14.03.2016

Qarabağ müharibəsinin gizli məqamları silsiləsindən — ANONS

864 saylı tağım, "Xəqani" və "Qisasçı" ilə inanılmaz döyüşlər
Qarabağ müharibəsini uduzmuşuq, ancaq bu məğlubiyyət bəzilərinin dediyi kimi qoyub-qaçdı olmayıb. İnsanlar döyüşüblər, qan töküblər, öldürüblər, ölüblər.

Mövzumuz ümumi Qarabağ müharibəsi yox, müharibədə igidliklə döyüşən, uzun və şərəfli döyüş yolu keçmiş 864 saylı tağım və onun əsgərləridir.
Qarabağda gedən döyüşlər, haqqında bilmədiyiniz, eşitmədiyiniz əməliyyatlar haqqında oxucularımıza yeni məlumatlar verməkdə davam edirik.
Bir müddət öncə Qarabağ müharibəsi ilə bağlı gedən yazıları dayandırdıq. Səbəb müharibə zamanı xüsusi bir döyüşün araşdırılması və onu həyata keçirənləri tapmaq idi. Keçmiş döyüşçü Rövşən Həsənovun köməkliyi sayəsində axtardığımızı tapdıq.
864 saylı tağımın komandiri Şakir Hacıyevdir. Şakir Hacıyevi Ağdamda hər kəs BMP Şakir kimi tanıyıb. Şakir Hacıyev və onun komandirlik etdiyi tağım Qarabağda, xüsusilə də Ağdamda gedən döyüşlərin hamısında iştirak edib. Şakir Hacıyev haqqında geniş yazını gələn yazılarımızda oxuya bilərsiniz.
864 saylı tağımda iki BMP olub. Digər tağımlardakı BMP-lərdən fərqli olaraq 864 saylı tağımın BMP-ləri nömrəli yox, adları olub. Tağımın BMP-lərinin adları "Xəqani" və "Qisasçı" olub. "Xəqani" adlı BMP Abdal Gülabılıda gedən ağır döyüşlərdə qəhrəmanlıqla şəhid olan 708 saylı briqadanın qərargah rəisi Xəqaninin adını daşıyır. "Qisasçı" adı isə ümumiyyətlə Qarabağ müharibəsində şəhid olan soydaşlarımızın qisasının alınması üçün qoyulub. "Qisasçı" adlı BMP-də Şakir Hacıyev özü komandir kimi döyüşlərə qatılıb. "Xəqani" adlı BMP-də isə ekipaj komandiri Rizvan Məmmədvəliyev olub. Rizvan Məmmədvəliyevin döyüş yolu və araşdırdığımız döyüş barədə yazını yaxın günlərdə oxuya bilərsiniz...
864 saylı BMP-də atıcı olan Fərrux Əsədov keçdiyi döyüş yolunda düşmənin çoxlu sayda canlı qüvvəsini və ən əsası da hərbi texnikasını məhv edib. Buna görə də, 708 saylı hərbi hissə komaniri Talib Məmmədov tərəfindən dəfələrlə mükafatlandırılıb. Fərrux Əsədovla bağlı da geniş yazı yaxın günlərdə sizə təqdim ediləcək...
864 saylı tağımda döyüşənlərdən biri də rabitəçi Hacıyev Elfaq olub. Elfaq Hacıyev 864 saylı tağıma gəlməmişdən öncə Milli qəhrəman Şirin Mirzəyevin tağımında xidmət edib. Sonradan 864 saylı tağıma qoşulub. O, 12 iyun 1993-cü ildə Ağdam rayon Mərzili kəndində baş vermiş döyüşdə ermənilər tərəfindən əsir götürülüb. Elfaq Hacıyev 1 ilə yaxın ermənilərin əlində əsir saxlanılıb. Elfaq Hacıyevin döyüş yolu, əsirlikdə başına gələnlərlə bağlı geniş yazı yaxın günlərdə oxucularımıza təqdim ediləcək...
864 saylı tağım Abdal Gülabılıdan tutmuş atəşkəsə qədər ən ağır döyüşlərdə iştirak edib. Məşhur uğursuz Qarakənd əməliyyatında keçirdiyi döyüşlə hər kəsin xatirində qalan, ancaq çox az adamın həmin BMP-də kimlərin olduğunu bildiyi əməliyyatı da 864 saylı tağım həyata keçirib. Qarakənd əməliyyatı Qarabağ müharibəsi zamanı təşkil edilmiş ən böyük əməliyyatlardan biri olmalı idi, ancaq digər əməliyyatlar kimi bu əməliyyat da planlaşdırıldığı kimi baş tutmur. Top və Qraddan veriləcək dəstək verilmir. Piyadaları ermənilər sözün əsl mənasında güllədən keçirir. "Xəqani" adlı BMP-də olan Fərrux, Rizvan, Əkə ləqəbli Akif olub. Həmin əməliyyatda 200-dən çox BMP-dən atəş açıblar, düşmənin bir neçə hərbi texnikasını və canlı qüvvəsini məhv ediblər. Görəndə ki, əvvəlcədən deyilən dəstək gəlmir, yaralıları yığıb geriyə gətirmək məcburiyyətində qalıblar. Ümumi əməliyyatın uğursuz olması 864 saylı tağımın "Xəqani" adlı BMP-sinin etdiyi qəhrəmanlıqları kölgədə qoyur...
864 saylı tağımın izinə düşüb öncə Rizvan Məmmədvəliyevi tapdıq. Açığı onu tapacağımız heç ağlımıza gəlmirdi. Ona görə ki, onun 12 iyun 1993-cü il Ağdam rayonunun Mərzili kəndindəki döyüşdə ağır yaralandıqdan sonra şəhid olduğunu deyirdilər. Onunla yaşadığı yerə gedib xeyli söhbətləşdik. Bundan sonra Fərrux Əsədovu tapdıq. Fərrux Əsədovun sayəsində Tahir Çəmənli, Xəyal və tağımın komandiri Şakir Hacıyevi tapa bildik.
Hər kəsin yerini öyrəndikdən sonra tağımı yenidən bir yerə yığmağa qərar verdik. Öncə 864 saylı tağımı Mingəçevir şəhərində bir araya yığdıq. 20 ildən çoxdur bir-birini görməyən döyüşçülər görüşür, qucaqlaşırdılar. Rizvan deyir ki, Tahir çox kövrəkdi, görəndə ağlayacaq və elə də olur...
Yığışmağımızın əsas səbəbinə gəlirik. 12 iyun 1993-cü il Ağdam rayon Mərzili kəndində baş verən döyüş. Açığı döyüşçülər üçün o döyüş toqquşması o dərəcə də önəm kəsb etmirdi. Onlar bu döyüşə adi, sıradan bir döyüş kimi baxırdılar...
12 iyun döyüşü Mərzili kəndində baş verib. Həmin döyüş zamanı düşmənin bir UAZ maşını vurulur, maşında olan 4 erməni zabiti öldürülür. 12 iyun döyüşü zamanı "Xəqani" adlı BMP bir ədəd də düşmən tankını vurub. Tankı vuran zaman isə onun üstündə olan erməni döyüşçülər də məhv edilir. Döyüş zamanı düşəmin bir PDM zirehli maşını da qənimət kimi ələ keçirilir.
Açığı döyüşçülərin o günlərə qayıtması, keçirdiyi hissləri görmək çox qəribə idi.
12 iyun döyüşü haqqında çox yazılıb, pozulub, danışılıb. Ancaq həmin döyüşdə kiminsə əsir düşməsi barədə heç bir yerdə heç nəyə rast gəlməmişdik. Döyüşçülər bildirdi ki, həmin döyüşdə rabitəçimiz Elfaq Hacıyev düşmənə əsir düşüb. Bu xəbər mənim üçün əsl sürpriz oldu.
Döyüşçülərdən Elfaqın sağ olub olmaması barədə soruşdum. Heç biri onun haqqında məlumat bilmirdi. Qərara gəldik ki, Elfaq Hacıyevi də axtarıb tapaq və ondan sonra yazıları yayımlayaq. Mingəçevir görüşündən bir neçə gün sonra Fərrux zəng edib bildirdi ki, Elfaqı tapmışıq. Daha sonra Fərrux onların evinə getdi və hətta telefonda Elfaqı mənimlə də danışdırdı.
Elfaq tapıldıqdan sonra isə qərar verdik ki, keçmiş döyüşçüləri yenidən bir araya yığaq. Bu dəfə Gəncəyə səfər etdik, görüş yerimiz isə 864 saylı tağımın komandiri Şakir Hacıyevin evi oldu...
12 iyun Mərzili döyüşü və orada iştirak edən döyüşçülərlə silsilə yazılar yaxın günlərdə oxucularımıza təqdim ediləcək...
Səxavət Məmməd

2 yorum:

  1. Bu döyüşçülər barədə yazılar keçən il "Ölkə" saytında gedib. Ordan götürüb burada yazmaq nə dərəcədə düzgündür?

    YanıtlaSil
  2. Bu yazının müəllifi mənəm,yazını Olke.az saytında mən yazmışam. saytda yayımlanan reportaj və müsahibələrimi bloga da yerləşdirirəm

    YanıtlaSil

Real Time Analytics