9.08.2017

"Bir həftə ərzində Laçın dəhlizini və yaşayış məntəqələrini azad etdik" — 704 saylı briqadanın tank komandiri danışır

Əvvəlcə də qeyd etdiyimiz kimi, 704 saylı briqadanın zabit və əsgərləri ilə görüşümüz davam edir.

Bu dəfəki müsahibimiz Qarabağ müharibəsi zamanı əvvəlcə kəşfiyyat tağımının, sonradan isə tank tağımının komandiri olmuş Məmmədov Abdulla Alxas oğludur.

O, bu görüşə öz tankçıları ilə gəlmişdi.


 
Qısa arayış:

Məmmədov Abdulla Alxas oğlu. 25.12.1967-ci ildə Lənkəran rayonunun Mamusta kəndində anadan olub. Orta məktəb təhsilini doğulduğu kənddə başa vurub. 1986-88-ci illərdə Sovet ordusunda xidmət edib. 1992-ci il yanvar ayının 5-də Milli orduya çağırılıb. Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda Şuşa, Ağdam, Ağdərə, Fizuli, Laçın, Xocavənd, Beyləqan və Ağcabədi istiqamətlərdə gedən döyüşlərdə iştirak edib. 1999-cu ilin dekabr ayında ordu sıralarından tərxis olub. Ehtiyyatda olan kapitandır.

- Necə oldu ki, hərbini seçdiniz?

- Qarabağ hadisələri başlayanda bir qrup gənc çağırışçılarla Lənkəran rayon Hərbi Komissarlığına getdik. Bizimlə orada 3 nəfər şəxs söhbət etdi. Hərbiyə getmək istəməyən adamların hamısı o söhbətdən sonra dedi ki, hərbi formanı verin, indi gedəcəyik Qarabağa. 40 nəfərə çağırış gəlmişdi, 39 nəfəri Əfqanıstan döyüşçüsü idi. Mən orada Əfqanıstanda xidmət edənlərin arasında orduya yazıldım. Bizi 820 saylı Lənkəran özünümüdafiə batalyonunun tərkibinə verdilər.

- Döyüşlərə haradan başladınız?

- Bizi təlim keçmədən Şuşaya göndərdilər . Biz Şuşaya çatan günü helikopter vuruldu. Şuşada 1 aydan çox olduq, postlarda dururduq. Bizdən əvvəl keçirilmiş uğursuz Daşaltı əməliyyatında həlak olanların meyitlərinin ərazidən çıxarılmasına yardım etdik. Yerdəyişmə ilə əlaqədar bizə əmr olundu ki, geriyə qayıdaq. 10-11 fevral tarixlərində biz Lənkərana qayıtdıq. Lənkəranda 10 gün qalmışdıq ki, bizi Ağdama göndərdilər. Ağdamda “Uzundərə” adlanan bazanın qorunmasında və Qatır Məmmədin başçılığı altında bir neçə əməliyyatlarda iştirak etdik. Ağdamdan sonra bizi gətirdilər Xocavəndə. Biz bir qrup Lənkəran könüllüləri ilə Xocavənd rayonunun Əmiralılar, Muğanlı kəndlərinin müdafiəsində durduq. Muğanlı kəndindən Əbülfət və başqaları ilə çiyin-çiyinə vuruşduq. Onlarla çox yaxşı münasibətlərimiz var idi. Bir müddət burada postda durduq.

İyun ayında bizi Ağdərə istiqamətinə göndərdilər. Ağdərədə 820 saylı hərbi hissə əsl tarix yazıb. Nəcməddin Sadıqov o zaman Tərtər istiqamətində idi. Əmr verilirdi ki, hansısa yüksəklik götürülməlidir, götürülürdü. Maraqlıdır ki, bir bölükdə 20 nəfər şəhid olurdu, ancaq bir nəfərdə ruh düşkünlüyü olmurdu. 820 saylı hərbi hissənin 400 nəfərə yaxın canlı qüvvəsi və çoxlu sayda müxtəlif növ texnikaları Ağdərəyə göndərilmişdi. Bu döyüşlərdə 820 saylı hərbi hissənin komandir müavini Fəxrəddin Həbibov tankda minaya düşərək həlak oldu. Kəşfiyyat bölüyümüzün əsgərlərindən Mehman Bağırov, Cəmil Kazımov əsl qəhrəmanlıq göstərərək şəhid oldular.

Döyüş yolum Xocavənd, Fizuli və Laçın rayonu ərazilərindən də keçib. Keçdiyim döyüş yolllarım tək mənim yox, bütün döyüş dostlarımın xatirələrində həkk olunub. Burada oturan qardaşlar da mənimlə birgə döyüş yolları keçiblər.

1992-ci ilin sentyabrında bizim hərbi hissəmizi Xocavənd istiqamətinə göndərdilər. Bu zaman qarşımızı Füzuli briqadasının komandiri Emil Qasımov kəsdi və bildirdi ki, biz hücuma Xocavənd tərəfdən deyil, Füzuli istiqamətindən keçməliyik. O zaman komandirimiz Mikayıl Hacıyev idi. Qasımov gedəndən sonra Hacıyevə dedim ki, buna yol vermək olmaz, heç bir hazırlıq yoxdur, ərazini tanımırıq, uşaqlar qırılacaq. İlk hücumumuz 18 sentyabrda Xocavənd istiqamətində oldu. Bizə tam qüvvə ilə hücuma keçməyə icazə vermədilər. 1 tank və 1 PDM piyada bölüyü ilə döyüşə girdilər. Bir neçə yüksəklik düşməndən azad edildi. Gecə hücum dayandırıldı. Bu döyüşdə leytenant Əliyev Vaqif şəhid oldu.

Sabahı günü bizi Yuxarı Yağlavənd istiqamətindən döyüşə göndərdilər. 2 gün döyüş oldu, çoxlu  itki verdik. Bir neçə strateji yüksəkliyi düşməndən azad etdik.

Sentyabrın 24-ü biz Qubadlı tərəfdən Laçın dəhlizi istiqamətinə yola düşdük. 1 həftə gedən döyüşlər nəticəsində Laçın rayonunun 12 yaşayış məntəqəsi, çoxlu mühüm yüksəkliklər bizim və yerli batalyonların da iştirakı ilə düşmən işğalından azad edildi və Laçın dəhlizi tərəfimizdən nəzarətə götürüldü.

Laçından qayıtdıqdan sonra hərbi hissəmizin bazasında 704 saylı briqada yaradıldı. Mən də briqadanın kəşfiyyat bölüyündə tağım komandiri vəzifəsində xidmət edirdim.

1993-cü ilin may ayında məni kursa göndərdilər. Kursu bitirdikdən sonra məni tank bölüyünə komandir təyin etdilər. 3 tankla Beyləqan istiqamətində hərəkət etdik. Bir də oradan 1999-cu ildə geri qayıtdım.

1993-cu ilin 10 dekabrda Xaçına hamama getdik. Xaçından qayıdanda gördüm ki, əraziyə mərmi düşdü. Binəqədi batalyonu qaçırdı. Getdim, orada bir leytenenat var idi, ona dedim, hara qaçırsınız? Dedi, ermənilər 30 tankla hücuma keçiblər. Səngərlərimizə doğru gedirik, ərazidə qaçanda meyitlərə ilişirdim. Binəqədi batalyonu səngərdən çıxanda onları dəryazla ot biçən kimi biçmişdilər. Binəqədi batalyonunun uşaqları təcrübəsiz idilər. Zavoddan gələnləri birbaşa döyüşə göndərmişdilər. Səngərlərdə heç kim yox idi. Meyitlərin birinə baxdım, kostyumun üstündən hərbi forma geyinmişdi. Sabahı gün kəşfiyyatçılar və Prişiv batalyonun əsgərləri meyitləri yığdılar. Bu zaman ermənilər 4 tankla hücuma keçdilər. Bizim tanklar da onlarla döyüşə girdi. Döyüşdən bir neçə saat sonra ermənilər geri çəkildilər.

Söhbətə Məmmədov Rauf Qara oğlu qoşulur. O, Məmmədov Abdullanın müavini olub.

Qısa arayış:

Məmmədov Rauf Qara oğlu. 19 may 1992-ci ildə Ordubad rayonunun Tivi kəndində anadan olub. 1990-91-ci illərdə Sovet ordusunda xidmət edib. 1992-ci ildən Azərbaycan Milli Ordusunda xidmətə başlayıb, 1996-cı ildə ordudan tərxis olunub.

- O zaman ermənilərin planı o idi ki, Beyləqanı alıb, Gəncə - Bakı yolunu bağlasınlar. Ermənilərin o planını pozmaq üçün dost dövlətlərdən olan Ukrayna bizə 30 ədəd "T-55" tankı vermişdi. Binəqədi batalyonunun 430 nəfərə yaxın şəxsi heyəti var idi. Zavod direktoru komandir kimi gəlmişdi. Onlar 21 noyabr tarixində Beyləqana gəlmişdilər. Onlar hətta gələndə bizə dedilər, siz bacarmadınız, biz gəldik. Biz onlarla müqayisədə gənc olsaq da, təcrübəmiz var idi. Leytenantlar gəlirdi ki, onlara tankla təcrübə keçirdik. İndi döyüşmək də, danışmaq da asandır. Bu gün döyüşü peşəkar ordu aparmalıdır. Mülki vətəndaş orduya girirsə, orada təxribat olacaq. Bizim bir tankımız minaya düşəndə, vurulanda o tankı aylarla gözləyirdik. O tank gəlirdi Səttərxan adına zavoda, təmir olurdu, geri gəlirdi.

Abdulla söhbətə davam edir.

- Ağdaş yüksəkliyindən ön hissədə yüksəklik var idi. Orada ermənilər mövqe seçmişdilər. 29 dekabrda komandirə dedim ki, oranı götürək. Komandir dedi ki, əgər bir əsgərin burnu qanasa məni güllələyəcəklər. İkram adlı bir nişanlayıcı var idi. Ona dedim ki, ermənilərin mövqeyini nişan al. 2 tankla və piyadalarla hücuma keçdik. Bizim hücuma keçdiyimizi görən qonşu təpədəki iki tank da biz qoşuldu. Bir nəfərin də burnu qanamadan o yüksəkliyi götürdük. 1 BMP-2, 2 ədəd faqot ələ keçirdik. Həmin gecə piyada qoşunlar oraya gəlib yerləşdi. Oranı biz əmirsiz almışdıq. Yuxarı komandanlıq soruşanda dedik ki, erməni qaçırdı, biz də gedib oraya yerləşdik.

Şişqaya çox strateji bir yüksəklik idi. Oranı almaq üçün dəfələrlə cəhd etdik, ancaq almaq mümkün olmadı. Ermənilər də başa düşürdü ki, Şişqaya getsə, onlar məğlub olacaqlar. Şişqayadan Beyləqan, Xocavənd, Ağdam, Fizuliyə nəzarət etmək çox rahat idi. Bir dəfə 1993-cü il dekabr ayının 31-də Şişqayanın bir hissəsini Astara batalyonu aldı, ancaq hava yağışlı-palçıqlı olduğu üçün tankları oraya qaldıra bilmədik. Ermənilər də, oraya əlavə qüvvə gətirdilər. Çox cəhd etdik ki, 3 tankı qaldıraq, alınmadı.

Ruslar açıq şəkildə ermənilərə dəstək verirdilər. O zaman ermənilərin 2 tankını ələ keçirdik, tanklar yağın içində idi. Erməninin elə imkanı yox idi tank alsın, bu tankları ruslar verirdi onlara. Orduda təxribat çox idi, məntiqsiz qərarlar çox idi.

Necə olurdu ki, könüllülər az qala Xankəndinə gedib çatmışdılar, ancaq sonradan durmadan məğlubiyyətlər başladı. Bu gün qiymətimiz verildi, verilmədi, biz xalq, vətən üçün döyüşmüşük. O zaman bu döyüşlər olmasaydı, bu ordunun bünövrəsi qoyulmasaydı bu gün bu dövlət yox idi.

- Bəziləri sizin briqada haqqında heç də yaxşı olmayan fikirlər səsləndirirlər. Briqada döyüş bölgəsini tərk edib, mövqeləri boşaldıb və s. Bu cür fikirlərə münasibətiniz necədir? Bunlar doğrudurmu?

- 820 saylı hərbi hissəninin bazasında 704 saylı briqada yaranana qədər mən bu hərbi hissənin istər könüllülər tərkibində, istərsə də kəşfiyyat bölüyünün tərkibində çox döyüşlərdə iştirak etmişəm. Mənimlə bir yerdə çiyin-çiyinə vuruşan döyüşçülərlə bir yerdə Şuşa, Ağdam, Xocavənd, Fizuli Laçın, və digər döyüş bölgələrində olmuşuq və burada çoxlu sayda döyüşlərdə, əməliyyatlarda iştirak etmişik və müxtəlif şücaətlər göstərmişik. Bir şəxsiyyət olaraq, bir hərbçi olaraq mən keçdiyim döyüş yollarının təkcə mənə aid olduğunu bildirmək və özümü tərifləmək və qəhrəmanlıq fikirlərindən uzağam. Son zamanlar internet səhifələrində bizim keçdiyimiz döyüş yollarını çoxlu psevdoqəhrəmanlar öz adlarına çıxarmaq istəyirlər. Haqqımızda həqiqətə uyğun olmayan yalanlar uydurur, briqadanın keçdiyi döyüş yoluna kölgə salmağa çalışırlar. Mən bu fikirlərlə heç cürə razılaşmıram, bunlar yalan və şayiələrdən başqa bir şey deyildir. 704 saylı briqadanın şanlı döyüş yolu olub. Bu döyüşlərdə briqada çoxlu şəhid verib, müxtəlif ölçüdə yaralananlar, əlil olanlar var. Briqada heç bir vaxt döyüş bölgəsini tərk etməyib, əksinə, yeganə briqadadır ki, DQMV-nin inzibati ərazisinə daxil olan ərazidə düşməni 10-15 km geri otuzduraraq düşmənə başqa yerlərədə olduğu kimi bu istiqamətdə də bufer zona yaratmasına imkan verməyib.

Məmmədov Rauf söhbətə qarışır:


- Belə bi şey olmayıb. Həmin ərəfədə döyüş vaxtı geri çəklimə olub və sonradan yenə də əvvəlki mövqelərimizi bərpa etmişik. Avqustun 21-də ermənilər 18 tank və çoxlu sayda canlı qüvvə ilə hücum etmişdilər, bizim isə 2 tankımız var idi. Bizim bir zenit qurğumuzu vurub sıradan çıxartdılar, çoxlu itki verdik. Belə şəraitdə biz onlarla açıq döyüşə girə bilməzdik, çünki 11 saniyə ərzində kim birinci dəqiq nişan alıb atsa, o da qalibdir. Ona görə də biz 2-ci eşalonla geri çəkilib müdafiədə durduq.

- Siz konkret olaraq deyə bilərsinizmi ki, həmin vaxt hansı istiqamətdə idiniz?

Mustafayev Namiq: mən ekipajımla Nərgiztəpə istiqamətində idim.

Quliyev Zahid cavab verir: Bizim tankçıların arasında heç də hamı talış deyildi ki. Rauf Naxçıvandandır, mən Cəbrayıldan, Yavər Yardımlıdan və s. Təkcə "starşina"mız Masallıdan idi, o da bizimlə bərabər döyüş bölgəsində idi, heç bir yerə də getmədi.

Qısa arayış:

Quliyev Zahid Ağalar oğlu- 20 mart 1974-cü ildə Cəbrayıl rayonunun Tinli kəndində anadan olub. 1992-1996-ci illərdə hərbi xidmətdə olub.

- Daha hansı əməliyyatlarda iştirak etmisiniz?

- 1994-cü ilin yanvar ayının əvvəllərində Horadiz əməliyyatında iştirak etdik. Məni 3 tank və ekipaj üzvləri ilə Fizuli istiqamətinə göndərdilər. Ekipaj yeni əsgərlərdən ibarət idi. Əvvəlcə elə bildim ki, tankları müşayiət edib oradakı hərbi hissəyə təhvil verəcəm. Sonra dedilər ki, siz də döyüşə gedəcəksiniz. Mən də öz tankçılarımı istədim, çünki onlara çox güvənirdim, bərabər uzun bir döyüş yolu keçmişdim. Horadiz əməliyyatında iştirak etdik, düşmənə ağır zərbələr vurduq və nəticədə böyük bir ərazi düşmən tapdağından təmizləndi.

- İstərdim bir neçə kəlmə də aprel döyüşləri barədə danışasınız.


- 91-94 cü il döyüşlərindən sonra 20 % torpaqlarımız 20 ildən artıqdır ki işğal altındadır. Bunun çoxlu səbəbləri var idi. Dövlətimiz gənc idi, ordu yenicə yaradılmağa başlayırdı. Bakıda hakimiyyət üstündə dava gedirdi, bu da öz növbəsində ordunu daha da zəiflədirdi. Bütün xalq müharibəyə səfərbər olmamışdı və s. səbəblərdən torpaqlarımız işğal olundu. Bu bizə mənəvi cəhətdən çox əzab verir. Lakin bu keçən müddət ərzində dövlətimiz möhkəmlənib, müasir tələblərə cavab verən, güclü nizami ordu yaradılıb. Bunun nəticəsini biz 2016-cı ilin aprel döyüşlərində gördük. Məhdud sayda qüvvə ilə düşmənə sarsıdıcı zərbələr vuruldu və bir neçə strateji yüksəklik işğaldan azad edildi. Nəticədə xalqın, ordunun döyüş ruhu özünə qayıtdı, hamı bir nəfər kimi əldə silah düşmənlə vuruşmağa hazır olduğunu bildirdi. Əlbəttə bu çox qürurvericidir. Biz də keçmiş döyüşçülər olaraq hər zaman ön cəbhədə düşmənə qarşı vuruşmağa hazırıq. Sevindiricidir ki, indiki gənc nəslin əksəriyyəti də vətənpərvər ruhda böyüyür. Oğlum da mənim yolumu davam etdirir. Hərbçidir və hazırda xidmətdədir.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics