18.07.2017

Şirin Mirzəyevin yazdığı inşa, uğursuz Fərrux əməliyyatı — Keçmiş hərbçi danışır - VI yazı

Şirin Mirzəyev haqqında çox danışılıb, çox yazılıb. Əfsanəvi komandirin Ağdama gəlişi, döyüş yolu barədə çoxlarının bilmədiyini onun ən yaxın silahdaşı danışır.

Ötən yazıda 1905, 1992-93-cü illər Mərzili kəndinin ermənilərdən müdafiəsindən söz açmışdıq, bu dəfə isə uğursuz Fərrux əməliyyatından bəhs edəcəyik.


 
Qısa arayış:

İsmayılov Qərib Boran oğlu 1946-cı ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. 1963-cü ildə Ağdam rayon Novruzlu kənd orta məktəbini bitirib. 1971-ci ildə Lenin adına APİ-nin dil-ədəbiyyat fakultəsini bitirib. Universiteti bitirdikdən sonra Tula vilayətinin Belyov şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətin sonunda zabitlər hazırlayan kursda oxuyaraq leytenant hərbi rütbəsi alıb. Hərbi xidməti başa vurduqdan sonra Ağdam rayon Mərzili kənd orta məktəbində müəllim işləyib. 1989-cu ildə AXC Ağdam rayon şöbəsi idarə heyətinin üzvü, rayon məclisinin sədri olub. Könüllü müharibəyə getdiyi üçün Məclis sədrliyindən istefa edib. Ağdamda keçirilən mitinqlərdə birinci mitinqdən sonra bütün mitinqlərin aparıcısı olub.

1992-ci ilin mart ayından könüllülərdən ibarət 845 saylı əlahiddə taborun, sonra isə 836 saylı alayın 2-ci taborunun qərargah rəisi olub. Milli Qəhrəman Şirin Mirzəyev həlak olduqdan sonra ordu sıralarından istefa verib.

2016-cı ilin iyun ayına qədər 68 saylı köçkün tam orta məktəbində müəllim işləyib. Hazırda təqaüdçüdür.


Komandirin inşa yazmaq həvəsi

01 iyun 1992-ci il. Bazar ertəsi. Orta məktəblərdə ədəbiyyatdan yazılı imtahan günü. Müharibənin qızğın vaxtında kiçik bir fasilədən istifadə edərək birdən-birə orta məktəb şagirdi kimi inşa yazmaq bu adamda necə yaranmışdı? Məktəbə getmək, mövzulardan birini işləmək onun nəyinə lazım idi? Təssüflər olsun ki, bu suallara cavab vermək heç vaxt mümkün olmayacaqdır. Sizinlə reportajın əvvəlində Şirin Mirzəyevin M.Ə.Sabir yaradıcılığına olan münasibəti haqqında bir qədər danışmışdım. Orta məktəb şagirdləri ilə parta arxasında əyləşib inşa yazmaq istəyi göstərir ki, o, sadəcə M.Ə. Sabir yaradıcılığını deyil, ümumiyyətlə, ədəbiyyatı çox sevirmiş.

- İnşa yazmaqla bağlı daha geniş məlumat verərdiniz.

- İmtahan başlayandan az sonra Göytəpə kənd orta məktəbinə gələn Şirin Mirzəyev icazə alıb sinifə girir, komissiya üzvlərindən yazı vərəqləri alır, əyləşib yazı taxtasına yazılmış "İgid ölər, adı qalar" mövzusunda inşa yazmağa başlayır. Qurtardıqdan sonra yazını müəllimə verir və xahiş edir ki, onu yoxlasınlar, imkan olanda gəlib yoxlanmış yazını götürəcəkdir. Təəssüflər olsun ki, yazını götürmək mümkün olmadı. Cəmi 3-4 gün sonra Fərrux kəndinin (söhbət "Daşbaşı" deyilən yüksəklikdə Böyük Fərrux kəndindən gedir, bir qədər aşağıda yerləşən Kiçik Fərrux kəndi xeyli əvvəl ermənilərdən azad edilmişdi) ermənilərdən alınması, Daşbaşı deyilən yüksəkliyin ələ keçirilməsi üçün əməliyyat planı hazırlanacaq, hadisələr bir gün ləngiyəcək, başlandığı vaxt əməliyyat uğursuz keçəcək. Bundan sonra isə, necə deyərlər, baş qaşımağa imkan olmayacaqdı.

Bu inşa haqqında çox gec - bir neçə il sonra xəbər tutdum. Hətta inşanın Göytəpə, yoxsa Hacıturalı məktəbində yazıldığı barədə fikir ayrılığı var. İnşanın özünü isə tapmaq heç cür mümkün olmadı. Öyrənə bildiklərim isə aşağıdakılar oldu. Müəllimlərdən birinin bacısı həmin il orta məktəbi bitirib. Müəllim yazını konspekt kimi qəbul imtahanında istifadə etmək üçün ona verir. Həmin il ölkə ali məktəblərində test imtahanları keçirildiyi üçün inşa lazım olmur və itir. İtmiş inşanın isə yüksək səviyədə yazılmış olduğuna şübhə etmək çətindir. Çünki belə olmasaydı, onu hansısa abituriyentə istifadə etmək üçün verməzdilər. Orta məkətbi təxminən 25 il əvvəl bitirmiş hərbçinin yüksək səviyyədə inşa yaza bilməsi nəyə dəlalət edir? Təkcə bu fakt onun daxili dünyasının necə yüksək olduğunu göstərir. Nəzərə alın ki, bu gün orta məktəblərimizdə inşa yazmaqdan qorxan ali təhsilli dil-ədəbiyyat müəllimlərimiz yox deyildir.

"Yazılı əmr istəyirəm"

Şirin Mirzəyev yazdığı inşanın dalınca gedə bilmədi. İyunun birinci yarısında hadisələr çox sürətlə inkişaf etdi. İyun ayının 5-i, ya da 6-ı idi. Günortadan sonra ratsiya ilə "F-55/1" deyilən əmr aldıq. Yazının əvvəlində qeyd etmişdim ki, bu, 1 nömrəli döyüş hazırlığı demək idi. 2-ci tabordan olan şəxsi heyət Əlağalı kəndinə gedən asfaltla kanalın arasında bir tikilidə mövqe tutdu. Axşamüstü komandir gəlib çıxdı və belə bir tapşırıq verdi:

- Sənin rəhbərliyin altında olan qüvvə ehtiyyatdadır (tabor komandiri Gülablı rotasının yanında idi və iyun ayında keçirilən əməliyyatların heç birində iştirak etmədi). Səndən sayca az döyüşçü istəsələr bütöv taqımı, çox sayda döyüşçü istəsələr komandiri ilə birlikdə bütöv bölüyü verərsən.

"Əməliyat nə vaxt başlayacaqdır?" sualına isə çox qısa cavab verdi:

- Döyüş başlananda səsini eşidəcəksən.

Qarşıya qoyulan vəzifə çox çətin idi. Böyük Fərrux kəndi düşməndən təmizlənməli, Daşbaşı adlandırılan yüksəklik ələ keçirilməli idi. Səhər açılırdı. Heç bir səs eşidilmədi. Saatlar keçir, nigarançılıq şəxsi heyəti üzür, heç bir xəbər gəlmirdi. Saat 11-də səbrim tükəndi, maşına əyləşib alayın qərargahına getdim. Komandir yox idi. Onun harada olduğunu, əməliyyatın niyə başlanmadığını heç kəs bilmirdi. Bir qədər gözləyib geri qaytdım. Nigarançılıq saat 15:00-a qədər davam etdi və birdən komandirin maşını yolda göründü. Maşına tərəf getdim. Maşından düşüb salamlaşdı. Elə o saat da məni narahat edən sualı səsləndirdim:

- Əməliyyat niyə ləngiyir?

Çox sakit bir tərzdə cavab verdi:

- Mən ləngidirəm.

Aldığım cavaba inanmadığımı görüb çox sakit şəkildə izah etməyə başladı:

- Müəllim, bu əməliyyat çox ciddidir. Əlimizdə olan texnika və şəxsi heyətlə belə bir əməliyyatı keçirmək çox çətindir. Ermənilər Daşbaşı adlandırılan mövqenin strateji əhəmiyyətini çox yaxşı bilirlər. Həmin mövqe bizim əlimizdə olsa Əsgəranda bir erməni qala bilməz. Odur ki, bizim həmin mövqeyə çıxmağımızla onların sakitləşib həmin yerdən əl çəkəcəklərini düşünmək ən azı sadəlövlükdür. Daşbaşını almaq mümkündür, əldə saxlamaq üçünsə öhdəmizdə olan canlı qüvvə və texnika indikindən 2 dəfə artıq olmalıdır. Biz düşməni tutduğu mövqedən çıxarmaq üçün xeyli canlı qüvvə və texnika itirəcəyik. Gücümüz yarıbayarı azalacaq. Bax bu zaman arxada olan texnika və canlı qüvvə bizim mövqeyimizə keçib Xanabada qədər getməli, evlərin arasında mövqe tutmalıdır. Çünki yüksəklikdə səngər qazıb canlı qüvvə və texnika gizlətmək mümkün deyil. Xanabada qədər gedəsi qüvvə isə yoxdur. Bu səbədən də mən əlimizdə olan texnika və canlı qüvvə ilə döyüşü başlatmaq üçün yazılı əmr istəyirəm. Əmri isə verən yoxdur. Briqada komandiri belə bir məsuliyyəti üzərinə götürməkdən qorxur.

İşin nə yerdə olduğunu başa düşdüm. Əməliyyat bir gün ləngidi.

Qərara alınmışdı ki, müxtəlif tərəflərdən düşmən arxasına 2 qrup göndərilsin. Qruplar Xanabaddan Fərruxa gələn yolu iki tərəfdən mövqe tutub gözləsinlər. Səhər açılıb əməliyyat başlanan kimi arxadan Fərruxdan erməni mövqelərini müxtəlif növ silahlardan atəşə tutub çaxnaşma yaratsınlar. Qruplar saat 3-də yola çıxmalı idilər. Qruplardan birinin nə iş gördüyü barədə heç bir məlumat ala bilmədim. Bizim tərəfdən gedən qrup isə meşədə erməni çadırına rast gəlib, çadırda 10-dan artıq silahlının olduğunu bilib və onları qumbaratanla vurublar. Beləliklə düşmən hücumdan vaxtından əvvəl xəbər tutmuş, döyüş başlamışdı. Mən hadisə yerinə çağırılanda günortaya az qalmışdı və artıq bizimkilər geri qayıdırdılar. Beləcə xeyli itki verdik və heç nəyə nail ola bilmədik.

Təxminən 1 saata qədər Bakıdan gələn bir nəfər polkovnik, Şirin Mirzəyev və mən üçlükdə söhbət etdik. Polkovnik rusdilli idi, dilimizi başa düşsə də, özü rusca danışırdı. Keçirilmiş əməliyyat barədə bu iki nəfər peşəkar hərbçinin söhbətinə qulaq asdıqca düşündüm ki, polkovnik -leytenant polkovnikdən yaxşı mənada əməlli-başlı seçilir. Söhbət zamanı bir daha aydın oldu ki, Şirin Mirzəyev bu əməliyyatın sonunu necə yaxşı görürmüş.

Söhbətin əvvəlində qeyd etmişdim ki, bir zaman komandir demişdi: "Qarabağın azad olunması Narışlar kəndindən başlanmalıdır". Əməliyyatın bu şəkildə sonlanması isə onun nə qədər haqlı olduğunu göstərirdi. Söhbət zamanı onların mövqeyinə, nəticəyə olan münasibətinə baxıb düşünürdüm: "Polkovnik-leytenant gerçək hərbçidir, bəs polkovnik kimdir?". Çox maraqlı idi: Akademiya təhsilli, ömür boyu rus ordusunda qulluq etmiş bu adamlardan biri M.Ə.Sabirin satiralarının böyük bir hissəsini əzbər bilir (bu barədə reportajın əvvəlində ətraflı danışmışdıq), o biri isə heç Sabirin dilini bilmir. İkincinin vətəni sevdiyinə, onun torpaqlarını qorumaq üçün canından belə keçməyə hazır olduğunu, əsgərlərimizi sevəcəyinə, onları ən yaxın adamları kimi qoruyacağına inanmaq nəyə görəsə çox çətin idi.

Sonuncu əməliyyat

12 iyun 1992-ci il. Günorta vaxtı idi. Ratsiya ilə "F-55/1" komandası verildi. Əməliyyatın düzgün keçiriləcəyi halda Azərbaycan türklərinin yaşamış olduğu, bir qədər əvvəl ermənilər tərəfindən işğal olunmuş Sırxavənd kəndi geri qaytarılacaq, ermənilər yaşayan Ballıqaya (ermənilərin "Kçan" adlandırdığı) kənd azad olunacaq. Ağdərədən Xankəndinə gələn yol kəsiləcəkdi.

Ardı var...

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics