7.06.2016

"Bizim snayperlər ermənilərin muzdlu snayperlərindən daha yaxşıdır" — Cəbhə bölgəsindən II reportaj (IV yazı)

28 may Respublika gününü birinci Qarabağ müharibəsi iştirakçıları, Qaziləri, milli qürurumuzu qanları, canları ilə qoruyan aprel döyüşlərinin iştirakçıları ilə qeyd etmək üçün ən qızğın döyüşlərin getdiyi Naftalan, Tərtər və Ağdam istiqamətində olan cəbhəyanı bölgəyə gedirik.

Ölkə.Az ön cəbhədən hazırlanmış dördüncü reportajı sizə təqdim edir:
İkinci Dünya müharibəsi iştirakçısı ilə Birinci Qarabağ müharibəsi iştirakçılarının görüşü
Ağdamdayıq. Quzanlı qəsəbəsində çayxanada oturmuşuq. Hərbi geyimdə olan insanları görənlər yanımıza gəlir. İkinci Dünya müharibəsi veteranı Ağdam rayon Yusufcanlı kənd sakini İsi kişi gəlib bizim yanımızda əyləşir. İsi kişi deyir ki, çox sağ olun, Birinci Qarabağ müharibəsi zamanı Ağdamda, Laçında, Şuşada və digər işğal edilmiş rayonlarımızda döyüşmüsünüz, yaralanmısınız. 4 günlük müharibə zamanı da, elə indi də sizi burada görürəm. İsi kişi müharibəyə getməsindən danışır. Deyir, İkinci Dünya müharibəsinə 14 yaşımda apardılar. O zaman 14 yaşı tamam olanları da çağırırdılar. Bir müddət sonra azyaşlıları geri çağırdılar.
Nə yalan danışım, müharibə başlasa gedib silah tuta bilməyəcəyik, 83 yaşım var. Ancaq daim ürəyimiz əsgərlərimizin yanındadır. Kaş yaşım imkan verəydi, mən də o əsgər paltarını geyinə biləydim. Mən yaşda olan adamların tək arzusu doğulduğumuz torpaqda basdırılmaqdır.
Qrup komandirimiz ehtiyatda olan zabit, polkovnik Xətai Baxışov bildirir ki, Quzanlıya gəlmişkən Sarcalı hospitalına getmək lazımdır. Qrup üzvlərinin çoxusu Birinci Qarabağ müharibəsi zamanı hər biri bir neçə dəfə Sarcalı hospitalına yaralı kimi gəlib. Aprel ayının əvvəlindəki döyüşlər zamanı da Sarcalı hospitalının həkimlərinin üzərinə çox ağır yük düşmüşdü.
Sarcalı hospitalındayıq. Hospitalda az sayda xəstə əsgər var. 28 may müstəqillik günü ilə əlaqədar Ağdam rayon musiqi məktəbi hospitalda əsgər və həkimlərimizə konsert verir. Hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı əsgərlərin qarşısında çıxış edir. Şəmistan Əlizamanlının "Cənab leytenant" mahnısını ifa edəndə, həkimlərdən birini ağlamaq tutur. Hiss olunur ki, yadına keçmiş döyüşçülərin yaralandığı, xəstəxanaya gətirildiyi anlar düşür. Polkovnik Xətai Baxışov kövrəldiyini hiss elətdirməmək üçün papağını gözünün üstünə qoyur. Polkovnik leytenant Nazim Bayramov isə kənara çəkilir.
Keçmiş döyüşçü Rizvan Məmmədvəliyev məni çağırır, bir nəfərlə tanış edir. Rizvan Məmmədvəliyevin yanında dayanan şəxs 1993-cü il 12 iyun Mərzili döyüşündə yaralanan Rizvan Məmmədvəliyevə Sarcalı hospitalında ilkin tibbi yardım edib, müalicə edən həkimdir. Həkimlə Rizvan uzun-uzadı söhbət edirlər.
Sarcalı hospitalının rəis müvini ilə söhbət edirik. Rəis müavini deyir ki, 4 günlük müharibə zamanı tibb bacıları, həkimlər, sürücülər yuxu yatmadan, dayanmadan işlədilər. Müharibədə bu insanların da böyük zəhməti var. Bura gəlməklə bayramı bayrama qatdınız.
Hosiptalda həkim və əsgərlərlə sağollaşıb yollanırıq səngərə. Əfətli kəndindəyik. Döyüş xəttinə az məsafə qalsa da, kənd əhalisi sahələrdə əkindədir. Qadınlar soğan alağı edir, həyət-bacada iş görürlər. Məsafə isə 2 km-dən azdır. Bu, qorxmazlıq və öyrəncəli olmaqdan irəli gəlir. Əsgərlərimizin yanına çatırıq. Düşmənlə məsafə təxminən 700-800 metrdir. Sakitçilik, təmiz hava və buz kimi artezian suyu. Ağacların arasında əsgərlərimizlə söhbət edirik.
Aprel döyüşləri zamanı Ağdam müdafiədə dayandığı üçün görüşdüyümüz əsgərlər fəal döyüş əməliyyatında iştirak etməyiblər. Ancaq özlərinin də dediyi kimi, hər gecə atəşkəs pozulur və hər gecə erməniləri susdurmaq üçün atışma olur. Bu əsgərlərin hər anı müharibədir. Əsgər Həsənov deyir ki, Füzuli və Tərtərdəki əsgərlərdən bir tək fərqimiz o oldu ki, onlar hücumda oldu, işğal altındakı torpaqlarımızın kiçik bir hissəsini qaytardı, biz isə müdafiədə döyüşdük.
Əsgərlərlə söhbətləşən zaman iki maşın dayandı və bizi qarabaqara izləyən Ağdam musiqi məktəbinin direktoru Nəsimi Əliyev və komandası əsgərlərimizin yanına gəldi. Məsafənin az olmasına baxmayaraq Şəmistan Əlizamanlı bildirdi ki, əgər bunlar buraya qədər gəliblərsə, mütləq əsgərlərimiz üçün oxuyacam. Nəsimi Əliyev bildirir ki, o da Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Musiqi məktəbinin direktoru deyir ki, keçmiş döyüşçüləri cəbhə bölgəsində gördükdən sonra qərar verdik ki, onlar hara getsə, biz də onlarla gedək. Onlar qorxmadan, yorulmadan əsgərlərimizin olduğu yerlərə gedir, söhbət edir, problemlərini dinləyir, məsləhətlərini verirlər. Bizim işimiz də musiqidir.
Şəmistan Əlizamanlı əsgərlərimizin istədikləri mahnıları ifa etdikdən sonra qalxırıq müşahidə məntəqəsinə. Əsgərlərimiz düşmənlərin hər bir hərəkətini izləyir. Keçmiş döyüşçülər də onlardan geri qalmır. Durbinlərlə erməni postlarını müşahidə edirik.
Zahid adlı keçmiş kəşfiyyatçı ilə söhbət edirik.
- Ermənilərin snayperlərinin daha güclü olduğu deyilir.
- Əksini deyərəm. Bizim snayperlər daha güclüdür.
- Ermənilər tez-tez əsgərlərimizi snayperlərlə vururlar.
- Bizim snayperlər də onların əsgərlərini vurur. Sadəcə bizdə toplum olaraq məsuliyyətsizlik və özünəarxayınlıq var. Bu da təhlükəsizlik qaydalarını pozmağa gətirib çıxarır. Təhlükəsizlik qaydalarını pozan əsgər isə snayperin hədəfinə çevrilir. Onlar daha çox muzdlu snayperlərdən istifadə edirlər. Bizim snayperlər isə onların muzdlularından daha yaxşıdır. Yenə deyirəm, əsgərlərimiz komandirlərin sözünə baxıb təhlükəsizlik qaydalarını pozmasa, ölüm-itim olmaz.
Əsgərlərimizlə sağollaşıb yola düşürük. Yol boyu Rəşad Süleymanov Şəmistan Əlizamanlının mahnılarını səsləndirir. Axırda Şəmistan Əlizamanlı Rəşad Süleymanova gülə-gülə deyir, Rəşad, öz səsimdən bezdim artıq. Radionu aç.
4 günlük səfər zamanı Göranboy, Naftalan, Tərtər və Ağdamdakı ön cəbhədə olduq. Əsgərlərimizlə səngərlərdə görüşdük. 28 may müstəqillik günümüzü əsgərlərimizlə bir yerdə qeyd etdik. Qərarlaşdırdıq ki, yaxın zamanda yenidən ön cəbhəyə yola düşəcəyik...


Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics