17.06.2020

Xalqdan “günah keçisi” düzəldiləndə...

Azərbaycanda ən asan şey xalqı tənqid etmək, xalqın üzərinə məsuliyyət yükləməkdir. İstər iqtidar, istər müxalifət – fərqi yoxdur, kimin işi, planı düz getməyəndə, hədəf taxtasına Azərbaycan xalqını çıxarır. İqtidar və ya müxalifət bir yana, oxucusuz şair, kitabı satılmayan yazıçı, yazdığına özü belə inanmayan jurnalist… hər kəs günahı xalqda görür.

Hələ bu harasıdır, xalqa ağıl öyrədən kim, xalqı istədiyi kimi yerdən-yerə vuran kim. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyevanın xalqı qabağına qoyub uşaq kimi danlamağı türkiyəlilər demiş, “bardağı daşıran son damla” oldu.

Xanım deyir ki, İtaliyada, İspaniyada xəstəxanadan oksigen balonunu əlinə verib evə yola salınanlar olmuşdu. Yəqin araşdırmayıb, bəlkə eşidib, ancaq heç maraqlanmayıb da – Ağdamda pandemiyadan öncə tüstüdən boğulan xəstəyə oksigen balonu verilməmişdi. Səbəb bilirsiniz nə idi? Oksigen balonu xəstəxanaya aidiyyatı olmayan bir şəxsə məxsus idi və onu pulla satırdı.

Həmin adam tapılmadığı üçün vətəndaşa oksigen balonu verilməmişdi. Bundan danışın… Rəvanə Əliyeva deyir, “Əvvəldən də demişdik ki, qaydalara riayət edin, məsuliyyətli olun”. Bu sözü demək çox asandır. Sağ ayaq əvəzinə sol ayağı (dəqiq yadımda deyil, bəlkə də sol əvəzinə sağı kəsmişdilər) kəsənləri məsuliyyətə səsləməsi də ayrı bir komediyadır, deyilmi? Deyəsən, Azərbaycanda ən çox məzə yeri olan, ən çox tənqid olunan sahələrin başında tibbin gəldiyini unudublar.

Hələ bu harasıdır? Rəvanə xanım deyir ki, “bizim gecəmiz-gündüzümüz, istirahətimiz yoxdur, sizin kimi məsuliyyəti olmayan eqoistlərə görə”. Buna bir neçə yöndən cavab vermək olar. Ən qısa və konkretini deyim – xoşun gəlmir, işləmə! Bəyənmirsən, istefa ver. Hökumət koronavirus xəstələri ilə işləyən həkimlərin məvacibini bir neçə dəfə qaldırıb. Maaşınızı vermirlər? Əcəb edirlər, çıxıb qanuni haqqınızı istəyin. Bu təfəkkürlə, bu məntiqlə sabah deyəcəklər ki, virusu elə siz yaymısınız.

Təsəvvür edin, cəbhədə döyüşlər başlayır. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı çıxıb açıqlama verir ki, məsuliyyətli olun, “bizim gecəmiz-gündüzümüz, istirahətimiz yoxdur”. Adama deməzlər ki, qardaş, işinizin adı nədir? Koronavirus epidemiyası Azərbaycan səhiyyəsinin ilk ciddi sınağıdır. Buna qədər Azərbaycan səhiyyəsinin üzərinə ciddi bir iş düşmürdü. Çünki müalicəyə ehtiyacı olanlar qonşu ölkələrə üz tuturdular.

Onu da deyim ki, Azərbaycanda öz işini bilən, savadlı həkimlərimiz qətiyyən az deyil. Ancaq… yanlış diaqnozlar, səhv müalicələr, həkim məsuliyyətsizliyi üzündən ölənlərin də sayı həddindən artıq çoxdur. Azərbaycanda sərhədlərin açılmasını istəyən kifayət qədər insan var. Bunların kiçik hissəsi gəzmək istəyənlərdir. Yerdə qalanları İrana, Türkiyəyə, lap pulu çox olanlar Avropaya müayinə və müalicə üçün getməyi hədəfləyənlərdir. Bu amil TƏBİB-ə heç nə demir?

Koronavirusla mübarizənin ilk mərhələsində yoluxma statistikası çox aşağı idi, rəsmilər bunu böyük uğur, nümunəvi fəaliyyətin nəticəsi adlandırırdılar. Elə ki gündəlik yoluxma sayı 300-ü keçdi, başladılar xalqı hədəfə çevirməyə: “Xalq məsuliyyətsiz davranır, qaydalara əməl etmir və s.” Necə olur ki, uğur dövlətin, hökumətin ayağına yazılır, uğursuzluğun səbəbkarı kimi isə xalq göstərilir?

Müxalifət də eynilə davranır. Mitinqə çox adam gələndə, uğur onların olur, gəlməyəndə isə xalq “yatmış”, “taleyi ilə barışmış” kütlə sayılır. Niyə? TƏBİB-in sədri Ramin Bayramlı xəstəxanaların açılmasını uğur kimi təqdim edir. Ölkədə kim xəstəxana binası üstündə dava edib? Səhiyyəmiz can verir deyəndə, kim binaları nəzərdə tutub?

İndi insanların üzərinə məsuliyyət yükləyən rəsmilər az qala “koronavirusu yendik” deməyə hazırlaşarkən, niyə 10 modul tipli xəstəna tikildi? Hər halda, bu qərar boşuna qəbul edilməmişdi. Doğru deyilmi? Rayonlara baxın, ən əzəmətli, ən hündür binalar icra hakimiyyətlərinə məxsusdur. 5 icra başçısının həbsi bizə göstərdi ki, əslində, o əzəmətli binanın altında nə oyunlar gedir. Yəni xəstəxana tikmək işin heç yarısı da deyil. Ramin Bayramlı və Rəvanə Əliyevə camaatın üzərinə məsuliyyət yükləməkdənsə, çıxıb təcili tibbi yardımın çatdırmamasından, xəstələrin çarəsiz qalmasından danışsınlar…

Heç olmasa…

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics