3.03.2016

Kərəm Məmmədov: "Gəmilərimizlə hərbi donanmanı taran edəcəkdik" — MÜSAHİBƏ

20 yanvar faciəsi barədə çox yazılıb, çox danışılıb. Amma aradan keçən 26 ilə baxmayaraq bu faciə zamanı baş verən bəzi mühüm məsələlər, hətta demək olar ki, həmin hadisənin əsl mahiyyətini üzə çıxaracaq prosseslər haqda çox az şeylər yazılıb.

Hadisənin görünən tərəfi bir başqadır, görünməyən tərəfi isə bir başqa. O zaman sovet-rus qoşunu Bakıya girib dinc əhalini qırmağa başlayanda bu hadisəni dünyaya çatdıran, Bakıdakı faciə haqqında dünyaya məlumat verən, qanlı imperiyaya qarşı sonuna qədər mübarizə aparıb və o mübarizədən qalıb çıxan qəhrəman Xəzər dənizçilərimiz olub.
20 yanvar faciəsi və sonrasında baş verən, ictimaiyyətin tam təfsilatı ilə bilmədiyi, sovet rus qoşunlarının qarşısında yeddi gəmi kapitanı dayanıb.
Bügünkü müsahibim həmin o yeddi kapitandan biri, hərəkatın fəallarından olan Kərəm Məmmədovdur.
Müsahibədə sovet rus qoşununa qarşı mübarizə, şəhidlərimizin cəsədlərinin dənizə tökülməsinin qarşısının alınması, Sovet rəhbərliyi ilə görüşlər və s. barədə geniş və çox maraqlı söhbət açılıb. Bu söhbət qan yaddaşımıza, yeni tariximizin səhifələrinə bir az da işıq salacaq.
Ölkə.az Kərəm Məmmədovla olan həmin geniş müsahibəni sizə təqdim edir:
- Salam Kərəm müəllim, redaksiyamıza xoş gəlmisiniz.
- Çox sağ olun dəvətinizə görə. Minnətdaram.
- Bu gün qanlı 20 Yanvar faciəsindən 26 il keçir. Həmin dövr o hadisələrin içərisində olan bir şəxs kimi, aradan keçən bu 26 ili necə dəyərləndirirsiniz? 20 Yanvar xalqımıza nə verdi, nə aldı?
- 20 yanvar xalqımıza faciə gətirdi. Faciənin də səbəbləri var.
- Səbəbləri nə oldu?
- Səbəbləri odur ki, qonşumuz, düşmənimiz ermənilər Qarabağı Azərbaycandan qoparmaq üçün 1988-89-cu illərdə ayağa qalxıb Topxana meşəsini qırdı. Bu azmış kimi daha sonra xalqımızı qırmağa, öz yurdundan didərgin salmağa başladı. Bu hadisələrin axırı 20 yanvar faciəsinə gətirib çıxardı. 20 yanvar faciəsində biz dənizçilər, yəni, Xəzər Neft Donanma İdarəsinin gəmiçiləri dənizdə neft buruqlarında işləyirdik. Belə bir məlumat aldıq ki, yanvarın 19-dan 20-ə keçən gecə sovet-rus qoşunları Bakıya soxulub, onlarla insanlarımızı qanına qəltan ediblər. Biz kapitanlar buruqlardakı işlərimizi dayandırıb sahilə, Bakı buxtasına doğru hərəkət etməyə başladıq. Yanvar ayının 20-i səhər saat 7 radələrində yüzdən çox irili-xırdalı gəmi ilə lövbər salıb dayandıq. Biz tam öyrəndik ki, doğrudan da Bakının küçələrində qırğın olub, sovet qoşunları hələ də cəza tədbirlərini davam etdirirlər. Bu zaman gəmi kapitanları nə edəcəyimizi düşündük. Xalqımıza necə kömək edəcəyimizi götür-qoy etməyə başladıq. Limandakı dispetçerlər bizə xəbərdarlıq etdilər ki, sahilə yan almağa icazə yoxdur, şəhərdə qırğınlar davam edir. Ona görə də, kapitanların iclasını çağırmalı olduq.
- İclas harada baş tutdu?
- "Sabit Orucov" adlı sərnişin gəmisi tam sahildə dayanmışdı. Onun heyətindən da tam öyrəndik ki, gecəyarı şəhərdə çoxlu sayda soydaşımızı öldürüblər. "Sabit Bağırov" gəmisinin böyük iclas zalı var idi, orada iclas keçirdik. İclasda dənizçilər 7 kapitanı dənizdəki donanmaya rəhbər seçdi. Həmin 7 kapitan dənizçilərin necə hərəkət edəcəyinə qərar verəcəkdi.
Qeyd: 7 kapitan - Ağalar İbrahimov, Mövlud Əliyev, Müzəffər Əliyev, Kişi Mütəllibov, Murad Əliyev, İbrahim Salayev və Kərəm Məmmədov.
- Kapitanların vəzifəsi nə oldu?
- Kapitanların ilk vəzifəsi Bakıda baş vermiş faciəni "SOS" vasitəsi ilə dünyaya yaymaq oldu. İkinci məsələ o oldu ki, Bakıdakı rus qoşunlarının rəhbərlərinə tələbnamələrimizi verməliyik ki, Bakıdan çıxsınlar. Yüzdən çox gəminin hamısı həyəcan siqnalı verirdi, bu siqnalları nizama salmaq üçün də biz 7 kapitan qərar verdik ki, gündüzlər hər saatdan bir 5 dəqiqəlik, gecələr isə hər yarım saatdan bir 5 dəqiqəlik siqnallar verək. Çünki biz dənizdən baxanda Bakının küçələrində heç kəsi görmürdük, küçələrdə hərbi texnika, tanklar və sovet əsgərlərini görürdük. Bakı sakinlərinin heç biri qorxusundan çölə çıxa bilmirdi. Biz də siqnallar verirdik ki, qorxmasınlar. Bilsinlər ki, Azərbaycan xalqı hələ qırılmayıb.
- Tələbnamələri kimlərin adına vermişdiniz?
- Tələbnaməni, Mixail Qorbaçovun, Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarovanın, Bakı komendantı general Tiqunovun, o zaman sosialist əməyi qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı neftçi Qurbanın və Xalq Cəhsənin adına ünvanladıq.
- Tələblər nədən ibarət idi?
- Bildirdik ki, əgər rus qoşunları Bakıdan çıxmasa işarə olaraq gəmilərimizdən birini yandıracağıq. Əgər buna da məhəl qoyulmasa, Qara şəhər, Zığdan tutmuş Bakıya qədər neftayırma zavodları, böyük yanacaq çənləri var, oralara od vurub yandıracağıq. Bu tələbnaməni Bakı komendatı general Tiqunova verdik. O zaman indiki Bayraq meydanının yaxınlığında sovet hərbi donanması var idi. Onlar bizdən ratsiya vasitəsi ilə soruşdular ki, buxtaya niyə gəlmisiniz və tələb etdilər ki, təcili buxtanı tərk edin. Yavaş-yavaş sovet hərbi donanması ilə bizim aramızda mübahisə yarandı. Söhbət əsnasında onların nə iş görmək istədiyini öyrəndik. Gecələr növbə tutub yatmırıq. Onların hərbi gəmiləri istəyirdi buxtadan çıxıb dənizə getsin, biz də onlara imkan vermirdik. Bir neçə gəmilərimizi gülləbaran etdilər. “Çiləkən 1” gəmisini gülləbaran elədilər. “Aktau” gəmisini suyun alt hissəsindən deşdilər, gəmi az qaldı bata, amma fədakar dənizçilərin sayəsində gəmini batmağa qoymadıq. Gecə hərbi dənizçilərinin içərisindən biri azərbaycanlı idi, ancaq özünü elə göstəridi ki, guya bizdən deyil. O, bizə bildirdi ki, şəhidlərinizi gecə dənizə tökməyə aparacaqlar. Sovet-rus qoşunu şəhidlərimizi küçələrdən yığıb sovet hərbi donanmasının ambarına gətirmişdi. Həmin 7 kapitan belə qərara gəldik ki, buxtada dayanan 120 gəmi tamamilə məhv olandan sonra bizim şəhidlərimiz dənizə gedə bilər. Bu qərarın nə demək olduğunu sovet hərbi dənizçiləri gözəl anladılar və başa düşdülər ki, mülki donanmanın hər bir matrosu artıq ölümə hazırdır. Bunu da sovet hərbi donanmasına çatdırdıq. Bizim başqa yerlə əlaqəmiz yox idi, bütün söhbətimiz hərbi dəniz donanması ilə gedirdi. Biz sovet hərbi donanmasını blokadaya almışdıq. Onlar nə dənizə çıxa bilirdilər, nə də dənizdən gələnlər Bakı buxtasınaa girə bilirdilər. 20 yanvar faciəsinin həm görünən tərəfi var, həm də görünməyən tərəfi var. Görünən tərəfi odur ki, 19-dan 20-ə keçən gecə sovet rus qoşunu gəlib millətimizi qırıb, qanına qəltan edib və onlara heç kim müqavimət göstərməyib. Görünməyən tərəfi isə onlara ciddi müqavimət göstərən Xəzər donanma idarəsinin gəmilərinin şəxsi heyəti və gəmi kapitanları olublar.
- Necə qoymurdunuz onlar dənizə çıxsın? Axı sizin gəmilər hərbi yox, mülki idi. Topunuz yox, topxananız yox...
- Bizim silahımız yox idi. Bizim yalnız gəmilərimiz var idi. Gəmi ilə hərbi gəmini tarana gedə bilərdik. Mülki gəmilərlə hərbi gəmiləri vura bilərdik. Onlar da bundan qorxurdu. Çünki bizdəki gəmilər mülki də olsa müasir, böyük gəmilər idi, onlarda isə köhnə və balaca hərbi gəmilər idi. Onların gücü yalnız bizi gülləbaran etməyə çatırdı. Murad Əliyevin kapitanı olduğu “Vodaley 4” gəmisinə 3600 güllə dəymişdi. Hərbçilər gördü ki, onların gəmilərini dənizə buraxmırıq nəhayət bizi görüşə çağırdılar. Admiral Sidorov - Admiral Sidorov sovetlərin məşhur admirallarından biri idi. Onu da qırğınlarda iştirak etmək üçün Bakıya ezam etmişdilər. Görüşdə bizim kapitanlarla söhbət edib. Həmin söhbətdə mən olmamışam. O bildirib ki, lazım olsa, meyitləri sizin gəmilərlə çıxardacağıq. Bizim kapitanları qorxutmağa çalışıb. Bizim kapitanlar da onun fitnəsinə uymadılar, hədələrdən qorxmadılar. Bu söhbət yanvarın 21-də olub. Axırda gördük ki, bunlar bizi məhv etmək istəyirlər, qərar verdik ki, ikinci iclasımızı keçirək. Qərar verdik ki, buxtanı açmayacağıq. Axırda yanvarın 22-də şəhidlərimizi dəfn etdilər. 23-də Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarova bizi görüşməyə dəvət etdi. Biz 7 kapitanı ağ bayraqlı maşınla Ali Sovetə apardılar. Yolda qırmızı qərənfillərdən başqa heç nə yox idi. Çox dəhşətli bir görüntü var idi Bakıda. Küçədə heç bir adam yox idi, ancaq əsgərlər, BTR və tanklar var idi...
- “Vodeley 4” gəmisinin taleyi necə oldu? Başqa dövlətlərdə olsa onu muzey kimi saxlayardılar.
- O gəmini muzey kimi saxlamaq əvəzinə doğrayıb metalloma verdilər. İzini itirdilər...
- Sizi kim qarşıladı?
- Bizi Ali Sovetdə o zaman dövlət katibi olan Tofiq İsmayılov qarşıladı. Bizi bir-bir qucaqlayıb öpdü. Dedi ki, elimin qəhrəman oğlanları çox böyük iş görmüsünüz, “SOS” vermisiniz. Bütün dünya faciəmizdən artıq xəbərdardır. Televiziyanın bloku dağılıb, televiziya işləmir. Dünyaya heç bir çıxışımız yoxdur. Görüşdə bəstəkar Arif Məlikov və iki deputat da iştirak edirdi. Onlardan birini neftçi olduğu üçün tanıyırdım, soyadı Əmənov idi. Digəri isə Namazova soyadlı ağbirçək qadın idi. Elmira Qafarova bizi çox gözəl qarşıladı. Bildirdi ki, tələbnaməniz mənə çatıb. Ancaq sizdən bir xahişim var ki, tələbnamənizin birinci bəndindəki “qoşun çıxmasa gəminin birini yandıracağıq” tələbinizi saxlayın. Biz deputatları yığıb sessiya keçirəcəyik. Deputatlar 3 gündür ki, qorxularından işə gələ bilmirlər.
Orada 7 kapitanı iki hissəyə böldülər. Kapitanlardan bir hissəsi SSRİ-nin müdafiə naziri marşal Yazovla görüşməyə getdi. Bir hissəmiz isə admiral Sidorovla görüşə getdik.
- Siz hansı komandada idiniz?
- Mən admiral Sidorovla görüşə gedən qrupda idim. "Babazadə" gəmisinin kapitanı Müzəffər Əliyev idi. O zaman 7 kapitanın içərisində ən yaşlısı o idi. Çox vətənpərvər, qeyrətli, namuslu kişi idi. Sovet hərbi donanmasından bildirdilər ki, icazə verin iki gəmimiz çıxsın dənizə. Biz də dedik ki, ola bilməz. O gəminin içərisində şəhidlərimizi aparırsınız. Bunlarla dialoq nəticəsində belə qərara gəldik ki, biz o gəmilərin ambarlarını yoxlamalıyıq.
- Mülki gəmi ilə hərbi gəmini yoxlamağa getmisiniz.
- Dünya tarixində olmayan şeydir, mülki gəmi gedib hərbi gəminin ambarlarını yoxlamalıdır. Onlar razılaşdı. O zaman 7 kapitan arasında müşavirə keçirdik ki, kim gedəcək. Ağsaqqalımız Müzəffər Əliyev dedi ki, mən gedəcəm. O, "Babazadə" gəmisi ilə hərbi gəmilərin içərisinə getdi. Orada dənizə çıxmalı olan gəmilərin ambarları yoxlanmalı idi. Müzəffər müəllimi yola saldıq. Çox qorxulu idi. Müzəffər Əliyevi və onun ekipajını itirə bilərdik. Sovet ordusunun dişi qana batmışdı, heç kimdən heç nə soruşmurdular. İstədiklərini edirdilər. Müzəffər Əliyev ora gedib çatandan sonra bizə xəbər verdi ki, mühasirədəyəm. Məni tutmaq istəyirlər. Onda biz belə qərara gəldik ki, böyük gəmiləri lövbərdən çıxardıb, hərbi gəmiləri tarana getməliyik. Biz bunu elan etdik. “Sabit Orucov” gəmisi bizim qərargahımız idi. “Sabit Orucov” gəmisindən hərbi dənizçilərə bildirdik ki, əgər “Babazadə” gəmisini buraxmasanız biz gəmilərimizlə gəmilərinizi tarana gəlirik. Hərbçilər bunu başa düşdülər ki, biz bunu edə bilərik. “Babazadə” gəmisini buraxdılar. Onlar yenidən ratsiya ilə bizə dedilər ki, dənizə çıxacaq gəmilərdə yalnız hərbçilərin ailələridir. Onlar burada qala bilməzlər, yerli camaat onları öldürər. Ona görə də qorxularından Azərbaycanı tərk edirlər. Hərbçilər ailələrini Mahaçqalaya aparırdılar. Biz də dedik, ailələrini aparırlarsa lap yaxşı, biz yoxlayaq sonra getsinlər. Bu məsələdən sonra hərbçilərlə bizim aramızda gərginlik daha da artdı. Müzəffər Əliyev ikinci dəfə də böyük riskə getdi. Yazovla görüşməyə getdi. Biz də admiral Sidorovla görüşə getdik. Görüşlər qurtarandan sonra gəldik qərargahımıza, “Sabit Orucov” gəmisinə. O zaman Yazovla Müzəffər Əliyev arasında çox maraqlı dialoq olmuşdu. Yazov Müzəffər Əliyevə deyib, niyə qoymursunuz məni yatmağa, gecə-gündüz siqnal verirsiniz. Müzəffər Əliyev də deyib ki, sən buraya yatmağa gəlmisən? Yatmaq istəyirsənsə qoşununu götürüb Bakıdan çıx. Biz öz məsələmizi özümüz həll edəcəyik. Bu sözdən sonra Yazovun yanındakı əsgərlər avtomatla Müzəffər Əliyevi güllələmək istəyəndə Yazov icazə verməmişdi. Müzəffər Əliyevlə Yazovun görüşündə iştirak edənlər Arif Məlikov, Allahşükür Paşazadə və Tofiq İsmayılov olub. Yazov tərəfindən isə SSRİ daxili işlər naziri Bakatin və Bakı hərbi donanmasının komandanı admiral Lyaşenko idi.
Sidorovla biz görüşəndə o bizimlə kobud danışdı, o bildirdi ki, Yazov mənə əmr verib, ya sizi gülləbaran etməliyəm, ya da buxtanı tərk etməlisiniz, səsinizi kəsməlisiniz. Biz də dedik ki, qərarımız qətidir. Çıxmayacağıq. Doğrudan da o zaman ölüm çox şərəfli idi. Ölümdən qorxu deyilən şey yox idi, ölüm sadələşmiş, adiləşmişdi. O, bizə dedi ki, yanvarın 24-ü saat 14:00-da Bakı buxtasında fövqəladə vəziyyət elan edəcəm. Yəni bizi gülləbaran edəcək. Bizə xəbərdarlıq etdilər.
Biz görüşlərimizi ratsiya vasitəsi ilə 120 gəmiyə çatdırmalı idik. Onlar hamısı bizi gözləyirdi ki, 7 kapitan hara getdi, kimlə görüşdü. Ratsiyada hamı 16-cı kanalla söhbət edirdi. Admiral Sidorovun xəbərdarlığı ciddi idi. Bununla bağlı ölçü götürməli idik. Ya buxtanı tərk etməli idik, ya da hücuma məruz qalacaqdıq. Mübarizə aparmalı idik. Ratsiya ilə dənizçilərə müraciət etdim ki, vəziyyət belədir. Kimin xəstəsi var, kim getmək istəyir getsin, biz sabah bu hadisəni gözləyirik. Dünya tarixində olmayan bir şeydir. Bilə-bilə ki, gülləbaran olacaq, bütün gəmilərin heyəti bu müraciətə görə məni biabır etdilər. Hamısı dedi, xəstə də özünsən, qorxaq da özünsən! Belə ruh yüksəkliyi vardı dənizçilərimizdə.
Həmişə o dənizçiləri görəndə baş əyirəm. Onların qabağında bir günahımız o oldu ki, bizim o zaman etdiyimizə siyasi qiymət verən olmadı. Bizim o zaman etdiyimizə siyasi qiymət verən olsaydı onların da başı dik olardı.
- Sidorovun xəbərdarlığının axırı nə oldu?
- Yanvarın 24-ü saat 14:00-da həm qurudan, həm də dənizdən (Mahaçqaladan da əlavə gəmilər gəlmişdi) bütün gəmiləri gülləyə tutdular. Sonradan xəbərim oldu ki, Abşeron oteli var idi, bu hadisəni Qazaxıstanın xalq yazıçısı Oljas Süleymanov, Yusif Səmədoğlu və yazıçı Anar Rzayev oradan izləyiblər. Oljas Süleymanov başına vururmuş ki, onları niyə bu günə qoyurlar?
- Gülləbaranın nəticəsi nə oldu?
- Gördük gəmilər batır, lövbərdən çıxıb çəkildik. 50-dən çox kapitanımızı tutdular. Tutulanlara çox işgəncələr veriblər. Onları hava limanına aparıblar, oradan isə təyyarə ilə Krasnodara aparıblar. Krasnodarda bizim dənizçiləri əsgərlər əlində avtomat, it küçələrlə gəzdiriblər, orada yaşayanların çoxusu da erməni idi. Onlar bizim dənizçilərə söyüb, təhqir edir, tüpürür, daşa basırmışlar. Sonra onları iki hissəyə bölüb bir hissəsini Orenburq, bir hissəsini isə Ulyanovsk şəhərinə aparıblar. Orada 30 gün işgəncə verəndən sonra onları buraxdılar. Şəhidlərimizin qırxında Bakıya gəlib çatdılar.
- Siz nə etdiniz?
- O zaman gəmi heyəti məni gəmidən düşürdü ki, get, sən çox danışırsan. 40 gün gizləndim. 40 gündən sonra üzə çıxdım.
- O zaman dənizçilərdən şəhid olan oldu?
- Çox şükür bizdən şəhid olan olmadı, ancaq dənizçilərin çox hissəsi sonra Qarabağ müharibəsinə getdi və çoxusu orada şəhid oldu.
- Bu qədər işlərin nəticəsi olaraq o dənizçilər barədə bir abidə ucaldılmayıb...
- Ona görə də, heç nə istəmirik. İndi gözəl şəraitdə yaşayırıq. Dövlətimiz bilsin ki, Azərbaycan Respublikasının əsasını 20 yanvarda fədakar dənizçilər qoydu. Çünki hamı qaçmışdı, başçı yox idi. Biz idik qoşunun çıxmasını tələb edən, biz elə iş apardıq ki, qoşun ikinci gün güllə atmadı. Onların fikri var idi ki, əhalini qırıb dənizə töksün, ancaq bizim apardığımız iş nəticəsində istəklərinə nail ola bilmədilər. 2000-ci illərə qədər çoxu elə bilirdi ki, rus geri qayıdacaq. Bizə o zaman ekstremist deyirdilər. Bizi tutub güllələyəcəkdilər. Şükürlər olsun ki, rus geri qayıtmadı. Bizim xalq, gənclər başa düşməlidir ki, rus bir əsirdə bizi iki dəfə qanımıza qəltan edib. Bəzi qurumlar maraqlanmır. Maraqlanmır ki, dənizçilər o qədər mübarizə aparıb, niyə onların apardığı işin üstü açılmır. Sizin vasitənizlə ayrı-ayrı qurumlara müraciət edirəm ki, dənizçilərin bu işinə siyasi qiymət versinlər.
Özüm yetimliklə böyümüşəm. İnsanın yetim olduğunu başa düşürəm. Ona xalq əl uzadır, yaxşı adam çörək verir, düz yol göstərir. Ancaq 20 yanvarda Bakı şəhərinin yetim olmağı mənə çox pis təsir etdi. Bakı yetim kimi idi. O zaman Heydər Əliyev başda olsaydı bu hadisələr də baş verməzdi. Ona görə də, prezidentimiz İlham Əliyevə müraciət edirəm ki, Xəzər Neft Donanma İdarəsinin sovet-rus qoşununa qarşı apardığı mübarizədən qalib çıxdıqlarına görə onların şərəfinə bulvarda bir abidə ucaldılsın. 7 kapitandan 3-ü ölüb, 4-ü qalıb. Biz də öləndən sonra bizi axtarmasınlar, bizi Azərbaycan xalqı bu abidəyə baxaraq yad etsin...
Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics