Jurnalistlər üçün təlimlər Şəmkir rayonunda Müdafiə Nazirliyinin nəzarəti və dəstəyi altında həyata keçirilir. MN-in peşəkar mütəxəssisləri ekstremal şəraitdə davranış qaydaları, psixoloji durumlar, konflikt zonalarında hərəkətlər, marşrut trayektoriyalarını tədris edirlər.
Təlimlərdə ölkənin yazılı mediasının və TV-lərin reportyorları, əməkdaşları iştirak edirlər.
Jurnalistlər üçün təlim 9 gün nəzərdə tutulub.
Bir qrup media nümayəndəsi ilə Bakı Dövlət Universitetinin qarşısından cəbhə bölgəsinə yola düşürük. İlk gün hərbi hissədə yerləşmə və Tovuz şəhəri ilə tanışlığa həsr olunur. Tovuz şəhərində gəzintidən sonra hər kəs səhəri düşünür. Çünki, əvvəlki təlimlərdən fərqli olaraq, bu dəfə jurnalistlərin real döyüş şəraitində necə işləməsi və təcrübə toplaması üçün hər bir şəraitin yaradılacağını bilirik.
Dan yeri sökülməmiş "qalx" komandası ilə dururuq. Səhər idmanı, əsgərlərlə yeməkdən sonra ilk dərs başlayır. İlk dərs jurnalistlərin orduda hansı məsul şəxslərlə işləməsinə həsr edilir. Dərsdə məruzəçilər “Dinc Dünya” Araşdırma Mərkəzinin sədri Mehdiyev Əlisafa və Müdafiə Nazirliyinin peşəkar mütəxəssisləri olur.
Bundan sonra isə mayor Məmmədov ordudakı özünə qəsd hallarından danışdı.
Onun sözlərinə görə, 2016-cı ildə orduda 18 özünü öldürmə halı olub. Bu isə digər illərə nisbətən azalıb. Ötən il özünü öldürmə hallarından yalnız biri psixoloji vəziyyətə görə baş verib. Digər hallar isə özünü öldürmə halına çatdırmağa görə olub və bununla bağlı günahkarlar ağır şəkildə cəzalandırılıb.
Dərsdən sonra isə poliqona üz tuturuq.
Bəziləri deyəcək ki, jurnalist hara, poliqon hara?
Bu suala gəldikdə isə bildirim ki, poliqona getməkdə məqsəd jurnalistin güllə atması yox, məhs silahlarla yaxından tanış olması nəzərdə tutulub.
Silahlarla tanışlıqdan sonra suallarımızı Mehdiyev Əlisafa cavablandırır:
- Konflikt Jurnalistikasi Məktəbinin yaranması nə qədər vacib idi?
- Biz ekstremal şəraitdə işləyən jurnalistlər üçün təlimlər verməliyik. Bunun üçün qanunvericilik aktlarının öyrənilməsi və ekstremal şəraitdə jurnalistlərin praktiki davranışları ilə bağlı təcrübələrin keçirilməsinə nail olmalıyıq. Bundan sonrası isə redaksiyalarda alınmış informasiyaların işlənməsi ilə məşğul olmaqdır. Bizim keçdiyimiz bu təlimlər artıq ənənəvi hal alıb. Biz artıq ekstremal jurnalistikanın qaydalar bazasını yarada bilmişik. Buna görə də, bundan istifadə edərək kompleks tədbirlər keçərək, məktəbi formalaşdırmışıq. Bundan sonrakı təlimlərimiz daha da mükəmməl olacaq və beynəlxalq təcrübələrdən də yararlanmağa başlayacağıq.
- Bilirik ki, konflikt təkcə döyüşün getdiyi yer yox, həm də dinc şəraitdə də yaranır. Bu istiqamətdə də dərslər keçiriləcəkmi?
- Hazırda keçirilmir. Biz bazamızı tam qurandan sonra, konflikt jurnalistika məktəbi özünün oturaq yerini qurduqdan sonra, mitinqlərdə terror, zəlzələ hallarında davranışları da öyrədəcəyik.
- Artıq üçüncü dəfədir ki, ekstremal jurnalistika ilə bağlı təlimlər keçirsiniz. Jurnalistlərin psixoloji durumu sizi və mütəxəssizləri qane edirmi?
- Jurnalistlərin bu dəfəki fəaliyyəti bizi yüksək səviyyədə qane edir. Jurnalistlərimizin ekstremal jurnalistikaya marağını bu səviyyədə olacağını düşünmürdüm.
Günorta yeməyindən sonra isə müasir artilleriya və raket kompleksləri barədə təlim iştirakçılarına məlumatlar verildi. Sabahdan isə jurnalistlərin real döyüş şəratində işləməsi üçün təlimlərdə iştirakı nəzərdə tutulub.
