13.07.2017

1905, 1992-93-cü illər Mərzili kəndinin ermənilərdən müdafiəsi — Keçmiş hərbçi danışır - V yazı

Şirin Mirzəyev haqqında çox danışılıb, çox yazılıb. Əfsanəvi komandirin Ağdama gəlişi, döyüş yolu barədə çoxlarının bilmədiyini onun ən yaxın silahdaşı danışır.

Ötən yazıda Şuşanın işğalından sonrakı dövrdə baş verənlərdən söz açmışdıq, bu dəfə isə Ağdam rayon Mərzili kəndinə ermənilərin 3  hücümü və 1905-ci ilə qısa qayıdışdan bəhs edəcəyik.


Qısa arayış:

İsmayılov Qərib Boran oğlu 1946-cı ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. 1963-cü ildə Ağdam rayon Novruzlu kənd orta məktəbini bitirib. 1971-ci ildə Lenin adına APİ-nin dil-ədəbiyyat fakultəsini bitirib. Universiteti bitirdikdən sonra Tula vilayətinin Belyov şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətin sonunda zabitlər hazırlayan kursda oxuyaraq leytenant hərbi rütbəsi alıb. Hərbi xidməti başa vurduqdan sonra Ağdam rayon Mərzili kənd orta məktəbində müəllim işləyib. 1989-cu ildə AXC Ağdam rayon şöbəsi idarə heyətinin üzvü, rayon məclisinin sədri olub. Könüllü müharibəyə getdiyi üçün Məclis sədrliyindən istefa edib. Ağdamda keçirilən mitinqlərdə birinci mitinqdən sonra bütün mitinqlərin aparıcısı olub.

1992-ci ilin mart ayından könüllülərdən ibarət 845 saylı əlahiddə taborun, sonra isə 836 saylı alayın 2-ci taborunun qərargah rəisi olub. Milli Qəhrəman Şirin Mirzəyev həlak olduqdan sonra ordu sıralarından istefa verib.

2016-cı ilin iyun ayına qədər 68 saylı köçkün tam orta məktəbində müəllim işləyib. Hazırda təqaüdçüdür.

"Ölkə.Az" Qərib İsmayılovla müstəqilliyin ilk illərində Ağdamda baş verən proseslər və Şirin Mirzəyevin fəaliyyəti barədə hazırlanan reportajı sizə təqdim edir.

Çeildağda söhbət

May ayının 3-cü ongünlüyü belə demək mümkünsə, nisbi sakitlikdə keçdi. İrimiqyaslı əməliyyatlar keçirilmədi. Tərəflər demək olar ki, bir-birlərinin mövqelərini müxtəlif növ silahlardan atəşə tutmaqdan başqa heç bir addım atmadılar. "Sakitlikdən" danışarkən yadıma may ayının 15-də baş vermiş bir hadisə düşdü. Yuxarıda qeyd etmişdim ki, aprel-may aylarında Mərzili bölüyündə təxminən hər 3-4 könüllüyə 1 avtomat düşürdü. O silahların da təxminən yarısı postlarda olurdu. Deməli əməliyyata təxminən 20 nəfərə qədər əsgər aparmaq mümkün olurdu. Bu məsələnin Şirin Mirzəyevlə heç bir əlaqəsi yoxdur və silahın azlığı onun fəaliyyəti ilə bağlı deyildi.

- Döyüş əhval ruhiyyəsi necə idi?

- Sadəcə bu hadisə könüllülərin döyüşə getmək üçün necə canfəşanlıq göstərdiklərini sübut edir. Bölük komandirinə tapşırdım ki, Gülablı kəndinin müdafiəsinə gedən əsgərlər mayın 9-dakı döyüşə getməyənlərin arasından seçilsin. Az sonra mənə məlumat verdilər ki, sıravi əsgər Qurbanov Möhübbət Rəhman oğlu döyüşçüləri aparan maşına minib, düşmək istəmir. Bölükdəki əsgərlərin hamısı məni yaxşı tanıyırdı, bir çoxuna isə dərs demişdim. Hesabla onlar mənim göstərişlərimə sözsüz əməl etməli idilər. Mənim adımdan deyilən sözün kiminsə tərəfindən nəzərə alınmaması yaxşı hal deyildi, bu səbəbdən də aldığım məlumatdan bir az da əsəbləşdim. Otaqdan çıxıb maşına tərəf gedəndə Möhübbət maşından atılıb düşdü və sürətlə mənə tərəf gəldi. Qarşılaşanda mənim nəsə deməyimi gözləməyib xahiş etdi ki, onu maşından düşürməyim və bu hərəkətini mənim sözümə əməl etməmək kimi qiymətləndirməyim. Onun xahişdən daha çox yalvarışa bənzəyən bu hərəkəti məni o qədər yumuşaltdı ki, heç bir söz demədən əməliyyata getmək üçün maşına minməsinə işarə etdim və güldüm. Onun qayıdıb maşına mindiyini görən könüllülər təəccüblə mənə baxdılar, lakin dillənmədilər. Ümumiyyətlə, belə hadisələr tez-tez baş verirdi. Döyüş ruhu o qədər yüksək idi ki, heç kəs əməliyyatlardan kənarda qalmaq istəmirdi. Belə hadisələri dəfələrlə öz gözü ilə görmüş adama sonralar bizim döyüşə bilməməyimiz barədə danışılanlar ağır gəlməyə bilməz.

Bölükdə Əliyev Tahir İmran oğlu qoçaqlığına, cəsarətinə görə seçilirdi. Onu bütün əməliyyatlara aparırdım. Bir dəfə mənə çatdırdılar ki, könüllülərdən biri narazılığını bildirib: "Niyə Qərib müəllim bütün əməliyyatlara Tahiri aparır, biz isə növbə ilə getməli oluruq?" Həmin adamın adını soruşmadan bölüyün qarşısında belə cavab verdim:

- Əminəm ki, ölsəm, yaxud yaralansam Tahir məni düşmən əlində qoymaz. Hələlik deyilənlərə əməl edin. Əminəm ki, yaxın vaxtlarda hamının silahı olacaq və növbəyə dayanmağa ehtiyac qalmayacaqdır.

Onu da qeyd edim ki, könüllülərlə xüsusi münasibətim vardı. Az qala onların hamısını qəhrəman hesab edirdim. Çünki rahat həyatlarını, işini, ailəsini buraxıb əlinə silah alaraq təhlükələrlə dolu əməliyyatlara getməyə ayrı ad tapmırdım. Fikirləşirdim ki, əsl qəhrəmanılıq elə bu qərarı qəbul etməkdir. Sonrası daha çox taleyin işidir. Kimsə qəhrəmanlıq göstərib ad-san qazanır, kimsə bir güllə belə atmadan təsadüfi bir güllədən həlak olur.

Yuxarıda dediyim “sakit günlər”dən birində qərargahda oturmuşdum. Məlumat gəldi ki, komandir Çeildağdakı (kiçik təpələrdən ibarət olan bu dağ Mərzili kəndi ilə Xocavənd rayonunun sərhədində yerləşir və camaat tərəfindən Pirağbulaq adlandırılırdı) posta gedir və mənimlə orada görüşmək istəyir. Gedib o təpələrdən ən hündürünün üstündə olan posta çatanda gördüm ki, komandir artıq orada idi. Təpənin ən yüksək yerində təxminən 8-10 metr uzunluğunda və bir metr dərinliyində bir xəndək var idi. Baxan kimi xəndəyin çox-çox əvvəllər qazıldığı, son zamanlar isə bir az dərinləşdirildiyi hiss olunurdu. Ətrafı gözdən keçirən Şirin Mirzəyev birdən soruşdu:

- Bu xəndəyin nə vaxt, kim tərəfindən qazıldığı barədə nə isə bilirsiniz?

Cavab verdim:

- Bir vaxt babam mənə demişdi ki, 1905-ci il hadisələri vaxtı Pirağbulaq dağının üstündə səngər düzəldib post qoymuşduq. Postda dayanan adamlar çox böyük bir ərazini müşahidə edə bilirdilər. Elə adamlar vardı ki, çağıranda səsi həmin yerdən kəndə qədər gəlib çatırdı (postla kəndin arası 7-8 kilometr olardı). Ancaq həmin vaxt ermənilər bu posta yaxın gəlmədilər və Mərzili kəndinə hücum etmədilər.

O, danışdığım hadisəni sona qədər dinlədi, bir az da fikrə getdi və düşüncəli bir tərzdə aram-aram dedi:

- Sən bu hadisəni "bu millət döyüşə bilmir" deyənlərin yanında danış, qoy yüz il əvvəl babalarımızın necə ağıl sahibi olduğunu görsünlər. Özün də yadında saxla: nə qədər ki, bu yüksəklikdə sən oturmusan Mərzili kəndi sənindir, bu yer erməninin nəzarətindədirsə, deməli Mərzili kəndi sənin deyil.

Bu yerdə kiçik bir haşiyəyə çıxmamaq mümkün deyil. Şirin Mirzəyevdən sonra bu postun möhkəmləndirilməsi, müdafiə olunmasının qayğısına qalan olmadı və onun ölümündən bir neçə ay sonra həmin post ermənilər tərəfindən alındı. Sonradan onu geri qaytarmaq mümkün olmadı, 1993-cü ilin iyul ayında isə Mərzili kəndi işğal olundu.

- Ermənilər ümumiyyətlə Mərzili kəndinə neçə dəfə hücum ediblər?

- Ermənilər Mərzili kəndinə 3 dəfə hücum edib, xeyli ev yandırıb, geri çəkilmişdilər. Birinci hücum 1992-ci il dekabrın 5-də olmuşdu. Ermənilər kəndin yuxarı tərəfindən gəlib, həmin ərazidə xeyli ev yandırıb, geri çəkiləndə isə bir ədəd tank qoyub getmişdilər. İkinci hücum isə 1993-cü il iyun ayının 12-də oldu. Həmin gün Çeildağdakı postdan ermənilərin bir qrupu Mərzili kəndinə hücum etmişdi, digər qrup isə Ağcəbədi rayonunun Qiyaməddinli (Ağcabədi rayonun bu adda iki kəndi var vardır, söhbət Mərzili kəndinin şərqində, təxminən 7-8 km aralıda yerləşən kənddən gedir) kəndinə daxil olmuş, xeyli ev yandırılmış və oradan Ağdam rayonunun Yusifcanlı kəndinə hücum etmiş, orada da xeyli ev yandırmış, sonra isə gəldikləri yolla geri qayıtmışdılar.

Mərzili kəndinə olan hücum zamanı bizim tərəfdən həm hərbçilər, həm də mülki şəxslər arasında itki olmuş və bir neçə nəfər də girov aparılmışdı.

Haşiyə: Girovlardan 3-ü Yusifcanlıdan - Mirzə, Ənnağı və Kəklik adlı şəxslər olublar. Hərbçi isə 864 saylı batalyonun rabitəçisi Elfaq Hacıyev olub.

Erməni hərbçiləri geri çəkiləndə orada olan bir qrup hərbçilərimizlə aralarında döyüş toquşması baş verir (qeyd edək ki, 12 iyun 1993-cü il Mərzili kəndində baş verən döyüş toqquşması ilə bağlı Ölkə.Az saytında araşdırma yazılar yayımlanıb) nəticədə ermənilər, dəqiq sayını bilmirəm, canlı itki verir. Bundan əlavə 1 UAZ markalı maşın, 1 tank və 1 ədəd də PDM qoyub qaçırlar.

Üçüncü hücumdan (04 iyul 1993-cü il) sonra isə onları kənddən çıxarmaq mümkün olmadı. Bir daha məlum oldum ki, Şirin Mirzəyevin mövqe üstünlüyü barədə dedikləri nə qədər doğru imiş.

Ardı var...

Səxavət Məmməd


Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics