90-cı illərin əvvəllərində Xətai rayonu, Gəncə prospekti 20 ünvanında hündür mərtəbəli bina inşa edilib. Bina 3 blok, 16 mərtəbədən ibarət olub. Ancaq bina istifadəyə verilməmişdən öncə zəlzələ, ardınca ərazidə sürüşmə baş verir və bina 8 metr sürüşərək yerini dəyişir. Ərazidə olarkən binanın haradan sürüşərək indiki yerində durduğunu aydın şəkildə görmək olur. Bina sakinlərinin sözlərinə görə, binanın aşacağından qorxan inşaat şirkəti 7 mərtəbəni sökərək binanı 9 mərtəbədə saxlayırlar. Sökülmüş 7 mərtəbənin panelləri hələ də binanın ətrafında qalmaqdadır.
Binada yaşayan sakinlərin sözlərinə görə 1997-ci ildən binaya sığınıblar. Bəli, sığınıblar. Çünki bina elə o zaman da qəzalı olub. Sadəcə olaraq Bakı şəhərində qalmağa yer axtaranlar gəlib o binada sığınıblar. Qəzalı binada məcburi köçkünlərlə yanaşı, ölkənin digər rayonlarından gələnlər də məskunlaşıblar. Qəzalı binaya sığınanlardan 23 ailə ölkənin digər rayonlarından gələnlərdir.
Xətai rayonu, Gəncə prospekti 20 ünvanında yerləşən qəzalı binada 216 nəfər insan yaşayıb. 2017-ci ilin oktyabr ayının 26-da qərar verilib ki, bina hər an uça bilər və bina sakinlərinin köçürülsün.
Ölkə.Az-ın əməkdaşı təcili boşaldılmalı olan binanın narazı sakinlərinin dəvəti ilə həmin ərazidə olub.
Sual olunacaq ki, qəzalı binadan köçürürlər, doğru qərara niyə etiraz edirlər? Bu barədə bir qədər sonra.
Qəzalı binanın yanına getmək üçün bələdçiyə ehtiyac yoxdur. Artıq bina görünəndən bilinir ki, bu ərazidə qəzalı bina ancaq bu olacaq. Binaya yaxınlaşdıqca binanın nə qədər əyildiyini görmək olur. Sonradan bina sakinləri ilə söhbət zamanı məlum olur ki, bina 4 metr arxaya doğru əyilib.
Binanın təcili boşaldılması və sakinlərin sığınacaqla təmin edilməsi ilə bağlı qərardan sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qəzalı binada yaşayan məcburi köçkünləri siyahıya alıb onları Masazır və Mehdiabad qəsəbəsində tikilmiş qaçqın və məcburi köçkünlər üçün qəsəbəyə yerləşdirib. Artıq binanın qarşısında olanda məlum olur ki, oktyabr ayının 31-dən insanlar köçürülməyə başlayıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərin əşyalarının daşınması üçün maşınlar da ayırıb.
Gələk narazı şəxslərə. Məlum olur ki, qaçqın olmayan 23 ailənin köçüb-köçməyəcəyi, onlara sığınacaq verilib-verilməyəcəyi məlum deyil. Məcburi köçkünlərə yeni qəsəbələrdən evlər verilir, ancaq 23 ailə hələ də hər an uçma təhlükəsi olan binada yaşamalı olacaqlar. Bina sakinləri bildirirlər ki, Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri onlara da sığınacaq veriləcəyini desə də, nə vaxt və haradan məsələsi sual altındadır.
1997-ci ildən binada yaşayan Həsənov Mirhəbibin sözlərinə görə, dünən Xətai rayon İcra Hakimiyyətinin işçiləri 23 ailə ilə görüş keçirib. Görüş zamanı icra başçısının müavini bildirib ki, sizin köçürülməyinizlə bağlı yuxarı instansiyaların qarşısında məsələ qaldırmışıq. 10 gün ərzində bununla bağlı sizə dəqiq bir söz deyiləcək:
"Havadayıq. Nə sığınacaq verəcəyik deyirlər, nə də pul verirlər ki, gedib başımızı salmağa bir ev alaq. Qalmışıq yaman gündə".
Binanın ərazisini hansısa bir şirkətin aldığı deyilir. Ancaq bunun hansı şirkət olduğu binada yaşayan sakinlərə məlum deyil. Cəlilov Röyal deyir ki, bizə dəqiq bir söz desələr, işimizi bilərik:
"Bu binanın yerində hündürmərtəbəli bina tikiləcək, nə demirlər ki, kirayə pulunuzu verəcəyik o bina tikilənə qədər gözləyin, nə də bir yer göstərmirər ki, gedib oraya sığınaq. Ümumiyyətlə, heç nə demirlər. Binadan sakinlər köçdükcə binanın uçma təhlükəsi daha da artır".
Sadıqov Habil isə qeyd edir ki, bizimlə yanaşı bir məcburi köçkün ailəsi var, onları da köçürmürlər.
Bunun səbəbi haqda isə həmin ailənin xanımı Məmmədova Şərqiyə danışır:
"Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bizə bildirdilər ki, sizə ev verilməyəcək. Səbəb isə 9-cu mərtəbədə yaşayırdıq, 7 il bundan əvvəl ailəmiz böyüdü, nə edəcəyimizi bilmədik, 10-cu mərtəbəni özümüz tikib oraya yerləşməyimizdir. Deyirlər ki, niyə 10-cu mərtəbəyə keçmisiniz? Yuxarı qalxıb özünüz yaşadığımız yeri görərsiniz".
Bu məsələdə haqsızlığın olduğunu iddia edən Şərqiyə Məmmədova qeyd edir ki, elə ailələr var, onların evləri var, onlara ev verilir, ancaq bizə yox. Çünki bizi tapşıran yoxdur.
Bina sakinləri ilə söhbət zamanı məlum olur ki, binanın qarşı tərəfində tikilən yaşayış evlərində məcburi köçkünlər yaşayırlar. Həmin sakinlər də 20 ildən çoxdur ki, gəlib, özlərinə ev tikib, orada məskunlaşıblar.
Əldə etdiyimiz məlumata görə, həmin məcburi köçkün ailələri də köçürüldükdən sonra Azərbaycanın müxtəlif rayonlarından olub qəzalı binada 20 ildir yaşayan 23 ailə köçürüləcək. Binanın isə uçmayacağına heç kəs qarantiya verə bilməz.
Bina sakinləri ilə binaya qalxırıq. Bina yaxınlaşdıqca kəskin, üfunətli iy adamı boğur. Sən demə binanın kanalizasiyası elə binanın zirzəmisi imiş. Binada liftin quraşdırılması üçün o yeri isə lift yerinə zibil doldurub. Köçürülmüş evlərə verilən elektirik enerjisinin kəsildiyini görürük. Hər tərəf şüşə və taxta qırıntısıdır.
Binanın üstünə çıxırıq. Bura binanın damı olsa da, bina sakinləri buraya 10-cu mərtəbə deyirlər. Binanın damının ortasında sonradan 3 ev tikilib və insanlar yaşayır. Orada yaşayan ailələr damdakı qırlanmış düz yeri göstərib deyir ki, uşaqlarımız burada futbol oynayırlar. Diqqət çəkən əsas məsələlərdən biri də o olur ki, buraya öyrəşmiş insanlar heç bir tutacağı olmayan 10-cu mərtəbədən əyilib aşağıdakı adamlara sözlərini deyirlər. Gözün qaraldığı yerdən çox rahatlıqla hərəkət edirlər. 10-cu mərtəbədə yaşayanlar deyir, mənzərəmizə baxın, ön tərəfdə Xəzər dənizi, arxa tərəfdə isə villalı ərazi. Həqiqətən də möhtəşəm mənzərə var. Bütün şəhər əl içi kimi görsənir.
Bir qədər sonra həyətə enirik. Pilləkənlərin tutacağı yoxdur. Ayağı büdrəyənin sağ qalması imkansızdır. Pilləkənlərlə enmək minalanmış ərazilərdə yerimək kimidir. Taxtalarla işarələr qoyulub. Nabələd adamlar üçün bu pilləkənlərlə enmək həyati risk daşıyır.
Həyətdəyik. Köçən sakinlərin gözlərində bir sevinc var. Üfunətli, qəzalı binadan yeni və təhlükəsiz evlərə köçürlər. Qalanlarda isə nigarançılıq. Görəsən bizi də köçürəcəklərmi, görəsən bina bu axşam uçacaq? Bunun isə cavabını heç kim bilmir.
Görəsən bunun cavabını bilən varmı?
Səxavət Məmməd
Fotolar müəllifə məxsusdur
Hiç yorum yok:
Yorum Gönder