21.07.2017

Sürücünün katibə qonşusu

Ev üçün namizədliyimi verməmişdim, ona görə də, narazılığımı da bildirmədim. Düşünürəm ki, bildirmək haqqım da deyildi. Amma və lakin deyəcəklərim var. Sussam bir çox həmkarlara haqsızlıq etmiş olaram. Özümü vacib adam hesab etdiyimdən yox, ən azı bu camianın bir üzvü olduğumdan bunları yazmağı özümə borc bilirəm.

Evlər verildi, hər kəs təşəkkür etdi, sevindik, zəngləşdik, mesajlaşdıq, xeyirli, uğurlu olsun dedik. Açığı ilk açıqlanan adları görəndə hamı kimi mən də sevindim.


Hətta bəzi şəxslərin adlarının çıxmasını 2 tuz çıxardıb, 3-cü tuzu gözləyən qumarbaz kimi gözləyirdim və çıxdı da. Əla, gözəl, bəh-bəh.

Yalnız imzalarını tanıdığımız şəxslərin adlarının açıqlanması, bunların sayının aşağı-yuxarı əl və ayaq barmaqlarımızın sayı qədər olması, digər ev alanların adlarının açıqlanmaması şübhə yaratdı. Özünü dahi sayanlar, az qala ABŞ-ın 50 il sonrakı siyasətin oxuyanlar, dünyanın gəlişini-gedişini bilənlər tez bazar atıldılar ortalığa ki, "bəsdirin narazlıq etdiniz, ay haray hər şey ƏDALƏTlidir". Xüsusən iş, rumka, qrup yoldaşlarının ev aldığına görə yerdə qalanları (katibə, sürücü, texniki işçi) nəzərə almadan, narazılıq edənləri yıxıb sürüdülər. Açığı onları haqlı da sayırdım. Çünki adları açıqlananlar layiq idilər. Jurnalistə evin verilib, verilməməsi ayrı mövzudur. Bununla bağlı deyəcəyim tək şey odur ki, jurnalist göydən dolu ilə düşməyib. Jurnalistə veriləcək tək şey qonarar ola bilər, o da ev şəklində yox.

Sonradan bütün siyahı açıqlandı. Və, və məlum oldu ki, katiblər, texniki işçilər, sürücülər də ev alıb. Katibələr ha. İllərlə yaz, poz, gözlərinin nurunu itir, mini tumanlı, geniş sinəli, gözü sürməli biri gəlib sözün əsl mənasında jurnalistlə qonşu olsun. Babamdan bir söz eşitmişəm, bəlkə də hamımızın öz babasından eşitdiyimiz bir söz var, "alanda ev yox, qonşu alırsan". Bəs bu sizin iş, rumka, qrup yoldaşınıza haqsızlıq deyil?

Haqsızlıqdı, ədalətsizlikdi, hətta təhqirdir.

Sosial şəbəkədə "jurnalist"dən çox "zurnalist" sözü ilə rastlaşırıq. Bunun günahı kimdədir? Səndə, məndə, bizdə, hər birimizdədir. Heç kim yaxasın geri çəkməsin.

Türkiyə türklərində belə bir deyim var "dövlətin malı dəniz, yeməyən donuz". Ən çox dövlətin malın yeyən donuzlardan (məntiqlə donuz olmayanlar yazmalı idim, mənə də belə sərf edir, mən də belə yazıram,sonra?) yazanlar, özlərinə sərf etdiyi üçün deyir ki, dövlət verir, biz də alırıq. Donuz deyəndə ağıla gələn ilk şey, burnun aşağı salıb, zir-zibillə eşələnən, elə o zir-zibili yeyən heyvan gəlir. Jurnalistika ilə donuzun nə əlaqəsi var heç özüm də bilmədim.

Ev alanları - katibəsindən, sürücüsündən, texniki işçsindən tutmuş jurnalistlərə kimi hər kəsi təbrik edirəm.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics