12.03.2016

Yoldaşım başa düşür, axı bu inəyə necə deyim, su gəlmir, gözlə? - Reportaj

Yay, quraqlıq, bir neçə artezian quyusu və yonca sahələri...
Tərtər rayonu ərazisində salınmış "Dördyol-1" qaçqın qəsəbəsinin sakinləri susuzluqdan qan ağlayırlar. Məcburi köçkünlərin dəvəti ilə Ölkə.az-ın reportyor qrupu adı çəkilən qəsəbəyə yola düşür.

Qəsəbə sakinləri əllərinə keçəndən həyətlərinə əkiblər. Dirrik əkən kim, meyvə ağacları əkən kim, adi söyüd, çinar əkən kim... Qəsəbə sakinləri ağac əkib əkməyinə, indi isə su tapmır suvarmağa. Su üçün qəsəbə sakinləri haralara müraciət edib, bir onlar bilir, bir də müraciət olunan idarələr. Hamısına da bir cavab alıblar, "yaxın zamanda su probleminiz həll olunacaq".
Öncə onu bildirim ki, "Dördyol-1" qəsəbəsi 9 il bundan əvvəl salınıb. Qəsəbədə əhalinin sayının çox olduğuna görə, bir neçə artezian quyusu vurulub. Ancaq, artezian quyularının heç birindən içməli su gəlməyib. Buna görə də, qəsəbə sakinləri içməli suya olan təlabatlarını satın aldıqları su ilə ödəyirlər. Arteziandan gələn su ilə öz dilləri ilə desək, qapı-baca, qab-qacaq, heyvanın içməyinə və çimməyə istifadə edirlər.
Artıq bir müddətdir ki, içməli olmayan suyun gəlişində də problemlər yaranıb. Hətta bir neçə məhləyə su ümumiyyətlə gəlmir. Bunun həlli üçün əlavə boru ilə su çəkiblər, ancaq o da effektli olmayıb. Qəsəbə sakinlərinin sözlərinə görə, qəsəbənin İcra nümayəndəsi İcra hakimiyyətinə şikayət etməyə imkan vermir, şikayət edəndə də, o idarə bu idarəyə, bu idarə, o biri idarəyə ötürür və beləcə də ötür-ötür oyunu başlayır...
"İndi mən inəyə necə başa salım ki, su yoxdur?"
Qəsəbədə məskunlaşmış İsmayılova Tofiqənin həyətinə giririk. Qapının kənarında su kranı var. Kiçik hovuzlu olan krana baxanda hiss olunur ki, illərdir buradan istifadə olunmur. Hovuzdan bir metr kənarda qazılmış yeri görürük. Borudan su gəlmədiyinə görə qəsəbə sakinləri borunu alt hissədən deşib su çəkməyə çalışıblar, ancaq bu da yaxşı effekt verməyib. Tofiqə xanımın həyətinə baxdıqda torpaqların susuzluqdan partladığını, ağacların yarpaqlarının isə saraldığını çox aydın görmək olur.
Qəsəbədə su səhər saat 8-10, 12-14 və 18-20 radələrində fasilə ilə verilir. Biz orada olanda suyun gələn vaxtı idi, hətta su matoru işə salınsa da su gəlmədi. Tofiqə xanım başlayır söhbətə, "bala, artıq danışmağa ehtiyac yoxdur, öz gözünüzlə görürsüz, su yoxdur. 9 ildi bu zülümü çəkirik. İcra nümayəndəsi Valeh Abdullayevə demişik, deyir, suyu qonşudan götür. Əvvəla qonşuda da su yoxdur, belə deyək lap var, bu su qonşunun qapısına qədər gəlirsə niyə mənim həyətimə gəlməsin? Su problem ilə əlaqədar getmədiyimiz yer, döymədiyimiz qapı, zəng etmədiyimiz idarə qalmayıb. Heç kim şikayətimizə baxmır... yoldaşım fəhlə adamdır, işdən tozun-torpağın içində gəlir, belə deyək lap nazir müavinidi, gələndə yuyunmaq lazımdır ya yox? Həyətimdə bir neçə baş heyvanım var, biz yeyib-içdiyimiz kimi heyvan da yeyib-içməlidir. Otu baha qiymtə alıb yedirdirik. Bəs suyu nə edək? Yoldaşım gəlib deyəndə ki, su hazırdı çimməyə? Deyirəm, yox, gəlməyib, başa düşür. Bala, bax axı bu inəyə necə deyim, su gəlmir, gözlə?
Ağdamın su idarəsinin müdiri Vüqar müəllimə hər zəng edəndə deyir, həll edəcəyik. Ay bala, vallah, billah bacarmırlar, işləyə bilmirlər. Ağdamın su idarəsinin qapısını qıfıllamaq, idarəni ləğv etmək lazımdır. İcra başçısı Raqub Məmmədovula da görüşə bilmirik, qəbul günləri gedirik, deyirlər, başçı məzuniyyətdədir. Başçı nə yaman çox işlədi ki, hələ bir məzuniyyətə gedir?
Hər gün su idarəsinin işçiləri gəlir buraya, qurdalanıb gedirlər. 5-10 evə su vermək Qarabağ məsələsi deyil ki, deyəsən həll etmək çətindir, sadəcə istəmirlər, bacarmırlar".
"Mən İcra nümayəndəsiyəm, su verənəm?"
Qəsəbə sakinləri bildirir ki, "Dördyol-1" qəsəbəsinin icra nümayəndəsinə deyəndə ki, bizim su problemimizi həll et deyir, "mən İcra nümayəndəsiyəm, su verənəm?". Qəsəbə sakinləri ilə söhbət edən zaman sakinlərdən biri su idarəsinin sahə rəisi Rövşən Rüstəmova zəng edir, sahə rəisi bildirir ki, gəlib düzəldəcəyik. Telefonla danışan Məmmədov Şamil bildirəndə ki, neçə ildir bu sözü deyirsiz, Rövşən Rüstəmov telefonu bağlayır...
Qəsəbə sakinləri Ağdam rayon su idarəsinin rəisinə zəng etsələr də, 3 nömrəsinin heç birinə zəng çatmır. Sonradan məlum olur ki, idarə rəisini Bakıya, baş idarəyə çağırıblar. Bundan sonra sakinlər "Azərsu"nun qaynar xəttinə zəng edirlər. Qaynar xətdən sakinlərə bildirirlər ki, şikayətinizi qeydə aldıq. Sakinlər isə bildirir ki, bəlkə 50 dəfədir ki, eyni şeyi deyirlər, "şikayətiniz qeydə alındı, baxılacaq".
Qəsəbə sakinləri ilə artezian quyularının yanına gedirik, arteziana yaxınlaşdıqca ağacların daha hündür, daha yaşıl olduğu görsənir. Artezian quyusunun yanında yonca sahələri göyərib...
Qəsəbədə olduğumuz müddətdə əl üzümüzü yumağa su tapılmadı. Olduğumuz iki məhlənin suyu kəsilmişdi...
Tərtər ucsuz-bucaqsız susuz ərəb səhraları deyil ki, deyəsən su tapılmır, "Dördyol-1" qəsəbəsində su var, özü də necə lazımdır. Sadəcə doğru-düzgün işini bilən mühəndis və suyu yonca sahələrinə satmayan icra nümayənəsi lazımdır ki, camaat bu istidə su üzü görsün...
Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics