2.03.2016

Zori Balayan belə kitab yazmayıb


Hər Xocalı faciəsinin il dönümü olanda sosial şəbəklərdə və elektron KİV-ində Azərbaycan tərəfi mövcud olmayan “kitab”lardan sitat gətirərək Azərbaycanın informasiya müharibəsinə zərər gətirməklə yerli yersiz paylaşımlar edirlər.
Söhbət iki kitabdan – Davud Xeyriyanın“Xaç naminə” və Zori Balayanın “Ruhumuzun canlanması”ndan gedir.
 
Birinci kitabdan bir hissə 2002-ci ilin fevralında “Zerkalo” qəzetində dərc olunub və deyilənə görə Beyrutda, Eş-Şərq nəşriyyatında çıxmışdır. O ki qaldı Zori balayanın kitabına Azərbaycan saytlarının birində yazılmışdır ki, adı gedən kitab Vanadzor (şəhər) nəşriyyatında 1996-cı ildə çap edilmişdir. Heç bir kitabın movcud olduğu hələ də sübuta yetirilməmişdir.
Qeyd: Vanadzor nəşriyyatının kitabın çap edildiyi tarix zamanı mövcud olması barədə internetdə heç bir məlumat tapılmayıb.
Xocalı soyqırımı və Qarabağ müharibəsi haqqında ermənilərlə informasiya müharibəsi zamanı düşmənlərimiz daim söhbətdən yayınır, əsassız arqumentlər irəli sürür. Ancaq konkret olaraq bu iki kitabla bağlı ermənilər sərt mövqe tutaraq, bu cür məlumatın sübutsuz olduğunu bildirirlər. Hələ bu azmış kimi, Zori Balayan özü AŞPA-ya ünvanladığı müraciətdə bildirir ki, heç vaxt belə bir kitab yazmayıb və kitabın mövcudluğu sübut olunduğu halda Azərbaycan tərəfi ilə polemikaya girməyə hazır olduğunu demişdir.
Əlavə olaraq bildirək ki, “Ksenofobiya qarşısının alınması Təşəbbüsü” adlı QHT-nin saytında qeyd edilib ki, sözü gedən hər iki kitabı təqdim edən şəxsə hər kitab üçün 15 000 avro pul mükafatı təyin edilmişdir.
Bununla demək istədiyimiz odur ki, bu cür faktlardan istifadə etməklə, Ermənistanın dəyirmanına hər il su tökmüş oluruq. Ermənilər isə mövzudan yayınaraq bununla Azərbaycan tərəfini ifşa edir.
Ötən əsrin 80-ci illərində “erməni soyqırımı”nı həmişə tanınmış bir fakt kimi göstərmək məqsədi ilə ermənilər Adolf Hitlerin guya nitqlərinin birində dediyi “bu gün ermni soyqırımı kimin yadaşında qalıb?” kəlməsini bayraq tutaraq hər yerdə istifadə edirlər. Ancaq Hitlerin bütün stenoqramlarında, hətta “Mein kampf” kitabında bu cür kəlməyə rast gəlmək olmur. Buradan da aydın olur ki, ermənilər yalançı faktdan öz xeyirlərinə istifadə edir. Lakin ermənilər bu faktı ortaya atan zaman nə Hitler sağ idi, nə də Üçüncü Reyx. Ancaq hazırda Zori Balayn da sağdı və Azərbaycan tərəfini istədiyi kimi ifşa edir.
2009-cu ildə erməni tərəfi xосаli.nеt saytını yaratmaqla bizim işlətdiyimiz əsassız və ya sübuta yetirilməyən materialları yerləşdirərək özlərinə bəraət qazandırmaq üçün dəridən qabıqdan çıxırlar. Buna cavab olaraq, bizim tərəf www.xocali.org elektron kitabxanasını yaradıb və düşmənin yerləşdirdiyi faktları bütün əsaslarla təkzib edə bilmişdir. Lakin saytın yaradıcıları Vəliyev Nail və Əli Hacızadə sözü gedən kitabların doğurdan da movcud olmadığını bildirmişdir. Heç bir internet mağazada və ya pdf formatında onları əldə etmək mümkün olmayıb.
Əgər bəzi Azərbaycanlı jurnalistlər “qanlı-dəhşətli” səhnələrdən istifadə etmək istəyirsə, o zaman Markar Melkonyanın öz qardaşı Monte haqında yazdığı “My brother`s road” (Qardaşımın yolu) kitabında belə səhnələrdən biri əksini tapmışdır. Müəllifin yazdığına görə Səyid adında azərbaycanlı əsiri öldürülmüş terrorçunun qəbrinin önünə gətirərək başını kəsmişdilər. Həm də Monte Səyidin boğazından çıxan xırıltı səslərinə dözməyərək süngünü çıxardıb onun sinəsinə batırmışdır.
 
Bildirmək istəyirik ki, əgər bizə erməni vəhşiliyinin sübutu lazımdırsa və bu sübutun üzərindən onların üzərinə getmək istəyiriksə Markar Melkonyan hal hazırda sağdır, kitabı hər bir yerdə satışdadır.
O ki qaldı Xocalı soyqırımına əsassız “faktlar” gətirməklə erməni vəhşiliyinin qurbanlarının xatirəsinə hörmətsizlik edirik, daha sərt dillə desək onların ruhunu təhqir edirik. Xocalı soyqırımını dünyaya tanıtmaq və erməniləri vəhşi kimi göstərmək üçün hansısa bir erməni yazarının guya yazdığı kitabından istifadə etməkdənsə əlimizdə kifayyət qədər o vəhşiliyi sübut edən foto və video görüntülər var. Zori Balayanın bu kitabı yazmadığını demək, o anlama gəlmir ki, o, bu cür vəhşiliyi etməyib. Bəlkə də, daha betərini edib.
Bu yazını yazmaqda məqsədimiz odur ki, bu sahədə yazan jurnalist, araşdırmaçı və siasət adamlarımız özlərinə reytinq qazanmaq üçün uydurma “fakt”lardan istifadə edərək Azərbaycan tərəfini ermənilər qarşısında aciz etməsinlər...

Səxavət Məmməd

1 yorum:

Real Time Analytics