3.07.2017

124 nəfərlik "Arabo" batalyonunun məhvi — 15 yaşlı kəşfiyyatçı danışır


Arabo batalyonunun məhvindən 25 il ötür.

Düzdür, Birinci Qarabağ müharibəsində məğlub olmuşuq. Ancaq Qarabağ müharibəsi zamanı elə əməliyyatlar olub ki, onun haqqında danışmasan, yazmasan olmaz. Çünki, o məğlubiyyətləri düşmən tərəfi hələ də həzm edə bilmir.

"Arabo" batalyonu haqda qısa məlumat.


1991-ci ildən döyüşlərdə iştirak edən batalyonun adı ötən əsrdə türklərə qarşı terror aksiyaları törətmək məqsədilə yaradılan dəstənin adından götürülüb. "Arabo" batalyonu 1992-ci ilin fevralında Xocavənd rayonunun Qaradağlı kəndində törədilən, 117 nəfərin öldürüldüyü, 119 nəfərin əsir götürüldüyü soyqırımın iştirakçısı olub. Batalyon bundan sonra 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda soyqırım törədib. Öldürülmüş dinc sakinlərin, körpə, uşaq və qadınların cəsədlərini təhqir edənlər də bu batalyonun üzvləri olub.

Gəncə özünümüdafiə batalyonunun komandiri Mehman Ələkbərovun 1992-ci il iyunun 29-da apardığı uğurlu "Həsənqaya" əməliyyatı zamanı Xocalı, Ağdaban, Qaradağlı qətliamlarını törədən ermənilərin "Arabo" batalyonu tamamilə məhv edilib.

Həmin əməliyyatın iştirakçısı, düşmənin məhv edilməsində fəallıq göstərənlərdən biri, o zaman 15 yaşı olan kəşfiyyatçı Razim Dəmirov əməliyyatın detalları barədə suallarımızı cavablandırıb.


"Ölkə.Az" "Arabo" batalyonunun məhv edilməsi barədə Razim Dəmirovla reportajı sizə təqdim edir:

Qısa arayış:

Dəmirov Razim Təbiət oğlu. 22.03.1977-ci il Şəmkir rayon İrmaşlı kəndində anadan olub. 1992-ci il yanvar ayında könüllü olaraq müharibəyə yollanıb, 1993-cü il aldığı güllə və qəlpə yaralarından sonra ordu sıralarından tərxis olub. İkinci qrup Qarabağ müharibəsi əlilidir.


- 15 yaşında necə oldu ki, müharibəyə getdiniz?

- Əmim oğlu Rafiq Dəmirov müharibədə idi, şəhid oldu. O, Şuşada döyüşürdü. Arada evə gəlib-gedirdi. Döyüşlərdən, şəhidlərimizdən danışırdı. Bu da mənə yer edirdi. Yəqin ki, döyüşmək, vətəni qorumaq hissi məndə tez oyanmışdı. 1992-ci ilin yanvar ayında qərar verdim ki, Şuşaya gedim. Əmim oğlu orada döyüşdüyü üçün onun yanına gedirdim. Getdim Gəncəyə. Gəncədəki qərargahda dedilər ki, uşaqsan, müharibə sənlik deyil. Gəncədə döyüşə getməyimə razılıq vermədilər. Gəncədə qarşıma keçəndən soruşdum ki, Qarabağa necə getmək olar. Axırda oradan Yevlax avtovağzalına gəldim. Orada bir döyüşçü ilə rastlaşdım. O, yaralanmışdı, xəstəxanadan çıxıb Qarabağa gedirdi. Adı Zakir idi. Zakir hələ tam sağalmamışdı, çiyni, qolu sarıqda idi. Onunla həmsöhbət oldum. Soruşdum hara gedirsən? Dedi ki, gedirəm döyüşə, qardaşlar orada qalıb. Soruşdum hansı bölgəyə gedirsən? Dedi, Şuşaya gedirəm. Dedim, elə mən də Şuşaya gedirəm. Gülməyə başladı. Müharibə gedir orada, sən oraya nəyə gedirsən dedi? Dedim ki, nə fərqi var ki, yaşım azdır, ən azı güllə daşımağa gücüm çatar. Biraz zarafat elədi mənimlə. Sonra soruşdu ki, Şuşaya niyə gedirsən? Dedim, Şuşada əmim oğlu döyüşür. Əmimoğlunun adını dedim, dedi, o, mənimlə bir yerdə döyüşür. Zakirə dedim ki, onsuzda gedəcəm, aza-aza getməkdənsə məni də özünlə apar oraya, tanımıram Qarabağı. Zakir, güldü, sonra razılaşdı. Onunla çıxdıq yola. Yol maşınlarını dəyişə-dəyişə Ağdama gəldik. Ağdamda bir benzin çəni daşıyan maşına mindik, həmin maşın da Laçına gedirdi. Yolda məni yuxu tutub yatmışam, ayılanda gördüm ki, Laçın rayonunun Qayğı qəsəbəsində əsgərlər maşını saxladıb. Oradan qarşı tərəfə yoxlanışla buraxırdılar. Onlardan sənəd istədilər, onlar sənədlərini verdi. Məndən sənəd istəyəndə doğum şəhadətnaməsini verdim. Dedilər, ay uşaq hara gedirsən? Dedim, döyüşə gedirəm. Yenə güldülər mənə, sonra başa saldılar ki, ora döyüş bölgəsidir, səni oraya burxmağa ixtiyarımız yoxdur. Özümü yedim tökdüm qoymadılar getməyə. Dedilər, əgər qalmaq istəyirsənsə buradakı əsgərlər azyaşlılardır – 18-20 yaş arası. Bildirdilər ki, burada təlimlər keçirilir, döyüşə əsgər hazırlayırlar. Öz-özümə fikirləşdim ki, fərqi yoxdur onsuzda, ordu ordudur,  burada qalım. Zakirlə vidalaşdım, onlar getdilər. Orada ən azı 1 ay yarım qaldım. Hər gün məşqlər olurdu, qaçırdıq, güllə atırdıq. Sonra komandir dedi ki, sənin evinə xəbər vermək lazımdır, yəqin ki, səni evdəkilər axtarır. Komandir məni apardı Laçın rayonunun özündəki poçdan əmimgilə zəng vurdum. Əmimə dedim ki, narahat olmasınlar, Laçındayam.

Aradan 1 həftə keçəndən sonra səhər tezdən dağın yamaclarında qaçırdıq. Birdən avtobus dayandı, bizi düzdülər, mən də boydan balaca olduğum üçün sıranın ən axırında dayanmışdım. Gördüm kimisə soruşurlar. Orada demək olar adım bilən yox idi, hamı mənə “Malış” deyirdi. Eşitdim ki, hamı bir-birinə ötürür ki, “Razim kimdir”. Dedim, komandir, mənəm. Gördüm, atam avtobusdan düşüb mənə tərəf gəldi. Görüşdük, sonra getdik hərbi hissəyə. Atam üz vurdu ki, uşaqsan hələ, getməlisən evə, komandir əsgərləri düzdü, mənimlə vidalaşdılar. Gəldik evə.

- Sonra necə oldu ki yenidən cəbhəyə gedəsi oldunuz?


- 1992-ci ilin fevral ayının 26-a qədər evdə qaldım. Xocalıdakı faciə barədə eşidəndə gecə yata bilmədim. Gecə saat 4-də məktub yazdım. Məktubda yazdım ki, ata, 4 övladın var, biri də olmasın. Gecə ilə evdən çıxıb Gəncəyə gəldim. Gəncədə 1 nömrəli internatda oxuduğum üçün Gəncəni tanıyırdım. İmkansızlıqdan yox, rus dilli məktəb idi və kəndimizdən kimsə orada oxuduğu üçün bilirdilər ki, o məktəb yaxşı təhsil verir, ona görə də, atam məni o məktəbə yazdırmışdı. 1-ci sinifdən orada oxumuşdum.

Həyatda çox şeyi Mehman Ələkbərovdan öyrənmişəm. O, Gəncədə 1 saylı internat məktəbində müəllim işləyirdi, sonra isə mənim komandirim olacaqdı. Gözümü açıb o insanı görəndən vətənpərvərliyin nə olduğunu anlamışdım. Eşitdim ki, Mehman Ələbərov batalyon yığıb, Tərtərdədir. Fikirləşdim ki, Şuşaya gedə bilmirəm, Mehman Ələkbərovun yanına gedim. Getdim, Mehmanla görüşdüm, əvvəlcə başa saldı ki, yaşın azdır, bura da döyüş bölgəsidir. Dedim, onsuzda evə getməyəcəm, başqa batalyona gedirəm. Bundan sonra Mehman Ələkbərovun batalyonunda qaldım.

Laçında təlim keçdiyim üçün silahdan istifadəni yaxşı bilirdim.

- İlk döyüşə nə zaman qatıldınız?

- Batalyona qatılandan 10 gün sonra birinci Marquşavan döyüşü oldu. Birinci döyüş uğursuz oldu. Batalyonumuzda 140 nəfər var idi, 50-ə yaxın avtomatımız vardı. Birinci döyüş alınmadı, yaralılarımız oldu, geri çəkildik.

İkinci Marquşavan döyüşü də alınmadı. Texnikamız olmadığı üçün kəndi götürə bilmədik.

Bundan sonra bir neçə döyüşlərimiz oldu, Goranboyla Tərtər arasındakı yüksəklikləri aldıq. Bir neçə gün sonra Aşağı Çaylını, Yuxarı Çaylını, Marquşavanı və əlavə bir neçə kəndi geri qaytardıq. Bizim batalyon Həsənqayada dayandı. Qaytardığımız evlərdə postlarımızı qurduq.

Ağdərə əməliyyatı hazırlanmağa başlandı. Tez-tez kəşfiyyata gedirdik. Mən də kəşfiyyat bölüyündə idim. Ağdərə əməliyyatına görə kəşfiyyata gedib məlumat gətirirdik. Bir gün gecə Mehman Ələkbərov gəldi və yeni məlumatın daxil olduğunu dedi. Məlumata görə, ermənilərin Qarabağda qırğınlar törədən, Xocalıda amansızlıq göstərən terroristlərdən ibarət batalyonu bu əraziyə gəlib. Mehman dedi ki, onların mövqelərinin harada olduğunu öyrənmək lazımdır.

Həmin gecə 3-cü savxoz deyilən ərazi tərəfə irəlilədik. Gördük ki, 3-cü savxozun qarajlarında düşmən əsgərləri var. Onlar elə mövqe tutmuşdu ki, geri qaytardığımız kəndləri geri almaq planlarının olduğu bilinirdi. Həm də onların mövqeyi elə idi ki, birbaşa bizim batalyonla üzbəüz idi. Onları gördükdən sonra, Mehman dedi ki, geri çəkilirik, gedib hazırlaşmaq lazımdır. Komandir bildirdi ki, çalışıb onları öz üzərimizə çəkməliyik.

Arabonun məhvi




Biz üzümlük bağının ayağında mövqe tutmuşduq. Onların mövqeyi də qarajların üstündəki təpəlik idi. Səhər tezdən atışma başladı. Mehman Ələkbərov əsas qüvvədən əlavə arxada 40 nəfərə yaxın əsgər saxladı ki, biz başqa istiqamətə gedəcəyik. Atışma şiddətlənməyə başladı. Baxdıq üstümüzə gəlirlər, onları üzümlük tərəfə çəkdik. Mehman Ələkbərov da QAZ 66 maşının üstünə çıxdı pulemyotu maşının üstünə qoyub atmağa başladı ki, əsas mövqedən düşməni yayındırsın. Onları üzümlüyə çəkdikdən sonra 40-a yaxın əsgərlə düşdük kanalın içərisinə və qaça-qaça irəlilədik. Komandir 3 nəfəri – Məqsəd, Elman və məni göndərdi ki, narlığı yoxlayın. Qaça-qaça gedib kanaldan çıxanda gördüm ki, narlığın içərisində düşmənlər durublar. Narlıqda 5-6 nəfər idilər, 100-dən çoxu isə üzümlüyün yanındakı dərin qazılmış arxın içərisində. Mənimlə gedən Elmanla Məqsəd erməni dilini gözəl bilirdilər. Ermənilər bizim qarşıdakı əsas postumuzla üzbəüz atışırdılar. Elmana dedim ki, narlıqda ermənilər var. Elman da gördükdən sonra, Mehman Ələkbərova əl elədik. Bundan sonra biz başladıq.

Ermənilər bizim postla üzbəüz atışır, biz isə 40 nəfərə yaxın əsgərlə onların yan və arxa hissəsinə keçmişdik. Tam hazırlığı bitirən kimi qəfil çıxdıq üstlərinə. Birinci narlıqdakı düşmənləri öldürdük. Arxın içərisindəkilər isə döyüşdülər. Təxminən 2-3 saat döyüş oldu. Hərdən döyüşü saxlayıb qışqırırdıq ki, təslim olun. Təslim olmadılar. Bir nəfəri də sağ qalmadı. Hamısını öldürdük. Yaralısı belə yox idi. Orada mümkün deyildi ki, sağ insan çıxsın. 124 düşmən meyiti saydıq.

Biz tərəfdən isə tibb bacısı Yetər xanım yaralanmışdı, 3 nəfər yüngül yaralımız oldu, bir nəfər ağır yaralımız var idi, sonradan xəbər gəldi ki, xəstəxanaya aparılanda dünyasını dəyişib.

124 düşmən əsgərini 40 nəfərlə məhv etdik. Təbii ki, üzbəüz düşmənlə duran əsgərlərimiz də çox iş gördü, ancaq onların əsas işi baş qatmaq idi, onlar başlarını qatdı, biz isə hamısını məhv etdik.

Biz kəşfiyyata gedəndə Mehman deyirdi ki, ermənilərin bu batalyonu çox güclüdür, onlara ancaq ağlımızın gücünə qalib gələ bilərik və ağıllı davranaraq döyüşdən qalib ayrıldıq.

Həmin döyüşə və əvvəlcədən apardığımız kəşfiyyata görə Mehman Ələkbərov 7 nəfərimizə dedi ki, sizin adınızı Milli Qəhrəmanlığa təqdim edəcəm. Mehman onları məhv edəndən sonra deyirdi ki, biz adi bir iş görməmişik, düşmənin ən təhlükəli batalyonunu məhv etmişik.

Onların üzərindən sənədlər çıxdı, geyimləri də fərqli idi.

- Məşhur video görüntülər, həmin gün çəkildi, yoxsa sonra?

- Döyüşün səhərisi günü jurnalist gəldi. Dedi, məni apararsınız çəkiliş etməyə? Biz də apardıq həmin yeri göstərdik. Biz əvvəlcədən 20 nəfərlə 500 metr qabağa getdik ki, çəkilişə mane olmasınlar, sonra həmin çəkiliş baş tutdu.



- "Arabo"nun məhvindən sonra Ağdərə əməliyyatı başladı.

- Birinci gün Ağdərə döyüşümüz alınmadı. Erməninin snayperi çox güclü işləyidi. Həm də ermənilər yüksəklikdə idi, biz aşağıda, texnika gözləyirdik, texnikanın gəlməməsi də, döyüşün uğurlu keçməsinə mane oldu.

2 gün sonra keçirilən əməliyyat uğurlu alındı. Ağdərə daxil olmaqla bir çox yerlər azad edildi. Hətta Xankəndinin üstündəki yüksəkliyə qədər gedib çıxdıq.

- Necə oldu ki, ordudan tərxis oldunuz?


- Batalyon ləğv olundu, milli ordu yarandı. Bizim kəşfiyyat bölüyümüzü əvvəlcə Gədəbəyə göndərdilər. 2 dəfə düşmənin arxasına keçdik, düşmənin mövqelərini çəkdik, canlı qüvvələri və texnikaları barədə məlumat topladıq. Sonra bizi göndərdilər Bakıya. Bakıdan da yarımızı Ağdama, yarımızı da Murov istiqamətinə göndərdilər. Murovda xidmət edəndə bir dəfə ayağıma kimyəvi silahın qəlpəsi girdi. Bir müddət buna görə xəstəxanada yatdım. Sağalıb geri qayıdandan sonra yenə açıq qəlpə yarası aldım. İkinci yara ağır oldu. 1993-cü ilin may ayında yaralandım. Xəstəxanada yatarkən xəbər gəldi ki, döyüşçü yoldaşlarım Murovda şəhid olub. Həkimlər icazə vermədi deyə, hospitaldan qaçdım. Şəhidlərimizin dəfnində iştirak etdim. Bundan sonra hərbiyə qayıtmadım. Əsgərlik yaşıma çatanda məni əsgər aparmadılar. İkinci dərəcəli Qarabağ müharibəsi əliliyəm.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics