“Eldar Mahmudovun dövlət maraqlarından çox şəxsi maraqları var idi”
Ləğv edilmiş MTN-in keçmiş şöbə rəisi, Qarabağ müharibəsi veteranı, polkovnik - leytenant İlham İsmayılla müsahibəni sizə təqdim edirik:
Ləğv edilmiş MTN-in keçmiş şöbə rəisi, Qarabağ müharibəsi veteranı, polkovnik - leytenant İlham İsmayılla müsahibəni sizə təqdim edirik:
- Salam bəy, necəsiniz, işləriniz necədir?
- Təşəkkür edirəm. Son illər əksər yaxın adamlar, dostlar bu sualı mənə verəndə cavabım belə olur: “Siz necəsizsə mən də eləyəm”, çünki çoxumuzun həyat problemləri bir-birinə bənzəyir. O ki qaldı, işə.., mənim 22 ildir konkret işim yoxdur.
- "KQB-MTN Görünən dağın bələdçiliyi" kitabınızı oxudum, bir çox məsələlərə aydınlıq gətirmisiniz. Yeni kitab üzərində işləyirsiniz?
- Yeni kitabım esselərdən ibarət olacaq.
- Dünyada da, Azərbaycanda da xüsusi xidmət orqanları haqqında yazılan kitablar hər zaman oxucuların marağını çəkib. Niyə davamlı olaraq xüsusi xidmət orqanları, onların fəaliyyəti barədə yazmırsınız?
- Zamana ehtiyac var. "KQB-MTN Görünən dağın bələdçiliyi" kitabımda son dövrlər barədə çox az yazdım. 1993-cü ildən sonra iki ildən bir az çox işləsəm də, materiallar çoxdur. İndiki stiuasiyada sona qədər həqiqətləri qələmə almaq mənə ziyan gətirməz, amma bəzi adamlar sağdır, yaşayırlar, bilirəm ki, onlara zərər gələr. Mənsə istəmirəm ki, kimlərəsə ziyan gəlsin. Bu tarixi faktlardır. Həqiqətlərin də açıqlanmasının bəzən zamana ehtiyacı var.
- Açığı Nəcməddin Sadıqovun Azərbaycana necə gəlməsini çox insan bilmirdi, ancaq kitabda detallarına qədər yazmısınız.
- Elə şeylər var ki, onlar sona qədər açılmır, mümkün deyil. Sizə burada bir əməliyyatdan danışaram, çox maraqlı gələr. Ancaq orada məxfi məsələlər var, onların açıqlanması üçün zamana ehtiyac var. Hələ tezdir.
- MTN ləğv edildi, əvəzində Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradıldı. Bir neçə gün öncə DTX və XKX-nin yaranmasının 2 ili tamam oldu. Bu iki il nələrlə yadda qaldı?
- Dağıtmaq çox asandır. Binanı bir günə dağıdarsan, ancaq illərlə tikərsən. 11 il 3 ay Eldar Mahmudov MTN-nin rəhbəri olub. İndi hamımız bilirik ki, orada nələr baş verib. Onları sadalamaq istəmirəm. İstər kadrlarla bağlı, istər qarşıya qoyulan məqsədlə, istər törətdilən cinayətlərlə, istərsə də məxfi əməkdaşlarla bağlı – bir sözlə əsas dayaqlar və prinsiplər darmadağın olub. İki ildir ki, DTX və XKX yaranıb. Təsəvvür edin, 11 il 3 ayda vurulan zərəri 2 il müddətində bərpa etmək asandırmı? Çətindir.
- Niyə?
- Birincisi peşəkar kadrlar bazasının qıtlığı. Son illərdə kadrların hansı prinsiplərlə işə götürüldüyü ,rəhbər heyətin isə bu sistemə yad milis-polis işçilərindən ibarət olduğu, onların da keçmişdən qalan peşəkarları qovması, bəzilərini də intihar həddinə çatdırmaları artıq cəmiyyətdən gizli deyil. Peşəkar anadan gəlmə peşəkar olmur. Peşəkar zamanla yetişir. İki il o zamanın çatması üçün yetərli deyil . Bir də məxvi əməkdaşlar. Onların qarşısına qoyulan tələblər də təxminən “oboxeys” tələbləri olub. Misal üçün, Sədərəkdə, Binədə gör nə var, o biznesmen nə işlə məşğuldur, bu biznesmenin qazancı nə qədərdir. Ancaq bunlar DTX-nın hədəfi deyil. İndi həmin məxfi əməkdaşlar üçün plan tərtib edib, yenidən öyrədib, tərbiyə etməlisən. Agent də anadagəlmə agent olmur. Ona dərs keçməlisən ki, nəyə fikir versin, hansı tapşırığı yerinə yetirsin, gözünü harada dörd açsın, qulağını harada şəkləsin, nəyə diqqət yetirsin. Bütün bunlar hamısı prosesdir, keçirilməlidir, zaman tələb edir. İki il ərzində DTX-nın bütün bunları birdən birə həyata keçirməsi çətindir. Amma, hər halda bunun əsası qoyulması istiqamətində xəbərlər bizə də gəlib çatır. Bəzi peşəkarlar geri qaytarılıb. Bunu general İsmayıl Bağırovun simasında deyə bilərəm. Bir yerdə işləmişik, onun peşəkarlığına keçmiş iş yoldaşlarının çoxu bələddir. Rəhbər Mədət Quliyev özü bizim sahədən çıxmasa da, hər halda əməliyyatdan gəlib, rəhbər kimi də müəyyən yol keçib. Bu iki ildə DTX-nın adı MTN-in törətdiyi qanunsuz həbslər, biznes və dövlət idarələrinə olan quldur təzyiqləri, günahsızın başına torba keçirilməsi kimi hərəkətlərdə adı hallanmır. İndi də başa torba keçirirlər, ancaq terrorçunun, cinayətkarın başına. Bu gün desək ki, DTX hər şeyi həll edib, yalan olar. Özlərindən də soruşsanız deyəcəklər ki, hələ düzəldirik, çalışırıq.
- Xarici Kəşfiyyat Xidmətinin keçdiyi 2 ili də dəyərləndirərdiniz.
- Kəşfiyyat xüsusi xidmət orqanının spesifik sahəsidir, onların fəaliyyəti daha qapalı olduğundan bir dəyərləndirmə aparmaq da yanlış olardı, hətta nəsə bilsək də şərh etmək doğru olmaz. Yalnız onu qeyd etmək istəyirəm ki, onların müstəqil quruma çevrilməsinin əhəmiyyəti var. Bu illərdə kəşfiyyat da keçmiş milis-polisin rəhbərliyində olduğundan təbii ki, onlar da pis günlərini yaşayıblar. Burda törədilənlər xaricdən də yan keçməyib və Eldar Mahmudovun xaricdə də dövlət maraqlarından çox şəxsi maraqları var idi. Bu sistemdə xidmət edənləri də daha çox öz maraqları istiqamətində yönləndirdiyi barədə məlumatlar eşitmişik.
Azərbaycanın müstəqil dövlət olaraq qarşısına qoyduğu vəzifə, getdikcə gərginləşən geopolitik maraqlar və dünyaya inteqrasiyası genişləndikcə kəşfiyyatın vəzifəsi artır. Biz elə bölgədəyik ki, ətrafımızdakılar, Avropa, ABŞ, baş verən siyasi proseslər tələb edir ki, bizim kəşfiyyat müstəqil qurum olsun. Kəşfiyyatın qarşısında duran vəzifələr müstəqil şəkildə həyata keçirilsin. Əslində kəşfiyyatla əks kəşfiyyatın ayrılmasında çox böyük fərq yoxdur. Peşəkar və ciddi rəhbərlik olandan sonra burada çətinlik yaranmır. 70 il mövcud olmuş SSRİ-də kəşfiyyatla əks- kəşfiyyat bir idarə alıtında olub – KQB-də. Qarşılarına qoyulan vəzifəni də pis icra etməyiblər, dünya səviyyəli bir kəşfiyyat olub. Amma, orda da kəşfiyyatçılar deyirdi ki, nə qədər müstəqil olsalar işin keyfiyyəti o qədər yaxşı olar. Hesab edirəm ki, indiki kəşfiyyat xidməti və ona rəhbərlik edənlər üçün qarşıya qoyulan vəzifələri icra etmək üçün daha yaxşı imkanlar var. İki il ərzində kəşfiyyat şəbəkəsini yaratmaq, qurmaq, onun qarşısında duran məsələləri birbaşa həll etmək çətindir. Düzdü, burda da KQB-dən qalma bir məktəb var, SSRİ dövründə ilk onluqda olan kəşfiyyat rəhbəri İlhüseyn Hüseynovun qoyduğu məktəb bu gün də işə yarayır.
- Ölkədən milyardlarla dollar pullar çıxarılıb. Bu pullar hansı yollarla çıxarılıb?
- Bunun bir yolu bank vasitəsilədir. Bəzi məsələlərdə aydınlaşdı ki, bir neçə bankdan istifadə etməklə ölkədən pullar çıxarlıb. İkincisi isə nəğd şəkildə ölkədən pulların çıxarılmasıdır. Nəğd şəkildə ölkədən pul çıxarmaq üçün məhdudiyyət var. Görün necə səlahiyyət sahibi olmalısan ki, onun qarşısını alan sturuktur buna mane ola bilmir, daha doğrusu heç maneçilik törədilmir. Bank yolundan əlavə hiss olunur ki, milyardlar quru və hava yolu ilə ölkədən çıxarılıb və buna şərait yaradılıb.
- DTX rəsmi olaraq açıqlama verdi ki, il ərzində 16 terrorçu silahlı müqavimət göstərərkən məhv edilib. Türkiyə xüsusi xidmət orqanlarının əməkdaşları bildirir ki, Azərbaycanın terrorçularla mübarizə üsulu onlarınkından fərqlidir.
- Terrorçunu sağ ələ keçirmək çox çətindir, amma vacibdir. Gələcək informasiyalar sağ tutulan terrorçudan alınır. İstanbulda “Reyna” qətliamında terrorçunu diri tutdular. İstəsələr öldürə də bilərdilər. Sağ ələ keçirilən bir terrorçu vasitəsi ilə 2000 adama çıxdılar və bu hələ də davam edir. Azərbaycanda radikal dindarların zərərsizləşdirilməsi ilə bağlı iki prosesdə əməliyyat zamanı terrorçular öldürüldülər. Situasiyanı sonradan öyrəndim. Öyrənməzdən əvvəl mənim də qənaətim bu idi ki, onları öldürmək olmazdı, sağ tutmaq lazım idi. Sonradan məlum oldu ki, hadisələr gözlənilmədən baş verib, terrorçular silahlı müqavimət göstəriblər və daha çox zərər vurmasın deyə, məhv etməyə məcbur olublar.
Hər halda məlumatlardan da hiss olunur ki, radikal dindarlarla, ümumiyyətlə terrorla bağlı əməliyyat şəraitinə DTX – nın nəzarəti qənaətbəxşdır.
- Terrorçular silahı necə əldə edir?
- Şimali Qafqazda, Çeçenistanın müstəqilliyi uğruda gedən proseslər zamanı Azərbaycana xeyli sayda silahlar keçirildi, üstəgəl biz özümüz də Qarabağ müharibəsi yaşamışıq. O zaman həm əhalidə nəzarətsiz silahlar var idi, həm də Azərbaycan sərhhədləri yaxşı qorunmurdu. O silahlar xüsusən Azərbaycanın şimal bölgəsinə gətirilib. Bu silahlar böyük həcmdə deyil. Əgər böyük həcmdə olsa idi, terrorçular çox işlər görə bilərdilər. Dəfələrlə İŞİD sifariş verib ki, Azərbaycanda özünüzü göstərməlisiniz. Burdakı adamları silah əldə etməyin, bomba hazırlamağın mümkünsüzlüyünü dilə gətiriblər. Bu təkcə bizdə yox, Avropada , İsraildə, ABŞ-da da özünü göstərib, ona görə də diqqət etmisinzsə son dövrlər yük maşınlarını qaçırıb əhalinin sıx olan yerlərində terror törədirlər. Maşın əldə etmək də çətinləşəndə adi bıçaqla, soyuq silahla insanları terror etməyə əl atırlar. Dəqiq bilməsəm də, hesab edirəm ki, belə tapşırıqları Azərbaycandakı adamlarına da sifariş verirlər.
- Radikal dindarların həbsxanalara salınması türmədə olan digər vətəndaşları da “yoluxdurub”. Həbsdən çıxanlar da deyir ki, radikla dindarlar içəridə daha kompak şəkildə hərəkət edirlər. Bunlar həbsxanalarda hansı formada nizamlanmalıdır?
- Həbsxana qapalı yerdir. Başqa əyləncə də orada yoxdur. Nəzarət edənlərin də apardığı hansısa maarifləndirmə işi onlar üçün cəlbedici deyil. Kefdən heç kəs oturub dini söhbətlərə qulaq asmır. İnsanlar məscidə də daha çox ağır günlərində gedirlər. İnanclı insanların bura aidiyyatı yoxdur. Bəzi insanlar pis vəziyyətə düşəndə üzünü Allaha, məscidə tutur. Radikal şəbəkələr Məscidə gələn bu tip adamları “ ovlamağa” çalışırlar, ona cüzi yardım edib müxtəlif təkliflər edirlər, tapşırıqlar verirlər, tapşırıqlar yerinə yetirildikdən sonra əgər aqressiv xarakteri varsa teroror törətməyə cəlb edirlər. Çox görmüşük ki, həbsə düşənlər dil öyrənirlər, kitab oxuyurlar. Bu cür qabiliyyəti olmayanlar da çox vaxt başlayır namaz qılıb dini söhbətlərə qulaq asmağa. Bu qapalı yerdən yaranan xüsusiyyətdir. Həbsxanada radikalları digərlərindən aralamaq lazımdır, əgər bunu edə bilmirlərsə, həbsdən çıxanda onlar barədə informasiya vermək lazımdır. İlk baxışdan adama elə gəlir ki, bu insan haqlarının pozulmasıdır, amma əksinə, insanları, cəmiyyəti perspektiv təhlükədən qorumaqdır. Cəmiyyətdə haqsızlıq, ədalətsizlik çox olanda bu tip insanların istər həbsxanada, istər çöldə radikal dinə meyillənməsi təbii prosesdir.
Bütün radikal dini qruplar şəbəkələşiblər, gizli şəkildə fəaliyyət göstərirlər, çox səbrli olurlar. Din bayrağı altında gəncləri cəlb edib Suriyaya göndərirdilər. Radikal dindarlığıa meyillənmədə ideologiya ilə yanaşı maliyyə də durur. Hətta deyərdim ki, ideologiyanı stimullaşdıran maliyədir. Döyüşə getmədən 700 dollar, döyüşə gedib gələndə 3 000 dollar, öldükdə isə 10 000 dollar verilirsə burada ideologiyadan daha çox maliyənin rol oynadığı ortadadır. Bu cür rəqəmlərin olduğu barədə məlumatlar eşidirik. İşsizlik, kasıbçılıq radikal dindarlığa meyillənməyə gətirib çıxarır. Bunun qarşısını almaq üçün isə fundamental dövlət proqramı olmalıdır.
- Dövlət sirri haqqında qanun var. Açığı bu qanun sanki jurnalistlər üçün tətbiq edilir. Müdafiə Sənayesi naziri Yavər Camalovun məlum açıqlamaları var, buna ilk reaksiyanı da siz verdiniz. Çox maraqlıdır, rəsmilər açıqlamalarında daha çox informasiya ötürürlər. Bunlara bu qanunu başa salan yoxdurmu? Burada nə isə boşluğun olduğunu yəqin siz də sezmisiniz.
- Sualda maraqlı bir detal dediniz, “bunları başa salan yoxdurmu?”. Bu çox vacib bir məsələdir. Ola bilsin ki, məxfi obyektdə işləyən adam bilmir nəyi deyə bilər, nəyi bilməz. Bu mütləq başa salınmalıdır. O tipli obyektlər DTX-nın nəzarətindədir. O sahəyə məsul olan DTX-nın əməliyyat işçisi gecə- gündüz həm obyektin təhlükəsizliyi, həm də informasiya təhlükəsizliyi ilə məşğul olmalıdır.Təhsil aldığım xüsusi məktəbdə bizə deyilən bir detalı sizə deyim. Hesab edək ki, tank və yaxud raket zavodudur, axşam İvan gəlib qonşularla oturanda deyir ki, qarşıda yaxşı pulumuz olacaq, yeni bir qurğu hazırlanır. Bu artıq informasiyadır. Qonşular bildi ki, yeni tank və yaxud raket istehsal olunacaq. İnformasiya ötürən şəxs taktika, texnika, xüsusiyətləri barədə heç nə demir. Amma, adını çəkdiyiniz səlahiyyət sahibi yeni yaradılacaq silahların taktiki, texniki xüsusiyyətlərini də açıqladı . Məxvi obyektlərinin sıravi işçilərindən tutmuş rəhbərlərinə qədər başa salmaq lazımdır ki, bu məlumatları deyə bilməzsiniz. Ola bilsin ki, hansısa sıravi işçi nəsə danışa bilsin, son detalları bilmədən məlumat versin, istəmədən, amma nazir bilmədən danışmır. Ölkədə ən az danışan müəssə rəhbəri Müdafiə sənayesi naziri olmalıdır. Soruşulanda da “ ölkənin müdafiə qabiliyyətini möhkəmlətmək istiqamətində zəruri olan işləri görürük” kəlmələri ilə kifayətlənməlidir. Biz niyə deməliyik ki, neçə istehsal sahəmiz var. Düşmən o dəqiqə düşünür ki, bu qədər istehsal sahəsində bunun gücü nəyə çatacaq. Bəlkə düşmən elə bilir azdır, ya çoxdur. Mətbuat açıq informasiya mənbəyidir. Bütün informasiyalar agentlərdən alınmır. Açıq mənbələrdən informasiyalar alınır, müqayisə edilir, təhlillər aparılır və bir arayış yazılır. Açıq informasiya cəmiyyətdə baş verən proseslərdən tutmuş, hərbi sahədə baş verən proseslərə qədər maraqlı analitik informasiya ortaya qoyulur. Bu həm də bizim informasiya təhlükəsizliyimizə gətirib çıxarır. DTX eyni zamanda Mətbuat Şurası ilə danışmalıdır. Nəzərə almaq lazımdır ki, nazir özəl media qurumlarına yox, rəsmi dövlət agentliyinə bu müsahibəni verib. Dövlət agentliyi də bilməli idi ki, nəyi yazmaq olar, nəyi yox. Bəzi adamlar məhz öyünmək məqsədi ilə danışırlar. Bu pambıq yarışı deyil axı.
İnformasiya təhlükəsizliyini qorumaq və müharibə aparmaq üçün böyük bir quruma ehtiyac var.
- İnformasiya müharibəsi necə aparılmalıdır?
- Bu qurum kompetensiyalı bir dövlət strukturunun yanında fəaliyyət göstərsə daha yaxşı olar. Çörçilin nəvəsinin bir müsahibəsi var idi. Deyirdi ki, Rusiya haqsız ola-ola elə informasiya müharibəsi aparır ki, insanlar deyir ki, yəqin elə belə də olmalıdır. Rusiya elə təbliğat aparır ki, beynəlxalq aləm həqiqətən Kırımın, Donbasın Rusiyanın olduğuna inanır. Bir “Russia today” layihəsi ilə Qərbi şoka salıblar. Rusiya ABŞ-dakı seçkilərə müdaxilə edirsə, bu da informasiya vasitəsi ilə edilir. Hətta dezinformasiya bu günki informasiya müharibəsinin vacib hissəsidir. Biz düşmənli ölkəyik. Qarşımızda konkret düşmən var. Düşmən öz mətbuatı ilə bərabər, Rusiya mətbuatı vasitəsi ilə, dünya ictimayətinə təsir edən Qərb informasiya vasitəsilə maksimum hərəkət edir. Demirəm ki, ermənilərdə hər şey əladır, amma ən azı bizdən fərqli olaraq daha geniş miqyasda fəaliyyət göstərirlər.. Bizdə informasiya müharibəsi bərbad gündədir. Bunun üçün dövlətin proqramı olmalıdır. İngilis, rus, erməni və öz dilimzdə konkret bir saytda, saytlarda möhkəmlənməli və dövlətin qayğısı və nəzarəti olmalıdır, istiqamətləndirməlidir. Yaranacaq qurumda profesionallar yerləşdirilməlidir. Keçmiş və indiki diplomatlar, xüsusi xidmət orqanlarının işçiləri, digərləri istiqamət verməlidir, cavan reportyorlar da yazılar yazmalıdır. Diaspora komitəsi ətrafında da bir qurum yaransa təsirli olar. Xarici mətbuatı öz tərəfimizə çəkməliyik. Orada yazılar getməlidir, yoxsa Xocalı faciəsi günü şəhərlərdə bayraq qaldırmaqla, şüar səsləndirməklə məsələ həll etmək olmur. Bu informasiya müharubəsi deyil.
- Azərbaycanda informasiya müharibəsi aparan bir qurum yoxdur. Bizdə daha çox fərdi şəkildə bu iş görünür.
- Açıq informasiya mənbələri Azərbaycan mətbuatıdır, sosial şəbəkələrdir. Ermənistanda bu mənbələri öyrənən, hədəfdə saxlayan konkret qurum var. Bunu özləri yazmışdı. Hər həftə təhlillər aparırlar, həmin təhlillər təhlükəsizlik xidmətinin qarşısına qoyulur. Onlar da baxıb nəticələr çıxarır, müvafiq qurumları məlumatlandırır, onlar da öz növbəsində işlərini planlaşdırırlar. Bütün bunlara kompleks şəkildə yanaşmaq lazımdır.
- Bizdə sistem budur “rəsmi xəbərlərdən istifadə edə bilərsiniz”.
- Rəsmi xəbərlər heç nəyə təsir edə bilmir. Rəsmi xəbərlər “Biləcəridən o yana” keçmir. Putin bu yaxınlarda müsahibəsində dedi ki, kim gələcəkdə süni intellektə tam yiyələnəcəksə dünyanın sahibi o olacaq. Özü gördü ki, texnologiya ilə ABŞ seçkilərinə təsir edə bildi. Planetə təsir edə biləcək bir dövlətin başçısı bunu deyirsə, biz də etməliyik. Biz elə vəziyyətdəyik ki, əlifbadan başlamalıyıq.
- Dövlətin görəcəyi işi kiçik QHT-lər görməyə çalışır, onlar da necə işləyir məlum.
- Ümumiyyətlə, o QHT-lər nə işlə məşğuldurlar? Onlara ayrılan pullardan qeyd etdiyimiz məsələyə müəyyən faiz ayrılsa böyük işlər görmək olar.
- Bir neçə ay əvvəl cəbhə bölgsində düşmənə məlumat ötürən bir şəbəkə ifşa edildi. Bu olayla bağlı fikirləriniz maraqlıdır.
- Belə bir faktın özü biabırçılıq idi. Cəmiyyətə mənfi təsir edən, ruh düşkünlüyü yaradan bir hadisə idi. Ön cəbhəyə güvənirsən, məlum olur ki, ön cəbhədə də satqın var, arxa cəbhədə də. Bu məsələ sona qədər açılmadı. Açılan o oldu ki, qanunsuz – məhkəməsiz qətlə yetirilənlər oldu. Cinayətkarın məhkəməsi olmalıdır. Bayaqdan fikirləşirdin ki, o adamlara nifrət etməlisən, indi isə onlara acıyırsan. İnsanlarda belə bir qənaət yarandı ki, əksinə, daha yüksək səviyyədə satqınlıq var. Aşağı səviyyə bunu bildiyinə görə də öldürüldü. Ümumiyyətlə, bu məsələdə kim cəzalandırıldı? Bu barədə cəmiyyətə bir açıqlama verdilərmi ki, müəmma yaranmasın?
Əsas problem odur ki, bütün sahələrdə müasir tələblərə uyğun kadr çatışmamazlığı var. Kadr var, sadəcə yerində deyil heç biri. Ölkədə böyük bir kadr çatışmamazlığı var. Vəkillərlə bağlı məsələ üzə çıxardı ki, ölkədə vəkil yox dərəcəsindədir. Bütün bunların əsas səbəbi kadrların düzgün prinsiplərlə seçilməməsidir. Peşəkarlıqdan çox, qohumluq, yerliçilik, yaltaqlıq, sədaqət şərtləri prioritetdir.
- Son günlər Eldar Mahmudovun sıxışdırıldığı görünür. Pul çox önəmli bir şey imiş...
- Gedin bir xəbər yazın. Yazın ki, “iyirmi ildir işləyən “X” nazir, ya komitə sədri işdən çıxarılıb. Araşdırmalar zamanı məlum olub ki, o milyardlarla pul mənimsəyib və ölkədən çıxarıb”. Yaxın illərin hadisələrindən bu nəticə çıxır ki, yazacağınızı istənilən nazirə, komitə sədrinə şamil etmək mümkündür. Bu iyirmi ildə adamın talançılığı bilinmirdi ki? Məlum oldu ki, Eldar Mahmudov böyük bir bankı çökürdüb. Keçmiş Rabitə naziri dövlət pulundan milyonlarla paket alıb, verib. Bu səbəbdən Nəqliyyat nazirinin obyektləri əlindən alınır. O cümlədən də vergilər naziri ilə baş verənlər. Heç birindən də yarıtmaz işlədiyinin hesabı sorulmur. Soruşulan bircə şey var.PUL! Sıxışdırılmağın əsas səbəbi də budur.
- Regionda çox qəribə proseslər gedir. Üç qonşumuz – Rusiya, İran, Türkiyə rəhbərləri tez-tez görüşlər keçirir. Bu üzlüyün ortasında Azərbaycan yerləşir. Bu da Bakını cəsus şəbəkəsi ilə qaynayan şəhərə çevirir.Bu qədər maraqların kəsişdi ölkədə xüsusi xidmət oraqnların da işi çətindir. Bizim xüsusi xidmət orqanları öz işinin öhdəsindən gələ bilirmi?
- İsrail dövləti yaranandan sonra Beyrut dünyanın cəsus şəbəkəsinin mərkəzi idi. Bütün dünya orada idi, hamı agentura ilə görüşləri ora salırdı. Biz də elə coğrafi məkanda yerləşirik ki, dünyanın çox güclərinin maraqları burda toqquşur, ya da üst-üstə düşür.Qonşularımız Rusiyadır, İrandır, Türkiyədir. Rusiya və İrana görə burada ABŞ və İsrail var. Gürcüstanla yaxşı münasibətlərimin olduğunu deyirik. Elə bilirsiniz Gürcüstan kəşfiyyatının burada marağı yoxdur? Dünya hazırda İran və Rusiya ilə vuruşur, onlar da bizim qonşumuzdur. Üstəgəl erməni kimi düşmənimiz var. Əsas odur ki, bu prosesdə bizim maraqlara xələl gəlməsin, casus fəaliyyəti bizə qarşı yönəlməsin.
- Xüsusi xidmət orqanları üçün MTN Akademiyası kadr yetişdirir. MTN ləğv ediləndən sora Akademiyanın fəaliyyəti hansı formadadır. Ümumiyyətlə, Akademiya lazımdırmı?
- Akademiyanın fəaliyyəti barədə ciddi bir məlumatım olmasa da, hər halda DTX iki ildə müsbətə doğru addımlar atıb və yəqin ki, orada da müsbət dəyişiklik var. Ən azı onunla razılaşmaq olar ki, Akademiyaya kursantlar artıq pulla qəbul olunmurlar . Şəxsən mən istərdim ki, Akademiyaya qəbulu Tələbə Qəbulu komissiyasından çıxarsınlar. Bu həm də perspektiv təhlükəsizlik baxımından lazımdır. Çox ölkələrdə belədir ki, ali təhsilli adamları sonradan seçib götürürlər. Kursantları xüsusi xidmət orqanları özü seçməlidir.
- Klassika daha yaxşıdır yəni.
- Bəli, klassik forma daha yaxşıdır. Hesab edirəm ki, Akademiyada işlər yaxşılığa doğru gedir, ancaq oraya qəbulu tələbə qəbulundan çıxarmaq daha məqsədəuyğundur.
-Müsahibəyə görə sağ olun.
-Yeni ilə sayılı günlər qalıb. Yeni iliniz mübarək!
Səxavət Məmməd
Hiç yorum yok:
Yorum Gönder