9.03.2019

MN-in generalının bazarı


06 mart 2019-cu ildə “Dünən TTM-in qarşısında üsyan var idi”, “MN-in generallarının pul oyunu: azı 4 min ver, gizir ol – Aksiya” yazısı yayımlandı.

Müdafiə Nazirliyinin bir çox sahələrində illərdir kök salan rüşvət ənənəsi nəhayət açığa çıxdı, qalmaqal yaratdı. Bu, gözlənilən hadisə idi. Dövlət və millət anlayışına daha çox utanc gətirən hal olduğundan mövzunun çözümünə biganə qala bilmədik. Ümid edirik bu araşdırmanı prezident də, prezident aparatında məlum idarənin məmurları da, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin heyətidə, dövlət qanunlarının icrasına nəzarət edən baş prokuror da, oxuyacaq.

Problem nədir?
Xülasə, aksiyadan yayılan reportajdan oxuyuruq:

“Bu gün gizir olmaq üçün imtahan vermiş 100-ə yaxın gənc və onların valideynləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin (TTM) qarşısında toplaşıblar.Onların sözlərinə görə imtahan nəticələrinin yüksək olmasına, idman normativlərini vermələrinə baxmayaraq, yalnız pul verənlər qəbul olunublar.Onlar yaranmış vəziyyətə görə Müdafiə Nazirliyinin qaynar xəttinə zəng ediblər və TTM-in rəisini görüşə səsləyiblər. Ancaq onların qarşısına heç kim çıxmayıb.(Çıxıb nə desinlər ki?)

Gizir olmaq üçün imtahanvermişMirzə Əhmədov, Murad Alıyev,Güləsən Quluzadə, Ədalət Abbasov, Vüqar Quliyev və onlarla şikayətçi deyiblər ki: “...qoyulan bütün normaları artıqlaması ilə yerinə yetiriblər. Ancaq imtahan komissiyasının qənaətinə görəyetirməyiblər. Qəbul olunanların hamısını dindiriblər, hamısı da “hesabım çatıb, keçəcəm!” deyib. Ona görə də, onlar imtahanlarda və idman normativlərində kefləri ilə hərəkət ediblər.”

Şikayətçilər deyiblər:

“Burada duran yüzdən çox uşağın 5-i yalan desin, onu yalan desin, bu qədər uşağın hamısı yalan danışır? Ölkə rəhbərliyinin bu məsələdən xəbəri yoxdur. Əgər xəbəri olsa, buradakı zabitləri cəzalandırar”.

“Gizir kursuna  qəbul olmaq üçün ixtisasa uyğun olaraq 4-7 min pul tələb edilir. Ən bahalısı aviasiyada gizir olmaqdır. Onun üçün 7 min manat verilməlidir.”

“Mənim yanımda test yazmayan, idmanda normativ yerinə yetirə bilməyənlər keçdi, zülm çəkən bizlər qaldıq ortalıqda”.

“Biri var idi, kostyumda gəlmişdi. Deyirəm, niyə normativ vermirsən? Cavab verdi ki, nəyimə lazımdır, pulumu vermişəm.”

“Gözümün qabağında sıfır qiymət alanları keçirtdilər, imtahanlarda yüksək nəticə göstərənləri kənarda saxladılar.”

“İxtisas olaraq kəşfiyyatı seçmişdim. Gözümün önünə ölümü aldığım halda, məndən pul tələb edirlər. Sabah bu vətəni pul verənlər müdafiə edəcək? Onlar maaş almaq üçün hərbiyə gedənlərdir”.

Ədalət Abbasov aprel döyüşlərinin iştirakçısı olub. O, Lələtəpənin düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib və yüngül yaralanıb. Deyir: “Mən döyüşmüşəm, yaralıları, şəhidləri ərazidən çıxarmışam. İndi gəlib imtahan vermişəm, hamısından uğurla keçmişəm, ancaq pulum yoxdur deyə, kənarda qalmışam”.

Şikayətçi atası Ayət Quliyev deyir: “Övladım gedib düşmənlə üzbəüz xidmət aparıb gəlib, yenidən düşmən qarşısına getmək istəyir, pul istəyirlər. Bunu kimsə izah edə bilərmi?”.

“Biz haqqımızı tələb edirik, üzərimizə polis çağırırlar. Deyirlər ki, sakit durmasanız, içəri salacağıq sizi.”

“Biz vətənə xidmət etmək üçün gəlmişik. Bu ölkədə vətənə xidmət üçün də rüşvət vermək lazımdır? Sabah müharibə başlasa, kim gedib öləcək? Biz kasıblar. Onda niyə haqqımızı yeyirlər?”.

“Müdafiə nazirinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev, General-leytenant Nizam Osmanov və general-mayor Ənvər Əfəndiyev imtahanlardan öncə bizə dedilər ki, narahat olmayın, imtahan verənlər keçəcəklər, qəbul ədalətli olacaq. İndi o generallar hanı? Görmürlər bunu?”

“Biz kursa qəbul olanlarla birlikdə yenidən imtahan tələb edirik. Ədaləti olanlar gəlib imtahanlara baxsın, o dəqiqə görəcəklər ki, biz buraya yalan yerə yığışmamışıq. Keçən şəxslərin özləri dedi ki, pul veriblər.”

Beləliklə onlarla şikayətçi dəqiq faktları danışıb.

Müəllif yazır: “Şikayətçilərin tələbi çox sadədir. İşə götürülənlərlə kənarda qalanlar yenidən imtahan versin. Müdafiə naziri general-polkovnik Zakir Həsənov da xüsusi komissiya göndərsin. Ədalətli imtahan olsun və kimin haqlı olduğu üzə çıxsın.

Şikayətçilər Müdafiə Nazirliyinin qarşısına gediblər, onları qəbul etməyib, “Zabitlər Evi”-nə göndəriblər. Orada isə bildiriblər ki, izahat yazsınlar, 15 gün sonra cavab veriləcək.”

Sonda müəllif yazır: “Əldə etdiyimiz məlumata görə, bu işin başında Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov dayanır.

Maraqlıdır, hərbi xidmətə rüşvətlə düzələn gizirlər sabah necə xidmət edəcəklər?

Onlar verdikləri pulu çıxarmağı düşünməyəcəklərmi?

Ümumiyyətlə, rüşvət verib, gizir olan şəxs sabah düşmənlə üz-üzə duracaqmı?

Görünür, Müdafiə Nazirliyində yüksək vəzifə tutan və bundan sui-istifadə edərək cibini dolduranlara bu məqam ümumiyyətlə maraqlı deyil.”


Suallarla doydurulmuş reportajı oxuyandan sonra Dövlətin strateji subyektində bu cür cinayətin baş vermə səbəblərini araşdırmaq üçün işin içində olan tanış zabitlərlə görüşdük.

KİV haqqında Qanunun 11-ci maddəsinin2-ci bəndinə əsasən(adının bildirilməməsi şərti ilə KİV redaksiyasına və ya jurnalistə məlumat vermiş şəxsin kimliyiningizli saxlanması) məlumat mənbəyini açıqlamadan indiki durumuizah edəcəyik. Əgər cinayət işi başlayarsa rüşvət vermiş valideynlər aradüzəldənləri bir-bir barmaqla göstərməyə məcbur olacaqlar.

Cinayətkar kimdir?

Cəmiyyətimizdə gizir və MAXE rütbəsində döyüşmək istəyən, ümumiyyətlə hərbi xidmət keçmək istəyən neçə faiz vətəndaş olar, deyə bilməyəcəm. Yaxşı olardı ki, hərbi xidməti bitirən ərəfədə komandirlər hərbi xidmətə layiq olan bacarıqlı əsgərləri xidmətdə qalmağa təşviq edələr. Könüllülərin sənədlərini yığıb TTM-ə gizir və MAXE hazırlığı kursuna göndərələr. Yaxud zəmanət verələr, tərxis olunan əsgər müəyyən müddət sonra da o zəmanətlə təlim almağa gələ. Bu qayda şəxsi heyətin komplektləşməsində ən optimal üsul olar. Düşünürəm, güclü ordularda məhz bu cürdür.

Amma, gizir rütbəsində qalıb xidmət etmək arzusu olan əsgərə qarşılığında valideynin gəlsin, azı 300-500 manat rüşvət gətirsin deyildiyinə görə bu qayda Bizim ordumuzda keçən ildən ləğv edilib. Briqada və tabor komandirlərinin bu “krantı” bağlanıb. Vətəndaş yalnız tərxisdən sonra yerli “hərbi komissarlıqdan” sənəd toplayıb vahid formada MN-in Təlim və Tədris Mərkəzinə təqdim edə bilər.

Bəs belə olanda nə baş verir. Passiv atəşkəsin olması, savaş təhlükəsi ehtimalının çox az olması, o cümlədən cəmiyyətdə yaşayış minimumuna görə hərbi xidmətdə maaşın yetərli olması gəcləri dəstə-dəstə TTM-ə sənəd verməyə tələsdirir. MN ildə ən azı 2 dəfə gizir kurslarına qəbul keçirir. Bir yerə azı 5, çoxu 15 nəfər sənəd verir. Məqsədə rüşvət vermək üsulu ilə çatmaq istəyi isə cəmiyyətimizdə Nuh-Nəbidən qalma adətdir. Hökumətin idarəçilik sistemində rüşvətlə işə düzəlmək adi haldır. Durub bu halı pisləsək çoxlarını özümüzə güldürmüş olarıq.

İllər öncə Silahlı Qüvvələrin şəxsi heyətinin komplektləşdirilməsi üçün kadr çatışmırdı. MAXE-liyə, gizirliyə tələbat həddindən artıq çox idi deyə, xidmətə keçmək asan idi. Yerlər dolandan sonra bazarlardakı kimi təklif tələbatı üstələdi.Bu vəzifələrə gəlmək istəyən,peşəkar hərbi xidmətə yararlı olanlar bu cəmiyyətin içindən çıxmış komandirlərin rüşvət istəkləri ilə toqquşdular və təslim oldular. Məsələ orasındadır ki, pulsuz işə düzələnlər gözükölgəli olurlar, hər hansı nöqsandan sonra tənbehlər, məzəmmətlər, töhmətlər, bir az da fağırlıq göstərəndə, “xidmətə yararsız” maddəsi ilə qovulmalar baş verir. Amma pul verib gələnlər işdən çıxarılanda həmin zabitləri şantaj edib tutdura, yaxud pullarını geri ala bilirlər. Bu məsələlərdə zabitlər öz karyeralarında az qala odla oynayırlar. Yüzlərlə zabit rüşvət üstündə tutulub, karyerasını itirib.

Gizir kursuna qəbulu MN-in Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi reallaşdırır. Keçən iləcən qəbul komissiyasının sədri həmin baş idarənin rəisi general-leytenant Nizam Osmanov, üzvləri hərbi təhsil idarəsinin və TTM-in rəisləri və sair olurdu. Bəs nə baş verirdi?

Nizam Osmanovun, ona ərki çatanların, qəbul komissiyasının o biri üzvlərinin telefonları bu ərəfədə “cana doyurdu, boğaza yığılırdı”. Rüşvətlə qəbul olmaq istəyənlər hər hansı yollarla pullu xahişlərini çatdırmaq istəyirdilər. Nizam Osmanov bu illərdə hər hansı rüşvətdən qəti olaraq çəkinir, zəngləri yaxına qoymurdu. Amma, pullu qəbul mexanizmi bu cəmiyyətin iradəsi hesabına ciddi şəkildə işləyirdi. İmtahan götürənlər, yəni komissiya sədrindən aşağı vəzifədə olanlar mümkün qədər rüşvət almaqla “adətimizə” kor baxmırdılar. Beləliklə gizir hazırlığı kursuna qəbulun rüşvət əmsalı yavaş-yavaş qalxırdı. Pulu kim sevmir ki? Sayğılı, cənab zabitlərimiz o biri güc strukturlarında olan sayaq faciədən-fəlakətdən qazanc etmirlər ki? Bu camaat pulu onlara yalvara-yalvara verirlər axı. Niyə də almasınlar? Bu könüllü rüşvətdir.Amma, bu kütləvi rüşvətalma deyildi. Xahişlər pulsuz da olurdu, aşağısı-yuxarısı da olurdu.

Nəhayət orduda gizir, MAXE yerləri doldu. Ancaq MN-in Təlim və Tədris Mərkəzi işləməlidir. Orada kafedralar, kafedralarda peşəkar müəllimlər var və onlar dərs deməlidirlər. Amma məsələ təkcə bu deyil. Məsələ bu bazarın bağlanmasına imkan verməməkdir. Təsəvvür edirsinizmi, müqayisədə bap-balaca orduda ildə iki dəfə gizir hazırlığı kursu keçirilir, hər dəfə də orta hesabla 100-200 gizir işə qəbul edilir. Deməli, bazar üçün hərbi hissələrdə yerlər boşaldılır – cinayət faktlarına görə, hərbi xidmətdə təkrar nöqsanlar törətdiklərinə görə, ən yaxşı halda xidmət müddəti başa çatdığına görə.

Boşalan yerlər isə pul deməkdir. İqtisadi bazarda olduğu kimi təklif tələbdən çox-çox olduğuna görə gizir hazırlığı kursuna qəbul 3000 manatda qərarlaşdı. Hesab etsək ki, bu dəfə gizir hazırlığı kursuna 200 nəfər qəbul olunub. Yuxarı çatası 3000 manatla bu biznes 600000 (altı yüz min) manat qazanc deməkdir. Bu qazanc aralarda itməsin deyə, MN-in Baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilovu bazarkom təyin etdi. Elçin Xəlilov isə... özbaşına deyil. Ona bu müqəddəs vəzifəni tapşırıblar!

Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi sadəcə imtahanları izləyir, vəssalam. MN-in Təlim və Tədris Mərkəzi sifariş alandır. O, qəbula qətiyyən qarışmır, sadəcə qəbul olan kursantlara dərs verir. Beləcə anomaliya yarandı. Hərbi Təhsil İdarəsi rüşvətvermə bazarında öz vəzifəsini vicdanla, dürüstlüklə icra edə bilmədi, camaat buna aman vermədi, MN-in Baş Qərargahının rəisi general-polkovnik Nəcməddin Sadıqov da bu fürsəti əldən buraxmadı, bu azərbaycanlı kütləsinin rüşvətvermə həvəsini böyük həvəslə qarşıladı, qəbuletmə səlahiyyətini bu cür prosesə heç dəxli olmayan general-mayor Elçin Xəlilova həvalə etdi.

Niyə? Çünki Baş Qərargaha tabe olan kadrlar idarəsi yaranışından bəri rüşvət müstəvisində qurulub, peşəkarlaşıb. Nəcməddin Sadıqov MN-də bu sayaq sahələrin hamısını bir məcrada təmərküzləşdirə bilib. Məsələn bütün hərbi hissələrdəki dükanlar, çayxanalar cənab general-polkovnikin toxunulmaz biznesidir. Söhbət bunda deyil.

Bəs İmtahan Komissiyası nəyə əsaslanıb “keçdin”, ya “keçmədin” qərarını verir? Axı uşaqlar imtahan verirlər? Axı imtahana hazır olmayan abituriyentlərlə (tapşırılanlarla, yaxud rüşvət verənlərlə) sualları cavablandıranlar bir auditoriyada olurlar, kimin qafasında və niyyətində nələr olduğunu açıqca görürlər! Bu qədər tumançaq davranmaq olmaz axı!

İmtahan komissiyası hədəfi nəyə hesablayır, bilirsinizmi? Onlara da bəllidir ki, gizir və MAXE hazırlığı kursuna gələnlərin 95 %-i orta məktəbdə pis oxuyub, qoyulan sualları bilmirlər. Belə olan halda bu gənc vətəndaşların buraqədərki elmi-təcrübi savadlandırılmasını öz məsuliyyətləri kimi qəbul etmirlər. Bir tərəfdən haqlıdırlar. Bu məsuliyyəti orta məktəblər və vətəndaşların özləri daşımalıdırlar. Amma, ancaq, lakin! Bəs axı pul müqabilində orduya cəlb etdikləri bu küt, savadsız kütlə ilə necə xidmət keçəcəklərini də düşünməlidirlər. Düşünmürlər. Ona görə də peşəkarlıq səviyyəsi olmayanlar çıxdaş olunur, dövlətin hesabına hər il yenidən yüzlərlə gizir və MAXE hazırlığı kursu təşkil edilir.

O ki qaldı gizirliyə qəbulun 4-7 min olduğunu deyənlərə... 3 mindən yuxarı alınmış pul ara adamına çatır. Şikayətçilərdən biri deyib: “Mənim atam 3 min manat pul vermişdi. Məni də kənarda saxladılar”.O fağır cinayətkara demək gərəkdir ki, xəsislik eləyib, ara adamına görüm-baxım etməyib.

HHQ-də, HHM-də, HDQ-də isə maaş çoxdur, xidmət rahatdır. Oralarda qiymətin baha olmasının səbəbi əlavə 3 minin həmin qoşun növünün rəisinə çatmasıdır. Kor-kor, gör-gör.

Müəllif ritorikasında suallar var: “Maraqlıdır, hərbi xidmətə rüşvətlə düzələn gizirlər sabah necə xidmət edəcəklər?” Cavab belədir. Çox rahat! Pul veribsə, olub öz adamları, “çujoy” deyil, verəndir.

Sual: “Onlar verdikləri pulu çıxartmağı düşünməyəcəklərmi?”Cavab: Yox. Onlar 5 aylıq maaşlarını öncədən onlara verirlər. Sonra ağıllı tərpənsələr ən azı 20 il xidmət bazarının işçisi olurlar. Bu bazarda 4 min manat nə boyda puldur ki?

Sual:“Ümumiyyətlə, rüşvət verib, gizir olan şəxs sabah düşmənlə üz-üzə duracaqmı? Cavab: Duran duracaq, qaçan da qaçacaq. O, rüşvəti könüllü verdiyi kimi döyüşə də öz münasibətinə uyğun davranacaq. Gizir olmaq üçün ondan 4000 rüşvət manatını zorla almırlar ha!

Ritorik sual: “Görünür, Müdafiə Nazirliyində yüksək vəzifə tutan və bundan sui-istifadə edərək cibini dolduranlara bu məqam ümumiyyətlə maraqlı deyil.”Cavab: Kimləri nəzərdə tutursan, Səxavət Məmməd? Müdafiə Nazirliyində bir yüksək vəzifə tutan boss var, o da MN-in Baş Qərargahının rəisi general-polkovnik Nəcməddin Sadıqovdur.Yerdə qalanlar kimdirlər cızıqdan qırağa çıxsınlar? Get MN-in kardiologiya şöbəsinə, bu ordunun neçə faiz zabitinin bu xəstəlikdən zülm çəkdiyini araşdır! Söhbət bunda da deyil.

Millətin qürur obyekti olan Azərbaycan Ordusunda məhz Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqovun yaratdığı durum düşmən qəsdindən özgə bir hərəkət deyil. Özünə hörmət edən, xalq kimi formalaşmaq qüdrətində olan toplum heç bir halda bu cür davranışlara biganə qalmazdı. Ordu quruculuğunda təkcə gizir və MAXE qəbulundakı bu cür bazaraçmalar milli qalxınma düzənində strateji-taktiki, əxlaqi, mənəvicinayətdən özgə bir şey sayıla bilməz.

Nə etməli?

Vicdanımız ən başlıca nəzarətçimizdirsə, deyə bilərik ki, Nəcməddin Sadıqovu da sonacan qınamaq olmaz. Bu cəmiyyət özü rüşvət verməyə və almağa meyllidir. Baş Qərargah rəisində isə vətənsevər duyğular, ədalətli cəmiyyət qurma düşüncəsi yoxdur. Onsuz da indiyəqədərki cinayətləri üçün onu sorğulayan olmayacaq. Əgər bu cür düşünməyimizə etiraz edərsə, vətəndaş haqqının yanında durmaq istəyərsə cənab general-polkovnikə 4 dənə təklif verərik. Bu təkliflərimizi yetirərsə cəmiyyəti sevindirmiş olacaq, 06 mart 2019-cu ildəki kimi xəcalət saatları yaşanmayacaq – TTM-in qarşısında üsyan olmayacaq,millət KİV-lərdə “MN-in generallarının pul oyunu: azı 4 min ver, gizir ol” xəbər başlığı oxumayacaq, sizin yerinizə xəcalət çəkməyəcək, yüzlərlə vətəndaşın haqqı tanınacaq, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin və TTM-in şərəfli zabitlərinin adları bu qalmaqalda hallanmayacaq, nəhayət problem həll olunacaq.


1) Hazırlıq kursuna gələnlər həm bədən tərbiyəsindən, həm də elmi-təcrübi peşə hazırlığından imtahan verirlər. Bədən tərbiyəsində problem yoxdur. Hər şey göz önündədir. Yəni normativlər bəllidir.

Amma. Yazılı imtahan sualları abituriyentə bəlli deyil. Ona görə də birmənalı şəkildə ixtisaslar üzrə (qoşun növü üzrə) suallar toplusu hazırlanmalıdır, (lap min sual olsun) qəbula gəlmək istəyən gənc vətəndaş o suallar toplusunu asanlıqla əldə etməlidir, öncədən ciddi şəkildə hazırlaşmalıdır. Necə ki bu gün müəllimlər də kulikuma konkret vəsaitlə hazırlaşırlar.

2) İmtahan komissiyası məntiqi olaraq kadrlar idarəsindən alınıb Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinə verilməlidir. Bu idarədə müharibə veteranı təşkilatları olan QHT fəallarından, savaş təmayüllü redaksiyalardan, pensiyada olan zabitlərdən, ziyalılardanimtahanın nəticələrinə nəzarət qrupu yaradılmalıdır. Nəzarət qrupu dəvətlə yox, elanla olmalıdır, könüllü andlılar gəlməlidir. Könüllü andlılar düşüncələrində və rəylərində sərbəst olmalıdır. İmtahana onlar cavabdeh olmalıdırlar. Bununla da MN generalları məsuliyyətdən azad olub vicdanlarının üzünə gülümsəyə bilərlər.

3) Abituriyentlər mütləq1-ci imtahan kimi psixoloji test yoxlanışından keçməlidirlər

4) Kadrlar idarəsində qəbul siyahısına saxta sənədləşdirmələrlə sonrakı əlavələrin olmaması üçün kursantların siyahısı nəzarət qrupunun imzası ilə hərbi prokurorluğa verilməlidir, təlim-tədrisin sonunda sertifikat alanlarfiltrasiyadan keçirilməlidir.

Əgər bu təkliflər bir neçə il dayanıqlı şəkildə yetirilsə bu cəmiyyət generallarımızın bazarına işləmək istəməyəcəklər.Müdafiə Nazirliyi məhz bu cür qaydalaşmalarla Şərəf subyekti haqqına layiq ola biləcək. Bundan isə bütün xalqımız qazanacaq.

11 yorum:

  1. Hani bes fakt? Faktlar olacaq deyirdin. Bunlar hamisi ferziyyedi. Fakt yoxdursa bohtan da sayila biler.Belke şəxsi qərəxliyin var hardan bilək?

    YanıtlayınSil
  2. Nədən danışırsan? Hardan götürmüsən bu məlumatı. A kişi get araşdır. Testi idmanı keçə bilməyəm kəsilməlidə imtahandan. İdman normativini yerinə yetiə bilmir yalandan deyirki keçmişəm. Faktlar var ona əsaslan!

    YanıtlayınSil
  3. hədə yalandan basıb bağlamalar başladıda. a kişi get normal məlumat al ona əsasən yaz

    YanıtlayınSil
  4. pul veren cixsin desin ki filankese pul vermisem. Tutub bassinlar iceri haminin adini batirmasin.

    YanıtlayınSil
  5. əlində fakt olmadığı halda niyə bildin bilmədin yazirsan faktin varsa fakti yaz bizde bilek yoxdusa da ne esitdin deqiqlesdirmeden niye yazirsan

    YanıtlayınSil
  6. ele yazmısanki məqaleni ele bil pul verde sende orda olmusan. Hardansa eşitdiyin söhbet haqqında niye yazırsan

    YanıtlayınSil
  7. puluvu veriblər indi oppanıb düşürsən burda

    YanıtlayınSil
  8. camaata normal xəbər ver. Bu nədir. Fantaziyannan yazmısan?

    YanıtlayınSil
  9. Ay seniii, vergi-den yazdin masini deyisdin, indi yeqin evi deyismek isteyirsen ))))))))

    YanıtlayınSil
  10. https://www.facebook.com/groups/xalqherekati/?hc_ref=ARTwlgXLsra__Qrz_PAjjvMCz_vw6qW9IkrRqLkTncC2beHFQylbb-oWGr1eYbu17B0

    YanıtlayınSil
  11. a göy göz, a gəşəng, sən mənə denən Ağdamlıların neçəsi göygözdür? bəlkəm, deyirəm, ata tərəfdən ağdamlı deyilsən?

    YanıtlayınSil

Real Time Analytics