12.03.2016

Razi Nurullayev: "Azərbaycan siyasətində olan partiyaların hamısını uğursuz insanlar idarə edir" — MÜSAHİBƏ

Son zamanlar ölkədə və xaricdə siyasi proseslər çox böyük sürətlə inkişaf edir.
Ölkədə və xaricə baş verən siyasi proseslərlə bağlı AXCP sədri Razi Nurullayevdən müsahibə almışıq.

Həmin müsahibəni sizə təqdim edir:
- Salam. Özünüzün və partiyanızın vəziyyəti necədir?
- Salam. Hər şey yaxşıdır.
- Partiyanıza yeni qoşulanlar varmı?
- Açığı heç bir zaman süni yolla üzvlərin artırılmasının tərəfdarı olmamışam. Yəni, biz 5 illik plan doldurmuruq. Düşünürəm ki, partiyanın üzvlərinin sayının çox olması partiyanın gücünə dəlalət etmir. YAP deyir ki, 600 mindən çox üzvüm var. Belə çıxır bütün Azərbaycan YAP-dan ibarətdir. Bu da düzgün yanaşma deyil. Mənim düşüncəmə görə partiyanın güclü fəalları və güclü simaları olmalıdır. Çünki Azərbaycanda seçkidən qeyri vaxtlarda nəyəsə nail olmaq mümkün görünmür. Seçkilərdə səndən daha yaxşı danışan, daha yaxşı proqramı olan şəxs səni də, üzvlərini də özünə səs verdirə bilər. Partiyalarda normal danışıq qabiliyyətinə malik olan, normal siyasi düşüncəsi olan insanlar olmalıdır.
- Artıq parlamentin tərkibi təsdiqləndi. Deputatların siyahısına baxdıqda öz-özünüzə demirsiniz ki, heyif, gərək namizədliyimi verəydim.
- O fikrə düşməmişəm. Parlamentin tərkibinə çox təəssüf edirəm. Ən azından parlamentdə üzünü görməyə yorulduğumuz bəzi insanların dəyişməsini gözləyirdim. Heç olmasa ötən parlamentdən 60-70%-nin dəyişilməsini istəyərdim. Biz tənqid edirik ki, Azərbaycan müxalifətində 1988-ci ildən eyni simalar qalıb, eyni şey də Azərbaycan parlamentinə aiddir. Belə görünür ki, iqtidarla müxalifət eyni vəziyyətdədir. Ona görə də, namizədliyimi vermədiyimə görə heyifsilənmirəm.
- Oqtay Əsədov yenidən parlamentin sədri seçildi. Deputatların hamısı Oqtay Əsədovun lehinə səs verib. Nə bitərəf, nə də əleyhinə səs verən olmayıb. Buna münasibətiniz.
- Bəri başdan Oqtay Əsədova uğurlar arzulayıram. (gülür) Səsi daha böyük yerlərdən gəlsin. Sadəcə doğru deyil. Parlementdə demokratiya olsa bir neçə nəfər yox deyərdi, bir neçə nəfər də bitərəf qalardı. Heç olmasa göstəriş xatirinə belə etmək lazım idi. "Fatı otur, Fatı dur" Azərbaycan parlamentinə yaraşmayan bir məsələdir.
- Ədliyyə Nazirliyi Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-ni qeydə almadı. Bu sizin rəhbərlik etdiyiniz AXCP-yə ümid verir ki, istədiyiniz möhür sizə keçsin?
- Təbii ki. Bu bizim üzvlərimiz arasında da ciddi coşquya səbəb oldu. Ruh yüksəkliyini artırdı. Mənə də çox xoş oldu. Bizdə bu ümid yarandı. Hal-hazırda sənədlərimizi məhkəməyə vermişik. Ədliyyə Nazirliyini də məhkəməyə vermişik ki, onlar bu məsələni sürətləndirsinlər.
- Azərbaycanda siyasi təşkilatlar Rusiya və Qərb meyillilikləri ilə seçilirlər. AXCP Rusiya meyillidir, Qərb meyillidir, yoxsa millidir?
- Bizim hansı meyilli olmağımız özünü qurultayımızda büruzə verdi. AXCP-nin 18 oktyabr etimad qurultayında nizamnaməyə dəyişiklik etdik və Avropaya inteqrasiyanı nizamnamə tələbi kimi qəbul etdik. Avropaya inteqrasiya AXCP-nin nizamnamə tələbidir. Biz Avropaya meyilliyik.
- Yeni siyasi təşkilatınız siyasətin hansı cinahında yer alır?
- Rəhbərlik etdiyim AXCP-yə radikal adını verməzdim. Bizə iradlar gəlir ki, siz niyə bu qədər radikal yazılar yazırsınız, açıqlamalar verirsiniz, sizin rəhbərlik etdiyiniz sayt və qəzet niyə radikallığa meyillidir? Biz iqtidaryönlü deyilik. İqtidara müxalifətdəyik. Biz müəyyən məqamlarda sərhədləri gözləyirik. Qanunsuz aksiyalar etmək niyyətində deyilik. Biz partiya olaraq yeni bir formada formalaşmalıyıq və insanlar görməlidir ki, fərqli bir partiya var. Azərbaycan müxalifəti qaraguruhçu olub. Biz qaraguruhdan uzaq partiyayıq. Azərbaycanda daha kübar, sivil, mədəni, hörmət oluna biləcək partiya qurmaq niyyətindəyik və hesab edirəm buna kifayət qədər də nail olmuşuq.
- Qurultay keçirdiniz. Mitinq keçirmək istəyirsiniz?
- Təbii ki, belə bir müzakirələr olub. Ancaq yaxın zamanda mitinq planı yoxdur. İlin sonlarına yaxın gücümüzün sərhədlərini müəyyən edəcəyik, proqrama uyğun olarsa, mitinq haqqında düşünəcəyik. Yoxsa mitinq keçirəcəyik, yıxacağıq, sürüyəcəyik, inqilab edəcəyik desəm yalan olar. Millətin başını indiyə kimi bu cür populist sözlərlə aldadıblar. Millət artıq siyasətdən iyrənib.
- Partiyanızın qarşıya qoyduğu əsas məqsəd nədir?
- Bizim hal-hazırda qarşımızda duran əsas məsələ 2018-ci il prezident seçkilərinə hazırlaşmaqdır. Bunun üçün artıq hazırlıqlar görülməyə başlanılıb. Bizim üçün əsas hədəf 2018-ci il prezident seçkilərində fəal iştirak etməkdir. Demirəm təkbaşına hakimiyyətə gələ bilərik. Bununla bağlı danışıqlar gedir, indi bu haqda danışa bilmərəm. Prezident seçkilərində nəticəyə nail olmaq üçün insanların inamını siyasətə qaytarmaq lazımdır.
- Azərbaycan müxalifətinin iflası sizcə nə ilə bağlıdır?
- Müxalifət ona görə iflas etdi ki, insanlar döyülməkdən, söyülməkdən, aldadılmaqdan yoruldu. Hər seçkidə müxalifət "artıq bizim ilimizdir", bəziləri gizli kabinetlərinin tərkibini dərc etdilər, ancaq hər dəfə də iflas etdilər. İnsanlar yoruldu. Vaxtilə küçələrdə döyülməyi özlərinə şərəf bilən insanlar bu gün Avropada siyasi mühacir həyatı yaşayırlar. Gücünü itirməyə rəğmən müxalifət insanları küçəyə çıxmağa çağırdı. Elə bir Azərbaycan ailəsi olmaz ki, onun tərkibində bir nəfər Xalq Cəbhəsi tərəfdarı olmasın. Onlar aldadıldıqca siyasi proseslərdən çəkildilər. İnsanları qarşıdurmaya aparmaq lazım deyil. Azərbaycanda qanunsuz aksiyalar olana qədər normal siyasət var idi. İstəmirəm ki, Azərbaycan övladının polislə döyüşdə burnu qanasın. Döyüşürüksə, gedib Qarabağda döyüşək.
- Qurultayınız keçiriləndən sonra bir neçə partiya Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-ni tanıdığını bildirdi. Sizə dəstək verən hər hansısa bir partiya oldu?
- Açığı onların bizə dəstək verəcəyini heç gözləmirdik. Bir neçə partiya rəhbərliyi bizi müdafiə edib. Digər partiyaların bizi müdafiə edib etməməsi mənim üçün böyük əhəmiyyət kəsb etmir. Bu gün o partiyaların məni tanıyıb tanımaması düşünmürəm ki, mənim lehimədir. Onsuz da bu gün Azərbaycan siyasətində olan partiyaların hamısını uğursuz və nəticəsiz yol gəlmiş insanlar idarə edir. Biz məhz o insanlara qarşı da mübarizə aparırıq. Belə bir halda onların bizi dəstəkləyib, dəstəkləməməyinin əhəmiyyəti yoxdur. Xalq bizi qəbul edəndən sonra artıq o siyasi partiyalar özləri bizim yanımızda olmaq istəyəcək. Dünyada və Azərbaycanda hər kəs güclə hesablaşır. Güc haradadır, insanlar da oradadır. Biz bu gün güc olmaq üçün çalışırıq.
- Bəzi müxalif liderlərinə "Siyasi Büt" deyirlər. Sizcə elədirlər?
- İnsanlar müxtəlif siyasi şəraitlərdə potensiallarını aça bilirlər. Hazırki siyasi vəziyyət onları siyasi bütə çevirib. Belə bir vəziyyətdə onlar potensiallarını aça bilmirlər. Ancaq çaxnaşma, xaos ...
- İndi neynəyək ölkədə çaxnaşma salaq ki, onlar potensiallarını açsınlar ? (gülürük)
... İnqilabi dəyişiklik, bu proseslər baş verərsə təbii ki, onlar güclü olacaqlar. Eyni hadisələrin yenidən baş verməsi gözlənilir. Ona görə də, onların təzədən dirilib, siyasi bütdən çıxıb, real lider olması imkansızdır.
- Bir çoxları müxalifət düşərgəsində "yeni qüvvənin" olduğu haqda danışır. Belə bir qüvvə mövcuddur?
- Biz düşünürük ki, "Yeni qüvvə" elə bizik. Biz fərqli düşünüb, fərqli hərəkət edirik. Bəzi siyasi qüvvələr bizi "yeni qüvvə" gördüyü üçün tanımır. Azərbaycanın əsas siyasi qüvvələri bizdən çox ciddi şəkildə çəkinirlər. Onlar bizim planlarımızı bilmir. Necə, haradan güc aldığımızı bilmir. Nə edəcəyimizlə bağlı da plan qura bilmirlər.
- Bir az da xarici siyasətdən danışaq. Rusiya təyyarəsinin vurulması rus-türk müharibəsinə gətirib çıxara bilərmi?
- Düşünmürəm ki, Rusiyanın Türkiyə ilə müharibə aparmaqda marağı olsun. Əslində hər iki dövlətin bir-birinə çox ciddi ehtiyacı var. Düşünürəm ki, Türkiyə Rusiya təyyarəsini vurmaqla tələsmiş oldu. Əslində Rusiya Suriyada öz gücünü Türkiyəyə göstərmək niyyətində deyil. Rusiya gücünü NATO-ya və Qərbə göstərir. Türkiyə səhvini düzəldəcək və bu məsələ o həddə çatmayacaq ki, Türkiyə-Rusiya müharibəsi baş versin. Putin Türkiyənin cavabını verəcək. Ola bilsin bunu PKK-nın əli ilə etsin. Rus təyyarəsinin vurulması Putinin reytinqinin vurulması anlamına gəlir.
- Suriyada dünyanın güclü dövlətlərinin ordularının yığılması Üçüncü Dünya Müharibəsinə gətirib çıxara bilərmi?
- Əslində üçüncü dünya müharibəsi artıq gedir. Sadəcə biz 1914 və 1939-cu illərdə başlayan Birinci və İkinci Dünya Müharibələri formatında bir müharibə gözləyə bilmərik. Hal-hazırda informasiya və hava müharibəsi gedir. İnformasiya və hava müharibəsi nəzərindən baxsaq, artıq Üçüncü Dünya Müharibəsi başlayıb. Dünyanın əksər gücləri Suriyadadır. Birinci və İkinci Dünya Müharibələrinə cəlb edilən ölkələrlə Suriyada cəmlənən ölkələrin sayına baxsaq, indi daha çox ölkə bu işə qarışıb. Bunu nəzərə alaraq demək olar ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb. Müharibənin zəif getməsinin səbəbi texnologiyaların inkişafıdır. Rusiyanın Xəzər dənizindən atdığı raket bir neçə ölkənin üstündən keçib Suriyaya düşür.
- Azərbaycanı radikal dindarlar qarışdıra bilərmi, Azərbaycanı İŞİD təhlükəsi gözləyirmi?
- İŞİD təhlükəsinin Azərbaycanda olacağını düşünmürəm. Biz daha çox dünyəvi dinə malikik. İslam dini Azərbaycanda daha çox dünyəvidir. Xaricdə təhsil alıb, gəlib burada ətrafına insanlar yığıb radikallaşdıranlar da var. Ancaq bunlar o qədər də çox deyil ki, ölkənin vəziyyətinə ciddi təhlükə törətsinlər. Ancaq onlar kifayət qədər çoxalmağa başlayıblar. Gələcəkdə təhlükəyə çevrilə bilərlər.
- Vaxt ayırdığınız üçün təşəkkürlər.
- Çox sağ olun. Xoş oldu.

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics