9.08.2017

"Əsir tutduğumuz Bakı ermənisinin qardaşı da Tərtər istiqamətində bizə qarşı vuruşurdu" — Keçmiş hərbçi danışır

704-saylı briqadanın döyüşçüləri ilə müsahibələrimizi davam etdiririk.

Bu günkü müsahibimiz tankçı Hüseynov Səxavət Fərzulla oğludur.

Qısa arayış:

Hüseynov Səxavət Fərzulla oğlu. 1967-ci ilin may ayının 13-də Lənkəran rayonun Xolmili kəndində anadan olub. 1973-cü ildə orta məktəbə gedib. 1984-cü ildə məktəbi bitirib. 1984-cü ildə Bakıda texniki litseydə oxuyub. 1985-ci ildə ordu sıralarına çağırılıb. 1987-ci ilə qədər Sovet ordusunda xidmət edib. Hərbi xidməti bitirdikdən sonra gizirlər məktəbini oxuyub. 1992-ci ilin iyun ayına qədər Sovet ordusunda xidmət edib. 1992-ci ildə Qarabağda baş verən müharibəyə görə könüllü olaraq Azərbaycana qayıdıb. 1997-ci ilin aprel ayının 14-də ordu sıralarından tərxis olub.

"Ölkə.Az" Hüseynov Səxavətlə etdiyimiz reportajı sizə təqdim edir:

- Azərbaycanda xidmətə haradan başladınız?


- 1992-ci ilin iyun ayından 820 saylı hərbi hissədə xidmətə başladım. 1 aya yaxın Lənkəranda təlim keçdikdən sonra bizi göndərdilər Qarabağa, Ağdərə istiqamətinə.

- Döyüşlərə hansı tarixdən başladınız. İlk döyüşünüz hansı oldu?

- 1992-ci il iyul ayının 7-də Ağdərə, daha dəqiq desək Marquşavan istiqamətində döyüşlərə başladıq. Səhər saat 5-də döyüşə başladıq, döyüş bitəndə saat 4 idi. Ermənilər həm hündürlükdə idilər, həm də yaxşı müdafiə olunurdular. Bizə bildirmişdilər ki, əgər o istiqaməti alsanız Xankəndinə rahat gedə bilərsiniz. Düzdür, itkilərimiz çox oldu. Ermənilər Sərsəng su anbarını bağlamışdılar, kəndlərə su getmirdi. Əsas məqsədimiz həm də Sərsəng ətrafını təmizləyib camaatı su ilə təmin etmək idi. Döyüşdə bir amalımız var idi ki, ancaq və ancaq qabağa getmək. Və Sərsəng su anbarını aldıq. Rabitə ilə aşağı məlumat verdik ki, Sərsəng su anbarı bizdədir. Aşağıdan adamlar gəldi, suyun qarşısını açdılar. Bizim axırıncı yerimiz Vankul kəndi oldu. Biz oranı alanda bizim artilleriya Xankəndi istiqamətini bombalayırdı. Sentyabr ayının 4-5-i bizə bildirdilər ki, siz işinizi görmüsünüz, geri çəkilməlisiniz. Həmin döyüşlərdə tankımız minaya düşdü, tabor komandiri, sürücü-mexanik şəhid oldu.

Kasapetdə çox pis bir vəziyyətlə rastlaşdıq. Bizim briqadanın kəşfiyyatçısı Mehman Bağırovun ağaca bağlanmış vəziyyətini gördüm. Mehmangil BMP ilə hücuma keçiblər, BMP minaya düşüb partlayıb. Mehman da orada ağır yaralanıb. Mehmanı ermənilər əsir götürüb, onu bağlayıblar ağaca. Onun başının üstünə isə ortası deşilmiş kaskanı bağlayıblar ağaca və kaskanın da içərisinə turşu (kislota) töküblər. Turşu damcı-damcı Mehmanın başına tökülür. Mehmanın baş hissəsi demək olar ki, ərimişdi. Bundan əlavə, Mehmanın sinəsinə çörək və qənd qoymuşdular. Bunun nə anlama gəldiyi ilə maraqlandıq. Dedilər ki, bunun mənası odur ki, sizin çörəyinizi yemişik, indi də öldürürük ağzımıza şirinlik gəlir.

- Sizi yuxarıdan aşağı endirəndən sonra nələr baş verdi?

- Həmin əməliyyatlar bitəndən sonra biz yenidən gəldik 704 saylı hərbi hissəyə (əvvəlki 820 saylı hərbi hissə). Bir müddət Lənkərandakı tank alayında qaldıq. Oradan bizi 1993-cü ilin yayında Ağcəbədi istiqamətinə göndərdilər. Ağcəbədinin Avşar kəndində yerləşdik. Avqust ayının 22-də döyüş başlandı. Baxdıq ki, ermənilər üzbəüzdən yox, sol tərəfimizdən güllə atırlar. Sonra anladıq ki, ermənilər sol tərəfimizdəki mövqeni yarıblar, o istiqamətdən bizi atəşə tuturlar. Tabor komandiri Qafarov Mehman Ural maşınına minib qışqırdı ki, sür. Tabor komandiri döyüş meydanına çatdı, maşından düşüb bir neçə metr məsafədəki tanka çatana qədər ermənilər mərmi atdı. Komandir yıxıldı, durdu qaçdı, bu zaman ermənilərin ikinci mərmisi komandirin yaxınlığında düşdü. Komandir tankın yanında uzanıqlı qalmışdı. Döyüş bir anlıq sakitləşdi. Gəldim Mehmanın yanına, soruşdum ki, nə olub. Gördüm gözləri baxır, ancaq danışa bilmir. Bədəninə baxıram heç nə yoxdur. Yaxasını açanda gördüm ki, qan. Bir dənə qəlpə düz ürəyindən dəymişdi. Bu anda bir anlıq dayanan döyüş yenidən qızışdı. Heç kim də köməyə gələ bilmirdi. Təcili tibbi yardım maşını gəlib döyüş meydanına çata bilmədi. Mehmanın nəfəsi gəlirdi. Onu bir zülmlə sürüyüb maşına qoyduq, döyüş meydanından çıxardıq. Qafarov Mehman həmin qəlpə yarasından şəhid oldu.

Ermənilər həmin döyüşdə bir ədəd BTR-mizi apardılar. Həmin yerdə betondan silos quyuları var idi. Orada 13 ədəd özüyürilən artilleriyamız var idi. Xoşbəxtlikdən ermənilər həmin özüyürilən artilleriyamızı görməmişdilər, yoxsa onları da aparardılar. Hərbi hissə komandiri Mikayıl Hacıyev gəldi. Orada olan şəxsi heyəti düzdü və hücum əmri verdi. Döyüş başlandı. Şişqayanın ayağına qədər gedib postlarımızı orada qurduq.

- Axıra qədər Ağcəbədi istiqamətində qaldınız, yoxsa başqa istiqamətə göndərdilər sizi?

- Yuxarıda danışdığım döyüşdən sonra bizi Beyləqan, Füzuli istiqamətinə göndərdilər. Ermənilər rabitədə deyirdilər ki, sizə elə bir dərs verəcəyik ki, ömür boyu yadınızdan çıxarmayacaqsınız. Dekabrın 10-da səhər saat 10-11 arası olardı. Gördük ki, qaça-qaça gələnlər var. Kim bizə gəlib çatırdı, yıxılırdı, hamısı da deyirdi ki, ermənilər gəlir. Həmin anda hərbi hissə komandirinin müavini mayor Hüseyn Kasimov gəldi. Həmin zaman bizdə tabor komandiri kapitan Verdiyev idi. Mayor Kasimov BMP-yə mindi, biz də 3 tankla onun arxasınca irəli getdik. Hər tərəf meyit idi. Ermənilər tankla meyitlərin üstündən keçmişdilər. Ermənilər həmin hücumda 4 ədəd faqotumuzu aparmışdılar. Həmin döyüşdə 38 meyit yığdıq. Ermənilər Beyləqanı almaq istəyirdilər. Lakin bir neçə günlük döyüşlərdən sonra düşmənin çoxlu sayda texnikası və canlı qüvvəsi briqadamız tərəfindən məhv edildi. Beləliklə də düşmənin bu istiqamətdəki əsas zərbə qüvvəsi sıradan çıxarıldı və briqadamız əks hücuma keçərək düşməni 15-20 km geri otuzdurdu.

Dekabr ayının 31-də mənə dedilər ki, Astara batalyonunda bir tankda problem var, onu düzəltməlisən. Səhər saat 6-da Astara batalyonunun yerləşdiyi yerə gedirdim. Astara batalyonuna çatmamış, fermaların yanında ermənilər minaatanlarla fermanı vurmağa başladılar. Bizdən arxada zenitlərimiz qalıb. Gördüm ki, qarşıdakı təpədən ermənilər BMP ilə atırlar. Birdən gördüm ki, qarşı tərəfdən 8 erməni tankı düşdü dərəyə. Güdməyə başladıq ki, bunlar haraya gedirlər. Bir də gördüm ki, sol tərəfdən bir ədəd erməni tankı çıxdı. Bizim bir tank da irəlidə ermənilərə atırdı. Soldan çıxan erməni tankı bizim tankı vurdu. Tankımız tüstüləndi. Tank əvvəlcə dərəyə endi, sonra çıxdı, bizdən bir qədər aralıdakı dərəyə girdi. Sürünə-sürünə getdik o tankın yanına. Gördüm ki, mexanik lyuku açıb yarıya kimi çıxıb, qan içindədir. Tankın içində həlak olanları qoyduq BMP-yə, mindik tanka. Gördük ki, Astara batalyonu köməyə gedir. Həmin döyüşdə ermənilərin 2 tankını vurduq. Həmin tankların içərisindən bir erməni əsir götürmüşdük. Bakı ermənisi idi. Onu bir qədər danışdırdıq. Bildirdi ki, onun bir qardaşı da Tərtər istiqamətində döyüşür.

Həmin döyüşdən sonra ermənilər rabitə ilə deyirmişlər ki, Azərbaycan tərəfi xaricdən "nayomnik"lər gətirib, dillərini başa düşmürük. Bizim briqadada rabitəçilər talış dilində danışırdılar deyə, ermənilər başa düşmürdülər.

Binəqədi batalyonunun qisası məsələsinə gəldikdə isə dekabrın 29-da hücuma keçdik. Qarşıdakı təpəni Abdullanın komandirlik etdiyi tankla aldıq. Bizdən götürdükləri faqotları geri qaytardıq. Bundan əlavə bir ədəd BMP və 1 ədəd QAZ-66 maşın götürdük.

- Bundan sonra səhv etmirəmsə, Horadiz əməliyyatında da iştirak etmisiniz.

- Komandir gəlib dedi ki, 4 tankla Horadiz əməliyyatında iştirak etməlisiniz. Getdik deyilən istiqamətə, yerin adı dəqiq yadımda deyil. Bizə bildirdilər ki, siz irəli getməyəcəksiniz, ancaq sağ cinahı tankla vurmalısınız. 3 gün orada qaldıq. 3 gündən sonra bizə bildirdilər ki, əməliyyat uğurla yekunlaşdı, gedə bilərsiniz.

1996-cı ildə tutduğumuz mövqeni N saylı hərbi hissəyə təhvil verdik. Bundan sonra 1 aya yaxın Təzəkənddə qaldıq. Ondan sonra isə bizi əvvəlcə Prişibə (Göytəpə), daha sonra isə Lənkərandakı tank alayına göndərdilər. Sonra Türk zabitləri ilə təlimlər oldu, təlimlər zamanı yaralandım, sağaldıqdan sonra isə ordudan tərxis oldum.

Son olaraq demək istəyirəm ki, ehtiyatda olmağıma baxmayaraq yenidən silaha sarılaraq hər zaman döyüşməyə hazıram. Aprel döyüşləri məni buna ruhlandırdı və minlərlə veteran döyüşçülərlə birgə təcrübəmə arxalanaraq torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün əlimdən gələni əsirgəməyəcəm.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics