22.09.2019

“MiQ-29” qəzasının “quş”lu səbəbi: Ona kim inanacaq?

17 tonluq (bəzən 22 ton ) kütlə, saatda 2000 kilometr sürət, zirehli şüşə…və sözəbaxmaz gecə quşları…

Məşhur el deyimimiz var: “Allah yaxşı ki, dəvəyə qanad verməyib”. Təbii ki, məcazi mənada ifadə edir. Təsəvvür edək ki, bu, həqiqi mənadadır, Allah dəvəyə qanad verir və o dəvə də gecə uça-uça gəlib özünü hərbi təyyarəyə çırpır…

Fantastikadırsa, biz də fantaziyamızı işə salaq da…


UNO-ların Xəzər dənizində bazalarının olmasına dair çoxsaylı videolar da yayılıb. Nə biləsən, bəlkə o “yad cisim” elə yadplanetlilərin “Uçan boşqab”ı olub? Yəqin bu dəfə “boşqab”ı quş formasında hazırlayıblar. Ola bilməz? Quş zirehli şüşəni deşərək, pilota ağır xəsarət yetirə bilər, yadplanetlilər o cür “quş” icad etməyi bacarmazlar?

Bir tanışla söhbətləşirəm. Ona əsəbi halda deyirəm, “MiQ-29”-un quşla toqquşaraq, qəzaya uğraması mümkün deyil axı… Sakit tərzdə cavab verir ki, niyə mümkün deyil? Sən eşitməmisən ki, Xəzər dənizində mutasiyaya uğrayan ikibaşlı qartallar peyda olub? “Nə bilim, vallah”, deyib, onunla söhbəti bitirirəm.

Türkiyəli pilotla danışıram. Artıq ehtiyata buraxılıb. Müdafiə Nazirliyinin rəsmi bəyanatını tərcümə edib, ona göndərmişəm. Durmadan, gülüş smaylikləri ilə reaksiya verir. Nə hə deyir, nə də yox. Sadəcə, gülür. Açığı, əvvəl elə bildim, adama Müdafiə Nazirliyinin məlum açıqlamasını yox, səhvən 18+ məzmunlu lətifə göndərmişəm. Sonra baxdım ki, yox, mən yanılmamışam. Ancaq Türkiyəli pilotun nəyə güldüyünü heç cür anlaya bilmədim.

Zooloqla danışdım. Yalan-gerçək deyir, Xəzərin o istiqamətində, ümumiyyətlə, quşlar dəstə-dəstə uçmayıb. Doğrusu, ona inanmadım. Niyə uçmasınlar ki? Quşlara səmada kim “uçuş qadağası” zonası müəyyənləşdirib ki? İndi işimizi-gücümüzü atıb, bunun səbəblərini araşdırmağa başlayaq?

Sosial şəbəkələrə də girmək mümkün deyil. Hamı bu barədə danışır. Nazirliyin məlumatında “yad cisim” yazılıb, mötərizədə isə “quş və ya quş dəstəsi” kimi izahat verilib. Soruşmaq ayıb olmasın, ətli-qanlı varlıq nə zamandan cisim olub?

Oxuyub-eşitdiyimiz qədər, quşlar adətən, köç zamanı dəstə ilə uçurlar. Yaxşı, bu, nə vaxtın köçüdür belə? Əgər quşların köç mövsümüdürsə, bu amil niyə nəzərə alınmayıb? Köç edən quşların uçuş istiqamətləri alimlərə (ornitoloqlara) məlumdur, hətta bunun xəritəsi də hazırlanır. Maraqlanan istənilən şəxs internet vasitəsilə köç istiqamətlərini izləyə bilər.

Yenə də oxuduğumuz-bildiyimiz qədər, hərbi və sərnişin təyyarələrinin uçuş marşurutları seçilərkən, quşların köç istiqaməti mütləq nəzərə alınır. Onda belə çıxır ki, quşlar özlərinin köç marşrutlarını qəfildən dəyişiblər?

Ən maraqlısı, Nazirliyin yaydığı məlumatın sonunda xüsusi vurğulanıb ki, “məlum məsələyə dair qeyri-peşəkar şərhlərə və əsassız iddialara son qoyulmasını məqsədəuyğun hesab edirik”.

Niyə? Sizin fikiriniz, mövqeyiniz “Quran” ayələrinin hökmünə bərabərdir ki, onların müzakirəsi günah hesab edilsin? Ümumiyətlə, “MiQ-29″-un “qara qutu”sunun belə ildırım sürəti ilə “oxunmasının” özü də suallar doğurur.

Köhnə fotoaparatlar yadınızdadır? Şəkillərin çıxarılması xeyli vaxt aparırdı, plyonka yuyulurdu, aşkarlanırdı, qurudulurdu və sair… Belə anlaşılır ki, dənizdən çıxarılan “qara qutu”nun suyu qurumadan, “iç”ini oxuyub, qəzanın səbəbini müəyyənləşdiriblər. Əhsən!

Əslində, “MiQ-29”-un “qara qutu”sunu inanılmaz operativliklə “oxumuş” azərbaycanlı mütəxəssislər Ginnesin Rekordlar Kitabına düşəsi bir iş görüblər. Qiymətləndirmək lazımdır.

Qaranlıq qalansa “MiQ-29”-un qəzaya uğramasının gerçək səbəbidir… Bu, artıq fantaziya deyil.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics