30.06.2016

Quşlar xəbər gətirdi ki, Monte Melkonyan sağdır

Özü ölüb, söz-söhbəti ölməyən Monte Melkonyan davası
İTV-nin nəzdində fəaliyyət göstərən “Carçı film” yaradıcılıq birliyi "Şəhidlər Ölməz" silsiləsindən Şaiq Kəlbiyevlə bağlı film çəkib.
Şəhidlərimizlə bağlı filmlərin çəkilməsi, kitabların yazılması yaxşı haldır. Ancaq bu məsələdə heç kimim haqqını yemək olmaz.

16 oktyabr 2014-cü ildə "258 nömrəli PDM-in ekipajı" adlı sənədli film işıq üzü gördü. Filmin çəkilmə səbəbi keçmiş Qarabağ döyüşçüləri İbad Hüseynovla ehtiyatda olan polkovnik Xətai Baxışov arasında gedən Monte Melkonyan davası idi. İbad Hüseynov deyir ki, "Monteni xüsusi əməliyyat nəticəsində öldürüb, başını kəsmişəm". Xətai Baxışov isə bildirir ki, Monte Melkonyanı onun komandirlik etdiyi BMP-lərdən biri vurub öldürüb.
"258 nömrəli PDM-in ekipajı" adlı filminin ssenarisinə əsasən erməni terrorçusu Monte Melkonyan 1993-cü il iyun ayının 12-də Ağdamın Mərzili kəndində tuşlayıcı - Kəlbiyev Şaiq (Şəhid), mexanik - Mütəllimov Asəf (şəhid), sürücü - Musayev Azəddin tərəfindən öldürülüb. Adları çəkilən şəxslər Mərzili kəndində Monte Melkonyanın da olduğu UAZ-ı BMP-2 ilə vurublar və bu döyüşdə məhşur erməni terrorçusu məhv edilib.
Filmin yayımından bir qədər sonra Birinci Qarabağ müharibəsi iştirakçısı Rövşən Həsənov bizə bildirdi ki, Mərzili kəndindəki UAZ-ı 258 nömrəli PDM yox, bizim bölüyə məxsus "Qisascı" adlı BMP-1 vurub. Həmin dövrdə Ölkə.Az saytında keçmiş döyüşçülərlə bağlı silsilə məqalələr təqdim edirdik. Rövşən Həsənovun inadla o UAZ-ı "bizim uşaqlar" vurub deməsindən sonra, keçmiş döyüşçülərlə bağlı məqalələr dayandırıb, 12 iyun 1993-cü il döyüş toqquşması araşdırmağa başladıq.
Araşdırma nəticəsində məlum oldu ki, 12 iyun 1993-cü ildə Mərzili kəndinə baş vermiş döyüşdə BMP-də ekipaj komandiri Rizvan Məmmədvəliyev, BMP-də atıcı olan Fərrux Əsədov, rabitəçi Hacıyev Elfaq, sürücü Akif Məmmədov (xaricdə yaşadığı üçün onunla əlaqə saxlaya bilmədik) və Xəyal Məmmədov olub. Adları çəkilən şəxslərlə ayrı-ayrılıqda görüşdükdən sonra iki dəfə Mingəçevirdə, bir dəfə isə Gəncədə bir araya gəldik. Görüşlərdə BMP Şakir kimi tanınan Şakir Hacıyev də iştirak edirdi. Bütün sənədləri, şəkilləri, video görüntüləri əldə etdikdən sonra 12 iyun 1993-cü il Mərzili kəndindəki döyüş toqquşması ilə bağlı araşdırma yazılara başladıq.
Oxumayan oxucular üçün həmin yazıların linklərini yenidən təqdim edirik:
Araşdırma nəticəsində məlum oldu ki, "Qisascı" BMP-1-i Mərzili kəndində özünə mövqe seçib gözləyərkən oraya UAZ gəlib. BMP-1-in ekipajı əvvəlcə UAZ-ın ermənilərə aid olduğunu bilməyiblər, ancaq UAZ-dan düşən ermənilər atəş açmağa başlayıblar. Bu zaman BMP-1-in atıcısı UAZ-ı vurur. Fərrux Əsədov BMP-1-dən 1 mərmi UAZ-a, 1 mərmi UAZ-ın qarşısında dayanan dirəyə, 1 mərmi isə daş hasarın arxasında gizlənən erməniyə atır. Rizvan Məmmədvəliyev isə avtomatla 2 ermənini güllə ilə yaxın məsafədən vurur. Bundan sonra BMP-1 ekipajı döyüş meydanını tərk edib kəndin digər tərəfinə gedir və həmin yerdə 1 erməni tankını məhv edir, 15-ə yaxın erməni əsgərini öldürür. Mərzili döyüşündə Rizvan Məmmədvəliyev ağır yaralanır. Rizvan Məmmədvəliyevi sonradan döyüş meydanına gələn PDM 258 xilas edir. Həmin döyüşdə rabitəçi Elfaq Hacıyev isə ermənilərə əsir düşür. Döyüş zamanı bir nəfər əsgərimiz şəhid olur.
Silsilə yazılar gedəndən sonra keçmiş Qarabağ döyüşçüsü, ehtiyatda olan polkovnik Xətai Baxışov bildirdi ki, o, döyüşdə olan əsgərlərlə görüşmək istəyir. Artıq 3-cü dəfə Mingəçevir şəhərində görüşürük. Görüşdə həmin döyüşün iştirakçıları Rizvan Məmmədvəliyev, Elfaq Hacıyev, Fərrux Əsədov, Xəyal Məmmədov, Rövşən Həsənov, Monte Melkonyanı Kəlbiyev Şaiq, Mütəllimov Asəf, Musayev Azeddinin öldürdüyünü iddia edən Xətai Baxışov, hərbi xidmətdən yeni təxris olan Musayev Azəddin, "Qisascı" və "Xəqani" BMP-lərinin komandiri Şakir Hacıyev, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram və bir neçə keçmiş döyüşçülər iştirak edirdi.
Görürşdə iştirak edən Azəddin Musayev bildirdi ki, biz oraya çatanda artıq UAZ vurulmuşdu, bir nəfər əli ilə 3 rəqəmi, evi və minaatan işarəsi göstərirdi. Söhbətin bu yerində Rizvan deyir: "Bax o, mən idim." İki döyüşçü diqqətlə bir-birlərinə baxır. Bir neçə saniyə baxışdıqdan sonra, Azəddin təsdiq edir: "Elədir ki, var." Döyüşçülər oturduğu yerdən durub qucaqlaşırlar. Rizvan şəhid olan Şaiq Kəlbiyev, Asəf Mütəllimova Allahdan rəhmət diləyir.
Azəddin Musayevlə görüşdən kənar söhbət edəndə bildirdi ki, "258 nömrəli PDM-in ekipajı" adlı film çəkiləndə olanları rejissora və ssenari müəllifinə danışdım, mənə dedi necə yazılıbsa elə də danışmaq lazımdır.
Mingəçevir görüşündə qərara alındı ki, ümumiyyətlə keçmiş döyüşçülər arasındakı bütün söz-söhbətlər aradan qalxsın, bir də bu mövzunun üzərinə gəlinməsin.
“Carçı film” yaradıcılıq birliyi "Şəhidlər Ölməz" silsiləsindən Şaiq Kəlbiyevlə bağlı çəkdiyi filimdə Azəddin Musayevin "258 nömrəli PDM-in ekipajı" adlı filmdə dediklərini arxiv materialı kimi işlədib.
Bu azmış kimi "Şəhidlər Ölməz" silsiləsindən Şaiq Kəlbiyevlə bağlı çəkilən filmə dəvət alan Rizvan Məmmədvəliyevin 12 iyun Mərzili döyüşü ilə bağlı danışdıqlarını montajda kəsib-doğrayaraq özlərinə lazım olan hissəsini veriblər.
Rizvan Məmmədvəliyevlə bu barədə söhbət edəndə bildirdi ki, olanlara hər şeyi danışdım, ancaq öz bildiklərini ediblər.
Filmin ssenarisini yazan Süleyman Əlisa ilə əlaqə saxladıq. Bildirdi ki, filmi Milli Məclisin sifarişi ilə çəkmişik. Biz filmdə tərəf tutmadıq.
Süleyman Əlisa bildirir ki, filmdə tərəfsiz olmağa çalışıb, ancaq ssenaridə qeyd olunur ki, Monte Melkonyanı Şaiq Kəlbiyev öldürüb. Bu özü mövqeyidir axı!
Əgər filmdə mövqe yox idisə, o zaman Rizvan Məmmədvəliyevin danışdıqlarını niyə kəsiblər?
Bəlkə də, Monte Melkonyan Ermənistanda Azərbaycandakı qədər tanınmır. İllərdir Monte cəmiyyətdə, mediada müzakirə mövzusu olub. Biri deyir, başını kəsmişəm, biri deyir, "mənim uşaqlarım" onu vurub.
Yazını yazarkən quşlar xəbər gətirdi ki, Monte Melkonyan sağdır.

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics