12.03.2016

Varsa bizdən böyüyü gəlsin... — İmarət azarkeş qrupu ilə REPORTAJ

Bir, iki, üç, şşşşşşşşşşşş Qarabağ!!!
Futbolun dadı, duzu azarkeşdir. Azarkeş həmişə 12-ci oyunçu sayılır. Ancaq futbolla bağlı bütün deyimlər Azərbaycana çatanda suya düşür.
Klublarımızın ev oyunlarında demək olar ki, ancaq əsl azarkeşlər gəlir. Klublarımızın Avropa oyunlarında isə futbol azarkeşləri. Adamlar tanıyıram, bu gün Qarabağın oyununa gedir, sabah Qəbələnin, birigün isə Neftçinin.

İllərdir stadiondan futbol izləyən biri kimi həmişə diqqətimi bir şey çəkib, komandamız qol vurur, ancaq futbola baxmağa gələnlər necə sevinəcəyini belə bilmir.
Qol vurulur, bir çoxu yanındakı insana baxır, görüm, o necə sevinir mən də elə sevinim.
Azarkeş qrupları dayanmadan şüarlar səsləndirir, ancaq futbola baxmağa gələnlərin böyük əksəriyyəti gözləyir ki, yanındakı o şüarı səsləndirsin, o da başlasın o şüarı səsləndirməyə. Ancaq bəlkə də içində o şüarı ən yüksək səslə səsləndirir. Küçədə, bayırda yüksək səslə telefonla danışan, ictimai yerdə bağıran adamlar necə olur ki, stadionda tərbiyələnir, mədəni olur?
İllərdir “Qarabağ”ın oyunlarını meydandan izləyirəm. İstər ölkə çempionatı, istər Avropa oyunları olsun İmarət azarkeş qrupu 90 dəqiqə susmur, qışqırır, sevinir, şüarlar səsləndirir, yuhlayır...
Qərara gəldik ki, İmarət azarkeş qrupu ilə görüşüb, azarkeşlik, Azərbaycan futbolundakı azarkeşlər barədə söhbət edək. İmarət azarkeş qrupunun daim oturduğu yerə gedirik və idarə heyətinin üzvləri ilə görüşüb, söhbətləşdik.
Ölkə.Az İmarət azarkeş qrupu ilə geniş reportajı sizə təqdim edir:
İmarət azarkeş qrupunun idarə heyətinin üzvü Qabil Hüseyn öncə İmarət azarkeş qrupunun yaranmasından danışır: “İmarət azarkeş qrupu 2009-cu ildə yaradılıb. Zaur Əliyev, Zaur Salman, Şükür Cavad və Amil Hüseynov İmarət azarkeş qrupunu yaradıb. O zamanlar “Qarabağ”ın oyunlarına klubu dəstəkləyənlər pərakəndə formada gedirdi, “Qarabağ”ın rəsmi fan klubu da bizim yoldaşları qane etmirdi. Qərar verilir ki, “Qarabağ”ın azarkeş qrupunu yaratsınlar. Bu fikirdən sonra ad axtarıblar. Ən uğurlu ad isə İmarət olub. Ona görə ki, İmarət həm “Qarabağ”ın Ağdamda ev oyunları keçirdiyi stadionun adı idi, həm də İmarət tarixi bir yer olub. İmarət azarkeş qrupunun yaradılmasında məqsəd o olub ki, “Qarabağ”ı sevən gəncləri bir yerdə toplamaq rahat olsun. Ölkədə başqa ad altında birləşsək ona başqa ad qoya bilərlər, siyasiləşdirərlər. İmarət azarkeş qrupu yaranandan sonra çalışdıq ki, hər gənci öz sıralarımıza qəbul etməyək. Ancaq indi elə deyil. Baza prinsipi kimi də qərar vermişdik ki, maddiləşmək üçün heç kimdən kömək istəməyək. Biz yaranan gündən “Qarabağ” futbol klubu bizə maddi dəstək verməyi bizə təklif edib. Kənardan elə başa düşürlər ki, “Qarabağ” klubu bizə maddi dəstək təklif etmir. Başqa azarkeş qruplarını maliyyələşdirir, ancaq bizi yox. Guya klubumuzun bizimlə bir prinsipi var. Ancaq qətiyyən elə deyil. Sadəcə biz özümüz maliyyə dəstəyini istəmirik.
2013-cü ildə Bakıdakı oyunlara gedən İmarət Tayfa yarandı. 2014-cü ildə İmarət Avropa, İmarət Türkiyə, İmarət Ukrayna yarandı. 2014-cü ildə İmarət azarkeş qrupunun qadınlardan ibarət Xan Qızı qolu yarandı. Hal-hazırda sosial bazamızı artırmağa çalışırıq. Sosial bazamızı artırmaqla yanaşı gəncləri vətənpərvərlik ruhunda tərbiyələndirməyə çalışırıq.
İmarət azarkeş qrupunun tribuna lideri Samir Məmmədov - Amiqo İmarət haqında danışır: “Bizim əslində Amiqomuz Elvin İbrahimovdur. O hal-hazırda əsgərlikdədir. Müvəqqəti olaraq İmarət azarkeş qrupunun Amiqosuyam. İmarət Tayfanın əsas üzvləri 200 nəfərdən ibarətdir. Ancaq “Qarabağ”ın Avropa oyunlarında İmarətə qoşulmaq istəyənlərin sayı çox olur. Bu da imkan verir ki, 2-ci sektoru tam dolduraq. Klubumuzun Avropa oyunlarında İmarətə qoşulanlar 800-1000 nəfər arasında dəyişir”.
"İmarət" azarkeş qrupunun Avropa oyunlarında 2-ci sektorda oturmasının çox maraqlı səbəbi var. Sən demə, Ağdam avtomobillərinin seriya nömrəsinin 02 olmasına görə "İmarət" də ikinci sektoru seçib.. Təkcə Azərbaycanda yox, bütün dünyada şəhərlərin seriya nömrəsinə azarkeşlər çox önəm verir.
Avropa klublarının azarkeş qrupları oyunlardan əvvəl xoreoqrafiya hazırlayırlar. Bizdə buna rast gəlmirik.
Bu suala öncə İmarət azarkeş qrupunun idarə heyətinin üzvü Elvin Quliyev cavab verir: “Bizim də belə planlarımız olur. 2013-cü ildə Geftle ilə oyunda böyük bir pankart açmışdıq. Bu işlərin təşkilatçılıq və ideya tərəfini biz bacarırıq. Ancaq işin bir də maddi tərəfi var. Biz azarkeşlərimizə bilet alıb verməkdə, səfər oyunlarında azarkeşlərimizi avtobusla təmin etməkdə çətinlik çəkirik. Məsələn Türkiyənin Qalatasaray klubunun ən böyük azarkeş qrupu olan UltrAslanın ortaya qoyduğu uğurlu xoreoqrafiyaların hamısının maliyyə tərəfini klub təmin edir. Biz də bu il “Qarabağ” klubuna ideya vermişik ki, xoreoqrafiya edək. Ancaq təəssüflər olsun ki, klub rəhbərliyi buna isti yanaşmadı. Hər oyun 30 min bayraq qaldırmaqla qeyri-adi nəsə olmur. Bayraqlara verilən pula iki sektorda daha gözəl və qeyri-adi xoreoqrafiya yarada bilərik. Bununla da həm rəqibləri qorxuda, həm də öz komandamızı daha yaxşı motivasiya edə bilərik”.
Qabil Hüseyn: “İtaliya İnteri ilə oyuna komandamızı yola salanda əla bir şey hazırlamışdıq. 4 il əvvəl ilk dəfə klub rəhbərliyinə deyəndə ki, stadionda “Anadır arzuları hər zaman Qarabağ” mahnısını verək deyirdilər ki, bu, toy mahnısıdır. Ancaq İnterlə səfərə gedən komandamızı o mahnı altında yola salanda səhvlərini başa düşdülər. Bu komandanın adı Bakı deyil, Neftçi deyil bu komandanın adı Qarabağdır. Qarabağ həssas ad və duyğuların komandasıdır."
İmarət azarkeş qrupunun idarə heyətinin üzvü Şəms Azadi: ""Ayntraxt" Bakıya gələndə onların 100-dən çox azarkeşi gəlmişdi. Ona kimi biz əsl Avropa azarkeşini TV-lərdən görmüşdük. Onlar bayraqları ilə, formaları ilə və çox kompakt idilər. Ondan sonra anladıq ki, əsl azarkeş qrupu necə olmalıdır. Xoreoqrafiya işinin 20%-i azarkeşin üstünə düşür. Yerdə qalanı klubun üzərinə düşən işlərdir. Ən sadə bir xoreoqrafiyanın 500-1000 manat xərci var. Bu da azarkeşin qarşılayacağı məbləğ deyil. İki il bundan əvvəl set yox idi. Amiqo bilmirdi azarkeşlərlə necə işləsin. Bunun üçün taxtadan set yığmışdıq. Polis gəlib onu dağıtdı.
Oyundan əvvəl polislə azarkeş qrupu arasında danışıq aparılmalı və razılıq əldə edilməlidir. Polis adi izləyici ilə azarkeş qrupuna qarşı eyni davranmalı deyil. Bizdə azarkeş çılğın olanda polis kobud davranır. Oyundan əvvəl tribuna lideri, klub nümayəndəsi və polis bir araya gəlməli və hərə öz öhdəliyini götürməlidir”.
Elnur Quliyev: “Biz həmişə istəmişik ki, ətrafımıza vətənpərvər, savadlı gənclər yığaq. Hal-hazırda gənclər var ki, gedib radikal dini qruplaraq qoşulur, narkotik aludəçisi olur, cəmiyyətdən təcrid olunurlar. Biz həmişə istəmişik ki, ətrafımıza gəncləri yığaq və onlara vətənpərvərliyi, millətçiliyi aşılayaq. Bizim gənclər Cənubi Azərbaycanı da sevməlidir. İlk dəfə “Azərbaycan bir olsun, istəməyən kor olsun” şüarını biz səsləndirdik. Bəziləri bunu bilmədən deyir, ancaq bir neçə il əvvəl Urmiya gölü qurudulurdu. Həmin vaxt “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun”, “Urmu gölü can verir, məclis onun ölümünə fərman verir” şüarını səsləndirdik. 4 il bundan əvvəl biz “Qarabağ” rəhbərliyi qarşısında şərt qoyduq ki, “Qarabağ”la “Traktor Sazi” oyunu təşkil edilsin. O oyun təşkil olundu. İmarət azarkeş qrupunun üzvləri də o oyunda iştirak etdi. Həmin oyuna Cənubi Azərbaycandan da gələnlər olmuşdu. Hal-hazırda “Traktor Sazi”nin oyunlarına imkan olduqca gedirik. Biz bu yöndə də iş aparırıq. Ətrafımızdakı gənclər hər şeyi görsün.
Belçikanın "Brügge" klubunun azarkeşləri Bakıya gələndə idarə heyətimizin üzvü Kənan bəy təklif etdi ki, onları Şəhidlər Xiyabanına aparaq. Klub bizim üçün avtobus təşkil etdi. Onları Şəhidlər Xiyabanına apardıq. Həmin zaman onlar bildirdi ki, Ağdamı təmsil edən “Qarabağ”ın erməni işğalı altında olduğunu indi bilirik.
Ötən il Şirin Mirzəyevə anım günü keçirdik. Milli QəhrəmanAllahverdi Bağırovun köynəklərini çıxarmışıq. Hər klubun öz dəyəri var. Misal üçün Türkiyənin Qalatasaray klubunun dəyəri Mətin Oktaydır. Ona görə də klubun təlim məşq bazasının adını Mətin Oktay qoyublar. Bizim klubun dəyəri Allahverdi Bağırovdur. Ötən il Amiqomuz Elvin İbrahimov təklif irəli sürdü ki, təlim məşq bazamıza Allahverdi Bağırovun adını verək. Allahverdi Bağırov həm Qarabağın oyunçusu olub, həm baş məşqçisi, həm də Milli Qəhrəmandır. Təəssüflər olsun ki, klub rəhbərliyi bunu etmədi.
Qarabağ qazilərini medallarla təltif etmişik. Onları İmarət azarkeş qrupunun fəxri üzvü etmişik. Milli Qəhrəmanların ailələri ilə görüşlər keçirmişik. Fred Asifin, Allahverdi Bağırovun ailəsini qızıl medalla təltif etmişik.
İstəyirik ki, cəmiyyətdə Qarabağ adı üçün çalışan adamları ətrafımıza toplayaq”.
İmarət azarkeş qrupundan Kənan Məmmədzadə: “6 il bundan öncə İmarətə qoşulmuşam. Hal-hazırda Qarabağın azarkeş qrupları inkişaf edir. Ancaq həmin vaxt elə bir zaman idi ki, Qarabağın elə də uğurları yox idi. Azarkeş deyəndə bəzi adamlar fikirləşir ki, avara, bekar adamların birliyidir. Tam əksinə hər kəsin işi gücü var. Azarkeşlərimiz arasında cəmiyyətdə kifayət qədər yer tutan şəxslər var.
Hər ilin yekununda tədbirlərimiz keçirilir. Tədbirə deputat, qazilər ciddi yanaşıb gəlirlər. Hər halda biz azarkeş qrupu olsaq da, ideyamız odur ki, cəmiyyətdə yer tutaq. Yalandan Qarabağa ürəyim qurban deməklə deyil. İmarət bir ad deyil, idealogiyadır. İmarət hər hansısa bir ad deyil”.
Maraqlı, gülməli xatirələr
Qabil Hüseyn: “Tələbə idim. Azarkeş də çox az idi. Fikirləşdim ki, azarkeş qrupuyuqsa bizim də adımız bannerə yazılsın. İndi çox asandır uşaqlar hazırlayır. Evimiz təmir olunanda divar kağızından bir topu artıq qalmışdı. Bir rəssam dostum var. O, divar kağızının üstünə böyük İmarət yazdı və iki at şəkili çəkdi. Onu evdə döşəmənin üstündə rənglədik. Biz bir müddət divar kağızından olan pankart qaldırırdıq. Heç kim də bilmirdi ki, bizim açdığımız pankart divar kağızındandır. Divar kağızının üzərini də skoçlamışdıq ki, yağışda məhv olmasın”.
Kənan Məmmədzadə: “Bir prinsipimiz var idi. “Qarabağ”ın hər oyununda mütləq İmarətin pankartını qaldırmalı idik. “Qarabağ” Gəncədə “Kəpəz”lə oynamalı idi. Qərar verdik ki, oraya gedək. Gəncəyə birinci dəfə idi gedirdik. Hava da dəhşət soyuq idi. Gələndə pulumuz qurtardı. Nə qatara, nə də taksiyə pul tapdıq. Gəncədən Bakıya kartof, soğan gətirilən avtobusda gəldik. Bakıya səhər saat 4:30-da çatdıq. Saat yarım metronun qabağında dona-dona gözləmişik ki, metro açılsın...
İndi “Qarabağ”a azarkeşlik etməyə nə var ki, hər şərait yaranıb. İndi almağa bilet tapılmır. Yadıma düşür ki, bizim evdə “Qarabağ”ın oyununa 1000-2000 bilet olurdu. Paylayırdıq ki, “Qarabağ”ın oyununa izləyici gəlsin”.
Qabil Hüseyn: ““Xəzər-Lənkəran”la oyun idi. Qərara aldıq ki, bir-bir oyunçuları, məşqçilər heyətini meydanın kənarına səsləyib alqışlayaq. Hamısını çağırıb alqışlamışıq. Bütün komandanı - bir-bir futbolçu və məşqçilər heyətinin adın çəkib “... buraya, əllər havaya” deyib alqışlayırıq. Klubda bir inzibatçı var, adı Şahiddir. Əvvəllər futbolçu olub. Qışqırdıq “Şahid dayı buraya, əllər havaya”. Şahid dayı da bilmir ki, onu alqışlamağa çağırırıq. Şahid dayı gəldi tribunanın qabağına dedi, “əəə nədi noluf?”. Şahid dayı düşünüb ki, hansısa problemə görə onu çağırmışıq” (gülürük).
Elnur Quliyev: “Öz aramızda qərara aldıq ki, pul toplayıb əsgərlərlə görüşə gedək. Həmin vaxt bundan xəbər tutan Əmrah Çəlikəl 450 AZN pul verdi ki, əsgərlərə nə lazımdır alın. Ağdamdakı hərbi hissələrdən birinə getdik. Bildirmək istəyirdik ki, onlar bizim torpağımızı qoruyur, biz ağdamlılar da onlara dəstək veririk. Orada qoyun kəsdik, əsgərlərə hədiyyələr verdik. Əsgərlərlə futbol oynadıq, uduzduq. Sonra da əsgərlərlə bir hamamda çimdik.”
Şəms Azadi: “Dneprlə Bakıda ev oyunumuz idi. Ukraynadan jurnalistlər bizdən müsahibə götürmək istəyirdi. Maraqlı bir halla qarşılaşdılar. İmarətin Amiqosu Elvin İbrahimovdur, Dneprin Amiqosu isə Elvin İbrahimovun xalası oğlu idi. Elvin İbrahimovun xalası oğlu Xarkovda işləyir, həm də Dneprin Amiqosudur. Həmin zamanda siyasi səbəblərdən Dnepr ev oyunlarını evində yox, Kiyev şəhərində oynayırdı. Həm Qarabağ ev oyununu siyasi səbəblərdən Ağdamda oynaya bilmir, həm də Dnepr Xarkovda. Ukraynalı jurnalistə Allahverdi Bağırov haqqında danışdım və sual verdim ki, Allahverdi Bağırov həm futbolçu olub, sonra klubun baş məşqçisi olub, müharibə başlayanda da gedib öz şəhərini qoruyub, döyüşüb. Sizdə belə biri varmı? Jurnalistlər sonra gedib bu haqda Müşviq Hüseynovdan müsahibə aldılar.
Bizim əsas şüarımız belədir: “Bu gün tayfa, sabah batalyon”.
Qarabağ 23 ildir səfərdə oynayır. Qarabağ nə zaman İmarətə qayıtsa, onda ev oyunu olacaq”.
- Rəqib komandaları sarsıda bilirsiniz?
Qabil Hüseyn: “Futbol baxımından aydın məsələdir ki, Qarabağ istənilən klubu sarsıdır. (Gülürük)
Azərkeş baxımdan bəzi klubların azarkeşi yoxdur. Bizim əsas rəqibimiz Neftçi olub. Düzdür əvvəl Neftçi azarkeşləri bizi ciddiyə almırdı. Ancaq çempionluğu onların əlindən alandan sonra bizi ciddiyə aldılar. Ancaq indi də rəqabət yoxdur. İndi onların klubu 8-ci yerdədir, bizim klub isə 1-ci yerdə. (Gülürük)
Bizim üçün meydanın fərqi yoxdur. Yeri gəlmişkən, Neftçinin meydanında da kubok qaldırmışıq”.
Elnur Quliyev: “Hər azarkeş qrupu deyir biz üstünük. Ancaq Bəhram Bağırzadə müsahibələrinin birində bildirdi ki, Qarabağın azarkeşləri daha üstündür. Axırıncı dəfə nə vaxtsa yadıma gəlmir ki, Neftçinin azarkeşləri bizdən üstün olsun”.
Samir Məmmədov: “Qarabağ Ağdam klubudur. Qarabağ Ağdamdamda oynasa stadion 20-30 minlik də olsa tam dolar. Onlar Bakı klubu olsa da üstünlüyü yenə də biz əldə edirik”.
- Azərbaycanda tərəfdar mədəniyyəti hansı səviyyədədir?
Şəms Azadi: “Rayonlardakı oyunlara daha çox azarkeş gəlir. İndi Kəpəzin, əvvəllər isə Xəzər-Lənkəranın oyununa çoxlu sayda azarkeş gəlirdi. Adamlar gəlib ancaq futbola baxırlar. Heç bir diqqət göstərmirlər. Otururlar, günəbaxan tumu yeyib gedirlər. Heç doğru düzgün sevinmirlər də. Azarkeş qruplarından başqa heç kəs dəsək vermir. Avropada, Türkiyədə mahnını oxumursansa, şüarı səsləndirmirsənsə adama pis baxırlar. Hətda məcbur edirlər ki, şüarı səsləndir”.
- Belə şeylər sizi həvəsdən salır?
- Yox, biz örgəncəliyik buna.
Qabil Hüseyn: “Azərbaycan keçid dövründədir. Bizdə növbə mədəniyyəti, avtobusa minmək mədəniyyəti də heç yoxdur. Azarkeşlik mədəniyyəti inkişaf etmiş ölkələrdə daha yaxşı formadadır. Azərbaycanda futbol azarkeşi var, klub azarkeşi yoxdur. Bu gün Qarabağın oyununa gedirlər, sabah Qəbələnin oyununa gedirlər. Azarkeşin bir rəngi olmalıdır. Bu da intellektual səviyyədən asılı bir şeydir. Biz 6 il bundan əvvəl yarananda vəziyyət daha pis idi. O vaxt futbolda qışqıran adamlara qeyri adi baxırdılar”.
Elvin Quliyev: “Quzanlıda Qarabağ oynayanda tribunada heç vaxt yer olmurdu. Gəncəyə oyuna getmişdik. 15-20 min tərəfdar var idi. Yağış yağmağa başladı. Orada 2 minə yaxın adam qaldı. O gedənlər azarkeş yox izləyicilər idi. Əsl azarkeş yağışa, qara baxmır.
AFFA, PFL və polis də bizə mane olur. Dəfələrlə olub ki, pankartımızı əlimizdən alıblar. Bir də görürsən hansısa polis deyir, yavaş qışqırın.
İctimai yer anlayışı var. Şəhərin ortasında baraban vurub qışqırsam, bəli, bu ictimai asayişi pozmaqdır. Ancaq futbol baraban vurmaq, qışqırmaq, şüar səsləndirmək üçündür”.
Samir Məmmədov: “Ümumi azarkeşlikdə Ultras deyə bir deyiliş var. Azərbaycanda bəzi klubların azarkeşləri deyir ki, biz Ultrasıq, ancaq biz həmişə demişik ki, biz Ultras deyilik, xuliqan deyilik. Ancaq yenə də oyuna rəng qatmaq istəyirik. Sonuncu dəfə Ali Sami Yendə olmuşam. Orada polis yoxdur. Stadion görəvlisi var. Onlar hətda yerləşdirməyə köməklik göstərir. Polisin meydana gəlməyi həm futbola, həm azarkeşə, həm də polisin özünə haqsızlıqdır.
Şəms Azadi: “Polis azarkeşlə elə işləməlidir ki, azarkeş onlara qarşı çevrilməsin. Avropada polis ultrasın olduğu yerə girə bilməz, girsə də meyidi çıxar. Əsl ultraslar polisi qəbul etmir. Onlar öz sektorunda özlərindən olmayanı da qəbul etmir. Bizdə ultraslıq yoxdur. Bizdə qol vurulanda stadiona gələnlər bilmir necə sevinsin.
- Niyə sevinə bilmirik?
Şəms Azadi: “Qara Qarayevdən xahiş etmişdik ki, oyundan sonra gəlib üçlü çəkdirsin. Bir, iki, üç, şşşş oley oley. Qara Qarayev artıq onu da etmir.
Qurban Qurbanov böyük məşqçidir amma onda sevinmək hissi, çılqınlıq yoxdur”.
Samir Məmmədov: “Biz Avropa klublarının oyunlarına baxanda görürük ki, oyun bitən kimi futbolçular əl-ələ tutub gəlirlər azarkeşlərə tərəf. Ancaq bizdə bu yoxdur. Biz də bunun olmasını istəyirik. Onlar oynayır biz də 90 dəqiqə qışqırırıq, ancaq bir sevinci bizə az görürlər. Ansi Aqoli azarkeşlərə qarşı çox diqqətlidir."
Qabil Hüseyn: “Ötən ilin yekun tədbirində Ansi Aqoliyə QAQA adını vermişik. Onu Ansi Qaqa çağırırıq”.
Şəms Azadi: “Əvvəllər Qara Qarayev deyirdi ki, məni tribunaya çağıranda utanırdım gəlməyə. Birdən gələrəm məni alqışlamazlar”.
İmarət Avropa
Şəms Azadi: “Qarabağ Avropada oynayanda İmarət Avropanın azarkeş qrupu fərq etmir hansı ölkədir, oraya gedirlər. Nicat, Vüsal, Natiq Qarabağ İmarət üçün çox böyük işlər görür. Bizim ən uzun səfərimiz Gəncəyə olur, ancaq onlar Avropanın bütün ölkələrini Qarabağ üçün gəzirlər”.
Elnur Quliyev: “Efirdə də azarkeşlərə qarşı haqsızlıq olur. Efir azarkeşləri düşmən kimi görür. Azarkeşləri çəkmirlər. Azarkeşləri taym arası çəkirlər. Onda da azarkeşlər ehtiyacını ödəməyə gedir. Oyun vaxtı fasilə olanda azarkeşi çəksinlər, insanlar da görsün ki, meydanda necə çoşğu var”.
- Özünüzə hansı klubun azarkeşlərini rəqib görürsünüz?
Qabil Hüseyn: “Biz bir nömrəli azarkeş qrupu olmağa iddialı deyilik. Ancaq bizdən yuxarısı yoxdur. Varsa bizdən böyüyü gəlsin...”
İmarət azarkeş qrupu ilə söhbətimizi bitiririk və qərara alırıq ki, onların performansını meydanda görək. “Qarabağ”-“Monako” oyununa 2-ci sektordan baxmağa gedirik.
Fotoqrafımız Nurlanla 2-ci sektora bilet alırıq, aşağı düşəndə Nurlan deyir, qaqa, futbola qızlar da baxmağa gedir? Deyirəm, hə qaqa. Artıq ailələr, sevgililər, hətta rəfiqələr də gedir.
Oyunun başlamasına 10 dəqiqədən çox var. 2-ci sektordayıq. Ancaq İmarət azarkeş qrupu çoxdan bu oyuna hazırdır. Şüarlar səsləndirilir, mahnılar oxunur. Futbolçular meydana çıxır, İmarət azarkeş qrupu “Qarabağ buraya, əllər havaya” deyə qışqırır, ancaq bir-iki futbolçumuz 5-10 metr onlara tərəf yaxınlaşıb "xalaxətrin" qalmasın deyə əl çalıb gedir.
Hakimin oyunu başlama fiti səslənir və İmarət azarkeş qrupu bir, iki, üç şşşşşşşş Qarabağ deyə qışqırır. Oyunun 5 dəqiqəsi geridə qalır digər tribunalar susub, yalnız İmarət və Qarabağ klubunun digər azarkeş qrupları şüarlar səsləndirir.
Meydandakı azərkeşlərin ən çox səsləndirdiyi şüar isə qol epizodundan sonra “Bir daha” deməsi olur. Bir də oyunun axırına yaxın A-zər-bay-can şüarı səsləndirilir.
İmarət isə 90 dəqiqə susmur...

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics