu sayda əsirlərimiz olub. Onlardan böyük əksəriyyəti taleyi ilə barışıb. Əsirlərin dəyişdirilməsindən sonra vətənə dönüblər. Bəzilərindən isə hələ də xəbər-ətər yoxdur. Çox az sayda əsirlər isəqaçmağı bacarıblar.

Bu dəfəki yazımızda o az sayda olanlar arasında yer alan Anar Məmmədov, Əhmədov Amil və Yəhyayaev Afinin əsirlikdən qaçışından bəhs edəcək.
Qısa arayış:

Məmmədov Anar Zakir oğlu 1973-cü il iyun ayının 4-də Beyləqan rayon Mil təcrübə savxozunda dünyaya gəlib. Təzəkənd kənd orta məktəbində təhsil alıb. 1992-ci ilin may ayında hərbi xidmətə çağırılıb. O dövrdə Beyləqan qarnizonunda xidmətə başlayıb. 15 gün sonra döyüş bölgəsinə – Xocavənd rayonu Əmralılar, Muğanlı, Kurapatkin istiqamətinə göndərilib.

Anar Məmmədovun döyüş yoluna baxış

Əmralıların düşməndən geri alınmasıda, Şişqaya, Ağ burun  istiqamətində edilən hücumda iştirak edib. Bundan əlavə, ermənilərin hücumları zamanı baş vermiş döyüşlərdə xüsusi ilə fərqlənib.

Əsir düşmə Anar Məmmədovun dili ilə

– 1993-cü il sentyabrın 23-də Şvartu dərəsi istiqamətində baş verən döyüşdən 3 gün öncə hündürlükdə mövqe tutmuşduq. Bizə tabor komandiri Akif Həsənov tərəfindən əmr verildi ki, dərədə post quraq. Sentyabr ayının 23-də ermənilər hücum etdi. Ermənilər bizdən sayca çox idilər. Tanklarla, BMP-lərlə üzərimizə gəldilər. Dərədən çıxıb köhnə postlarımıza getmək üçün hərəkət etdik. Ancaq çata bilmədik, ermənilər bizə çatdılar. Orada 6-7 nəfərimizi öldürdülər. Ermənilərin tankı bizim başımızın üzərini aldı. Biz 3 nəfər posta tərəf gəldik. Oradan çıxıb səngərə girə bilsəydik, bəlkə onda müqavimət göstərə bilərdik. Çünki orada da çox əsgərimiz vardı. Ancaq ermənilər bizdən öncə səngərə çataraq UAZ-la əsgərlərimizə tərəf çıxdılar. UAZ-dan düşən bir erməni zabitinin əlində tapança vardı. Bir neçə əsgərimiz orada yaralanmışdı. Bizim yoldaşlardan isə biri yaralanmışdı. Orada T şəklində bir post vardı. Yaralı əsgəri oraya atdıq. Biz əsir götürülüb, aparıldıqdan sonra meyitləri götürmək üçün bizimkilər gələndə həmin yaralı əsgəri diri tapmışdılar. Onun adı Mehman idi. Rizvan adlı bir əsgər yoldaşım vardı. Onunla bir yerdə gizlənmişdik. Erməni zabiti bizim əsgərlər tərəfə qalxanda onu nişan alıb atəş açdım. Əvvəlcə avtomat rejiminəqoyub atəş açdım, güllə dəymədi. Sonra tək-tək atəş açdım, yenə də güllə dəymədi. Erməni zabiti səngərin üzərinə çıxdı. O, əsgərlərimizə “qorxmayın, çıxın” deyirdi. Çıxmayanlardan bir neçəsini güllələdi, yaralıları da tapançadan atəş açaraq öldürdü. Mənim avtomatım atmadı. Açığı, həmin gün avtomatı təmizləməmişdim. Bir maqazin gülləni atmışdım, ikinci maqazini dəyişəndə avtomat işləmədi. Səngərin dibinə çökdük, qumbaranı çıxarıb, hazır əlimdə saxladım. Əgər ermənilər gəlsəydi, çəkib özümlə birlikdə öldürmək fikrim var idi. Ermənilər yaxınlaşaraq qışqırırdılar ki, qorxmayın, sizə heç nə etməyəcəyik. Yanımdakı Rizvan səngərdən çıxdı. O çıxandan sonra mən də çıxmalı oldum. Ancaq qumbaranı çəkdiyim üçün səngərə atdım. Qumbara partladı. Bizə dedilər ki, gəlin, sıraya düzülün. Sıraya keçdik. 11 nəfər əsir idik. Bizi BMP-yə yüklədilər. BMP-nin ekipajı ruslar idi. Səhərə qədər bizi BMP-də gəzdirdilər. Aşağı düşürmədilər. Səhərə yaxın bizi Xocavəndə apardılar. BMP-dən düşürən kimi bizi döydülər. Bizə bəzi suallar verirdilər.

– Nə kimi suallar verirdilər?

– Komandirimizin kim olduğunu, qərargahın harada yerləşdiyinisoruşurdular. Açığı cavab verəndə görürdük ki, onlar hər şeyimizi bizdən yaxşı bilirlər. Ad, soyadımızı yazdılar.

– Sonrakı taleyiniz necə oldu?


– Şənbə günü gecə ilə bizi Şuşa türməsinə apardılar. Gecə saat 12-1 arası Şuşa türməsinə çatdıq. Gördük ki, kamerada 40-44 nəfər azərbaycanlı əsirlər var. Türməyə gələndə elə gündə idim ki, hərəkət etməyə halım yox idi. Xocavənddə məni o qədər döymüşdülər ki, 3 gün meyitlərin arasına atmışdılar. 3 gün sonra ayılmışam.

Döyülmə

– O zamankı Xocavənddəki erməni hərbi hissələrindən birinin “Abo” ləqəbli qərargah rəisi var idi, əsirlərdən bir neçəsini aparmışdılar onun həyətində odun yarmağa. “Abo” həm də meyit dəyişmə ilə də məşğul idi. Onun haqqında eşitmişdik. Hətta onun “Niva” markalı maşınını bizim bir əsir uşaq qaçırmışdı. Ermənilərdə əsir olan Füzuli rayonundan bir əsgərdən meyit yeri soruşublar, o da deyib ki, meyitin yerini bilirəm. “Abo”, sürücüsü və o yaralı əsir gəliblər əraziyə. Sürücü ilə “Abo” maşından düşüb, meyitin basdırıldığı yerə gediblər. Sürücü maşının açarını unudub özü ilə götürmədiyi üçün yaralı əsir maşını sürüb qaçmışdı. Mən əsir düşəndən sonra valideynlərim həmin “Niva”nı tapıb pulla almışdılar. “Niva”nı təmir etdirmişdilər ki, bəlkə mənimlə dəyişmək istəyələr. “Abo” o vaxt demişdi ki, “Niva”nı versələr, sizi verəcəm. İlk gün bizə heç nə etmədilər. Çünki dəyişmək məsələsi var idi. Əsir düşməyimizin 3-cü günü bizi düzdülər çölə. Bir erməni əlil var idi. Mənə dedi ki, avtomatı hansı əlinlə atırdınsa, qabağa tut. Əlimi önə açan kimi çəliyi ilə burnuma elə vurdu ki, burnum qırıldı. Sonra da araya salıb döydülər. Şənbə günü yenə çıxardılar bayıra, töküldülər üstümüzə şlankla, məftillə döydülər. Polis şöbəsində komandirləri gəlib çıxdı, bizi onların əlindən aldı. Orada qərar verdilər ki, bizi Şuşa türməsinə aparsınlar.

Şuşa türməsi

– Türməyə çatdıq. Türmədəkilərin hamısı yatmışdı. Şuşaya gətirilənə qədər bizə sudan başqa heç nə verməmişdilər. Füzulidən İlham adlı əsir var idi, bizim əsirləri incidirdi orada. Azərbaycana gəldikdən sonra onu həbs etdilər. İçəri girəndə İlhamla mübahisəm oldu. Siqaret istədim. 1 siqaret verdi, dedi, sabahdan yerdən siqaret kötüyü tapıb çəkərsən. Mən də dedim, əgər elədirsə, heç o siqareti çəkməyəcəm. Türmədə bir neçə əsir yatmamışdı. Goranboydan Bəxtiyar adlı bir əsir var idi. Sonradan 1 il onunla bir yerdə qaldım.

Şuşa türməsində elə bir aclıq var idi ki, deyiləsi deyil. Orada əl açdım Allaha ki, məni öldür, ancaq məni bu səviyyəyə salma. Gecə bizim yeməklərimizi gətirdilər. Adama bir kasa kaşa. Biz yemədik, yeməyi ötürdük 2 nəfər oyaq olan əsirə. 10 nəfərin yeməyini onlar ikisi yedi. Elə yeyirdilər ki, gözümün önünə itin qabdan yal yeməyi gəldi. Vəziyət o dərəcə pis idi. İnsan orada sınır…

Səhər tezdən bizi yenidən çölə çıxardılar. Maşına bir xeyli adamı mindirdilər. Bir xeyli getdikdən sonra 2-3 nəfəri maşından düşürdülər, onda bildik ki, Şuşadan çıxırıq. Bizi də gətirdilər Xankəndinin Həsənabad kəndinə. O kəndin aşağısındaistixanalar (parnik) var idi. Bizi istixanalarda işlətməyə başladılar.

İstixanada keçən bir il


– Bizim işlədiyimiz istixana Qarabağda qondarma qurumun keçmiş müdafiə naziri Samvel Babayanın idi. Biz oraya aparılanda hələ istixana tam qurulmamışdı. İstixananın üstünü biz bağladıq. 2 ayistixananın salafanlarını kleyləmişəm. Bir müddət sonra alışmışdıq artıq. Səhərlər gəlirdik istixanada işləyirdik, axşamlar bizim üçün verilmiş yerdə yatırdıq. Bir neçə dəfə Ağdama gəlmişik. Qum, daş, boru daşıyırdıq. Ermənilər Ağdamı bizə sökdürür, cah-cəlalın bizə daşıtdırırdı. Bu da ayrı bir ağrı verirdi bizə…

Ağdama o qədər gəlib-getmişdik ki, bütün yolu bilirdik. Bizim yanımızda Ağdamdan olanlar var idi. Yanımızda Valeh adlı bir oğlan vardı. Yetim idi. Anası rus, atası azərbaycanlı idi. Evlərinə məktub yazırdı, maraqlanan da yox idi. Bir dəfə dedi ki, bezmişəm. Ermənilərdən qumbara oğurlamışdıq. O uşağın da qaçmaq fikri var idi. Birdən çayın kənarındapartlayış oldu. Sonra baxdıq ki, Valeh özünü oğurladığımız qumbara ilə partladaraq öldürüb.

Samvel Babayan istixanalara baxmaq üçün tez-tez gəlirdi. Onu öldürmək üçün dəfələrlə əlimizə fürsət düşmüşdü, ancaq sonrasını düşünəndə çəkilmişdim geri. Oraya düşəndən beynimə qaçmaq batmışdı. Bir yandan da nəslimə-kökümə arxayın idim ki, məni burada qoymazlar. Pul, adam tapa bilərlər. Ancaq bu fikirlərlə yanaşı beynimdən qaçmaq çıxmırdı. Hətta elə olub ki, Ağdamdan MAZ markalı yük maşının üstündə gəlirdik. MAZ-ın arxasından sallandım ki, birinci mən düşürəm, gəlin. Uşaqlar nədənsə ürək eləmədilər. Mən də qorxdum. Fikirləşdim, sonra onları öldürəcəklər ki, niyə qaçanda xəbər etmədiniz. Açığı hər kəsə güvənmək də olmurdu. Hiss edirdim ki, 2-3 uşaq var idi, onlarla risk etmək olar.

Bir gün “Qırmızı Xaç” gəlmişdi. Onlarla söhbətdən sonra yenidən əraziyə işləməyə gedərkən ayağım büdrədi. Yıxılarkən dəmir ayağımı kəsdi. Ancaq isti-isti ağrını hiss etməmişəm. Birdən gördüm ayağımı qan götürüb. Ayağımı sarıdılar. Səhər tezdən də apardılar xəstəxanaya, ayağıma 6-7 tikiş vurdular. Yeriyə bilmirdim. Mənə otaqda qalmalı olduğumu dedilər. Otaqda qaldığım hər gün 10 il kimi gəldi. Ürəyim partlayırdı. Allaha yalvarmağa başladım ki, ya rəbbim, heç nə istəmirəm, bir dəfə Ağdama gedim, bu dəfə nəyin bahasına olursa olsun qaçacam. 10 gün içəridə yatdım.

Qaçış üçün şans


– Yeriməyə başlayandan sonra noyabr ayının 22-i axşam dedilər ki, Anar, Amil, Afin hazırlaşın. Sabah saat 6-da duracaqsınız, Ağdama gedəcəksiniz. Onlar belə deyəndə Amilə dedim ki, hazırlaş, qaçacağıq. Axşam həyacan bizi bürüdü. Amil “Qırmızı Xaç”ın verdiyi təzə paltarları geyindi. Mən də məktubları, uşaqların ünvanları yazılmış dəftəri götürdüm. Bir də “Qırmızı Xaç”ın verdiyi təzə ayaqqabını geyindim. Artıq beynimdə qaçacağıma əmin idim. Həyacandan gözümə yuxu da getmədi. Özümə söz verdim ki, geri qayıtmayacam. Səhərə yaxın durub kartof qızartdım. Saat 6-da gəldilər. Dedilər, Anar, Afin, Amil gəlin. Hamı yatmışdı. Erməninin biri gəlib dedi ki, Anar getməsin. İstixanada salafanın bir hissəsi cırılmışdı. Onu yamamalı idim. Bu işi mən bildiyim üçün məni saxlamaq istəyirdilər. Nəzarətçi dedi ki, o birilər yatıb, onlardan birini yuxudan oyatmaq, yemək yeməsi vaxt aparacaq. Mən də erməniyə dedim ki, gecə saat neçə də olsa, gəlib istixananın salafanınıtəmir edəcəm. Erməni də dedi ki, gecə saat neçədə də gəlsən, onu sənə düzəltdirəcəm. Hamısı da azərbaycan dilini bilirlər. Samvel Babayan özü də Azərbaycan dilini bilirdi.

Qaçışa gedən yol

Noyabr ayının 23-ü. Göydən Leysan tökülür. Elə bil qaçanların bəxtindəndir. 3 gün durmadan yağış yağıb. 3 azərbaycanlı, bir əli silahlı nəzarətçi, bir də sürücü ilə Ağdama gediş başlayır. Yolda yağışın şiddətlənməyinə görə ermənilər əsirlərin kamazın kabinəsinə oturmalarını istəyirlər və beləcə onlar kabinədə Ağdama doğru gedirlər.

Anar Məmmədov danışır:


– Sürücü Amilə dedi ki, səhər səhərdir. Bir mahnı oxu. Amilin də səsi var idi. Amil də “Bəlkə bu yerlərə bir də gəlmədik. Duman salamat qal, dağ salamat qal”, mahnısını oxumağa başladı. Amil bu mahnını oxuyanda sürücü nəzarətçi erməniyə öz dilində dedi ki, mənim bunlardan gözüm su içmir. Erməni dilini artıq yaxşı öyrənmişdim. Ona görə də nə dediklərini başa düşürdüm. Amil o mahnını oxuyanda bizi də gülmək tutdu, çünki bu yerlərdən qaçacağımızı bilirdik.

Səhər 7:10 olardı. Ağdamın Səməd Vurğun küçəsində bir həyətdə dayandıq. “KamAZ”ın arxasına bir lapet də qoşmuşduq. Əvvəlcə “KamAZ”ın içərisindəki boçkalara əhəng doldurub göndərməli idik. Sonra isə “KamAZ”ı və lapedi daşla doldurub qayıdacaqdıq. Plan belə idi. Geriyə qayıdanda isə sürücünün evinə dönəcəkdik. Sürücü 3 butulka araq götürmüşdü. Sürücünün arvadının ad günü idi. “KamAZ”ı yüklədik və yola saldıq. Nəzarətçi ilə biz qaldıq.

Amil lapetdə, Afin quyuda idi, mən də Afinin verdiklərini lapedə ötürürdüm. Ermənini söhbətə tutmuşdum. Həyacan da məni titrədirdi. Açığı, nəzarətçi ermənini gözüm yeyirdi. Bilirdim ki, onu məhv edəcəm. Ancaq sürücü çox cüssəli idi. Fikirləşirdim ki, üçümüz onun öhdəsindən gələrik.

Qaçmaq üçün heç bir plan cızmamışdıq. Nə içəridə imkan olmadı söhbət edək, nə də yolda. Üçünə də demişdim ki, mən sabah gedəcəm. Bilirdim ki, 11 əsirin içərisində bu 3 nəfərdən başqa heç kimdə qaçmaq ürəyi yoxdur. Allah necə edibsə, üçümüz bir yerə düşmüşük. Erməniyə maraqlı söhbət edirəm ki, başını qatım. Heç kimdə yoxdur, yalnız dördümüzük.

Erməniyə yaxınlaşdım. Dedim ki, siqareti yandırmaq üçün alışqan ver. Erməniyə yaxınlaşdıqca daha da həyacan məni bürüdü. O, qalın kürk geyinmişdi. Avtomatı da lüləsi aşağı çiynindən asmışdı. Siqaretimi yandıranda ermənini avtomat qarışıq qucaqladım. O qədər həyacanlı idim ki, nə edəcəyimi bilmirdim. Ancaq həyacandan mənə bir güc gəldi. O erməni mənim üçün bir cücə kimi görsəndi. Onun üzünə başla elə zərbə vurdum ki, dizləri üstə düşdü yerə. Özünə gələ bilmədi. Avtomatı çiynindən çıxardım, havaya 2 güllə atdım ki, görüm avtomat işləyir, yoxsa yox. Çünki əsir düşməmişdən öncə avtomatım təmiz olmadığı üçün atəş açmamışdı. Gördüm avtomat işləyir. Uşaqlar gəldi. Avtomatı verdim uşaqlara. Həyətin sağ tərəfində əl evi kimi yer vardı. Həmin ermənini çəkdim küncə. Ermənini öldürmək fikrimiz yox idi. Dedim ki, mən canımdan bezmişəm. Özümü öldürəcəmsə, səni də öldürəcəm. Səndən bizə bir pislik gəlməyib. Kömək elə, keçək Azərbaycan tərəfə. O tərəfə keçən kimi səni buraxacağıq. Səni öldürüb getmək mənə sərf etmir. Çünki sən ölsən, səninkilər də bizimkiləri öldürəcəklər. Açığı biz gələndə oradakı əsirləri pis vəziyyətə qoyub gəlmişdik. Başqa variantımız da yox idi. Mənim fikrim o idi ki, bu erməni ilə digərlərini dəyişək. Həmin erməninin əlini yanmış məftillə arxadan bağladım. Əlin bərk bağlamışdım. Afin mənə dedi ki, əli göyərib, biraz boşalt. Dedim, ürəyi yumuşaqlıq etmək lazım deyil. Soruşdum ki, əlin incidir? Dedi, hə. Əlini bir qədər boşaltdm. Sən demə əlini boşaldandan sonra məftil qırılıbmış. Erməni əsim-əsim əsir. Amil dedi ki, mən gedirəm işləyəm, qızışam. Yağış yağır, hava da soyuq. Bu məqamda bir də gördük ki, “KamAZ” gəldi. “KamAZ” gələndə 3 dəfə siqnal verdi. Anladım ki, bu paroldur. Avtomat da Afində idi. Biz də bilirik ki, sürücü asanlıqla təslim olan deyil.

Yağış davam edirdi. Bir tərəfdən həyacan, bir tərəfdən soyuq, yağış da aman vermirdi. Əhmədov Amil və Yəhyayev Afin qızınmaq üçün heç nə olmamış kimi lapedi yükləyirdilər. Anar Məmmədov əsir götürdükləri erməninin başının üstündə dayanmışdı. Əli bağlı erməni həyacandan, qorxudan tir-tir əsir, su istəyirdi. Həyətdə su olmadığı üçün Anar ona dəmir stəkanla yerdə yığılmış yağış suyundan dolduraraq verdi. Erməni əsir isə suyu əsə-əsə içdi. Əli bağlı erməni daşın küncündə oturmuşdu. Anar Məmmədov isə daşın üzərindən yolu izləyirdi.

“KamAZ” gəlsəydi də, bu işin sonu görünsəydi. Qaçmaq alınacaqmı? “KamAZ” sürücüsünü zərərsizləşdirə biləcəklərmi? Postları keçib, öz tərəfimizə keçə biləcəklərmi?..

Bu suallar beyində dolanarkən erməni əsirin əli yaxşı bağlanmadığı üçün məftil qırıldı. Əli açılan erməni Anarı yumruqla vurdu…

Anar Məmmədov danışır

– Məni qəfil möhkəm vurdu. Arxaya getdim. O əlin atdı “kitel”in cibinə. Elə bu zaman ona hücum edib, yumruqladım. Gözümü yumub yumruqlayırdım. Onu yıxdım altıma, əlin-qolun tutdum. “KamAZ” dayanandan sonra orada nə baş verdiyini də görmədim. O “kitel”in cibindən nə çıxaracaqdı, bilmədim. Açığı, heç ağlıma da gəlmədi ki, sonradan baxım. Bu anda avtomatın səsi gəlməyə başladı. Əvvəlcədən danışmışdıq ki, sürücünü də əsir götürüb gətirəcəyik. Oraya gedə də bilmirəm. Əlimdə silah yoxdur. Erməni də sağdır. Ermənini yenidən döyməyə başladım. Tam özündən gedənə qədər döydüm ki, gedib “KamAZ”ın yanında baş verənlərdən xəbərdar olum. Ayağa durdum, başladım ermənini sürüməyə. Gördüm ki, Amillə, Afin sürücü ermənini öldürüblər. Ondan sonra ürəkləndim. Gördük bunu nə apara biləcəyik, nə də sağ buraxmaq olar. O ermənini də orada güllələdik. Üstüm-başım tamam qan olmuşdu. Artıq gözümüz dönmüşdü.

Füzuli rayonundan əsirlikdə yanımızda Rəşid adlı bir kişi vardı. O bizə deyirdi ki, Qarqar çayına girib, çay hara aparsa oraya getsəniz, qaça bilərsiniz. Rəşid kişinin dediyi yadımda qalmışdı.

Qaçış

– “KamAZ”a mindik. Planımız belə idi ki, Ağdamdakı stadionun yanından aeroport yolu ilə Novruzluya gedək, orada maşını ataq, Qarqara tərəf gedək, çaya girib keçək öz tərəfimizə. Stadionun qabağı ilə gedəndə gördük ki, erməni əsgərləri gəlir. O vaxt erməni əsgərləri Ağdam stadionunda qalırdı. Bizə əl elədilər ki, “saxla”. Bu saxlamaq maşına baxış üçün deyildi, əsgərlərin keçməsinə yol verməyimiz üçün idi. “KamAZ”ın şüşələrini qaldırmışdıq, içərini də siqaret tüstüsü ilə doldurmuşduq ki, “kabina” görsənməsin. Dedim ki, saxlamayaq, arxın içərisi ilə yavaş-yavaş sürüb keçək. Elə də etdik. Əsgərlərin yanından keçdik. Onlara əl də etdik. Sonra çıxdıq Ağdam-Yusifcanlı yoluna. Sürətlə gedirik. Novruzlunun körpüsünə çatdıq. Körpünün kənarları qırılmışdı. Sən demə, heç oradan “KamAZ” keçmirmiş, çayın içərisi ilə keçirmiş oradan. Gəlib oraya dirənmişik. Qalmışıq belə. Gözümüzü yumduq, Allah-Allahla oradan birtəhər keçdik. Novruzluya girəndə gördük ki, orada da bir “KamAZ” var. Onlar evlərdən dəmir borular yığırlar. Sürücü bizə əl elədi. Mən də ona siqnal verdim. Çayın yanında dayanmalıydıq, ancaq harada bilmirik. Novruzlunun küçələrin gəzdik, gəlib “KamAZ”ı gördüyümüz yerin ön küçəsində durduq. “KamAZ”ı darvazadan içəri sala bilmədik. Həyətə salmaq istəyəndə divara vurduq. Elə oldu ki, sağ tərəfdən düşə bilmədik, sürücü tərəfdən düşdük aşağı. “KamAZ”da da araq var idi. Araqdan içib bir az qızışmaq istəyirdik. Maşından düşdük. Bir az aralananda baxdım ki, divara vurduğumuz “KamAZ” kənardan gəl-gəl deyir. İşıqlar yanılı, qapı açıq, “KamAZ”ın içərisində qan, üst-başımız qan. Həmin həyətdən çıxdıq. Çaya yaxın yerdə Novruzlunun qoyunçuluq ferması var idi. İstiqamətimiz fermaya tərəf idi. Ürək edib, həyacandan gedib “KamAZ”ın işığını söndürmədik. Həyacanla qaçıb getdik, fermanın içinə girdik. Gündüz saat 12-1 idi. Olduğumuz yerdən kəndə girəni, çıxanı görürdük. Gördük ki, o biri “KamAZ”ın sürücüsü “Samvel, Samvel” deyə qışqırır. Samveli Ağdamda öldürmüşdük. Ürəyimizdə dedik ki, zibilə düşdük. Yəqin ki, bu “KamAZ” sürücüsü ilə bizim öldürdüyümüz tanış imiş. Üstündən 1 saat keçdi. Ermənilərin postlarını görürdük. Gördük ki, bir UAZ gəldi, çayın içərisindən keçib, postlara tərəf getdi. Bir qədər də keçəndən sonra gördük ki, o biri “KamAZ” kənddən çıxdı. Həmin “KamAZ” körpünün altından keçib getdi. Onda başa düşdük ki, körpünün altından keçməliymişik.

Kəndin içərisinə kənardan nəzarət edirdik. Bir insan belə yox idi. Uşaqlarla söhbət edəndə dedim ki, gəlin buradan çıxan kimi girəyin çaya, suyun içi ilə gedək. Amillə Afin isə dedi ki, posta çatanda girək suya. Bunda razılaşa bilmirdik. Saat 5:30 olardı. Fermanın içərisindən çıxanda eşitdik ki, nəsə partladı. Yenidən qayıdıb girmişik içəri. Qapıdan çölə çıxa bilmirdik. Fermanın içərisində balaca pəncərə var idi. Getdim ora, gördüm keçmək olar. Oradan çıxdıq. Girdik Qarqara. Çayın suyu az idi. Düzü Yusifcanlı tərəfdə elə yerlər oldu ki, orada üzdük. Ancaq girdiyimiz yerdə su çox az idi. Yavaş yavaş hərəkət edirdik.

Dayanmadan yağış yağırdı, zülmət qaranlıq idi. Bir də başımızı qaldırdıq ki, UAZ işıqlarını yandıraraq gəlir. Qaçmağa yer yox, nə edəcəyimiz də bilmirdik. Uzandıq suyun içərisinə. UAZ önümüzdən, suyun içərisilə keçib getdi. “KamAZ”ın da işığı yanılı qalıb. Ermənilərin postlarını keçdik. 3-4 saat Qarqarın içərisi ilə getmişik. Özümüzə söz vermişdik ki, Qarqar çayının Qarabağ kanalına töküldüyü yerə qədər çaydan çıxmayacağıq. Qumluq yer var idi. Bir vaxt baxdıq ki, çoxlu işıq yanan yer var.

Kənddə

Onda anladıq ki, keçmişik. Dəli kimi sevinirik, səsimizi başımıza atmışdıq. Bir xeyli gedəndən sonra gördük ki, səngər var. Girdik səngərə. Gördük heç kim yoxdur. Uşaqlara dedim, gəlin. Yaxında kənd var. Razılaşdıq ki, kəndə girək. Gəlib bir həyətə girdik. Gördüm bir ev var, içəridə kimsə idman edir. Qapını döydük. Həmin idman edən adam çölə çıxdı. Dilimin altında mızıldanaraq salam verdim ki, görüm nə cavab verəcək. Birdən ermənilər olar. Dedi, “axşamınız xeyir”. Amil dedi, “qağa, azərbaycanlısan?” “Hə”, deyən kimi, Amil “sənin başına dönüm” deyib, qucaqladı. Amil dedi, “biz erməni öldürüb, əsirlikdən qaçmışıq”. Ev yiyəsi şoka düşdü. Sonradan ona sakit şəkildə əsirlikdən qaçdığımızı başa saldıq. Oğlan girdi içəri, dedi ki, hamı dursun ayağa. Əlində avtomat çıxdı çölə dedi ki, əlinizdəki silahı verin mənə. Avtomatın darağın çıxarıb, verdim ona. İçəridən çıxan uşaqlardan biri dedi ki, Yəhyayev. Afini tanıdılar. Afin zabit idi. Sən demə əsgərlərimizin kazarma kimi istifadə etdiyi yerə gəlmişik. Ratsiya ilə briqadaya xəbər verdilər. Əvvəlcədən də bizə dedilər ki, sizdən soruşanda deyərsiniz kəşfiyyatın uşaqları ilə qarşılaşmısınız. İki daşın arasında onlar da özlərinə xal qazanmaq istədilər.

Bizi apardılar hansısa batalyona. Ocaq qaladılar. Paltarlarımızı qurutduq. 2 sutka idi yemək yeməmişdik. Qatıq tapıb gətirdilər. Qatıq yedik. Əsgərlər hamısı başımıza yığışıb. Dedilər, 1-2 saat yatın. Başımızı qoyan kimi yatmışdıq. Səhər açılmamış bizə dedilər ki, briqada komandiri gəlir, onunla görüşməlisiniz. Bizi gətirdilər Ağdam rayon Mahrızlı kəndinə. Başladıq izahat yazmağa. Briqada komandirinin otağında izahat yazanda rabitə rəisi içəri girib hərbi hissə komandirinə dedi ki, gecə saat 12-də belə bir məlumat tutmuşuq ki, “20-96 nömrəli, kabinkası ağ, kuzası qırmızı olan “KamAZ” qaçırılıb. İçində 3 nəfər qarabaşlı (red-azərbaycanlı) olub, birinin əlində də oyuncaq (red-avtomat) var. “KamAZ”ın hansı istiqamətdə getdiyi məlum deyil”. Qiyaməddinli kəndindən həmin “KamAZ”ın işığı görünürdü. O vaxta qədər bilməyiblər ki, haradan qaçmışıq.

Hərbi hissə komandirindən sonra Ağdamın prokuroru gəldi, icra hakimiyyətindən gəldilər. Hamı gəlir. Hərbi hissə komandiri dedi ki, Bakıya xəbər vermişik, helikopter göndərirlər. Biz də dedik ki, evimizə xəbər verin. Ağdamdan bir nəfər ünvanımızı aldı. Həmin adam gəlib Beyləqana. Birinci Amilgilin kəndinə, Aşıqlıya gedib. Xəbər edib ki, Amil qaçıb gəlib. Oradan da dönüb bizim kəndə. Anamın o vaxt 38 yaşı vardı. Mən gələndə saçı dümağ idi. Deyir ki, idarədə həmin gün durmadan ağlayırdım. Dayana bilmirdim. Gördüm bir “Niva” keçdi, içində də hərbçilər. Kənddən hərbçi keçəndə hamı düşünürmüş ki, görəsən Anardan nə xəbər gətiriblər. “Niva”yla gələn hərbçi evimizə gedib. Qardaşımdan soruşub ki, ananız haradadır? Deyiblər, işdə. Deyib, çağırın gəlsin. Şəklimi istəyiblər. Həmin dəqiqə anam də həyətə gəlib. Şəkilə baxan kimi hərbçi soruşub ki, Anar bu oğlandı? Anam deyib, hə. Deyiblər, ana, gözünüz aydın olsun, oğlunuz gəlib. Kəndə hay düşüb. Anam deyir, oğlan danışırdı, ancaq heç nə eşitmirdim sevincdən…

Bezib qaçma istəyi

– Artıq axşam saat 10-dur. Hələ də dindirirlər. Necə bezdimsə, dedim, buradan da qaçacam. Artıq cana yığılmışdım. Əsirlikdən qaçıb gəldik ki, azad olacağıq, burada da başlayıblar danışdırmağa. (Gülürük).

Hərbi hissə komandirinə dedik ki, bizi heç olmasa bu günlük evə buraxın, gedib ailəmizi görək, İstəyirsiniz ondan sonra 10 il də türmədə yatmağa hazırıq. Aradan bir qədər keçəndən sonra hərbi hissə komandiri stolun üstünə konyak qoydu, meyvə ilə içirdik ki, birdən bir əsgər içəri girdi və dedi ki, qaçanların valideynləri gəlib.

Hərbi hissə komandiri bizim hərəmizə bir zabit verdi ki, evə gedək, oradan da Bakıya. Gəldim kəndimizə. Qohum-qonşu, eşidən-bilən hər kəs bizə gəlmişdi…
Qaçmazdan bir neçə gün öncə “Qırmızı Xaç” bizim yanımıza gəlmişdi. O zaman evə belə bir məktub yazmışdım ki, “məni gözləməyin. Həyatımdan bezmişəm. Bu mənim son məktubumdu”. Bu məktubu yazandan həqiqətən də nə edəcəyimi bilmirdim. Özümü öldürmək barədə də düşünürdüm. Yaxşı ki “Qırmızı Xaç” hələ məktubu ailəmizə çatdırmamışdı. Bütün prosedur qaydaları bitdikdən sonra Bərdə rayonuna gəldim. “Qırmızı Xaç”ın ofisi orada yerləşirdi. Məktubu özüm götürdüm.

Səhərisi gün gəldik Ucara, Afingilə. Onlara çatdıq ki, mağar qurulub, toydu. Afinin ailəsi sevindiyindən mağar qurdurub, yemək-içmək verirlər, bir dənə çatışmayan bəylə gəlin idi.

Sonra gəldik Bakıya. 1 ay MTN (ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi) bizi dindirdi. 1 aydan sonra bizi azad etdilər.

Əsirlərin başına gələn oyunlar
Anar, Amil, Afin qaçdıqdan sonra öldürdükləri ermənilərin qohumları Samvel Babayanın istixanasına (parnik) hücum ediblər. Ancaq heç nə edə bilməyiblər. Oradakı azərbaycanlı əsirləri gizlədiblər, sonra isə Qırmızı Xaç istixanada işləyən əsirləri Şuşa türməsinə aparıb. Samvel Babayan Şuşa türməsinə “əsirləri elə bir günə qoyun ki, onların heç yeriməyə belə heyi olmasın” tapşırığı verib.

Anar Məmmədov danışır

– MTN bizi dindirdikdən 5-6 gün sonra Qobustan türməsinə apardılar. Biz qaçıb gəldikdən sonra “Qırmızı Xaç”ın xətti ilə əsirlərimizdən birini erməni əsirlə dəyişdirmişdilər. Biz ora getdikdən 1 gün sonra həmin adamı da Qobustan türməsinə gətirdilər. Həmin əsir Şuşa türməsində olubmuş.

Qobustan türməsinin rəis müavini bizi çağırtdırdı. Oturduq kabinetində. Həmin dəyişdirilmiş əsiri gətiriblər. Əsirlikdən gələn başladı danışmağa. Deyir, o 3 əclaf qaçmaq istəyib, qaça bilməyib. 2 ermənini öldürüblər. Ermənilər o 3 nəfəri tutub, başın kəsib. Onlara görə bizi türmədə hər gün döyürdülər, zülm edirdilər. Danışdıqca arada bizi söyürdü də. Axırda, dedik, qaqa, söhbətini elə, ancaq söymə də… (gülürük)

Sonradan əsirlikdən dəyişdirilərək gələn şəxs bilib ki, ermənilər onları aldadıb, yalandan qaçanları tutduqlarını və başlarını kəsdiklərini deyiblər.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics