9.04.2016

Tərtərin icra başçısı rayondakı son vəziyyətdən danışdı — Səxavət Məmməd cəbhə bölgəsindən yazır

Cəbhədə ən ağır döyüşlərin getdiyi rayonlardan biri də Tərtər rayonudur.

Ölkə.Az-ın reportyor qrupu olaraq bu gün səhər Ağdamdan Tərtərə yola düşdük. Rayondakı kəndləri gəzib əhalinin əhval-ruhiyyəsi ilə maraqlandıq. Tərtər rayon Səhlabad kəndində olarkən Rayon icra hakimiyyətinin başçısı özü zəng edərək bizi rayonun mədəniyyət evində keçirilən tədbirə dəvət etdi. Tədbirdən sonra isə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ölkə.Az-ın suallarını cavablandırdı:
- Müstəqim müəllim, son günlər cəbhənin ən ağır döyüş getdiyi yerlərindən biri də Tərtərdir. Tərtərdə vəziyyəti bir də sizin dilinizdən eşidək...
- Tərtərdəki coşğunu gördünüz. Əhali adi günlərdə olduğu kimi yaşayır. Bəzi yerlərdə yazılıb-pozulduğunun əksinə olaraq heç kim Tərtəri tərk etməyib. Əhalimiz hamısı buradadır. Əhalimiz qələbə sevincini qeyd edəcəyimiz günü gözləyir.
- Bu gün Səhlabad kəndində olduq, top mərmilərinin kəndin ətrafına düşməsinə baxmayaraq əhalini öz yerində gördük...
- Düşmən mətbuatı dezinformasiya yaymışdı ki, Tərtər camaatı rayonu tərk edib. Çox yaxşı ki, siz cəbhəyə ən yaxın kəndlərdən birində olub, hər şeyi öz gözünüzlə görmüsünüz. Mənfur düşmənimiz olmasına baxmayaraq Tərtər camaatı güllə altında yaşamağa öyrəşib.
- Ordumuzun irəlilədiyi barədə xəbərlər gəlir. Bununla bağlı nə deyə bilərsiniz?
- Ordumuzun irəliləməsi ilə bağlı əlavə bir şey deyə bilməyəcəm. Hər şey əladır.
- Ermənilər dinc əhalini atəşə tutur. Ziyan çəkənlər, dağıntılar varmı?
- Təəssüf ki, ermənilərin xislətində bu var... Dinc əhalini hədəf almasına baxmayaraq camaatımız yerindədir. Kəndlərimizə xeyli ziyan dəyib, daha dəqiq desək, elə təkcə 160 evə ermənilərin açdığı atəş nəticəsində çox ciddi ziyan dəyib, 20 ev isə tamamilə dağılıb. Döyüşlər başlayandan 5 dinc sakin yaralanıb, 1 nəfər isə həlak olub. Yaralananlardan biri 13 yaşlı uşaqdır.
İcra Başçısı həmçinin ordumuzun mülki vətəndaşları düşmən atəşində qorumaq üçün bütün lazımi tədbirləri aldığını və rayon əhalisinin də əhval-ruhiyyəsinin çox yüksək olduğunu əlavə etdi.
Biz də sonda əlavə edək ki, Tərtər qəhrəman şəhərdir. Ordumuzun qələbəsi və Sizə bu qələbəni yaxın zamanda çatdırmaq ümidi ilə...
Səxavət Məmməd
Tərtər rayonu
Ölkə.Az

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics