24.07.2017

Sonuncu əməliyyat və Şirin Mirzəyevin ölümü — Keçmiş hərbçi danışır - Sonuncu yazı

Şirin Mirzəyev haqqında çox danışılıb, çox yazılıb. Əfsanəvi komandirin Ağdama gəlişi, döyüş yolu barədə çoxlarının bilmədiyini onun ən yaxın silahdaşı danışır.

Ötən yazıda uğursuz Fərrux əməliyyatından söz açmışdıq, bu dəfə isə Ballıqayanın ermənilərdən təmizlənməsi, mühasirə və Şirin Mirzəyevin ölümündən bəhs edəcəyik.


Qısa arayış:

İsmayılov Qərib Boran oğlu 1946-cı ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. 1963-cü ildə Ağdam rayon Novruzlu kənd orta məktəbini bitirib. 1971-ci ildə Lenin adına APİ-nin dil-ədəbiyyat fakultəsini bitirib. Universiteti bitirdikdən sonra Tula vilayətinin Belyov şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətin sonunda zabitlər hazırlayan kursda oxuyaraq leytenant hərbi rütbəsi alıb. Hərbi xidməti başa vurduqdan sonra Ağdam rayon Mərzili kənd orta məktəbində müəllim işləyib. 1989-cu ildə AXC Ağdam rayon şöbəsi idarə heyətinin üzvü, rayon məclisinin sədri olub. Könüllü müharibəyə getdiyi üçün Məclis sədrliyindən istefa edib. Ağdamda keçirilən mitinqlərdə birinci mitinqdən sonra bütün mitinqlərin aparıcısı olub.

1992-ci ilin mart ayından könüllülərdən ibarət 845 saylı əlahiddə taborun, sonra isə 836 saylı alayın 2-ci taborunun qərargah rəisi olub. Milli Qəhrəman Şirin Mirzəyev həlak olduqdan sonra ordu sıralarından istefa verib.

2016-cı ilin iyun ayına qədər 68 saylı köçkün tam orta məktəbində müəllim işləyib. Hazırda təqaüdçüdür.

Davamı...

Əməliyyat başlanan kimi bir tankımız lüləsindən vurulmuş, təcili tibbi yardım maşını isə minaya düşmüşdü. Mən hadisə yerinə çatanda yaralıları götürmüşdülər. Ölüm olub-olmadığını bilmədim. Bir tərəfdən də hücuma gedirdik, belə şeyləri öyrənmək üçün imkan yox idi.

Əməliyyat Xaçın çayı ilə Sırxavənd qəbirsanlığının arasında başladı. Yolun minalanmış ola biləcəyi ehtimalı ilə piyadaların qəbirlərin arası ilə keçib getməsi qərara alındı. Diqqət çəkəcək ilk hadisə qəbirlərin arasında bir cəsədə rast gəlməyimiz oldu. "Goreşən"lər qazıb çıxarmış,onu qəbrin yanında uzatmışdılar. Bölüklərin birindən olan Sırxavəndli döyüşçü bizə izahat verdi ki, kəndin işğalından əvvəl cəsədini gördüyümüz cavan oğlan Sırxavəndin müdafiəsində çox fəal iştirak etmiş, ermənilərin kifayət qədər itki verməsinə səbəb olmuş, döyüşlərin birində şəhid olmuşdu. Hadisədən az sonra kən ermənilər tərəfindən işğal olunmuşdu. Məlumat üçün qeyd edirəm ki, Sırxavənd və Ballıqaya kəndləri bir-birinə çox yaxındır və bu iki kəndin cavanlarının bir-birini tanıması heç də təəccüblü deyil. Cəsədi qəbirdən çıxarılmış gəncin kimliyi (adı, soyadı) haqqında heç bir şey öyrənmək imkanı yox idi, ətrafda döyüş gedirdi. Bircə o məlum oldu ki, "göreşən"lər onun əlindən o qədər yanıqlı imişlər ki, qisaslarını cansız cəsəddən almışdılar. Erməni xislətinin bariz nümunəsi olan bir hadisə ilə də rastlaşmışdıq.

Qəbirsanlıqdan çıxıb kəndə girən kimi başqa bir hadisə diqqətimi cəlb etdi. Zavoddan yeni alınmış "UAZ" markalı yük maşını dayanmışdı və yanında heç kəs yox idi. Öz əsgərlərimi yaxına getməyə qoymadım, fikirləşdim ki, belə bir maşını heç kim sahibsiz buraxıb getməz, şübhəsiz onu minalamışdılar. Bölüklərdən birinin əsgərləri sözə baxmadılar (səhv etmirəmsə yananlardan biri də zabit idi). Maşına yaxınlaşdılar, ora-burasına baxdılar, kabinənin qapısını açıb əyləşdilər və mühərriki işə saldılar. Maşının kuzası müxtəlif növ sursatla dolu idi, yalnız silahların özü yox idi. Vəziyyətdən məlum oldu ki, arxadan döyüş texnikasının gəldiyini görən sürücü düşünüb ki, maşında onu vura bilərlər. Ona görə də maşını qoyub qaçmışdı. Maşın əlbəttə, saz vəziyyətdə idi və uşaqlar onu sürüb apardılar. Heç bir maneəyə rast gəlmədən, bir güllə belə atmadan Sırxavənd kəndini keçdik. Yalnız Dovşanlı kəndi tərəfdən bizi artilleriya atəşinə tuturdular və bu atəş heç kəsə zərər vermirdi. Bütün bu vaxtı ərzində Şirin Mirzəyev Mübariz Əliyevin idarə etdiyi UAZ markalı maşınla bizi müşayət edir, tapşırıqlar verirdi. Hava qaralanda Ballıqaya kəndinə çatdıq və komandir kəndə girməmək əmri verdi. Həmin vaxt kənddə çox böyük hay-küy vardı. Hiss olunurdu ki, kənd əhalisi vaxtında uzaqlaşa bilməmişdi və bizim qarşımızda xeyli mülki vətəndaş var. Xocalı hadisəsindən cəmi 3 ay keçmişdi və yaralar heç qaysaq da bağlamamışdı. Xocalı bizim sağalması mümkün olmayan yaramız idi və bu yaradan axan qan təkcə ağrı yox, həm də hər bir könüllüyə vicdan əzabı verirdi. Bu gün isə əlimizdə imkan düşmüşdü ki, Kçan (Ballıqaya) kəndini iki tərəfdən mühasirəyə alaq və kənd əhalisinin böyük bir hissəsinin qaçmasına imkan verməyək. Belə olan halda əhali kənddən sərbəst çıxa bilməyəcəkdi. Yalnız üzüyuxarı, dağa tərəf piyada getmək mümkün olacaqdı.

Hücum zamanı Sırxavənd kəndinin necə talan edilmiş, yandırılmış və dağıdılmış olduğunu da görmüşdük və bütün bunlar bizi daha da qəzəbləndirmişdi. Bu səbədən də əməliyyatın birdən niyə dayandırıldığı barədə soruşanda çox sakit şəkildə cavab verdi:

- Gecənin qaranlığında kəndin içərisində əməliyyat keçirmək olmaz. Bir-birimizi atəşə tutar. əməlli-başlı tələfat verə bilərik. Səhərin açılmasını gözləməliyik. Əli silah tutanlar ələ keçməyəcəklər, qocalar, qadınlar və uşaqlar isə bizə lazım deyillər və onlar üçün risk etməyə dəyməz. Kəndi iki tərəfdən mühasirəyə aldıq və səhərə qədər gözlədik. Mənim rəhbərlik etdiyim qrupa Ağdərədən gələn yolu kəsmək əmri verilmişdi. Yolun kənarında post qoyuldu və səhərə qədər həmin ərazidən kəndə giriş və çıxış olmadı. Gecədən bir qədər keçmiş kənddəki səs-küy kəsildi, sadəcə olaraq tez-tez atəş səsləri eşidilirdi. Nə düşmən bizi göürdü, nə də biz düşməni. Belə atışma zamanı əsgərlərimizdən biri ayağında yaralandı. Təcili yardım maşını olmadığından yaralnı ərzaq gətirən maşınla hospitala göndərməli olduq. Gecə diqqətçəkən başqa bir hadisə baş vermədi.

Səhər açıldı. Hava işıqlanan kimi kəndə girdik. Evləri, həyətləri keçdikcə yandırılmış, xaraba halına salınmış Sırxavəndin mal-mülkünün, ev əşyalarının aqibəti məlum olurdu. Elə bir həyətə rast gəlmədik ki, orada Sırxavənd kəndindən qarət edilmiş nə isə olmasın. Evlərdən birində 6 ədəd televizor saydığım indiki kimi yadımdadır. Sökülmüş qapı-pəncərələrin, ev əşyalarının isə miqdarını müəyyən etmək  mümkün deyildi. Talançılar evlərdən götürülməsi mümkün olan bütün şeyləri daşımış, yalnız bundan evləri dağıtmış, yandırmışdılar. Kənddə 7 nəfər qoca və qadın qalmışdı. Görünür, onları aparmağı lazım bilməmişdilər.

Saat 8-də artıq kəndin əsas hissəsi arxada qalmışdı və biz Xankəndi - Ağdərə yolunun üstündə müdafiə mövqeyi tutmuşduq. Sakitlik idi və bu sakitlik yalnız saat 9-dan sonra pozuldu. Ermənilər toplardan, tanklardan intensiv atəş açmağa başladılar. Maraqlı idi ki, mərmilər bizim mövqeyimizə deyil, təxminən 1-2 km arxada olan donuz fermasına, onun yaxınlığına düşürdü. Tezliklə ermənilərin fermaya (ferma çoxdan boşaldılmış və orada onların "qohumlar"ından bir baş belə yox idi) olan diqqətin səbəbi isə bəlli oldu. Sən demə, fermanın həyətində 2 ədəd PDM olub, UAZ markalı maşın kimi ermənilər onları da qoyub qaçmışdılar. Bizimkilər dünən qaranlıq düşməmiş həmin maşınları aradan götürmüşdülər. Ermənilər isə güman etmişdilər ki, kənddən xeyli kənarda və boş olduğu üçün fermaya kimsə getməmişdir. Həmin maşınları məhv etmək üçün mərmi ehtiyatlarına qənaət etmədən atəş açırdılar.

Bir qədər sonra ermənilərin "ferma əməliyyatı" başa çatdı və onlar bizim mövqelərimizə atəş açmağa başladılar. Arada hücuma keçməyə belə cəhd göstərdilər, bundan da bir şey çıxmadığını görüb sakitləşdilər.

Təxminən saat 13 radələrində Şirin Mirzəyev müavinləri Fəxrəddin Rəcəbovu Allahyar Əliyevi, 1-ci taborun komandiri Allahverdi Qəmbərovu və məni çağırıb dedi:

- Yeni qüvvələrin gəlməsini gözləməliyik. İndiki şəraitdə əsas vəzifəmiz tutduğumuz mövqeyi müdafiə etməkdir. Düşmən mövqelərimizə həm üst tərəfimizdəki dağlardan, həm Ağdərə, həm də Xankəndi tərəfdən hücum edə bilər. Dağda texnikanın hərəkəti mümkün deyil. Xankəndi tərəfdən hücuma gələ biləcək düşmən qüvvələrinin qarşısını almaq başqa hərbi birləşmələrin işidir. Ağdərə tərəfdən gələcək texnikanın qarşısını almaq üçün tanka yer müəyyən etməliyik.

Biz çox gözəl başa düşürdük ki, bizimlə məsləhət zamanı o, sadəcə olaraq "iki baş bir başdan daha yaxşıdır" prinsipini əsas tuturdu. Çox gözəl bilirdi ki, həlledici qərarı özü verəcək. Beləcə lazım olan yeri müəyyənləşdirdik və mənə müraciətlə dedi:

- Sən qayıt taborun qərargahına, hər an çağırışa hazır ol. Nəzərə al ki, bütün bölüklər döyüş vəziyyətinə hazır olmalıdırlar.

Əlbəttə, komandir bilirdi ki, Şıxbabalı bölüyü Ballıqaya kəndindədir. Gülablı bölüyünü hücuma cəlb etmək mümkün deyildi, çünki kənd üç tərəfdən ermənilərin əhatəsində idi. Bağbanlar bölüyü də lazım olan anda həmin bölüyün köməyinə çatmalıdır. Mən də bilirdim ki, Şirin Mirzəyev döyüşə cəlb edilə biləcək qüvvələr dedikdə Qulular və Mərzili bölüklərini nəzərdə tutur.

Kənddən çıxdım. Yolda ikən mənə məlumat verdilər ki, 845 saylı hərbi hissənin (əlahəddə tabor) komandiri Allahverdi Bağırov və tibb xidməti rəisi ehtiyatda olan kapitan Nizami Şükürov Naxçıvanik kəndi uğrunda gedən döyüşlər zamanı hələ dünən ayrı-ayrı maşınlarda minaya düşərək şəhid olublar. Təxminən üç il idi ki, gecə və gündüz bu adamlarla məşğuliyyətimiz, sevincimiz, kədərimiz eyni idi, şərait bizi yaxından yaxın, doğmadan doğma etmişdi. Bu iki nəfərin şəhid olması mənə o qədər ağır təsir etmişdi ki, bir neçə gün özümə gələ bilmədim və ətrafımda baş verən hadisələrdən heç nə yadımda deyil. Yalnız iyun ayının 15-də Ballıqaya kəndində olan qüvvələrimizin mühasirəyə düşdüyünü bildikdə baş verən hadisələri dərk etməyə başladım. Həmin vaxtlar briqada komandiri Elxan Orucov tərəfindən may ayının 9-da tabor komandiri təyin edilmiş M. Səlimov Gülablı kəndindən kənara çıxmırdı və taboru əslində mən idarə edirdim. Hər an mühasirəyə düşmüş qüvvələrimizə köməyə getməyə hazır olmağı tapşıraraq alayın qərargahına gəldim və hadisənin ciddiliyini burada dərk etdim. Qərargahda olanların gizli-gizli göz yaşlarını necə sildikləri indi də yaddaşımdan silinməyib.

Qərargahda məlum oldu ki, mühasirəni yarmağa təşəbbüs göstərilmiş, nəticə olmamışdır. Ermənilərin yaxşıca gizlədilmiş texnikası açıqlığa çıxan döyüş texnikamızı vurub, yaxınlaşmağa imkan verməyib. Briqadada hansısa tədbirin hazırlanması barədə heç bir məlumatımız yox idi. Bəlkə də həmin bir-iki saat ərzində qərargahda olan əsgərlər və zabitlər bir neçə il qocaldılar.

Taborun qərargahına qayıtdım. Cəhənnəm əzabı ilə dolu bir gecə keçdi və səhər açılanda məlum oldu ki, şəxsi heyət və texnika arasında xeyli itki olsa da, hərbiçilərimiz həmin vaxt, demək olar ki, boş olan Qazançılar kəndi tərəfindən mühasirədən çıxıblar.

Axşamüstü ratsiya ilə məlumat verdilər ki, səhər tezdən (17 iyun) alayın qərargahında olmalıyam. Deyilən vaxtda alayda oldum. Məlum oldu ki, məni Şirin Mirzəyev çağırtdırmışdı. Otağına getdim. Görüşən kimi ilk söhbətimiz mühasirədən çıxmaq haqqında oldu. Az sonra keçdi əsas məsələyə:

- Tabor komandirliyini qəbul etməli olacaqsan.

Fikir çox qısa, amiranə şəkildə ifadə olunmuşdu. Sanki, başqa heç cür mümkün deyildi. Hər ikimiz bilirdik ki, briqada komandirinin mayın 9-da təyin etdiyi adama tabor etibar etmək olmaz. Təyin olunduğu gündən əsas işi qərargaha gəlib Gülablıya qayıtmaq olmuşdu. Daşbaşı əməliyyatından qabaq aramızda ciddi bir narazılıq olmuşdu. 1200 litr benzini Gülablı bölüyünə aparmış, hara sərf olunduğunu soruşduqda yalnız azyaşlı uşağın inana biləcəyi sözlər demişdi:

- Uşaqlar maşına benzin tökəndə çənin kranı açıq qoyublar. Benzinin hamısı axıb gedib.

Bir dəfə də Gülablı bölüyünün uşaqlarını döyüş bölgəsindən uzaqlaşdırmış, bu zaman isə qəza törənməsinə səbəb olmuşdu. Onun haqqında fikirimizdə yektil idik: "Tabora yeni komandir lazımdır". Ancaq mənim namizədliyim haqqında heç bir söhbət olmamışdır. Reportajın əvvəlində də qeyd etmişdim ki, mən qərargah rəisliyinə deyil, tabor komandirinin müavinliyinə razılıq vermişdim. Sonradan bu barədə söhbət olduqda  mənə söz vermişdi ki, qərargah rəisliyinə hərbi təhsili olan zabit tapacaq, məni əvvəl nəzərdə tutulmuş vəzifəyə qaytaracaqdır. İndi birdən-birə "tabor komandiliyini qəbul etməli olacaqsan" deməsi göstərirdi ki, qəti qərara gəlib. Fərqli arqumentlərlə xeyli "deyişdik". Qəti fikirimi bildirdim:

- Məni tabor komandiri kimi görmək istəyirsinizsə, tədris taborundan gələn həqiqi hərbi xidmət əsgərlərini taborlar arasında bölüşdürməyin, bir tabor formasında saxlayın və məni komandir təyin edin.

- Yaxşı, olsun, mən Səlimovun yerinə başqasını taparam, - deyə yekun fikrini bildirdi.

Tədris taborundakı əsgərlərin hazırlıq müddəti yaxın günlərdə bitirdi və tezliklə bu söhbətə qayıdacağımızı hər ikimiz bilirdik.

Qərargaha qayıtdım. "Ön xəttə sükut çökmüşdü" desəm, doğru olar. 836 saylı hərbi hissənin bütün əsgər və zabitlərini şoka salacaq, rayonun erməni hərbi birləşmələrindən müdafiə olunmasında bir boşluq yaradacaq o məsum hadisəyə təxminən 24 saatlıq bir vaxt qalırdı.

Əfsanəvi komandirin ölümü
18 iyun 1992-ci il. Günortadan sonra. Tank taborunun komandiri Tahir Qürbətoğlu tankların hansı mövqedə qoyulacağı barədə Şirin Mirzəyevlə məsləhətləşmək üçünalayın qərargahına gəlir.  Alay və tabor komandirlərindən başqa baş leytenant Yavər (soyadı yadımda deyil), Şirin Mirzəyevin qardaşı oğlu Mübariz Mirzəyev və əmisi nəvəsi Araz Mirzəyev Mübariz Əliyevin idarə etdiyi maşına əyləşib ön mövqeyə gedirlər. Tankların dayanacağı yerləri müəyyənləşdirib geri qayıdarkən tank əlehinə minanın partlaması nəticəsində ağır yaralanır. Mübarizə Əliyevdən başqa maşındakıların hamısı həlak olur. Mina maşının sağ, arxa təkərinin altında partlayır. Bu səbədən də sürücü başqalarına nisbətən az xəsarət alır. Şirin Mirzəyev də hospitala aparılarkən sağ olur, yolda dünyasını dəyişir.

Gecə ikən alayın bütün şəxsi heyəti baş vermiş hadisədən xəbər tutdu. Ertəsi gün cənazə Bakıya yola salındı. Beləcə Ağdam ərazisinin erməni hərbi birləşmələrindən müdafiəsində Şirin Mirzəyev dövrü başa çatdı. Mən qətiyyən o iddiada deyiləm ki, əgər 1992-ci ildə Şirin Mirzəyev şəhid olmasaydı, 1993-cü ildə Ağdam rayonunun çox böyük hissəsi işğal olunmazdı.

Sadəcə olaraq düşündüklərimi deməyi vacib bilirəm. Hətta mənim düşündüklərim kimlərinsə xoşuna gəlməsə, kimlərəsə qeyri-adi gəlsə belə, ancaq düşündüklərimi deyəcəm. Qarabağ müharibəsi dövründə 3 briqada komandiri, 1 alay komandiri, 10-dan artıq tabor komandiri tanımışam. Onlardan kimisə Şirin Mirzəyevlə müqayisə etmək mənim üçün çətindir.

O vaxtlar hər hansı bir hərbçinin təltif olunması üçün  döyüş yoldaşlarının rəyi nəzərə alınırdı. Şirin Mirzəyevin döyüş yolu, qəhrəmanlığı, təltif layiq olduğu barədə rəy yazanlardan biri də mən idim.

Aradan nə az, nə çox  düz 25 il keçir və şübhəsiz o vaxt nə yazdığım yadımda deyil. Bircə onu bilirəm ki, həmin rəyi bu gün yazsaydım, o yazı daha geniş, daha dolğun, daha ətraflı olardı. Çünki bu 25 ildə ildə elə bir hərbçiyə rast gəlməmişəm ki, bir hərbi mütəxxəsis kimi onu Şirin Mirzəyevdən üstün hesab edim.

Çox çalışdım, Şirin Mirzəyevə dəxli olmayan bir hadisə barədə danışacam. 1993-cü ilin 12 iyun idi. Mərzili kəndində heç bir ailə yaşamırdı, sadəcə bəzi adamlar evlərinə, həyətlərinə baxmaq üçün kəndə gedirdilər. Səhər tezdən rayonun Çəmənli kəndindən şəhərə getdim və eşitdim ki, ermənilər Mərzili kəndinə yenə hücum ediblər. O vaxt artıq mənim vaxtilə qulluq etdiyim taborun qərargahı Mərzili kəndindən Novruzlu kəndinə köçürülmüşdü. Novruzlu kəndinə çatdıqda ermənilər 1992-ci ilin dekabrında işğal etdikləri Çeyildağ istiqamətindən həm Mərzili kəndinə hücum etmiş, həm də Ağcabədi rayonunun Qiyaməddinli kəndini keçərək Ağdamın Yusifcanlı kəndinə girmiş, kəndi yandırmağa başlamışdılar. Bizim xeyli qüvvəmiz Novruzlu kənd orta məktəbinin yanına toplaşmışdı. Kənd sovet sədri Talıb Abbasquliyevin silahını alaraq bir neçə nəfərlə kəndə getdim. Kəndin ortasında 4 nəfərin meyitini götürərək yenidən kəndin aşağı tərəfinə qayıtdıq. Təxminən bir kilometr aşağıda vəziyyətdən baş çıxarmaq istədiyimiz vaxt Novruzlu kəndi tərəfdən bir UAZ markalı maşın gəldi. Maşın dayanan kimi onun içindən briqada komandiri polkovnik - leytenant Talib Məmmədov düşdü və salamlaşan kimi soruşdu:

- Müəllim, necə düşünürsünüz, nə etmək lazımdır? (Görünür, maşında gələrkən məni ona tanıtmışdılar, yoxsa o mənə belə müraciət etməzdi)

Cavab verdim:

- Ermənilər geri qayıdarkən iki yoldan birini seçməlidilər. Ya Mərzili kəndinin ayağındakı çəkil bağının altındakı yol ilə qayıtmalı, ya da Qiyaməddinli kəndinin içindən keçən yol ilə getməlidilər. Bu iki yolun arasında təxminən 10 km məsafə var və həmin ərazidən texnikanın keçməsi mümkün deyil. Dərin qobu aranı kəsib. Həmin iki yolu qumbaratan, pulemyot və avtomatlarla silahlanmış iki qrupla kəsmək mümkündür. Qobunun içi ilə gedən qüvvələri heç yerdən düşmənin görməsi mümkün deyil. Hər biri 20-30 nəfərdən ibarət iki qrup düşmənə çox böyük tələfat verər.

İnsafən, briqada komandiri məni axıra qədər dinlədi və çox sakit halda dedi:

- Müəllim, siz deyənlər kinoda olur.

Mən də çox sakitcə: - "Elə mən də müharibəni kinolardan görmüşəm", - dedim və onun yanından uzaqlaşdım.

Əmin idim ki, Şirin Mirzəyev heç vaxt mənim dediklərimə belə yanaşmazdı. Məhz briqada komandirinin bu yanşmasının nəticəsində Yusifcanlı və Qiyaməddinli kəndlərində onlarla ev yandırmış ermənilər sağ-salamat geri qaytdılar və qayıdarkən yollara, həyətlərə xeyli mina basdırdılar ki, bu minalar da sonralar xeyli tələfatlara səbəb oldu.

Bu hadisə məninm xatırladığım onlarla hadisədən biridir.

Son

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics