12.03.2016

Leyla Nəzirzadə: "Filosof Allah haqqındakı biliklərini, düşüncələrini “ilahi vəhy” kimi oxucuya sırımır" — MÜSAHİBƏ

"Tolerantlığımızla öyündüyümüz bir dövrdə kütlə şüuru, sürü psixologiyası bu sevincimizi gözümüzdə qoyur"
Allah varmı? Din nədir? Fəlsəfənin din və Allaha münasibəti necədir? Əsrlərdir mütəfəkkirlər bu suallara cavab tapmağa çalışır. Ancaq yenə də ortaq məxrəcə gəlinmir və yaxud suallar bitmir.

Allah, din, fəlsəfə və dini fəlsəfə ilə bağlı suallarımızı ADİU-nun fəlsəfə kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Nəzirzadə Leyla cavablandırıb.
- Salam. Necəsiz, Leyla xanım?
- Yaxşıyam, çox sağ olun. Yeni dərs ili başlayıb, həm tələbələrimə, həm də müəllim kollektivimizə uğurlar arzulayıram.
- Ümumiyyətlə din və fəlsəfənin ortaq nöqtəsi nədir?
- Meydana gəldiyi zamandan etibarən fəlsəfənin diqqət mərkəzində olan əsas mövzularından biri dindir. Məsələ burasındadır ki, fəlsəfənin cavab axtardığı sualların demək olar ki əksəriyyəti, bəlkə də hamısı dini dünyanı anlamanın, dərk etmənin maraq dairəsində də var. Bunlar hansı suallardır? – dünyanın mənşəyi, insanın kosmosdakı yeri, onun (insanın) davranışlarının və fəaliyyətinin əsasları, “olum və ölüm” məsələsi, şüur və idrakımızın imkanları, sərhədləri və s. Məhz bu səbəbdən dinlə fəlsəfənin sərhədləri hər zaman kəsişmişdir və tarixin bütün dövrlərində fəlsəfə dinlə sərhədlərinin tənqidi cəhətdən fərqləndirilməsinə ehtiyac duymuşdur.
- Dinin fəlsəfəsi nədir?
- “Dinin fəlsəfəsi” anlayışı bir çoxları üçün ziddiyyətli səslənsə də bu gün bu problemlə bağlı fəlsəfənin xüsusi bölməsi fəaliyyət göstərir, universitetlərdə ayrıca seçmə fən kimi tədris olunur və bu sahə üzrə kifayət qədər elmi ədəbiyyat mövcuddur. “Dinin fəlsəfəsi” anlayışı XVIII əsrdə istifadə olunmağa başlasa da, problemin kökü antik fəlsəfəyə gedib çıxır. Antik dövr filosoflarının demək olar ki, hamısı “ilahi olan”, “ilahi ilə sonsuzluğun münasibəti” kimi məsələlərə toxunurdular. Sovet fəlsəfi ədəbiyyatında antik dövrün kortəbii materialisti kimi təqdim olunan Fales vahid Allahdan danışırdı. E.ə. VI əsrdə yaşamış, “Yaşca hər şeydən böyük Allahdır, çünki O, doğulmayıb”, “Hər şeydən gözəl Kosmosdur, çünki o, Allahın yaradıcılığının məhsuludur” deyən Falesin bu düşüncəsi bəyəm peyğəmbərliyə bərabər bir dahilik deyildirmi?
Beləliklə, dinin fəlsəfəsinin tarixi Avropa fəlsəfəsinin tarixi ilə get-gedə daha da yaxınlaşır və paralel formalaşırdı. Dinin fəlsəfəsi – dini öz predmetinə çevirən fəlsəfi təfəkkürdür. Bir şeyi də nəzərimizdən qaçırmayaq ki, Avropa elminin ataları sayılan bu filosofların əksəriyyəti dövrün elmi biliyini Misirdə kahinlərdəndən öyrənmişlər. Deməli, tərəddüdsüz iddia etmək olar ki Avropanın dini fəlsəfəsi də mədəniyyətin bütün sahələri kimi Qədim Şərqdən qaynaqlanır.
- Niyə bir çox hallarda fəlsəfə ilə yaxından maraqlananlara ateist deyilir?
- Bu gün fəlsəfəni tədris edən müəllimin auditoriyada qarşılaşdığı ilk sual onun ateist olub-olmamasıdır. Vay o gündən ki, filosof-müəllim ateist mövqedən çıxış etsin, vəssəlam, 99% tələbədə fəlsəfəyə maraq sıfra enəcək. Təəssüflər olsun ki, hətta daha mötəbər auditoriyalarda da vəziyyət bənzərdir. Filosofdursa, deməli ateistdir, ateistdirsə, demək ki danışdığı cəfəngiyyatdır və s. Bu amilləri törədən səbəblər hansılardır? Fəlsəfəyə qarşı bu “ikrah”ın kökündə nə durur? Çobanından, bayağı müğənnilərdən tutmuş, yüksək vəzifəli məmurlara qədər hamının “filosofluq” etdiyi bir cəmiyyətdə ömrünü elmə, fəlsəfəyə həsr etmiş, həqiqətən müdrik söz söyləyən bilikli insanlara bu cür kinayəli münasibət nədən qaynaqlanır? İnsanlar dini cəhətdən bu qədərmi savadlıdırlar ki, istənilən biri dini mövzuda alimlərlə mübahisə etmək cəsarəti hiss edirlər? Təbii ki, yox. Məsələnin kökündə bilikdən çox cahillik durur. Yalnız cahil insan əldə etdiyi səthi informasiya ilə alimə tənə edə bilər. Sokrat deyirdi ki, “Ən böyük həqiqət heç nə bilmədiyini dərk etməkdir”...
Bu gün vətəndaş cəmiyyəti quruculuğunda tolerantlığımızla öyündüyümüz bir dövrdə kütlə şüuru, sürü psixologiyası bu sevincimizi gözümüzdə qoyur. Çoxluq dərk etmir ki, din haqqında fikir yürütmək üçün dindar olmaq vacib deyil. Burada istər ateist, istər aqnostik, istərsə də dinşünas öz mövqeyini bildirməkdə sərbəstdir. Ali məktəblərdə fəlsəfənin dərs saatlarının azaldılması, əsas fənlər blokundan seçmə fənnə endirilməsi, orta məktəblərdə demək olar ki, tədris olunmaması bu amilləri törədən əsas səbəblərdəndir. Fəlsəfə elmindən xəbərdar olan bilir ki “Dinin fəlsəfəsi” ilahiyyatın yox, məhz fəlsəfənin sahəsidir və “Din özlüyündə nədir?” sualını açmağa yönəlmiş, dinin varlığın bir forması kimi mahiyyətini və ifadə üsulunu araşdıran fəlsəfi təfəkkür tipidir.
- Dinin fəlsəfəsi ümumiyyətlə necə ortaya çıxıb?
- Dinin fəlsəfəsi bir mədəni hadisə kimi yəhudi-xristian ənənələri çərçivəsində meydana çıxmışdır. Burada söhbət dinə universal fəlsəfi tərifin verilməsindən daha çox onun Avropa fəlsəfəsi ilə xristian ehkamlarının mürəkkəb vəhdəti əsasında formalaşan din anlamının özündən gedir.
Təbii ki din fəlsəfədən yaşca daha böyükdür və olduqca dərin kökləri var. Fəlsəfəyə nisbətdə din “başqa” bir şeydir, cünki dinin obyekti insan zəkasının imkanlarını və sərhədlərini dəlib keçən, onun fövqünə çıxan bir reallıqdır. Bu situasiya erkən xristianlıq dövründə özünü daha parlaq büruzə verdi, belə ki, xristian ehkamları fəlsəfi cəhətdən əsaslandırılmağa zərrə qədər də ehtiyac duymurdu. Hətta xristianlığın ardıcıl tarixinə nəzər salsaq görərik ki, xristianlıq fəlsəfəyə özünün əks-qütbü kimi baxır. Orta əsrlərdə “fəlsəfənin dinin (xristianlığın) kənizinə çevrilməsi” bu prosesin bariz nümunəsidir. Lakin İslamdakı “Oxu, beşikdən qəbrədək elm öyrən”, “Elm Çində də olsa, onun ardınca get” kimi hədislərdən məharətlə istifadə edən ərəbdilli müsəlman filosoflar antik dövr filosoflarının fəlsəfi irsini qoruyub saxlamaqla yanaşı çox fundamental fəlsəfi təlimlər işləyib-hazırlamışdılar. Şərq peripatetizmi, işraqilik fəlsəfəsi, sufizm bunun bariz nümunəsidir.
Nümunə üçün həm xristian Qərb, həm də müsəlman Şərq fəlsəfəsindən misallar gətirək. Fəlsəfədən bir vasitə kimi istifadə edən orta əsrlər Qərb filosofları fəlsəfi kateqoriyaların köməyi ilə Allahın varlığını sübut etməyə çalışırdılar. Qərb filosoflarından söz düşmüşkən, bu cərəyan haqda qısaca məlumat verin.
Оrta əsrlər Qərb fəlsəfəsinin və sхоlastikasının ən parlaq və ən görkəmli nümayəndəsi Akvinalı Fоma (1225-1274) idi. Оnun fəlsəfəsi bir növ rəsmi katоlik idеоlоgiyasının еnsiklоpеdiyası idi. "İlahiyyatın məcmusu"adlı kitabında katоlik еhkamlarını işləyib hazırlamışdır. Akvinalı Fоma bеlə hеsab еdirdiki, Allahın varlığını zəka, əql vasitəsi ilə sübut еtmək mümkündür, bunun 5 sübutu var:
- Birinci sübut hərəkət anlayışına əsaslanır. Dünya hərəkətdədir və hər bir hərəkətdə оlan cismin öz hərəkət mənbəyi vardır. Lakin bu zəncir sоnsuz оla bilməz. Mütləq bütövlükdə hərəkətə təkan vеrən ilkin başlanğıc, ilkin təkanvеrici оlmalıdır ki, bu da yalnız Allahdır.
- İkinci sübut səbəb anlayışı əsasında qurulur. Dünya qarşılıqlı təsirdə оlan səbəb və nəticələrin məcmusudur. Lakin bu halda еlə bir başlanğıc, ilkin səbəb оlmalıdır ki, о, bütün varlığın ilkin səbəbi оlsun. Bu səbəb yalnız Allahdır.
- Üçüncü sübut təsadüf və zərurət anlayışlarına əsaslanır. Dünyada təsadüflər çох оlsa da, həm də zərurət və qanunauyğunluqlar da mövcuddur. Planеtlərin hərəkətləri, yеrdəki şеylər, insanların həyatı müəyyən qanunlara tabеdir. Qanunlar çохdur. Bəs dünyaya ilk, əsas qanunu kim bəхş еdib? Bu cür qanunu ancaq Allah yarada bilərdi.
- Dördüncü sübut dünyanın mükəmməlliyi barədə təsəvvürlərə əsaslanır. Dünya özünəməхsus çохpilləli piramidaya bənzəyir və hər sоnrakı pillə özündən əvvəlkinə nisbətən daha mükəmməldir. Lakin bu piramidada ən yüksək, mütləq mükəmməllik оlmalıdır ki, bu da Allahdır.
- Bеşinci sübut məqsədə uyğunluq anlayışından irəli gəlir. Bizi əhatə еdən nəhəng, çох cəhətli dünya vahiddir, məqsədə uyğundur, dərin mənaya və ruha malikdir. Bəs bu məqsədin və mənanın mənbəyi nеcədir? Dünyanın məqsədə uyğunluğunun bu cür mənbəyi ancaq Allah оla bilər.
Gördüyümüz kimi Fomanın beş sübutu Aristotelin işləyib hazırladığı kateqoriyalar əsasında irəli sürülür. Demək ki, fəsəfəni nə qədər zidd qütb hesab etsələr də bir metod və ifadə üsulu kimi ondan imtina edə bilməmişlər.
- Bəs Şərqdə?
- Müsəlman aləmində də bənzər situasiyalar yaşanırdı. Məsələn, məşhur müsəlman alimi, sufi filоsоfu Əl-Qazali Əbu Həmidin baxışlarına nəzər salaq. Оnun fikrincə, altı fəlsəfi еlm var: riyaziyyat, məntiq, təbiətşünaslıq, ilahiyyat, siyasət, еtika. Qazaliyə görə, fəlsəfə zərərlidir, çünki insanı Allahdan uzaqlaşdırır. Əl-Qazali inamı qəti оlaraq еlmə və fəlsəfəyə qarşı qоyurdu. "Filоsоfların təkzibi" adlı traktatında о, еlm və fəlsəfənin Aristоtеl baхışlarının inam üçün təhlükəli оlduğunu göstərirdi. Onun fikrincə, fəlsəfə dinə хidmət еtməlidir.
Əl-Qazali skеptikidir, о, bütün еlmi nəticələrə böyük şübhə ilə yanaşırdı. İlahiyyatı, batiniliyi, fəlsəfəni, məntiqi inkar еdən Əl-Qazali özünün yеganə ümidini sufizmə bağlayırdı. Alim Allahın rasiоnal idrak vasitəsilə dərkinin mümkünsüzlüyü idеyasını əsaslandırırdı. Allah "Ali Həqiqət" оlduğundan оnu yalnız inam və sufi sеvgisi ilə dərk еtmək оlar. İnsan ruhun köməyi ilə mərifət əldə еdir. Məhz ruhun sayəsində insan Allaha can atır, оna qоvuşmağa cəhd еdir, Allahı qəbul еdir.
Əl-Qazalinin fikrincə, həqiqət aхtaranların dörd katеqоriyası var: mütəkəllimlər (ilahiyyatçılar), batinilər, filоsоflar, sufilər. Оnun fikrincə Allaha aparan ən dоğru yоl – sufi yоludur.
Bu cür misalları çox çəkmək olar, amma bir həqiqət heç vaxt dəyişmir ki, hər zaman inanan, ibadət edən və kultda iştirak edən insan var. Ona görə də dinin fəlsəfəsi teoloji anlayışları hər şeydən öncə dini təcrübənin fenomenləri kimi nəzərdən keçirir.
- Nədir dini təcrübə, o necə qazanılır?
- Dini təcrübə insanın varlığı dərk etməsi ilə özünüdərk prosesinin qovşağında formalaşır. İnsan “Mən kiməm?”, “İnamımın mənası nədir?”, “Nəyə və niyə inanmalıyam?” kimi suallara cavab axtararaq, Allahı, özünü və özünün Allaha inamını dərk etməyə çalışır. Din insanların düşüncəsindəki forma və kateqoriyalara, dilə hopur və bunların vasitəsi ilə təfəkkürümüzdə iştirak edir. Bunu deməyə əsas verən fakt odur ki, “insan” və “varlıq” anlayışlarındakı tarixi dəyişikliklərlə bərabər dinin özü də dəyişir. Allah dini anlamanın mənbəyi kimi dəyişməz və tarixin fövqündə duran bir mahiyyət olsa da, dinin bəşəri tarixi var. Deməli, din haqqında suallar mümkündür və labüddür. Hətta verilən suallar fəlsəfəyə nisbətdə tamamilə fərqli üslubda olsa belə.
İndi isə, dinə elə bir tərif verməyə cəhd edək ki, fəlsəfi düşüncəni məşğul edən mahiyyətə açıqlıq gətirək. Ta qədimlərdən, din dedikdə insanın Allaha və yaxud ilahiyə, fövqəlbəşərə inamı başa düşülür. Tərifi müxtəlif anlayışlarla bəzəmək olar, amma burada iki məfhum dəyişməz olaraq qalacaq – Allah və insan. Sxematik olaraq üç tərəfi müəyyənləşdirmək olar:
1) Allah – dinin əsas prinsipidir;
2) İnsan – dinin daşıyıcısıdır;
3) Allah və insan arasındakı münasibət, ünsiyyət – dinin mahiyyəti, bütövlüyü, tamlığıdır.
Bu məsələlərin işlənib hazırlanmasında fəlsəfənin mövqeyi dinin ənənəvi doqmatik quruluşundan əsaslı surətdə fərqlənir. Fəlsəfə, insanın mövcudluğunun təbii şəraitindən çıxış edərək, əldə olunan bilikləri şişirtməyə cəhd etmir.
- Bu nə deməkdir?
- Yəni, filosof Allah haqqındakı biliklərini, düşüncələrini “ilahi vəhy” kimi oxucuya sırımır. Peyğəmbərlik iddiasında bulunmur. Filosofun beyininin məhsulu imzası ilə bəllidir. Bu gün dini təriqətlərin yağışdan sonra baş qaldıran göbələklər kimi çoxalmasının və sonra da şaxələnməsinin kökündə müxtəlif “dindarların” özünəməxsus dini şərhlərinin, traktovkalarının “ilahi kəlam”, “hədisi-şərif” kimi cahil beyinlərə sırıdılmasından başqa bir şey deyildir. Müasir insan getdikcə daha çox dini siyasətin və ya siyasətin dini gedişlərinin qurbanına çevrilir. Kimdir bu qurbanlar? Əsasən ailə sevgisindən və diqqətindən məhrum yeniyetmələr, həyatda məqsədlərini müəyyənləşdirə bilməyən gənclər, mənəvi-psixoloji təzyiq altında olan insanlar və maddi ehtiyac ucbatından missioner təşkilatların hədəfinə çevrilən aciz və bisavad insanlar. Bu məqsədlərin həyata keçirilməsində həmin təşkilatların imkanları getdikcə artır. Sosial şəbəkələrin “rolunu” xüsusilə qeyd etmək olar. Dövlət bu kimi hallarla hüquqi cəhətdən nə qədər mübarizə aparsa da təfəkkürlərdə inqilab etmədən nailiyyətlər ürəkaçan olmayacaqdır. Bu inqilabın isə bir yolu var, o da güclü təhsil, dünyəvi elmdir. Bu işdə filosoflar cəmiyyətə daha çox fayda verə bilər. Çünki fəlsəfə cəmiyyəti ayıq olmağa səsləyir və cahilliklə mübarizə aparır. Fəlsəfə insana düşünməyi, düzgün seçim etməyi öyrədir. Fəlsəfənin məqsədi insanları dindən deyil, cahillikdən uzaqlaşdırmaqdır.
Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics