Yaxşı yadımdadır, 1997-ci il idi. Millət vəkillərindən biri Ağcabədidə yaşadığımız "Türk Kızılay" çadır şəhərciyinə gəlmişdi. Hər cümləsində "sizi anlayıram", "nələr çəkdiyinizi bilirəm" deyirdi. Birdən yaşlı qadın deputata dedi ki, sən bizim nə çəkdiyimizi anlaya, necə yaşadığımızı bilə bilməzsən. Bunu anlamaq istəyirsənsə, gəl, bir ay bizim çadırda yaşa, onda səmimiyyətinə inanaram. Bu sözlərdən sonra görüş yekunlaşmışdı.



Nizami küçəsinə gedən yolun üstündə ustalar səkini söküb, yerinə yeni daşlar düzürlər. Küçəyə səpilmiş taxta parçaları və məftillərə görə hərəkət etmək mümkünsüz olur. Ustalardan biri yaxınılaşıb, kömək etməyi təklif edir. Razılaşıram. Maneələri keçdikdən sonra ustaya "sağ ol" deyirəm, o isə üz tutub gedərkən usta yoldaşlarına "bunları evdən tək buraxanın...", deyir. Düzdür, onun əlilə heç bir borcu yoxdur, ancaq səkilərin bu cür tikilməsində əlillərin günahı ki, yoxdur.

Həqiqətən əlil olub arabaya oturaraq yarıya qədər çökürsənsə, o baxışlar altında yerin dibinə girirsən.



Öz-özümə deyirəm, görəsən mən də əlil arabasında gedənlərə qeyri-adi nəsə görmüş kimi baxırdım? Bunu düşünə düşünə hərəkət edirəm. Baxmırdım, çünki əlil arabasında olan birinin baxışdan narahat olacağını düşündüyüm üçün həmişə gözlərimi başqa səmtə çevirirdim. Mətanətə deyirəm, görəsən, insanlar niyə bu qədər baxır? Deyir, bunun günahı da bizdədir. Çünki biz əlillər insanların gözləri alışsın deyə küçəyə daha çox çıxmalıyıq. İnsanların gözünü əlil arabasına alışdırmalıyıq. Deyirəm, mən hər zaman görəndə gözərimi başqa yerə çevirirdim. Mətanət deyir, elə bilirsən haqlısan, ancaq bax bu da yalnışdı. Çünki sənin gözlərin də alışmayıb buna. Əgər gözlərin alışıq olsaydı, sən də gözləini gizlətmək məcburiyyətində qalmazdın, adi bir şey kimi keçib gedərdin.

Əlillərin cəmiyyətə qazandırılması üçün mütləq psixoloqların onlarla işləməsi vacibdir. Çünki, təcrübə üçün əlil arabasında oturan biri bu qədər sıxılırsa, görün əlillər nələr çəkir.
Mətanət başına gələn bir hadisəni danışır. Deyir, bir müddət əvvəl elə bu küçədə gəzirdim. Yağış yağırdı, çətirimsə yox idi. Küçənin digər tərəfinə keçib yağışdan qorunmaq üçün yağış düşməyən yerə keçmək istəyəndə əlində çətir olan bir nəfər gəldi və çətiri tutdu başıma. Təşəkkür etdim, cavab vermədi. Sual verdim, cavab vermədi. Nə soruşdum, cavab vermədi. Öz-özümə deyinməyə başladım. Birdən mənə dedi ki, "l am an Arab". Sən demə mənə kömək edən xarici imiş. Biz əlillərə kimsənin borcu yoxdur. Bizə yardım edilməyəndə bundan inciyib- küsmürəm. İnciyib- küsməyə haqqım da yoxdur, ancaq insanlıq başqa şeydir. Bu qədər yol gəldik, yanımızdan yüzlərlə adam keçdi, ancaq 7-8 nəfər kömək etdi.
Həqiqətən, o qədər yazığı gəlmiş baxışlara rəğmən, çox az adam kömək etmək təklifi edir.
Yol boyu söhbət edirik. Deyirəm, bu ölkədə bir əlilin şəhərə tək çıxması doğru deyil. Mətanət deyir, doğru deyirsən, ancaq bu, təkcə bu çətinliyə, yolun olmamasına görə deyil. Başqa səbəbləri də var. Və başına gələn bir hadisəni də danışır:
"Bir müddət əvvəl dostumla banka getməli oldum. Dostum dedi, sən çöldə gözlə, mən bankda işimi görüb gəlirəm. Tək dayanmışam. Ciddi sifət alıram ki, kimsə yaxınlaşmasın. Bir qədər sonra bir cavan oğlan yaxınlaşdı, əlini uzatdı, ovcunda qəpik var idi. Onu acıladım, üzr istəyib getdi. Bu minvalla bir neçə nəfər gəldi, pul uzatdı, acıladım getdi. Yaşlı qadın yaxınlaşıb pul vermək istədi. Qolundan tutdum. Dedim, nə edirsiniz? Mən dilənçiyə oxşayıram? Qadın dedi ki, bəs əlil arabasında idin, ona görə pul vermək istədim”.
Təkcə səkilərin, yolların bizim üzümüzə bağlı olmasından yox, elə insanların yalnış davranışı üzündən də əlil arabasında şəhərə tək çıxmaq olmur. Belə bir təsəvvür yaranıb ki, əlil arabasında oturanlar dilənçidir.

Qarşıdan gələn bir ana balaca uşağını arabada küçədə gəzdirir. Digərləri kimi uşaq da bizə baxır. Ancaq bu baxışlarda maraq var. Bir birimizə yaxınlaşdıqca uşaq arabadan önə doğru əyilir, arabalarımızın yolu kəsişəndə balaca əllərini arabadan kənara uzadır. O uşaq arabasında, mən də əlil arabasında, əllərimizi bir birinə toxundurub keçirik. Uşaq ötüb keçdikdən sonra da boylanıb geriyə dönür və baxmağa davam edir. Körpə beyni ilə uşağın nələr düşündüyünü, anasına hansı suallar verdiyini, anasının hansı cavablar verdiyini bilməyi çox istərdim…
Hava soyuqdur, çiskin yağış da yağır. Bir yerdə oturub çay içmək, isinmək istəyirik. Ancaq əlil arabası ilə hansısa kafeyə girmək üçün öncə yol tapmaq lazımdır. Çünki kafelərin demək olar heç birinin qarşısında əlillərin girməsi üçün yer qoylmayıb. Beləcə Nizami küçəsi boyu kafe axtarırıq. Sonda içəri keçə biləcəyimiz bir yer tapırıq. İçəri keçməmişdən öncə Mətanət deyir, Səxavət, pul qabını əldə qoy. Sual verirəm niyə?
- Bir dəfə mərkəzi küçələrin birində bir kafeyə girdim. Bahalı sayılacaq kafe idi. İçəri girən ilk andan mənə qəribə baxmağa başladılar. Açığı bəzən əlil olmağımı unuduram. Menyuya baxdıqdan sonra sifariş verdim. Ofisiant qəribə tərzdə baxaraq sual verdi ki, hamısını istəyirsiniz? Anladım ki, əlil arabasında olduğuma görə düşünüblər yəqin pulum yoxdur və yaxud dilənçiyəm. Pul qabımı çıxarıb afisianta göstərib dedim, narahat olmayın, pulum var. Ondan sonra ofisiant başıma dolanırdı.

Artıq qaranlıq düşüb. Hava da getdikcə soyuyur. Günə yekun vurmağın vaxtıdır. Sifariş etdiyimiz taksini gözləyirik.
Mətanət deyir, əlil arabasında bir gün, necə idi?
Mətanətin sual verdiyi anda da, indi də qəribə hisslər keçirirəm. Bir əlilin bir gün ərzində gəzməyə çıxarkən nələr çəkdiyinin əyani şahidi oldum.


Sifariş etdiyimiz taksi gəlir. Mətanətə bu gün vaxt ayırıb, ideyamı həyata keçirməyimə yardımçı olduğu və maraqlı gün üçün təşəkkür edirəm. Bir-birimizi tərifləyirik. Sonda Mətanət deyir, vaxtıdır, sən indi arabadan qalxacaqsan, mən isə …
Səxavət Məmməd
Fotolar: Zeynəb Hüseyinli
Hiç yorum yok:
Yorum Gönder