Dünən jurnalistlər üçün ekstremal şəraitdə davranışla bağlı təlimlərə start verildiyi barədə reportajı sizə təqdim etmişdik.
Yazının sonunda jurnalistlərin real döyüş şəraitində işləməsi üçün təlimlərin nəzərdə tutulduğunu bildirmişdik. Bu günki reportajımız isə həmin təlimlərdən birinə həsr edilib.
Səhər saat 05:30. "Qalx" komandası səsləndirilir. Hər kəs tez paltarlarını geyinir, əl-üz yumaq yerinə tələsir. Əsgərlərdən bir fərqimiz var, əynimizdə hərbi geyimlər yoxdur. Əl-üz yuyulduqdan sonra səhər idmanına başlayırıq. Əsgər yeməkxanasında yemək yedikdən dərhal sonra media nümayəndələri üçün ayrılmış avtobusa minirik. Bizi nə gözlədiyini yalnız Müdafiə Nazirliyinin peşəkar mütəxəssiləri və təlimçimiz Əlisafa Mehdiyev bilir.
Səhərin sərin havası, boz dağlar və təlim məntəqəsi gözümüzün önündə canlanır. Bura məşhur "Seyfəli" poliqonudur. Seyfəli poliqonu Birinci Qarabağ müharibəsi zamanında da təlim məntəqəsi kimi fəaliyyət göstərib.
İllərdir ki, bu poliqonda güllələr, mərmilər uçuşur, tanklar və digər döyüş maşınları hərəkət edir. Poliqonun hər qarışda güllə izinə rast gəlmək olar.
Poliqonda avtobusda düşdükdən bir neçə dəqiqə sonra gurultulu bir səs gəlməyə başlayır. Bizim durduğumuz yerə doğru bir tank irəliləməkdədir. Artıq başa düşürük ki, təlimimiz bu tankla olacaq. Ancaq necə, nə cür (?) bunu bilmirik. Sonradan isə məlum olur ki, öncə tankın üzərinə minib döyüşdə necə işləməyimizi öyrənəcəyik, daha sonra isə həmin tank bizim üzərimizdən keçəcək.
Öncə tank və digər döyüş maşınları barədə məlumat aldıqdan sonra, tankın üzərində jurnalistin hərəkəti, təhlükəsizlik qaydaları barədə məlumat alırıq.
Məlumatları qəbul etdikdən dərhal sonra tank işə düşür. Artıq bilirik ki, tank işə düşən zaman onun 4 metr gerisində dayanmaq lazımdır. ümumiyyətlə tankın 10 metr arxasında dayanmaq daha təhlükəsizdir. Beləcə yan tərəflərdən tankın üzərinə çıxıb, təhlükəsizlik qaydalarına əməl edərək mövqeyimizi seçib hərəkətə başlayırıq.
Təlim olmasına baxmayaraq tank sürətlə hərəkət edir. Kimsə elə düşünə bilər ki, tank düz trayektoriya ilə hərəkət edib. Qətiyyən! Qarşıdakı maneələrdən yayınır, manevr edərək körpünün üzərindən keçirik. Bir qədər irəlidə isə hündür təpə görsənir. Tank təpəyə doğru hərəkət etməyə başlayır, hündürə çatmağa bir qədər qalmış, operator kamerasını götürərək tankdan aşağı tullanır və döyüş vəziyyətini lentə alır.
Təpədən bir qədər aşağıda isə dərin dərəni keçməli oluruq. Adrenalin üst səviyyədədir. Qarşıda görünən çalalara doğru qaçırıq. Tank isə üstümüzə doğru hərəkət edir. Özümüzü çalaya atmağımızla tankın üzərimizdən keçməyi bir olur. Nəhəng tank nərilti, gurultu ilə üstümüzdən keçir.
Heç bir xəsarət almadan zirehli texnika ilə davranışla bağlı təlim yekunlaşır. Müdafiə Nazirliyinin peşəkar mütəxəssisləri və təlimçimiz təlimdən dərhal sonra iradları və doğruları bizə çatdırdıqdan sonra məlum oldu ki, bu son deyil.
Yenidən avtobusa minirik. Bir qədər sonra isə minalanmış sahədə davranış qaydaları ilə tanış oluruq. Cəbrayılov soyadlı zabit minalar, onların növləri, xüsusiyyətləri barədə məlumat verir və minalanmış sahəyə keçərək minaların basdırılma formaları, təhlükəsizlik üçün davranış qaydalarını əyani surətdə diqqətimizə çatdırır. Bütün bunlara nəzəri və praktiki yiyələnsək də, bilirik ki, düşmən digər qaydalar kimi, minaların basdırılmasında da heç bir qaydalara əməl etmir.
Minalanmış sahədən sonra düşmənin piyada qüvvəsini, tenikasını zərərsizləşdirmək və ləngitmək üçün istifadə edilən qurğularla tanış oluruq. Burada isə əsas məsələ bu qurğuları tanımaq, mahiyyətini başa düşmək olur. Kimsə düşünə bilər ki, bir jurnalist üçün bu nə dərəcə vacibdir? Vacibdir, həm də çox.
Ekstremal vəziyyətdə işləyən jurnalist gördüyü, qarşısına çıxan maneənin nə olduğunu bilməli və xəbər hazırlayarkən oxucuya ətraflı və daha dolğun xəbər çatdırmalıdır.
Poliqonda təlimimiz bitdikdən sonra, kölgə olan bir ərazidə oturub, ekstremal vəziyyətdə məlumatların toplanması və yayılmasını müzakirə edirik. Təlimçinin çıxışından sonra bununla bağlı ciddi müzakirələr başlayır.
Yorulub əldən düşən təlim iştirakçıları hərbi hissəyə dönür. Hərbi hissədə isə bizi əsgərlər gözləyirdi. Sən demə dünən əsgərlərə söz vermişik ki, jurnalistlərlə əsgərlər arasında futbol yarışı keçirməliyik. Bir tərəfdə müxtəlif yaşlı jurnalistlər, digər tərəfdə isə gənc əsgərlər. Artıq qapımızda 4-cü qolu görəndən sonra, çox yorulduğumuzu bəhanə gətirərək oyunu dayandırırıq.
Sabah bizi nələrin gözlədiyini isə bilmirik.
Dağ-meşə təlimləri - kəşfiyyatçıların oyunu, təbii vasitələrlə qidalanma, kompasla kordinatların tapılması və itkilər.
Səhər saat 06:00. Hərbi hissəni tərk edirik. Ermənistanla sərhədə yaxın olan əraziyə gedirik. Yol boyu sıra dağlar, çaylar göz oxşayır. Tovuz rayonu, Əsrik dərəsi. Bura şəkillərinə valeh olduğumuz İsveçrənin meşə və dağlarına bənzəyir.
Bizim üçün ayrılmış yerə gəlib çatırıq. Sıx meşə, qayalar, bulaq və dağlar. Oxuyan, eşidən bilən deyəcək ki, təlim yox, istirahətə gediblər. Siz istirahət bilin, mən isə başımıza gələnləri yazım.
Avtobusdan düşən kimi, hər kəs bel çantasını götürür və hərəkətə başlayırıq. Bir neçə yüz metr sonra toplaşma məntəqəmizə çatırıq. Artıq çadırı harada quracağımız məlumdur. Bel çantalarını yerə qoyan çəmənliyə, ağacın altındakı kölgəyə uzanır, ancaq bu cəmi bir neçə dəqiqə çəkir. Təlimçilər bildirirlər ki, çadır qurulmalıdır. Bir qrup çadır qurur, digər qrup isə su daşımağa, ocaq yandırmağa və somavar qalamağa ayrılır.
Təlim iştirakçıları əsgərlərin köməyi ilə 3 çadır qururlar. Digər tərəfdə isə ocaq yanır, somavar isə cızıldayır. Artıq günorta yeməyinə qədər bütün işlər görülüb qurtarır. Yeməkdən sonra kəşfiyatçılar da gəlib çıxırlar. Kəşfiyatçılar xəbərdarlıq edir ki, ərazidən xəbərsiz uzaqlaşmaq olmaz. Çünki meşə sıx, cığırlar çox, düşmənlə məsafə isə azdır.
İlk dərs qrup şəklində hərəkət, həyatda qalmaq, ocaqların qalanması, çadırın mühafizəsi, növbətçilik sistemi olur. Bir həftə boz torpaq və günün altında təlimlərdə olanlar üçün dağ və meşə əsl cənnət sayılmalıdır. Çadırlara tam yerləşirik.
Saat 17:00. 5 nəfərdən ibarət qrupla meşənin dərinliklərinə quru odun gətirməyə gedirik. Ancaq gətirəcəyimiz odun təkcə yandırmaq üçün yox, həm də çadırların təhlükəsizliyi üçün nəzərdə tutulur. Çadırların ətrafını çırpı ilə hörürük.Bu isə səbəbsiz deyil. Meşədə çoxlu sayda çaqqallar, canavarlar və ayı olduğu deyilir. Vəhşi heyvanların çadırlara basqın etməməsi üçün səhərə qədər ocaq yanmalıdır.
Hava qaralmağa başlayır. İşığın olmayacağını nəzərə alaraq yeməyi havanın işıqlı vaxtı yeyirik. Hava qaraldıqca tempratur da aşağı düşür. Bir qədər sonra vəhşi heyvanlardan qorunmaq üçün yandırdığımız ocağın başına həm işıq üçün, həm də qızınmaq üçün yığışırıq.
Gecə tam qaranlıq çökür. Artıq vəhşi heyvanların səsi hər tərəfi bürüyür. Və biz gecə təliminə başlayırıq. Ocaq başında informasiyanın alınması, onun idarə olunmasından danışır, beynəlxalq təcrübələri öyrənirik.
Artıq saat gecə saat 12-ni keçib. Neçə gündür yorğun olan təlim iştirakçıları yuxulayır. Təlim iştirakçılarının yatmasını nəzərə alaraq növbəlilik sistemi quraraq 3 növbə və 4 nəfərdən ibarət gecə növbəsinə başlayırıq.
Gecə növbəsinin ən maraqlı tərəfi isə ondan ibarətdir ki, növbətçilərdən yatan olarsa daim çadrlarımızı izləyən kəşfiyyatçılar çadırlara basqın edəcəklər.
Saatlar irəlilədikcə ayın işığı hər tərəfi aydınladır. Sərin hava, aydın gecə. Otların üzərinə uzanıb, göydəki ulduzlara baxıram. Öncə gündüz saatlarında Böyük Ayı bürcünə və dan ulduzuna görə istiqamətin müəyən edilməsini beynimdən keçirirəm. Daha sonra isə fikrim uzaqlara gedir. Ulduzların arasında hər şeyi unudan zaman növbətçilərdən biri səslənir ki, gəl, arxa tərəfdən səs gəlir. Əlimə ağac alıb, arxa tərəfə baxıram, növbətçinin diqqətini hansısa heyvanın hərəkəti zamanı çıxardığı səs cəlb edibmiş.
Arada çaqqalların ulaşmasını nəzərə almasaq gecə çox sakit keçir.
Səhər saat 05:30. Artıq hər kəs ayaq üstədir. Təlim iştirakçıları su gətirir, samovar yenidən qalanır. Səhər yeməyindən sonra Müdafiə nazirliyinin peşəkar mütəxəssisləri gələrək növbti təlim haqqında məlumat verir və səhhətində problem olanları təlimdən kənarlaşdırlar.
Kompasla işləməyin yolları örədilir. Qruplara ayrıldıqdan sonra, hər qrup rəhbərinə bir kağız verilir. Kağızda isə gedəcəyimiz yerin koordinatı yazılıb. Koordinata uyğun olaraq hərəkət etməyə başlayırıq. Bir qədər sonra verilmiş ünvana gəlib çatırıq. Orada isə bizi daha bir koordinat gözləyirmiş. Bir neçə dəqiqə dincəldikdən sonra kompasa baxaraq növbəti hədəfə doğru gedirik. Üzü yuxarı qalxdıqca cığırlar çoxalır, meşə daha da keçilməz olur. Növbəti tapıntı növbəti koordinat deməkdir. 3-cü koordinatın göstərdiyi yerə çatanda baxdıq ki, artıq dağın başındayıq. Artıq tənginəfəslik artır, hər kəs su axtırır. Növbəti koordinatı tapmaq üçün hərəkət edərəkən həm də bulaq axtarırıq. 5-ci koordinatı tapanda anlayırıq ki, bu istiqamət gəldiyimiz yeri göstərir. Ancaq gəldiyimiz yeri qayıtmaq daha təhlükəlidir. Çünki qrupdan kənarda qalanlar oğurlanacaq. Bu isə ümumi qrupun işinə zərbədir. Ara məsafəsini 2 metr saxlayaraq hərəkət edirik. Və finişə çatırıq. Nəticəmiz uğurludur.
Bulaq suyundan içib bir qədər istirahət etdikdən sonra meşədə və dağda tək qalarkən ərazidəki heyvanlarla qidalanmağın yollarını öyrənirik. Artıq ilanı necə tutmaq, hansı istiqamətlərindən kəsib, dərisini bişirməyin yollarını bilirik. Yeri gəlmişkən ilanı bişirmədən əvvəl hazırlamaq cəmi 3-4 dəqiqə vaxt alır. İlanla yanaşı qurbağa və tısbağanın bişirilməsinin də yollarını öyrənirik.
Ermənilərin Tovuz rayonunun Qaralar kəndini atəşə tutması və 13 yaşlı uşağın yaralanması xəbəri bütün planlarımızı alt-üst edir. Bütün bunlara görə dağ-meşə təlimlərini tam başa vurmamış hərəkət etməli oluruq. Yola çıxarkən isə kəşfiyat bölük komandiri başqa vaxt ilan, qurbağa və tısbağa ətindən qonaqlıq verəcəyinə söz verir.
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder