14.03.2016

Qarabağ qazisi: "Mənim kitelimi çıxarıb erməni meyidinin üstünə atmışdılar" Reportaj

Qarabağ qazisi: "Mərmi düşdü yanımıza, baxdım ki, İdrisin beyni dağılıb su kimi axır..." başlıqlı yazının sonunda bildirmişdik ki, Mərzilidə erməni UAZ-ı vurulan əməliyyatda iştirak etmiş, iki erməni zabitini öldürüb, sonradan ağır yaralanan, hətta çoxları tərəfindən öldüyü deyilən Rizvan Məmmədvəliyevlə reportajı sizə təqdim edəcəyik...

Ölkə.Az Rizvan Məmmədvəliyevlə həmin müsahibəni sizə təqdim edir:
Məmmədvəliyev Rizvan Zülfüqar oğlu. 1971 Bakı şəhərində doğulub. Əsli Qərbi Azərbaycandandır. Orduya könüllü olaraq 1992-ci il iyun ayının 22-də gedib. Şuşa batalyonuna qoşulub. Döyüş yolu Abdal Gülablıdan başlayıb. 12 iyun 1993-cü ildə Ağdamın Mərzili kəndində UAZ-ın vurulması zamanı iki ermənini öldürdükdən sonra UAZ-da olan digər ermənilərdən biri tərəfindən açılan atəş nəticəsində öncə güllə yarası, sonra isə düşmənin atdığı əl qumabarasından ağır yaralanır. Bədənində hələ də qəlpələr var. II qrup Qarabağ müharibəsi əlilidir. BMP 1-in ekipaj komandiri olub. Rizvan Məmmədvəliyev aldığı yaradan sonra ordudan təxris edilib.
Rizvan Məmmədvəliyevlə Mingəçevir şəhərinə gedirik. Nail Kazımovun komandiri olduğu 864 saylı batalyonun BMP tağımının döyüşçüləri ilə görüş yerimiz oradır.
Mingəçevirdə bizi Fərruxla Tahir qarşılayır. Keçmiş döyüş yoldaşları 20 ildən sonra ilk dəfə görüşürlər. Rizvanın yolda bizə dediyi kimi, Tahir kövrəlir, ağlayır. 
Biraz dərdləşib, deyib-güldükdən sonra başlayırıq əsas məsələyə - 12 iyun 1993-cü il Mərzili kəndində erməni UAZ-ının vurulması məsələsinə.
Mərziliyə gedən yol
- 12 iyun 1993-cü il səhər saat 07.00 olardı həyəcən siqnalı verildi. Əvvəl dedilər ermənilər Şelliyə hücum edəcəklər, sonra isə dedilər ki, başqa bir yerə ermənilər hücum edib. Ora köməyə getməliyik. Ermənilər əla manevr ediblər. Topla başqa yeri vurub, ancaq əsas qüvvələri başqa istiqamətə hücuma göndəriblər. Açığı müharibə vaxtı ermənilər bu taktikadan çox istifadə edirdi. Boksdakı kimi sağ göstərib, sol vururdular. Yolda xəbər gəldi ki, geri qayıtmalıyıq. Həmin zaman atıcı yerində mən oturmuşdum, komandir üçün yerdə də Fərrux oturmuşdu. Fərruxa rahat olsun deyə, mərmiləri hazır vəziyyətə gətirmişdim. Bizim arxamızca BMP 2 gəlirdi. Həmin BMP 2-də Ayşəgil (ləqəbi Çiko) idi. Ancaq sonradan onlar nəyəsə görə geri qayıtdılar. Açığı, o döyüşdə ağır yaralandığım üçün bilmədim niyə geri qayıtdılar.
Qeyd: Çiko ləqəbli Seyfullayeva Ayşə Məmmədcəfər qızı ilə reportajda bu və digər məsələlərə aydınlıq gətirilib. Yaxın günlərdə həmin reportajı sizə təqdim edəcəyik.
Mərziliyə dönən yerdə körpü var idi, oranı keçə bilmirdik. Traktorlar, qadınlar, uşaqlar, qoyun, iribuynuzlu mal sürüləri imkan vermirdi keçək. Orada biraz qışqırbağır saldım ki, imkan verin gedək kömək edək. Axırda icazə verdilər keçdik. Mərzili yolunun üstündə 2 tank, 2 BMP yan-yana dayandıq. 2 T 72 tank, 1 ədəd BMP 1, 1 ədəd də BMP 2. Açıq aydın görünürdü ki, Mərzili yanır. Sonra dedilər ki, ermənilər Mərzilini alıb, Qiyaməddinli kəndinə hücum ediblər. Ağdamın yerli batalyonlarından 3 nəfər elə bizim yanımızdan üzümlüyün içi ilə getdilər Qiyaməddinliyə köməyə.
Orada yüksək rütbəli zabitlər var idi. Soruşdular kim Mərziliyə getmək istəyir? Tankın biri dedi, başnam fırlanmır, o biri tank dedi, gedirəm, ancaq ata bilmirəm. Yanımızdakı BMP-2-dən səs çıxmadı. Məndən soruşdular gedərsiniz? Dedim, gedərik. Dedi, necə gedəcəksiniz? Dedim, Batalyonumuzdan 2 Kamaz əsgər də gəlib, onları götürüb gedəcəyik. Həmin Kamazda olan 6 əsgər mindi BMP 1-in desant bölməsinə. Bir də ekipajdan yaralanıb daha sonra hospitaldan qayıdan Xəyal da yolda BMP 1-ə minmişdi. Xəyal da axıra kimi yanımızda olub. Biz Mərziliyə getdik, digər qüvvələr isə Qiyaməddinli kəndinə köməyə getdi.
Mərziliyə tərəfə gedirik. Kəndə çatmamış, həmişəki kimi dedim mən düşürəm kəşfiyyata, ətrafı nəzərdən keçirməyə. Mənimlə bir nəfər də düşdü. Getdik kəşfiyyata. Bir xeyli irəlilədik, gördüm, sakitlikdir, heç kim yoxdur, əl elədim ki, gəlin. BMP 1 bizi ötüb keçdi. Bunlar düz kəndin o biri başına getdilər. Kəndin bu başından o biri başına da xeyli yol var idi. Oraya qaça-qaça getdik. Gedib orada hirsləndim ki, məni niyə götürmədiniz? Sonra dedim ki, BMP-ni söndürməyin. BMP 1-i elə yerdə saxlamışdıq ki, BMP 1-i nə Ergidən gələn görürdü, nə də Mərzilidən gələn. Yalnız BMP 1-lə qarşılaşan görə bilərdi onu. Çox əcaib bir döngə idi. Kəndin bu başından o biri başına kimi qaçanda nə erməniyə, nə də özümüzkülərə rast gəlmədim. BMP 1-də gələn 6 əsgəri düşürdük, tapşırıq verdim kimin harada dayanacağına. Bizdə də BMP ekipajında 3 nəfərə bir avtomatımız var, o da Fərruxun adınadır.
Yanğın hiyləsi
Maraqlı bir şey deyim, biz Mərziliyə girməmiş dedilər, ermənilər kəndə od vurub, evləri yandırıb. Bu yalandır. Mərzilidə bir dənə də ev yanmamışdı. Ermənilər ancaq ot tayaların yandırıb ki, bizimkilər elə bilsin kəndi yandırıblar.
Rabitəçimiz Malışla (Elfaq) çıxdıq iki mərtəbəli evin damına. Həmin döyüşdə Elfaq əsir düşdü. Ermənilər sinəsinə siqaret közü ilə xaç işarəsi çəkmişdilər.
Qeyd: Malış ləqəbli Elfaq 12 iyun Mərzili döyüşündə ermənilərə əsir düşüb. Maraqlıdır ki, nə ermənilərin, nə də Azərbaycan tərəfinin bu döyüş toqquşması ilə bağlı yazdıqlarında əsir barədə bir cümləyə belə rast gəlmədik. Elfaq 1 ilə yaxın ermənilərin əlində əsir olub. Onun həmin döyüş və əsirliyi barədə yazı və video yaxın günlərdə sizə təqdim ediləcək.
Durbinlə baxanda gördüm ki, Qiyaməddinli tərəfdən toz-duman gəlir. Bir neçə tank, kamaz, BMP və BTR gəlir. Hava isti və quraqlıq olduğu üçün tanklarda da məlum sep hər tərəfi toz etmişdi, heç nəyi dəqiq görmək olmurdu. Qiyaməddinlidən çıxıb Qarakəndə tərəf gedirdilər. Heç ağlıma da gəlməzdi ki, onlar Mərziliyə qayıdarlar. Rabitə ilə hərbi hissəyə bildirdim ki, Qiyammədinlə Qarakənd arasına minamiyotla bir mərmi atın, mən sonra dəqiq deyəcəm, hara atmaq lazımdır. Dedilər, 1 dəqiqə, 1 dəqiqə oldu 3, 3 oldu 5. Axırda gördüm bizimkilər minamiyotdan atəş açmadı düşdüm aşağı. Aşağı düşəndən sonra Fərruxla Əkəyə (Akif) dedim ki, BMP-dən aşağı düşməyin. BMP 1-in sağı və solu divar idi, arxası isə darvaza idi. Divarın üstündən keçdim, çaydanda su var idi, başladım onu içməyə. Suya görə uşaqlar da postundan dağıldı. Birdən uğultu səsi eşitdim. O cür uğultu ancaq UAZ-da elə çıxır. Divardan başımı çıxartdım, avtomatı da qoydum divarın üstünə. Aydınlaşdıra bilmirəm ki, UAZ-dakı bizimkilərdir, ya ermənilər. Hər ehtimala qarşı avtomatı onlar tərəfə tutmuşam.
- Məsafəniz nə qədər idi?
- Mənimlə UAZ arasında məsafə uzağı 20 metr, BMP 1-lə isə 4-5 metr. Baxıram. Birdə gördüm maşının içərisindəkilər düşdü aşağı. Birdə gördüm Əkə (Akif) yıxıldı yerə. Özümü itirdim. Güllə atılmadı, bəs Əkə (Akif) niyə yerə yıxıldı? Nişan almış vəziyyətdəyəm. Əkə (Akif) sonra ayağa duranda BMP 1-dən atəş açıldı, mərmi UAZ-a dəydi. Fərrux birinci mərmini atanda maşın nə yandı, nə də maşına bir şey oldu. Güllə maşının bu tərəfindən girib, o biri tərəfindən çıxdı. Yay, pencərələri aşağı UAZ, təxminən bu pencərədən girib, o tərəfdən qapını dağıdıb çıxdı. Birinci mərmi zirehdələn idi. Onu Fərruxa asan olsun deyə, mən qoymuşdum. Fərrux UAZ-ı vuran kimi iki dəfəyə ermənilərə 15-16 patron atdım. Birdən ağlıma gəldi ki, birdən bizimkilər olar. Əlimi tətikdən çəkdim. Elə bu məqamda BMP 1-dən ikinci mərmi də atıldı. Toz, duman, aləm qarışdı bir-birinə. Əkə (Akif) mindi "BMP 1"ə. İstəsə idi UAZ-ın üstündən də keçə bilərdi, amma UAZ-ın yanından sakit sürüb getdi. Gördüm UAZ-dan düşənlər qaçır. Əyilə-əyilə, otura-otura qaçırdılar. Ermənilər yaşıl rəngli hərbi geyimdə idilər. Dördündən ikisinin uzun arxaya daranan saçları var idi. Kim desə ki, qoçuluqdan, sırf vurmaq üçün vurmuşam, yalançı olaram. Onları qorxudan, həyacandan vurdum. Dəqiq bilirəm ki, birinin kürəyindən vurdum, birinin də ombasından. Hər ikisi də yerə yıxıldı, tərpənmədilər. Tam dəqiq bilirəm bunu, ona görə ki, məsafə uzağı 10 metr olardı. Yenə içimə özümüzünküləri vurdum qorxusu düşdü. Bir şey deyim, bütün bu olanlar hesablasaq heç 5 dəqiqə ərzində olmayıb. Çəkildim kənara fikirləşirəm, nə oldu, heç kim atmır, bizimkilər hamısı öldü? Divarı tullanıb keçdim ki, bizimlə gələn 6 əsgər həyətdə dayanıb. Bir dənə meyxana deyən Yusif yolun digər tərəfində qranatatanla dayanmışdı. Uşaqlara dedim, niyə atmadınız, görmədiniz atışmanı? Uşaqlar da çaş -baş qalmışdılar. Dedilər, atışma oldu, sonra BMP-miz UAZ-ın yanından heç nə etmədən uzaqlaşdı deyə, atmadıq. Bir də gördüm uzaqdan iki nəfər gəlir. Uşaqlara dedim, danışdırın, görün ermənidir, ya bizimkilər? Məlum oldu ki, yerli batalyonun uşaqlarıdır. Onlardan biri ilə danışdım, dedilər, kəndin o biri başında 11 nəfər bizim uşaqlar var. Kənddə erməni yoxdur. Onlar da atışma səsinə gəliblər. Soruşdular nə olub, dedim, "BMP 1"lə ilə "UAZ"ı vurduq, mən də iki erməni vurmuşam. Avtomatı qoydum çiynimə, dedim, gedək UAZ-ın yanına...
Tapança sevgisinin gətirdiyi əlillik
Gizlətməli heç nə yoxdur, olan olub, keçən keçib, açığı oraya getmək istəməyimin səbəbi vurduğum ermənilərin üstündən tapança götürmək idi. Bilirdim ki, vurduğum ermənilər zabitdirlər, mütləq üstlərində tapança olacaq. Tapançanı özümdə saxlamaq istəyirdim. Yanımıza gələn yerli batalyonun uşaqlarından biri bizim uşaqlarla qaldı, biri də mənimlə gəldi. Onu ilk dəfə idi görürdüm. Divarın arxasında dayandım. Əvvəl ürəyimdə fikirləşirdim, bunlar piyada niyə qaçırdı, UAZ-la qaçardı da. O istiqamətdə duranda gördüm ki, Fərruxun BMP 1-dən açdığı ikinci atəş, dirəyi yola aşırdıb, ona görə də, gedə bilməyiblər. Hələ də şübhəm var ki, öldürülənlər ermənidir, ya bizimki. Ona görə ki, öyrəşmişik ermənilər qarşıdan gəlsin, bunlar isə arxadan gəldilər. UAZ-a yaxınlaşdım. Sürücünün sağındakı qabaq qapıda ratsiya aparatı asılmışdı, oradan ermənicə sözlər eşitdim. Onda mənə aydın oldu ki, öldürdüklərimiz ermənidir. Maşının içərisində balaca AKASU avtomatı var idi. Vurduqlarımız da sürünüb qabağa getmişdi. Maşından az aralanmışdım ki, hiss elədim çiynim düşdü. Güllə çiynimdən dəydi. Əl atdım ki, çiynimi tutum, ayağımın altında əl qumbarası partladı. Ağzı üstə yerə dəydim. Yanımla gələn oğlan da yaralandı. Qanın içərisində idi. Dizlərimi yerə qoyub, qolumu qucağıma qoydum. Bizimkilər pulemyotdan atdılar. Bir də özümə gələndə eşitdim ki, BMP səsi gəlir. Fikirləşdim ki, ermənilər məni əsir apardı. Axı yuxarıdan baxanda görmüşdüm onların uzaqdan gəlməyini. Baxdım gördüm ki, BMP 2 gəldi. BMP 2 gələndən sonra bizim uşaqlar məni ortalıqdan çıxardı.
Mən də fikirləşirəm ki, görəsən Fərruxgilin başına nə oyun gəlib. Bir də gördüm ki, divar uçdu, evin yarısı aşdı, darvaza aşdı, bizim BMP 1 gəldi. Bizimkilər məni "BMP 1"in üstünə qaldırmağa çalışdılar. Qanın içərisindəyəm. Qol elədir ki, bağlamaq olur, amma çiyindən vurulmuşam, necə bağlasınlar? Məni qoydular "BMP 1"in üstünə. "BMP 1"in desant bölməsinə digər yaralılar qoyulduğu üçün atıcı yerinə Fərrux oturdu, mən də ayağımı Fərruxun boynundan sallayıb oturdum yuxarıda. Nəfəsim kəsilir, huşum gedib-gəlir. Yolla gedəndə gördüm ki, arxadan güllə atırlar. Güllələrin biri öncə qapağa, sonra isə səkərək boğazıma dəydi. Fərruxa dedim əyil, başımı saldım içəri. Sonrasından xəbərim yoxdur. Məni necə BMP-dən çıxarıblar, hara qoyublar bilməmişəm.
Bir dəfə ayılanda gördüm UAZ-ın içindəyəm, bir də ayılanda UAZ-dan məni düşürdüklərini gördüm. Daha sonra, bir də ayılanda gördüm reanimasiyadayam, yanıma uşaqlar gəlib. Bundan sonra döyüşə bilməyim imkansız olduğu üçün ordudan təxris etdilər, ancaq uşaqlara gəlib baş çəkirdim. Tahir Əsədov hospitalda qapının ağzında dayanıb ağlayırdı. Şəkildə də görürsünüz əynimdə kitelim yoxdur. Onu hansısa meyidin üstünə atıblar. Tahir də oturub orada ağlayıb ki, Rizvan ölüb. Mənim kitelimi hansısa meyidin üstünə atıblarmış...
Bu yerdə söhbətə Tahir Əsədov qoşulur. Xəbər gəldi ki, bizim uşaqlar yaralanıb. Komandirə dedim, maşın ver, uşaqlar yaralanıb, gedirik qan verməyə. Gəldim Qaradağlı kəndinə. Gəldik ki, hospitalın həyətində meyid qoyulub. Meyidin üzünə kitel salınıb. Baxıb gördüm ki, kitel Rizvanındır. Məni ağlamaq tutdu. Bir xeyli ağlayandan sonra uşaqlar gəlib dedilər ki, Rizvan sağdır. Sonra məlum oldu ki, mənim ağladığım meyid erməni meyidi imiş.
Həmin döyüşdə bir gülməli hadisə də olmuşdu, Fərruxgil "BMP 1"ə döyüş yerində yaralı və meyidləri yığanda baxmayıblar kim kimdir, qabaqlarına kim keçib qoyublar "BMP 1"ə hospitalda məlum oldu ki, yaralılardan biri ermənidir…
Gələn dəfəki reportajımız 12 iyun 1993-cü il Mərzili kəndində erməni UAZ-nı və daha sonra elə həmin döyüş meydanından çıxıb Mərzilinin girişində erməni tankını vuran və gəlib yenidən yaralıları oradan çıxaran Əsədov Fərrux haqqında olacaq.

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics