4.07.2017

"Azərbaycan dilini məmurlarımız bu günə qoyub" — İqbal Ağazadə ilə MÜSAHİBƏ


 "Azərbaycan dilini məmurlarımız bu günə qoyub"
 

"Qənimət Zahid və bir başqası haqqında o qədər şeylər danışaram və bu danışdıqlarım da həqiqətə yaxın şeylər olar"
 

"Yeni qüvvələr ortaya çıxsa, "Müsavat"la "Cəbhə" dərhal birləşəcək"
 

"Allahla insan arasına vasitəçilər girirsə o din yox, təşkilat olur"

Siyasi durqunluq, cəmiyyətdəki problemlər, dini radikalizmin güclənməsi.

Bu səpkidə suallarımızı İqbal Ağazadə cavablandırıb.


"Ölkə.Az" Ümid partiyasının sədri İqbal Ağazadə ilə geniş müsahibəni sizə təqdim edir:

- Salam, İqbal bəy.

- Salam. Xoş gəlmisiniz.

- İqbal bəy, siyasi vəziyyət necədir?


- Baxır hansı tərəfdən baxırsınız. Region siyasəti bir fərqlidir, ölkə daxili siyasət bir fərqli.

- Bu gün ölkə daxilindən danışaq.

- Ölkə daxilində süstlükdür. Süstlüyün səbəbləri var. Əvvəla yay dönəmi siyasətdə həmişə süstlük olur. İkincisi də, siyasi institutların bu günki vəziyyəti, hakimiyyətin də siyasi institutlara münasibəti yeni müstəviyə çıxmayıb. Köhnə müstəvidə davam etdiyinə görə problemlər davam edir. Bunun fonunda da siyasi insitutlar hələ də toparlanıb ictimai-siyasi vəziyyətə təsir etmək imkanlarına malik deyillər.

- Gələn il ölkədə prezident seçkiləri keçiriləcək. Hakimiyyətin artıq indidən bu seçkiyə hazırlaşdığını hiss etmək olur. Ancaq Azərbaycan müxalifətində hansısa hərəkətlilik görmürük.

- Əslində müxalifət çoxdan hazır olmalı idi. Ancaq hazırlaşmaq üçün seçkilərə ümid olmalıdır. Azərbaycanın ictimai-siyasi cəhətdən aktiv olan kəsimi seçkilərə ümidini itirib. Nəticəsizlik siyasi cəhətdən aktiv olan insanları, siyasi insitutlarda cəmləşən insanları ümidsizlik girdabına salıb. Buna görə də, hazırlığın hansı dərəcədə əhəmiyyətli olacağı o qədər də insanları, siyasi institutları maraqlandırmır. Bu gün qarşımızda dayanan əsas məsələ seçki deyil. Əsas seçkini keçirən insitutlara təsir imkanlarının olub, olmamasını araşdırmaqdır. Bu gün siyasi institutların seçkini keçirən institutlara təsir imkanları çox azdır. Əvvəlcə bundan başlamaq lazımdır. Qanunvericilik bazasında, seçki məcəlləsində dəyişikliklərin edilməsinə ehtiyac var. Əvvəlki illər bu faktorlar var idi. 2003, 2005-ci il seçkilərində seçki keçirən orqanlara təsir imkanları var idi, ancaq sonradan bu təsir imkanları sıradan çıxdı və seçkiyə hazırlaşmamaq seçkidə iştirakın əhəmiyyətini o qədər də artırmır. Təsir etmək imkanı olsaydı, seçkiyə hazırlaşmağın əhəmiyyəti çox olardı. Ona görə də, müxalifət kəsimi bu gün daha çox bunların üzərində düşünməlidir və bəzi hallarda da düşünür. Nə edə biləcəyik, o da zamanın məsələsidir.

- Hər seçkidə müxalif cəbhədə bir yaxınlaşmalar olur. Vahid namizəd çıxarmaq üçün işlər görülür. Bəzi partiyalar bir araya gəlir, seçkidən dərhal sonra ayrılmalar olur. Qarşıdan gələn seçki ilində də bunlar təkrarlanacaq? Açığı bu təkrarçılığın effekt vermədiyi gün kimi görünür.


- Güman edirəm ki, bu seçki ilində əvvəlki illərdə baş verənlər təkrarlanmayacaq. Müxalifət fundamental olaraq namizəd axtarışına yox, təsir imkanlarını necə əldə etmək keyfiyyətlərini axtaracaq. Proseslərə təsir imkanlarını əldə etmək üçün bu gün partiyalar ya bir yerdə, yaxud da ayrı-ayrılıqda mübarizə aparmalıdırlar. Hesab edirəm ki, bu gün üçün vacib olan budur, nəinki vahid namizədin kimliyi. Vahid namizədin kim olmasından asılı olmayaraq 5% aşağı, 5% yuxarı nəticə əldə edirsənsə, bunun bir mənası yoxdur. Bu nəticə nə cəmiyyəti, nə prosesi, nə də siyasi institutları qane etmir. Prosesin özünü qane edən bir model axtarılmalıdır. Müxalifət seçki məcəlləsindən tutmuş, proseslərə, hakimiyyətə təsir imkanlarını araşdırmalıdır. Bizim də mütəmadi olaraq müxalifət liderləri ilə söhbətlərimiz olur. Bu barədə danışırıq.

- Yəqin ki, bu seçkidə də namizədliyinizi verəcəksiniz?

- Buna partiyanın qurultayı qərar verəcək. Bizim son qurultayımız 2013-cü ildə olub. Nizamnamə tələblərinə görə, 5 ildən bir qurultay keçirilməlidir. Növbəti qurultayımız gələn ildir. Qurultaya hazırlıq ərəfəsindəyik. Təşkilatlanma və yerlərdə konfranslar keçirilir. Qurultay müəyyən edəcək ki, biz seçkilərə qatılırıq, yoxsa yox.

"Hüquqi dövlətin içərisində bütün ideologiyalara, yaşam tərzlərinə yer var"

- Azərbaycanda nəyə görə insanlar ideologiya arxasınca yox, lider arxasınca gedir?

- Əslində ideoloji bölgülər bir zamandan sonra sıradan çıxdı. Dünyanın hər yerində də bu belədir. Baxmayaraq ki, Avropada mübarizə millətçilərlə, sağçılarla mərkəzçilərin arasında getdi. Ancaq bu da ideoloji mübarizə deyildi. Əslində ortaya qoyulan hüquqi bazanın necə formalaşdırılması idi. Ölkə vətəndaşlarının və yaxud da ölkənin daxilinə hesablanmış hüquqi baza yaradılacaq, yoxsa dünyaya hesablanmış hüquqi baza yaradılacaq. Məsələn mərkəzçilər dünyaya hesablanmış hüquqi bazanın üzərində qurulmuş dövlət idarə etmək istəyirdilər. Sağçılar isə ölkəyə yönəlik, mühacirlərin ölkəyə gəlməsinin qarşısını almağa yönəlik hüquqi baza ilə dövləti idarə etmək istəyirdilər. Artıq dünya hüquqi bazanın üzərində formalaşır. Dünya hüquqi dövlət modelinə keçir. Hüquqi dövlət modelində ideologiya arxa plana keçir. Bu baxımdan da liderlərin önəmi artır. Bu, dünyanın hər yerində belədir. Respublikaçıların qələbəsinə baxaq. Respublikaçılarla Trampın özünün şəxsi keyfiyyətləri arasında böyük fərq var, ancaq Tramp qalib gəldi.

Azərbaycan da dünyanın bir parçasıdır. Ona görə də, burada da ideologiyalar artıq arxa plana keçir. XXI əsrdə hüquqi dövlət dünyanın baş tezisidir. Ona görə də, hüquqi dövlət ideologiyadan üstün anlayışdır. Hüquqi dövlətin içərisində bütün ideologiyalara, yaşam tərzlərinə yer var. İdeologiyalar bir yerə gəlib çatanda dövlətə də müxalifçilik yaradır.

- Son vaxtlar bir çox millət vəkilləri rus dilinin vacibliyindən danışdılar. Bəziləri isə daha da irəli gedərək Rusiya olmasa Azərbaycan olmaz dedilər. Hətta bu elə bir həddə gəlib çatdı ki, rus dili Azərbaycanda ikinci rəsmi dil elan edilsin deyənlər meydana çıxdı.

"Azərbaycan dilini Azərbaycan məmurları bu günə qoyub"


- Hüquqi dövlət, sistem, daxildən ölkə güvənliyi olsun, öz dilin sənə dünyaya çıxmaq üçün yetərli olacaq. Bir anlıq düşünək - elmli, inkişaf etmiş bir cəmiyyət kimya, fizika, riyaziyyatda, texnologiya sahəsində kəşflər edibsə, onun dilə nə aidiyyəti var ki? Kimsə Dostoyevskini rus dilində oxumaq istəyirsə, gedib rus dilin öyrənib oxusun. Dostoyevskinin azərbaycan dilində mükəmməl tərcümələri var. Oşonu hökmən gedib öz dilində oxumaq lazım deyil, Oşonun azərbaycan dilində tərcüməsi var.

Bu söz söhbətlər daha çox qul təfəkküründən, cılızlıqdan, müstəqil şəxsiyyət kimi formalaşmamaqdan irəli gəlir. Biz hesab edirik ki, dil bildikcə vacib insanıq. Dil bilməsək vacib insan deyilik. Öz dilini bilərək də dünyanın istənilən yerinə açıla bilərsən. Sənin fikrin maraqlıdırsa, səni tərcümə edib dinləməyə, oxumağa özündə ehtiyac duyacaq və onun arxasınca gedəcəklər. Biz niyə xarici mənbələri, yazıları oxumağa çalışırıq? Çünki ehtiyacımız var. Siz fizika elmində yeni bir kəşf edin və o kəşfi Azərbaycan dilində yazın. Sadəcə bir məlumat getsin ki, fizika elmində yeni bir kəşf olub. İnanın ki, gələcəklər, götürəcəklər, tərcümə edəcəklər və tətbiq edəcəklər.

Azərbaycan dilini Azərbaycan məmurları bu günə qoyub. Bu gün nazirliyin dəhlizlərində olarkən fikir versəniz, hamısı rus dilində danışır. Hansı vəzifəli iki adama rast gəlsəniz, görərsiniz ki, öz aralarında rus dilində danışırlar. Faciə bundadır. O adamlar müstəqilliyin, bayrağın qədir-qiymətini bilmirlər. Ona görə də, başqa bir dildə danışırlar.

- Hər dəfə rus dili barədə, Rusiyaya meyilli çıxışlar olanda "5-ci kalon" məsələsi ortalığa atılır. Azərbaycanda "5-ci kalon" var?

- "5-ci kalon" ideologiyaların olduğu bir yerdə var idi. Onlara rəsmi şəkildə pul ödəyirdilər və onlar da bu işlərlə məşğul olurdular. İndi isə düşüncələr var. Bu düşüncələri isə ənənəvi olaraq kalonlara bölürlər. Var Rusiyanın yanında olanlar, var Qərbin yanında olanlar. Bunları kalon anlayışı ilə qatışdırmaq düzgün deyil. Azərbaycanın inkişafını Rusiyada görənlər var. Bu faciədir. Çünki Rusiyada yaxşı heç nə yoxdur. Misal üçün, Rusiya Azərbaycanı Avrasiya İttifaqına dəvət edir. Avropa Azərbaycanı Avropa İttifaqına dəvət etmir. Azərbaycanın qarşısına şərtlər qoyur ki, bunları etməlisən. Etsən sonra səni müzakirə edəcəyik. Çünki ora qiymətli yerdir. Çünki orada hər kəs yerini bilir. Avroasiya İttifaqı isə deyir ki, necə istəyirsən ol, ancaq gəl bizə qoşul. Çünki orada dəyərlər yoxdur. Orada dəyərsizlik və bir ölkənin mənafeyini qorumaq var.

Mənə irad tuturlar ki, siz çox qərbpərəst çıxış edirsiniz. Mən nə qərbpərəstəm, nə də digərpərəst. Mənə Rusiya, İran Qərbdəki idarəçilikdən gözəl idarəçilik metodu göstərsin, onların idarəçiliyini tərifləyim. Adamlar insanların haqqına girir. Adamlar insanları azad düşünməyə, azad seçməyə, fikir bildirməyə, hətta geyinməyə belə imkan vermirlər. Mən o cür olmaq istəmirəm. Ona görə də, "5-ci kalon" anlayışını boş vermək lazımdır. Hər kəs şəxsi mənafeyini düşünür.

- Siz deputat seçilməyəndə belə bir fikir səsləndirdilər ki, Eldar Mahmudov vuruldu deyə, İqbal Ağazadənin seçilməyinə mane oldular. Bu yaxınlarda yenidən sizin keçmiş MTN-in agenti olduğunuz barədə fikirlər səsləndirməyə başlayıblar. Bir cavab haqqı...

- Mənim adımı Azərbaycan iqtidarında kimlər varsa, onların hamısı ilə əlaqələndirməyə çalışıblar. Mən özüməm, öz yolumu gedirəm, öz xəttimi qoyuram. Mənimlə də bir yerdə bu təşkilat gedir. Bizim dövlətə, dövlətçiliyə yanaşmamız özümüzün yanaşmamızdır. Kimsənin yanaşması deyil. Parlament seçkilərində bizi vurdular. Bəs mən tutulanda niyə məni müdafiə etmədilər? Mən onların yanındaydımsa, tutulmağa qoymayaydılar.

Eldar Mahmudova görə məni vurdular? Eldar Mahmudovun vurulacağını kim bilirdi ki, avqust ayının sonunda mənimlə alternativ olan mənlə olan dairədən namizədliyini vermişdi və yüksək çinli məmurlarla və Prezident Administirasiyasında kimlərlə görüşü haqqında mətbuatda yazı getmişdi. Bəs onda bu görüşlər niyə oldu? Deyirlər ki, MTN məsələsi qəfil oldu. Ancaq o adam gəlmişdi ora və hamımız da bilirdik ki, kim, necə və hansı şəkildə göndərib.

- Qənimət Zahid son zamanlar sizin MTN-nin agenti olmağınızla bağlı danışır və sübutları olduğunu deyir. Əslində bu suallar oradan qaynaqlandı.


- Qənimət Zahidə o barədə cavab vermək istəmirəm. Mən də Qənimət Zahid və bir başqası haqqında o qədər şeylər danışaram və bu danışdıqlarım da həqiqətə yaxın şeylər olar. Ancaq danışmıram. Bu gün cəmiyyətin və siyasətin problemi o deyil. Bu gün cəmiyyətimizin, siyasətimizin problemi kimin kimlə münasibəti var, kimin kimlə münasibəti yoxdur deyil. Cəmiyyətimizin o qədər problemləri var ki, siyasətçi onunla məşğul olmalıdır. Biz adətən bununla məşğul olmamışıq, ona görə də gəlib bu vəziyyətə düşmüşük.

İnsanları və siyasətləri tənqid etməyin fərqli metodları və yolları var. Bundan danışmaq daha doğru olar. İnsanlara qara yaxmaq, insanların üzərinə ləkələr atmaq hər kəsin vicdanının məsələsidir. Bir məsələ var. Durmadan məndən yazırlarsa, danışırlarsa demək ki, yerimdəyəm. Mənimlə rəqib olanlarda bir həyacan var ki, aman bizdən irəlidədi və ya irəlidə ola bilər. Bu bir siyasətçi üçün əslində fəxr ediləsi bir şeydir.

- Azərbaycan siyasətindəki müxalifət liderləri daha çox xalq hərəkatından çıxanlardır. Son zamanlar Azərbaycan siyasəti İlqar Məmmədovu yetişdirib. Başqa liderlər yetişmir. Bunun səbəbi nədir?

- Hesab edirəm ki, Ümid Partiyası qədər bu siyasəti uğurlu aparan olmayıb. Biz tək partiyayıq və siyasətdə tək partiya sədriyəm ki, məhz dediyiniz şineldən çıxmamışam. Nə xalq hərəkatının liderlərindən olmuşam, nə də 92-93-cü ildə hakimiyyətdə olmamışam, nə də Heydər Əliyev dönəmində olub, sonradan istefa verib müxalifətə keçməmişəm. Biz siyasətə yeni xəttlə gəlmişik. İlqar Məmmədovun da Allah qapısını açsın. İlqar Məmmədov REAL Hərəkatından sonra parladı. Düzdür, REAL Hərəkatı partiyaya çevrilə bilmədi, istərdim ki, onlar da partiyaya çevrilsinlər və belə partiyaların sayı çox olsun. Ən azı gələcəyin şəkilləndirməsində bu tipli partiyaların bir-birini başa düşmək və əməkdaşlıq etmək imkanları daha da geniş olacaq. Çünki köhnələr daha çox bir-birini müdafiə edir. Yeni qüvvələr ortaya çıxsa, "Müsavat"la "Cəbhə"nin birləşməsində heç bir problem olmayacaq.

- Yeni qüvvə birləşmək instinqini işə salacaq.


- Bəli. Dərhal birləşəcəklər. Bundan heç bir şübhəniz olmasın. Heç kim yoxdur deyə bir-biriləri ilə mübarizə aparırlar. Heç bir yeni alternativ birlik yoxdur. Bir birlik ortaya çıxsın, onların birləşməkdən başqa yolları qalmayacaq. Aşağı-yuxarı "Ümid"in gücü "Müsavat"ın gücü, "Müsavat"ın gücü "Cəbhə"nin gücü qədərdir. Güclər bərabərdir. Əgər ictimai-siyasi proseslərə təsir etmək gücündə deyilsənsə, nə qədər güclü olmağının əhəmiyyəti yoxdur. Ona görə də, istərdim ki, İlqar Məmmədov həbsdən çıxsın, partiya şəklində formalaşa bilsinlər. Cəmiyyətin də yeni tipli partiyalara ehtiyacı var. O, bizə üstünlük verəcək.

Yeni liderlər niyə çıxmır məsələsinə gələndə isə burada təəssüf ki, iqtidarla ənənəvi güclər eyni müstəvidən çıxış edirlər. Maraqları eynidir. Heç biri hakimiyyətini qorumaq üçün yeni güclərin çıxmasında maraqlı deyil. Çünki onun əlində daha yaxşı bir alibi var: "Siz gəlmişdiniz, gördük. Bacarmadınız. Rəhmətlik Heydər Əliyevi dəvət elədiniz, o gəldi qurtardı". Biz yeni güc kimi ortaya çıxsaq, artıq o ittihamlar bizə yapışmayacaq. Gəlməmişəm, görməmisən, heç bir məsuliyyətim də yoxdur. İddiam var sadəcə, sizdən yaxşı idarə edəcəm. Köhnələr də "hakimiyyətini" qorumaq istəyir. Həm də düşünür ki, birdən şans gətirdi, bir də hakimiyyətə gəldik, niyə alternativlər ortaya çıxsın. Onlar da bu məsələdə iqtidarfason oynayırlar.

Bəlkə 20 il bundan əvvəl sistem başqa idi, siyasətin içərisində çox adam var idi. Bu gün siyasətin içərisində çox az adam qalıb. Qruplaşmalar qalıb.

- Müxalifətin daha çox radikal qanadı "xalq arxamızca gəlmir", "xalq ayağa qalxmır", "xalq, xalq, xalq". Xalqın günahı nədir?

- İnanmamaq xalqın haqqı, inandırmaq müxalifət təşkilatlarının vəzifəsidir. Təəssüflər olsun ki, biz bu gün inandırmaq və təşkil etmək funksiyalarını həyata keçirə bilmirik. Bu bizim səhvimizdir. Xalq həmin xalqdır. Problemi daha çoxdur. Ancaq xalqın vəzifəsi deyil ki, "gəl düş qabağa, biz də arxanca gələk".

Siyasətçi cəmiyyətin həkimidir. İnsanları fərdi qaydada tibb mütəxəssisləri müalicə etdiyi kimi, cəmiyətin də xəstəliklərini siyasətçilər müalicə edir. Əgər tibb mütəxəssisi bir ağrını kəsmək üçün müxtəlif dərmanlar kömək etmirsə, bu o demək deyil ki, əlini qolunu yanına salıb, bacarmıram deyə bilər. Həkim ağrının səbəbini tapmalıdır. Hətta bu günki çətinliklərdə xalq gəlib müxalif bir liderin, bir təşkilatın yanında durmursa demək ki, günah səndədir. Demək ki, onun əlacını doğru tapmamısan, o nəyə cavab verəcək onu doğru tapmamısan. Ola bilər ki, bir şüar cəmiyyəti ayağa qaldıra bilsin, ola da bilsin ki, bir şüar cəmiyyəti ayağa qaldıra bilməsin. Demək ki, alternativ axtarmalısan. Biz onu axtarmalıyıq. Çox təəssüf ki, biz də cəmiyyətin həkimi kimi doğru-dürüst problemlərin öhdəsindən gələ bilmirik.

- Azərbaycanda belə bir fikir formalaşıb ki, "istəsələr dəyişərlər". Gözləyirlər ki, gəlib bizi kimsə dəyişsin.

- Əyninizdəki geyimi, menyunuzdakı yeməyi sizin iradənizdən kənar kimsə dəyişəcəksə, nə siz geyindiyinizdən, nə də yediyinizdən zövq almayacaqsınız. Kimlər ki, belə düşünürsə çox böyük yanılır. Çünki o dəyişmələr bizim xasiyyətimizə, xarakterimizə uyğun olmayacaq. Bizə yad olacaq və biz ondan həzz almayacağıq. Biz həm də dəyişirik ki, cəmiyyət ondan zövq alsın, daha yaxşı yerlərə gedib çıxsın. Biz özümüz, özümüzə uyğun dəyişməliyik. Qətiyyətlə əleyhinəyəm ki, Azərbaycanda kənar bir qüvvə gəlib dəyişiklik etsin. Bizim modellərimiz var. Biz özümüzdən yeni modellər kəşf edə bilmərik. Çörçülün belə bir sözü var idi: "Demokratiya o qədər də yaxşı idarəetmə forması deyil, ancaq təəssüf ki, insanlar daha yaxşısını hələlik icad edə bilməyiblər". Bizdə modelləri seçəcəyik -  şəffaflıq, ictimai nəzarət. Ancaq biz dəyişməliyik, Azərbaycan insanı dəyişməlidir, Azərbaycan insanı sahib çıxmalıdır və bilməlidir ki, dəyişmək haqqı da kimsədə deyil, məhz ondadır. Belə olanda cəmiyyət güvənli olur. Cəmiyyətin dinamikliyi insanların düşüncə, şüuru ilə yanaşı həm də onların özgüvənindədir. O güvən olmalıdır ki, o dinamikliyi təmin edəsən. Bu gün Azərbaycan cəmiyyətində şüur, düşüncə kasadlığı ilə yanaşı özgüvən məsələsi də yoxdur. Çünki hər seçkidən sonra problemlər, hər seçkidən sonra itkilər insanları biraz özünə qapadıb. Heç vaxt eşitməzsiniz ki, bir toplum, kütlə kəşfə imza atıb. Kəşfləri fərdlər edir. Toplum ondan yaralanır. Bizim bu gün o düşüncədə olmağımız ki, başqaları bizi dəyişsin artıq toplumun inamsızlığından, siyasətçilərin də güvənsizliyindən xəbər verən amillərdir. Bu Azərbaycan dövlətinə və dövlətçiliyinə xeyir verməyəcək.

- Azərbaycan cəmiyyətində ideologiya çatışmamazlığı var. Ölkəni iranpərəstlər, ruspərəstlər, türk millətçisi yox türkiyəpərəstlər daha doğrusu ərdoğançılar bürüyüb. Bir kəsim də sanki ortalıqda qalmış kimi görsənir. Bu cəmiyyət niyə bu gündədir?

- ABŞ-da iranpərəst, rusiyapərəst tapa bilməzsən. Çünki ABŞ dövlət olaraq vətəndaşına sahib çıxır. Vətəndaşına sahib çıxılmayanda, ölkə vətəndaşının problemi həll olunmayanda onlar mistik şeylər axtarırlar, daha güclünün həvəskarı və pərəstişkarı olurlar. Bu hər zaman, hər dönəmdə belə olub. İnsanlar bu gün öz ölkəsində güvənə, haqqa, ədalətə və hüquqlarına malik olamayanda başqa yerlərdən imdad diləyirlər. Biz tarixi obrazlarımızı da çox zədələmişik. Babəki, Şah İsmayıl Xətaini, Rəsulzadəni, Elçibəyi, Heydər Əliyevi tənqid edirik. Birini qoymamışıq qalsın.

- Maraqlıdır ki, hamısında da səhvlər axtarırıq, birində də olsun düzü axtarmırıq.

- Bəli. Hamısını da pis çıxarmağa çalışırıq. Çünki bunun səbəbləri var. Bəzən biri deyir ki, Allah yoxdur. Biri də deyir ki, Allah yoxdursa niyə onun haqqında danışırsan? Əgər bu adamların Azərbaycan tarixində yeri olmasaydı, heç onlardan danışmazdılar. Sadəcə Azərbaycan insanı incikdi. Adamlar deyir ki, bu adamlar mənim istədiyim dövləti qura bilməyiblər. Mənim istədiyim dövlət yoxdur deyə, heç onlar da yoxdur, onların liderliyi də yoxdur, onlar da pisdir. Yaxşı bir dövlət qursaq, insanların haqq və ədalətini bərpa etsək, bu insanlar onların hamısına sahib çıxacaq. Bu gün bunun bircə səbəbi var, istədiyimizi əldə etməmişik. Problemlərimiz o qədər çoxdur, özümüz həll edə bilmirik, elə bilirlər ki, bizim problemlərimizi onlar həll etməliydi.

- İnsanlar daha çox qurtarıcı gözləyir. İslam dünyasının böyük bir çoxluğu Mehdinin, xristianlar İsanın zühur edəcəyini gözləyir.

- XXI əsrdə, elm və texnologiyanın inkişaf etdiyi bir zamanda insanlar yenə də mistik bir qüvvənin gələcəyini gözləməyə çalışırsa, vay o məmləkətin halına. Elə bir vəziyyət yaranıb ki, insanlar inamlarını, imanlarını siyasi məsələlərin üstünə çıxarıblar. Çünki iman, inam elə bir şeydir ki, Allahla sənin aranda olan bir şeyi artıq sən özündə xilasedici bir obraz kimi görürsən. Özün də bilirsən ki, gözlədiyin olmayacaq, o baş verəcək bir şey İnsanlarımız təhsildə istədiyi nəticəni ala bilmir. Ona görə də, ölkədən çıxıb gedirlər.

Bu ölkədə müstəqillikdən bu yana hər şeyə sərmayə qoyuldu, bir tək insandan başqa. Ancaq yeganə investisiya qoyacağımız insan idi, ona da investisiya qoymadıq. Əgər insana investisiya qoysaydıq, çoxdan bu vəziyyətdən çıxmışdıq. İnsanlar bəzən falçılara gedir. Dualar vasitəsilə problemlərdən çıxış yolu axtarır. Bütün bunların səbəbi çarəsizlikdir. Azərbaycan insanı çox çarəsiz duruma düşdükcə mistik qüvvələrə, dini xəttlərə inanır. Bu barədə hakimiyyət düşünməlidir. Çünki radikalizmin və dini qruplaşmanın gətirə biləcəyi bəla xalq üçün ikinci, müxalifət üçün üçüncü mərhələdir, ən böyük zərbəni hakimiyyətlər alır. Dini radikalizm olan ölkələrin tarixinə baxmaq kifayət edər.

Bizim ərazimizdə şərqdə baş verənlərə bənzər kataklizmlər yaşansa param-para edərlər bizi. Təəssüflər olsun ki, bunu düşünə bilmirlər.

"Allahla insan arasına vasitəçilər girirsə o din yox, təşkilat olur"

- Sizə elə gəlmir ki, Azərbaycan cəmiyyəti dindarlaşmağa doğru gedir?

- Siyasi institutların olmadığı vaxtda, proseslər insanların arzu və istəkləri olmadan gerçəkləşməyəndə hökmən bu tipli məsələlər ortaya çıxır.

- Təhlükə nə qədərdir?

- Böyükdür. Dünən din Azərbaycanda sosiallaşmamışdı. Bu gün din artıq sosiallaşır. Sosiallaşan bir dinin cəmiyyət üçün, həm də problemi çox olan və savadı o qədər də çox olmayan cəmiyyət üçün nə qədər qorxulu olmasının hər kəs fərqində olmalıdır. Sosial şəbəkələrdə izləyirəm, bu gün din, təriqət və məzhəb fərqi olan adamlar bir-birinə nələr yazırlar. Onların çoxunu da tanıyıram və deyirəm ki, ilahi, biz haradan haraya gəldik.

Ramazan bayramının 25-i, ya 26-sı olacağı ilə bağlı yazılanları oxudum və düşündüm, dünya hansı problemlərlə əlləşir, dünya hansı problemlərin həllinə çalışır, biz isə ay bu gün görünəcək, yoxsa sabahın davasını edirik.

Eynən, Ərdoğanın hakimiyyətinin ilk illərində mənə bu sualı Egemen Baxış (red. Egemen Baxış Türkiyənin Avropa İttifaqı naziri və millət vəkili olub) vermişdi. Sonra mənə dedi ki, biz çox inkişaf edirik. Ona "XXI əsrdə inkişaf etmiş ölkə 20 il sonra hansı texnologiyalardan istifadə olunacaq, hansı xəstəliklər yaranacaq, ona qarşı hansı dərmanlar olacaq, bəşəriyyətin problemi nə olacaq deyə müzakirə etdiyi bir vaxtda, Türkiyə cəmiyyəti məsciddə tualet olsunmu, olmasınmı bunu müzakirə edir, bax sizin inkişaf göstəriciniz budur" dedim. Çox təəssüf ki, bizim də bu problemimiz olacaq.

Mənim imanımın, inamımın mollası, şeyxi, axundu, keşişi, məscidi, kilsəsi, snoqoqu yoxdur. Əgər bunlar varsa o zaman bu din yox təşkilatdır. İnamın, imanın şeyxi, keşişi olmur, inam Allahla insan arasında olur, əgər araya vasitəçilər girirsə, o din yox, təşkilat olur, mənsə təşkilat üzvü deyiləm. Təəssüflər olsun ki, insanların çoxusunu din adı altında təşkilat üzvü ediblər. İnsanlar artıq təşkilatların maraqlarını müdafiə edirlər. Yeri gəlmişkən, bütün şərq, müsəlman dünyası mahiyyətinə görə islamın şəklini çəkməklə məşğuldurlar. Quranı kərimdə elm və təhsilin 850 dəfə adı keçir. İnsanlar adı Quranda 850 dəfə keçən elm və təhsil uğrunda qətiyyən mübarizə aparmırlar, adı Quranda 2 dəfə keçən hicab uğrunda mübarizə aparırlar. Bu islam deyil, islamın şəklini çəkməkdir. Bəzən deyirlər, filankəs islam alimidir, İslam aliminin işi isə Qurani Kərimdə yazılanları şərh etmək. Sən Allahın kəlamını şərh edərək alim ola bilməzsən.

Alim adını verdilər Qurani Kərimə şərh verənlərə, onlar da Qurani Kərimi öz bildikləri və yaxud hakim olanların xoşuna gələn şəkildə yazdılar. Adamlar alim olmağın asan yolunu tapdılar. İslam dünyasını beləcə elmdən uzaqlaşdırdılar. Halbuki bu coğrafiya dünyaya çox elmlər, alimlər vermişdi. İndi bu coğrafiyada elm yoxdur. Ona görə də, cəmiyyət bu gündədir.

- Təşəkkür edirəm, maraqlı söhbət üçün.

- Çox sağ olun. Xoş oldu.

Səxavət Məmməd
Fotolar: Çinarə Vahabzadə

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics