25.04.2016

Keçmiş döyüşçü: "Korpus komandirinin döyüşə atıldığı yerdə əsgərin qarşısını saxlamaq mümkün deyil" — MÜSAHİBƏ + FOTOLAR

Ehtiyatda olan polkovnik Xətai Baxışov. Qarabağ müharibəsində əvvəlcə Vitya Mudrakın rəhbərlik etdiyi 778 saylı xüsusi təyinatlı hərbi hissədə xidmət edib. 1992-ci ilin dekabrında 778 saylı hərbi hissəni 123 saylı hərbi hissə ilə birləşdiriblər. Birləşmədən sonra ona 031 saylı hərbi hissənin komandiri olmağı təklif ediblər. Həmin hərbi hissədə BMP üzrə motoatıcı tabor olub. 1992-ci ilin yanvar ayında "Ağdərə", "Sərsəng" və "Fərrux" əməliyyatı başlayan zaman Xətai Baxışovun komandirlik etdiyi hərbi hissəni iki yerə bölüblər. BMP taborunun yarı hissəsi Ağdərə, Sərsəng istiqamətində, digər yarısı isə Ağdam istiqamətində göndərilib.

Xətai Baxışov Ağdamda keçiriləcək əməliyyatda iştirak edəcək bölmənin tərkibində gedir. Ağdərə və Sərsəng əməliyyatına gedən hissəyə isə Xətai Baxışovun müavini Nadir rəhbərlik edir.
Xətai Baxışov və BMP taboru 1992-ci il 23 fevral tarixində ərizə yazaraq 708 saylı hərbi hissənin tərkibinə keçir. Xətai Baxışov 708 saylı hərbi hissənin 2-ci motoatıcı taborunun komandiri olur. 1994-cü ilin yanvar ayında briqada komandirinin müavini təyin edilir.
Xətai Baxışov atəşkəsdən sonra - 1995-ci ilin fevral ayında Bakıda yerləşən hərbi polis alayına komandir təyin edilir. 1995-ci ildə Ali hərbi məktəbdə baş müəllim vəzifəsinə təyin edilir. Bir aydan sonra xüsusi təyinatlı hərbi hissənin komandiri olur. 1995-ci ilin dekabrından 2003-cü ilə qədər Xüsusi təyinatlıların komandiri olub.
1998-ci ildə Heydər Əliyevin fərmanı ilə Azərbaycan bayrağı ordeni ilə mükafatlandırılıb. Sonradan Bakı şəhərinin komendantı təyin edilir, daha sonra Naxçıvanda hərbi xidmət keçən Xətai Baxışov sonradan Bakıya təyinat alır. 2012-ci ildə təlim-tədris mərkəzində kəşfiyyat kafedrasının rəisi təyin edilir. 2015-ci ilin oktyabr ayından isə ordudan təxris olunub.
Aprel ayının əvvəlində baş verən 4 günlük müharibə zamanı Xətai Baxışov Füzuli, Ağdam istiqamətində yollanıb, əsgərlərimizin yanında olub.
Ölkə.Az keçmiş döyüşçüdən cəbhə xəttində baş vermiş son döyüşlər haqqında geniş müsahibə götürüb. Həmin müsahibəni sizə təqdim edirik:
- Aprel ayının əvvəlində döyüşlər başlayanda siz də cəbhəyə yollandınız...
- Son hadisələr zamanı hospitalda müalicə alırdım. Eşidəndə ki, müharibə başlayıb, dözə bilmədim, ərizə yazıb hospitaldan çıxıb, cəbhə bölgəsinə yollandım. Əvvəlcə Tərtər istiqamətinə getmək istədim, ancaq oğlum məni oraya buraxmadı. Mən də Füzuli, Ağdam istiqamətinə getdim.
- Orada vəziyyət necə idi?
- Orada vəziyyət çox yaxşı idi. Uğurlu əməliyyat keçirildi. Əməliyyat keçirə-keçirə mühəndis xidməti də orada çox gözəl təşkil olunmuşdu. Lələtəpə alınan kimi dərhal təzə yollar çəkilməyə başlandı. İki dəfə Lələtəpədə oldum. Artıq ikinci gedişimizdə ordumuz kazarma tikirdi. Səngər hazır vəziyyətə gətirilmişdi. Əsgər və zabitlər çox heyifslənirdilər ki, atəşkəs elan olundu. Əsgərlər öz etirazlarını köhnə hərbçi kimi mənə də bildirirdilər.
- Əsgərlərin əhval-ruhiyyəsi necə idi?
- Əsgərlərimizin əhval-ruhiyyəsi çox yüksək idi. Əməliyyat çox düzgün və gözəl hazırlanmışdı. Lələtəpəni alan gün cəmi 1 şəhid verdik. Digər şəhidlərimizi isə Lələtəpənin alınmasının səhəri günü verdik. Ermənilər Lələtəpəni topdan, minaatanlardan atəşə tutdular. Ermənilərin səngərləri çox bərbad vəziyyətdə idi. Onların səngəri çox enli idi. Ermənilər də keçmiş səngərlərinin koordinatlarını yaxşı bildiyi üçün dəqiq atəşlər açırdılar. Füzuli istiqamətindəki artilleriyamız da çox gözəl işlədi. Ermənilərin uzaqvuran artilleriyasını vurub sıradan çıxarmışdılar. Hətta ermənilərin komanda qərargah məntəqəsini də dağıtmışdılar. Ermənilər əks-hücuma keçən dövrdə əsgərlərimiz tank hücumunun da qarşısını çox yaxşı aldı.
- Keçmiş xüsusi təyinatlıların komandiri kimi kəşfiyyatçılarımızı bəyəndiniz?
- İş onsuz da kəşfiyyatçılarımızın üzərində qurulmuşdu. Kəşfiyyatçılarımız dəqiq məlumat verməsə, komandir də düzgün qərar qəbul edə bilməzdi.
- Füzuli, Cəbrayıl istiqamətində işğaldan azad etdiyimiz ərazilər bizə nə verir? Bəziləri deyir ki, aldığımız bir təpədir də, nə böyük şeydir...
- Birincisi, ermənilər Lələtəpədən avtomat və pulemyotdan Horadiz və digər yaşayış məntəqələrimizi atəşə tuturdu. Əkin sahələrimiz buna görə boş qalmışdı. Lələtəpənin adi bir təpə olduğunu deyən başa düşməyən bir insandır. Hər qarış torpağımızın geri alınmasına sevinməliyik. 23 il ərzində bizim ordu həmişə aşağıda olub, ermənilər yuxarıda. Ermənilər yüksək mövqelərdə dayanmışdı. Səfər Əbiyevin vaxtında komanda verilmişdi ki, qaza-qaza irəli getmək lazımdır. Aprel ayının əvvəlinə qədər ermənilər yüksəklikdə mövqe tutub möhkəmlənmişdi. Lələtəpə elə bir strateji yüksəklikdir ki, indi biz yüksəklikdə mövqe tutmuşuq, ermənilər aşağıda. Eləcə də Talış istiqamətində. Ermənilər tərəfdən aparılan çəkilişlərə baxanda görürük ki, indi onlar Talış və Lələtəpə yüksəkliyini aşağıdan yuxarıya doğru çəkirlər. Hər iki yüksəkliyin ələ keçirilməsi çox böyük nailiyyətdir. Düzdür, itkilər vermişik, itkisiz də bu strateji yüksəkliklər alına bilməzdi.
Lələtəpə təpə deyil, kiçik dağ silsiləsidir. Lələtəpə silsiləsindən başqa, sağda olan digər silsiləni də ordumuz işğaldan azad edib. Atəşkəs elan edilməsə idi, indi Füzuli, Cəbrayıl işğaldan azad edilmişdi. Əsas iş görülmüşdü. Ermənilər Xankəndindən belə qaçmışdılar. Lələtəpədən sol tərəfdən Araz çayına qədər 10 km ərazi də düşmən işğalından azad edilib. Lələtəpə və digərlərinin düşmən tapdağından azad edilməsi bizim tərəfdə ruh yüksəkliyinə, ermənilərdə isə ajiotaja səbəb oldu. Heç kim düşünməsin ki, bir tək Lələtəpə alınıb. Lələtəpə ilə yanaşı sağdan kiçik dağ silsiləsi və Araz çayı istiqamətində 10 km ərazi təmizlənib. Bu döyüşlər zamanı ordumuz həm də yeni aldığı silahların hamısını sınaqdan keçirdi. Gözəl də nəticəsi oldu.
- Əgər atəşkəs olmasa idi, ordumuza nə qədər vaxt lazım idi ki, Qarabağı işğaldan azad etsin?
- Qaçanı qovarlar. Ancaq yenə də biz düşməni düzgün qiymətləndirməliyik. Həm atəşkəsin birinci günündən, həm də indi inanmıram ki, ermənilər özləri o torpaqlardan çıxsınlar. Onlar da itki verib o torpaqları alıblar. Ermənistan iqtidarı Qarabağ müharibəsini törətmiş keçmiş separatçılardır. Prezidentlərindən tutmuş deputatlara kimi hamısı səhra komandirləridir. Onlar torpaqları döyüşsüz versə, onları öz döyüş yoldaşları parça-parça edər.
- Xüsusilə sosial şəbəkədə şəhid və yaralılarımızın çoxluğuna görə tənqidlər gəldi...
- Allah cəmi şəhidlərimizə rəhmət etsin. İnanıram ki, dövlətimiz onları düzgün qiymətləndirəcək və qiymətləndirir. Təklifim odur ki, yaralı zabit və gizirlərimizi Səfərbərlik xidmətində işlə təmin etsinlər. Oraya indiki yaralı zabitləri təyin etsələr həm də gənclərdə vətənpərvərlik ruhu daha da yüksək olar. Həmin zabit və gizirlər gənc nəsilə nümunə ola bilərlər. Onlar həm qayğı görərlər, həm də bu istiqamətdə çox gözəl çalışarlar.
- Olduğunuz bölgələrdə hərbçilərlə mülki əhalinin münasibəti necə idi?
- Mülki əhalidə də yüksək əhval-ruhiyyə var idi, Bakıdan tutmuş Füzuliyə qədər. Rayonlarda səfərbərlik şöbələrinin qarşısına hər gün 50-60 nəfər gəlirdi ki, döyüşlərə qoşulsun. Keçmiş veteranlar hamısı cəbhədə idi. Keçmiş əsgərlərimiz, zabitlərim zəng edirdi ki, nə zaman gələk döyüşə. Alınan əraziyə getmək üçün insan axını başlamışdı. Əsgərlər dinc əhalinin qarşısını almaqda çətinlik çəkirdi. Döyüş gedə-gedə mülki əhali alınan yerlərə getmək istəyirdi. Biz özümüz də qabağa çıxıb insanları başa salırdıq ki, irəli getmək olmaz, mina var. Vəziyyət çox qəribə idi. Adamlar güllədən, minadan qorxmurdular. Vətən həsrəti nə olan şeydir, adam o vəziyyətdə anlayır...
- Qələbə çalıb general rütbəsi alan ilk generalımız Mais Bərxudarovdur. Bilirik ki, General Bərxudarov sizin yetirməniz sayılır. General haqqında fikirlərinizi bilmək istərdik.
- General Bərxudarov mənim tabeçiliyimdə xidmət edib. Çox güclü zabitlərdən biridir. Xüsusi təyinatlılarda mənim müavinim də olub. 1998-ci ildə Heydər Əliyev şəxsən ona "Azərbaycan bayrağı ordeni" verib.
- Bəziləri isə deyir ki, hər təpə alana görə general rütbəsi verərlər?
- Bu düzgün fikir deyil. General Bərxudarov uğurlu əməliyyat aparıb, buna görə də haqq edib o rütbəni almağı. Yeri gəlmişkən General Bərxudarovun müavini Bəkir Orucov da general rütbəsi alıb. General Bərxudarov nümunəvi və əla xidmətinə görə vaxtından əvvəl kapitan rütbəsinə layiq görülmüşdü. Bərxudarov general rütbəsinə layiqdir. General Bərxudarov həm torpaq alıb, həm uğurlu əməliyyat keçirib, həm də vəzifəsi də ona imkan yaradırdı ki, o, general olsun. Biz gözləyirdik ki, Bərxudarov ordu günündə general rütbəsi alsın, ancaq uğurlu əməliyyat və strateji yüksəklikləri azad etməsi bunu tezləşdirdi. 23 ildir atəşkəs, döyüş görməyən əsgərlər döyüşün ilk başladığı zaman bir az həyəcanlanırdılar. Mais Bərxudarova zəng etdilər ki, əsgərlərdə həyəcan var. Mais Bərxudarov bir kəlmə dedi, "Gəlirəm!". O "Gəlirəm!" sözündən sonra əsgər və zabitlər artıq Bərxudarovun gəlməyini gözləmədilər. O "Gəlirəm!" sözü əsgər və zabitlərə elə ruh verdi ki, sonra atəşkəs olanda onları saxlamaq olmurdu. Korpus komandiri deyirsə ki, döyüş meydanına gəlirəm, orada əsgəri saxlamaq olmaz.
General Mais Bərxudarov, ehtiyatda olan polkovnik Xətai Baxışov, Xocavənd RİHB Eyvaz Hüseynov (soldan sağa doğru)




Hiç yorum yok:

Yorum Gönderme

Real Time Analytics