12.03.2016

Araz Əlizadə: "Kredit götürüb qərargahı təmir etdik, hələ də banka borcum var..." — MÜSAHİBƏ

"Bu maaşla o krediti bağlamaq mümkün deyil"
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadəparlament seçkilərində İqbal Ağazadə ilə rəqib oldu və 35 saylı Xətai seçki dairəsindən Milli Məclisə deputat seçildi.

Parlament seçkilərində ən çətin və qalmaqallı dairə İqbal Ağazadə və Araz Əlizadənin namizəd olduğu 35 saylı Xətai dairəsi idi. Seçkilər bitər-bitməz İqbal Ağazadə protakolları media vasitəsi ilə yayımladı və bildirdi ki, əslində seçilən özüdür. Araz Əlizadə isə protokolların "photoshop" olduğunu bildirdi. Araz Əlizadə ilə müsahibədən öncə, söhbət zamanı bu mövzu haqqında danışdıq və bildirdi ki, "photoshop" sözünü mən deməmişəm. Hansısa media özündən uydurub.
Qalmaqallı dairə barədə öncə İqbal Ağazadə ilə geniş müsahibəmiz oldu. Qərara gəldik ki, Azərbaycan Sosial Demokrat partiyasının sədri Araz Əlizadənin bu qalmaqala münasibətini öyrənək və geniş şəkildə oxucularımıza çatdıraq.
Ölkə.Az Araz Əlizadə ilə geniş müsahibəni sizə təqdim edir:
- Salam Araz bəy. Millət vəkili seçildiyiniz üçün təbrik edirik.
- Çox sağ olun.
- "Deputat Araz Əlizadə", sizcə bu fraza necə səslənir?
- Deputat Araz Əlizadə bir dəfə səslənib. Burada yeni bir şey yoxdur. Deputat oldum ya olmadım, ancaq mən elə Araz Əlizadəyəm həmişə. Düşünürəm mənim siyasətdə öz dəsti-xəttim var. O dəsti-xətti dəyişmək fikrim yoxdur.
- İqbal bəyin seçilmədiyiniz haqda gətirdiyi dəlillər haqda nə deyə bilərsiniz?
- Bu barədə çox danışmaq istəmirəm. Qısaca demək istəyirəm ki, oğru elə qışqırdı ki, doğrunun bağrı yarıldı. Əvvəldən bir şeyi dedim ki, əgər İqbal Ağazadənin əlində sübutu varsa, bunun üçün mətbuat konfransı keçirmək, yaxa cırmaq lazım deyil. Şikayəti verir dairə komissiyasına, MSK-ya, Appelyasiya məhkəməsinə, Konstitusiya məhkəməsinə və nəhayət İnsan haqları məhkəməsinə. Ona yolunu göstərdim. İqbal Ağazadə elə bilirdi ki, məni təhqir etməklə kimsə seçkinin nəticələrini ləğv edəcək və o, bu məsələdə böyük səhv edirdi. Onun düzgün seçki kampaniyası aparacağına heç inanmırdım. Oldu bitdi. Bu mövzuya qayıtmaq istəmirəm.
- Həmin dairədən namizədliyinizi verəndə əmin idiniz ki, seçiləcəksiniz?
- Ümid edirdim. Amma Ümid partiyası yox, özüm ümid edirdim. (gülür)
- Sizi ilk təbrik edən kim oldu?
- Qərargahım. Müşahidəçilərim protokollarla gəlirdilər, nəticələrə baxırdıq. İlk gələn 3 protokol bizi məyus etdi. 3 məntəqədə məğlub olmuşdum. Sonradan gələn protokollar göstərdi ki, nəticə yaxşıdır.
- MSK sədri Məzahir Pənahov adları açıqlayanda həyacanlı idiniz?
- Həyacanlanmırdım. Ona görə ki, bu qatıldığım ilk seçki deyildi. Birinci seçkimdə - 1990-cı ilin sentyabrın 30-da həyəcanlanmamışam. Çünki bilirəm ki, həyat davam edir. Həyatın sonu deyil.
- Prezident seçkilərində də rəqiblərinizdən biri İqbal Ağazadə idi.
- Mənim orada İqbal Ağazadə adlı rəqibim yox idi. Orada hamının rəqibi prezident idi.
- Araz Əlizadə deyəndə ya Rusiyanın, ya da iqtidarın adamı deyirlər. Hətta bu seçkilərdə qalib olanda dedilər ki, hökumətin adamı olduğu üçün İqbal Ağazadəyə yox, Araz Əlizadəyə yer verdilər.
- Yeri ancaq hökumətin adamına verirlərsə, onda hökumətin adamı olmayan İqbal Ağazadə 3 dəfə həmin dairədən necə deputat seçilib? (gülür)
Siyasi tarix var. Əgər Araz Əlizadə Rusiyanın adamı olsa idi, Yeltsin Rusiyanın prezidenti olanda, qanunları pozub öz parlamentini gülləbaran edəndə Araz Əlizadə Boris Yeltsinə məktub yazmazdı ki, sən demokratiyanı boğursan, sənin hakimiyyətdən getmək vaxtın çatıb. Mənə elə gəlir ki, "Rusiyanın adamı" belə bir şeyə cürət etməzdi. Rusiya ilə o zamanlar mənim yaxşı münasibətlərim var idi. Çünki hamımız o zaman SSRİ-nin demokratik konqresinin rəhbərliyində idik. Yeltsin də, Popov da, Sobçak da orada idilər. Onlarla çox sıx münasibətdə idim. Eyni zamanda Landsberqislə də, Saharla da, Qarbanovla da, bütün SSRİ-də olan siyasi palitra ilə yaxından tanış idim. Biri var insanlarla yaxşı münasibətin olması, biri də var hansısa ölkənin adamı olması. Bunlar ayrı-ayrı şeylərdir. Mən Azərbaycanın adamıyam. Azərbaycançıyam. Azərbaycançı kimi da öləcəm.
- Ayaz Mütəllibov sizi təbrik etdi?
- Bəli. Niyə də etməməli idi ki? (gülür) Bir yandan hamı deyir ki, Araz Əlizadə Ayaz Mütəllibovla düşməndir. Araz Əlizadə deputat olanda, döndü oldu hökumətin adamı. Əvvəl Xalq Cəbhəsi sosial-demokratlara qarşı təbliğat aparırdı və deyirdilər ki, sosial-demokratlar Avropa tipli partiyadır, onların Azərbaycanda heç vaxt dayağı olmayacaq. Çünki onlar şərq mentalitetini bilmirlər. Cəbhəçilərin əksəriyyəti türkpərəst idilər. Özləri hakimiyyətə gəldilər. Sonra biz Azərbaycançılıq ideyasını irəli sürüb Azərbaycançılıq ideyasından danışanda onlar hamısı Avropapərəst oldular. Türkiyədə mühacirətdə olanda deyirdilər ki, Türkiyəpərəstəm. Belə çıxır ki, Türkiyəpərəstəm, Rusiyapərəstəm, Avropapərəstəm, ABŞpərəstəm, həm də İranpərəstəm. Azərbaycanın maraqlarını qoruyuram. Azərbaycan üçün nə maraqlıdırsa, o istiqamətdə də işləyirəm. Mən Azərbaycanpərəstəm. Ayaz Mütəlibov çox isti təbrik etdi məni.
- Parlamentdə ilk qaldıracağınız məsələ nə olacaq?
- Bu 90-cı ilin parlamenti deyil ki, hər gün hamı ilə əlbəyaxa olaq. O zaman "İstiqlal" qəzetinin baş redaktoru Zərdüşt Əlizadə hər məqaləni belə başlayırdı ki, sosial-demokratların tək deputatı. O zaman demblokla da vuruşurdum, komblokla da vuruşurdum. Çox maraqlı dövr idi. İndi elə deyil. Bu parlamentdə seçicilərə vəd etdiyim qanunların həyata keçməsinə çalışacam. Müqaviləli ordunun yaradılması üzərində işləyəcəm. Milli Məclisin deputatının əsas vəzifəsi qanun hazırlamaqdır. Bəziləri bələdiyyənin görəcəyi işi öz üzərinə götürür. Kimsə yol çəkmək, abadlıq işi ilə məşğul olmaq istəyirsə, bələdiyyə seçkilərində namizədliyini versin. Bəli, deputat görəndə ki, bu işlər bələdiyyələr tərəfindən görülmür, o zaman təsir edə bilər. Öz seçicilərim üçün işləyəcəm, ancaq "özüm asfalt çəkəcəm, abadlıq işləri görəcəm" kimi işləri etməyəcəm, heç buna söz də verməmişəm. Seçicilərimə dedim, əgər məndən asfalt çəkmək gözləyirsinizsə, mənə səs verməyin.
- Sosial Demokrat partiyası belə desək nə ilə dolanırdı?
- Qərargahda gördüyünüz bu qədər insanın heç biri maaş almır. Hamısı da işsizdir. Kimi təqaüd alır, kimi kitab tərcümə edir. Sosial Demokrat partiyası Azərbaycanda ən kasıb partiyadır. Bizim gücümüz pulumuzda deyil, bizim gücümüz əqli potensialımızdadır. Hazırda görürsünüz ki, qərargahımız yaxşı təmir edilib, əla mebellər alınıb. Keçən il partiyanın 25 illiyi idi. Dostlar sağ olsun, kredit götürdüm. Oğlum bankda işləyir, o dedi, papa sənə kredit verə bilmərəm. Dostlarımın sayəsində kredit götürdüm. İndi də yavaş-yavaş ödəyirik.
- İlk alacağınız maaşla yəqin kreditinizi bağlayarsınız?
- Maaşla o krediti bağlamaq mümkün deyil. (gülürük) Kreditin bağlanmasına da oradan pul gedəcək. Yoxsa elə bilirsiniz ailəm hava ilə dolanır? Axı babayam, nəvəmin də adı Araz Əlizadədir. Prezident seçkilərində səs verməyə də onunla getmişdim. Evdən dedilər, aparma, uşaqdır, ağlayar. Ancaq mənimlə getdi, hətta bulliteni də sərbəst seçki qutusuna atdı.
- Deputatlardan elələri var ki, "lal, kar, kordur". Böyük biznesmenlər də var aralarında. Bu tip deputatların Milli Məclisdə nə işi var?
- Dünyada praktikada var ki, böyük biznesmenlər parlament üzvləridir. Bizdə illərlə susan deputatlara qibtə edirəm. Çünki mən onu bacarmazdım. Bacarmadığım şeyə qibtə edirəm.
- Qardaşınız Zərdüşt Əlizadədən təbrik aldınız?
- Bu barədə danışmaq istəmirəm. Çünki bizim münasibətlərimiz əfsuslar olsun ki, əvvəlki müstəvidə deyil və buna şərh vermək istəmirəm. İngilislər demişkən, no comment.
- Bir neçə partiya seçkini boykot etdi. Müsavat Partiyası da seçkiyə qatıldı, ancaq seçkiyə 4 gün qalmış seçkidən imtina etdi.
- Dünya praktikasında belə bir şey var ki, 3 dəfədən artıq siyasi partiya seçkidə iştirak etmirsə, o partiya bağlanmalıdır. Bizdə deyirlər demokratiya yoxdur, ancaq heç bir partiya bağlanmır. Bizdə partiyalar var ki, heç vaxt seçkidə iştirak etməyiblər. Bizdə özünü "ana müxalifət", "ata müxalifət" sayan partiyalar var. Əgər onlar "ata" və "anadırsa", xalq onlarda analıq, atalıq görmür. Siyasi partiyanın borcu seçki yolu ilə hakimiyyət uğrunda mübarizə aparmaqdır. Əgər sən seçki yolu ilə hakimiyyət uğrunda mübarizə aparmırsansa demək ki, ayrı yolları düşünürsən.
Müsavat Partiyasının məqsədi o idi ki, sövdələşməyə girsin. Sövdələşmə baş tutmadı. Ona görə də, fikirləşdilər seçkini poza bilməsələr də, komissiyalara problem yaratsınlar. Bir şeyi bilmədilər, "eşşəyə minmək bir ayıb, düşmək iki ayıb". Bunlar bir dəfə hakimiyyətdə olublar. Qiyam yolu ilə hakimiyyəti ələ keçiriblər. İstəyirlər bunu yenə etsinlər...
Ayaz Mütəllibovla dostam. Bizim daimi mübahisələrimizdən biri odur ki, mən hesab edirəm ki, o, güc tətbiq edib qiyamı yatırtmalı idi. O, isə deyir ki, xalqa qarşı güc tətbiq etmək istəmirdim. Hesab edirəm ki, o səhv edib. O, isə deyir, mən hər şeyi düz etmişəm.
- Fransadakı terror aktından danışaq. Nə üçün terror aktı Fransada baş verdi?
- Fransız xalqına başsağlığı verirəm. Orada günahsız insanlar öldü. "Ərəb baharı" deyirlər, ancaq əslində ərəb qətliamıdır. Liviyanı kim bombardıman edirdi? İlk Fransızlar bombalamağa başladılar. Nə tökərsən aşına, o da çıxar qaşığına. 11 sentyabr hadisələrində də ABŞ xalqına başsağlığı verdim, ancaq ABŞ admistrasiyasına yox. Çünki bunu yaradanlardan biri elə ABŞ hakimiyyəti idi. Savadlı, savadsız, zəhmətkeş, nadan ABŞ xalqı var, bir də heç bir mənəviyyatı olmayan ABŞ siyasətçiləri var. Eynilə Fransa kimi. Terrorun kökünü kəsmək üçün birinci Ağ Evi məhv etmək lazımdır. İndiyə kimi proqnozlarımda bir dəfə səhv etmişəm. Düşünürdüm ki, Yeltsinin əvəzinə Putin gəlsə, Rusiya dövlət kimi tənəzzülə gedəcək. Putin isə vətənpərvər çıxdı.
- Sosial şəbəkələrə girirsiniz?
- Girmirəm. Boynuma alıram.
- İranda Azərbaycan türklərini təhqir etdilər. Siz də Güney Azərbaycandansınız. Bununla bağlı fikrinizi bilmək istərdik.
- Heç bir xalqı, istər azərbaycanlını, istər farsı, istər ermənini təhqir etmək olmaz. Farsların azərbaycanlıları təhqir etməsini başa düşə bilmirəm. Ona görə ki, İran əhalisinin yarıdan çoxu azərbaycanlıdır. Ancaq sizdən fərqli olaraq onlara Azərbaycan türkü demirəm. Azərbaycanlı deyirəm.
- Niyə?
- Türk olduğumuzu qəbul etmirəm.
- Səbəb?
- Antropologiya adlı elm var. Biz Hind-Avropa irqinə məxsusuq. Türklər isə sarı irqə. Antropologiya riyaziyyat kimi dəqiq bir elmdir. Bəli biz türkdilliyik. Türk dilləri arasında ən mükəmməl dil də bizdədir.
- Biz o zaman millət olaraq kimik?
- Azərbaycanlı.
- Azərbaycanlı adlı millət yoxdur axı.
- Azəriyik.
- Azəri milləti?
- Bəli, var. Musanın 40 il yəhudiləri dünyanı gəzdirdiyi Tövratda yazılır ki, azərilərin torpağından keçdik.
- Ancaq bu o demək deyil ki, biz türk deyilik.
- Bu incə məsələdir. Uzun illərdir bu barədə mübahisə etmişəm və edəcəm də. Biri sübut eləsin ki, antropologiya dəqiq elm deyil, mən siz deyənlə razılaşım.
- Artıq müsahibə yox, mübahisə edirik...
- Mən azərbaycanlıyam və bununla da fəxr edirəm. Biz cavan xalqıq. Cavan xalqlar dinamik inkişaf edir. Bəziləri deyir ki, biz qədimdə Avropanı istila etmişik. Mən isə deyirəm ki, hazırda ermənilərlə bacarmırıq...
Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics