9.06.2020

Operativ Qərargahın iki sutkalıq həbsi, azadlığın xaosu, deputatın "sürüsü"

Operativ Qərargah iki günlük küçəyə çıxma qadağası elan etdi. Qadağanın elan edildiyi gün TƏBİB sədri Ramin Bayramlı bildirdi ki, bütün qərarlar müzakirə edilir, beynəlxalq təcrübəyə baxılır, elm adamlarının fikirləri nəzərə alınır. İnsanlar mağazaları yağmalıyıb, evində oturdu. Aldıqlarını yedi desəm, yalançı olaram. Səhər zibil atanda qalaq-qalaq çörəkləri görəndə, hər şey aydın oldu. Diqqətli insanlar yəqin ki, müşahidə ediblər bunları.

İki gün ərzində baş verənlər barədə heç nə deməyəcəm. Gələk bu gün gördüklərimizə. Metro dolu, marşurutlar onun kimi. Küçələrdə insanlar qaynayır.

 Bir hündürmərtəbəli binanın həyətindəki son dərəcə kiçik parkdakı uşaq və qadınları saymağa çalışdım, o qədər çox idi ki, çatdıra bilmədim, mən yüz yazım, siz yüz əlli oxuyun. O qədər çox idi. Nə dəyişdi? Şəxsən mənə maraqlıdır, bunu hansı elm adamı dəstəkləyib və yaxud bu ideyanı irəli sürüb? Onun məntiqini testdən keçirmək lazımdır. İnsanları iki gün evə doldur, sonra heç nə olmamış kimi azadlığa burax. 5-ci gün küçədə 10 adam var idisə, bazar ertəsi bu rəqəm 100 oldu (rəqəmlər şərtidir). Budur virusla mübarizə üsulu? Hə, bu iki günün nəticəsi ancaq 13-14 gün sonrakı yoluxma sayına təsir edəcək, bəs sonra?

Elm adamları elə gəldi, beynəlxalq təcrübə belə getdi deməkdənsə, Türkiyənin qəbul etdiyi qərarları olduğu kimi tətbiq etdiklərini deyə bilmədilər. Guya Türkiyədə həftə sonu qadağaları işə yarayır? Azalma varsa da, o buna görədir?

Bu iki günün nəticəsində ən çox müzakirə olunan məsələsi Yeni Yasmalda sakinlərlə polis arasındakı insident oldu. Vətəndaşlar karantin qaydasını pozan şəxsə qarşı polisin güc tətbiq etməsinə etiraz olaraq yuxarıdan aşağı zibil atdı. Birmənalı olaraq bu hərəkət pislənildi. Əslində düzgün idarə olunsaydı, heç müdaxilə edilmədən də, o hərəkəti edənlər məzəmmət edilə bilərdilər. Sosial şəbəkə və mətbuatla düzgün işləməklə bu vəziyyət polisin tam xeyrinə olardı. Ancaq yataq geyimində aparılma, pilləkənləri düşürdərkən boynunun arxasına şapalaqlama və başa diz zərbəsi hər şeyi dəyişdi. Bəli, deyəcəklər və deyirlər ki, polis gücün göstərdi, bundan sonra bir də belə hadisə baş verməyəcək. Kimə? Öz vətəndaşına güc göstərmək kimin xeyrinə olacaq ki? Bu dövlətə lazım idi? Eşitdiyim, bildiyim, gördüyüm qədər yox!

DİN-in mətbuat xidmətinin rəhbəri açıqlamasında deyir: “İstər polis əməkdaşı, istərsə də vətəndaş tərəfindən yol verilmiş  hər bir qanunazidd hərəkət hüquqi qiymətini alacaq və nəticələri üzrə müvafiq tədbirlər görüləcək”. Nəticəni hamımız görəcəyik.

Deputat Fazil Mustafa yaşananlara öz şəxsi facebook hesabından münasibət bildirib. İlk cümləsində zibil atanları "sürü" adlandırıb. Bütün günü söyüş və təhqiri tənqid edən deputat vətəndaşlarına sürü deyir. Sürü qoyun olur, it olur, çaqqal olur. Üçüncü statusunda isə it sürüsü nəzərdə tutduğundan agah olduq. Səhv edən vətəndaşını "sürü" adlandırmaq bir deputata nə qədər yaraşır? Lap deyək ki, zibil atanlar cinayətkardır. Məhkəmə qərar verəndən sonra "lap"sız deyərik. Nə vaxtdan dövlət cinayətkarları dışlayır? Ümumiyyətlə, polisin başına zibil tökənləri dəstəkləyən var? Bu səhər baş verənlər olmadan, hər kəs o hərəkəti edənləri tənqid etmirdi, bəyəm? Kim o hərəkəti edənlərə haqq qazandırıb? Buna dair bir misal var? Hazırda xəyali bir qüvvə ilə mübarizə gedir. Polisi ən sərt tənqid edənlər belə, ilk cüməsində vurğulayır ki, zibil tökənlərə haqq qazandırmıram.

Polislə vətəndaş arasında baş verənlərlə bağlı uzaq 95-ci ildə İstanbulda Qazi məhəlləsində baş verən olaylara, yaxın ABŞ-da baş verən olaylara baxmaq kifayət edir.

Xalqın həm maddi, həm mənəvi cəhətdən bezginləşdiyi günlərdə diqqətli olmaqda fayda var. Artıq aksiya çağırışları olub. Camaatın qarnının hayında olduğu bir vaxtda, bu gərginlik kimə lazım idi? Məncə öncə bunu düşünmək lazımdır.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics