20.07.2023

Zəlzələ, vəlvələ, dəmdəmə - Səxavət Məmməd yazır

Telefonlar və sistemlər o qədər inkişaf edib ki, Azərbaycan kimi ölkələrdə bəzi qurumlara gərək qalmır. Misal üçün, “Android” telefonlar zəlzələ haqqında məlumat verir, xəbərdarlıq edir, zəlzələnin episentrini göstərir. Telefonda xəbər tutandan sonra bir gözüm Respublika Seysmoloji Xidmət Mərkəzində qaldı. Daşdan səs çıxdı, ancaq qurumdan yox.

Oxuduğumuz, bildiyimiz qədər, zəlzələnin proqnozlaşdırılması mümkün deyil. Ancaq zəlzələ olanda sonra rəsmi qurumların hərəkətsizliyi yenə də adamı düşünməyə məcbur edir.

Dünən axşam Azərbaycan xalqının ən yaxşı bacardığı şey baş verdi. Zərər verməyən hadisə – zəlzələ, ardınca lağlağı. Zəlzələ Azərbaycan xalqının yaradıcılığını görmüş olsaydı, utandığından intihar edərdi.

Gələk işin əsas diqqət çəkiləsi hissəsinə. Anlayıram. Türkiyədəki zəlzələ və yaşanan faciədən sonra insanların zəlzələdən qorxması normal haldır. İnsanların küçəyə çıxmasında qeyri-adi bir şey yoxdur. Əsas məsələ onların düşdüyü panika və taleləri ilə barışmasıdır.

Zəlzələ xəbərindən bir neçə dəqiqə sonra bütün şəhər maşınla qaynayırdı. İnsanlar harasa tələsir, harasa qaçırdı, taksilərin qiyməti isə kəlləçarxa çıxmışdı. Hətta gecənin o saatında tıxac da yaranmışdı. Olsun, bunları da anlayışla qarışlayaq. Məsələ binaların həyətinə tökülən insanların altdan yuxarı öz evinə baxıb: “Bakıda 5 bal gücündə zəlzələ olsa, bu evlər dağılacaq”, – deməlerindədir.

Zəlzələ hiss etməyən insanlar belə eşidən kimi qaçır ki, evə etibar yoxdur. İllərlə əziyyət çək, banka pul ödə, ödəməyə hələ uzun illər davam elə, son dərəcə baha qiymətə aldığın evinə güvənmə, etibar eləmə. Qonşulardan biri deyirdi ki, mənim balkonum bir yumruğa bənddir, zəlzələ olsa, birinci balkonum uçacaq. Adamlar bir yumruqluq canı olmayan divarlara on minlərlə manat pul yatırdır ki, nədir-nədir evi olsun.

Fikir vermisinizsə, ölkə bir himə bənddir ki, qarışsın, qarışıqlıq olsun. Türkiyədəki zəlzələnin qorxusu da olsa, bu qədər panika normal hal deyil. Bunun səbəbləri nədir?

Düzgün idarə olunmama, rüvşət, korrupsiya, monopoliya. İnsanlar gözəl bilirlər ki, özləri vəziyyətdən çıxmalıdır. Kimsə, hansısa qurum gəlib onlara heç nə etməyəcək. Görməyiblər axı. Ona yol çəkməyən, su verməyən, tininə düşəndə təhqir edən icra başçılarına güvənəcək? Yoxsa gözünün içinə qaz sıxan polisinə? Bəlkə, ədalətdən bixəbər məhkəməsinə?

Bir ölkədə ki qurumlar işinə baxmadığı üçün Putinə müraciət edənlər var, bir ölkədə ki Ərdoğana “gəl bizi qurtar” deyənlər varsa, insanlar necə olmalıdır?

Xalq necə, məmurları da elə. Əminəm ki, hansısa böyük post tutan məmur digərinə zəng edib zəlzələ ilə bağlı məzələnib. Oturub xalqın bu vəziyyətini düşünmək lazımdır. Niyə insanlar hər şeyə belə dəlicəsinə reaksiya verir? Cəmiyyətlə işləmək, cəmiyyəti diri tutmaq lazımdır.

Bəzən deyirik ki, regionda böyük müharibə olma ehtimalı var. Belə cəmiyyətlə böyük müharibə etmək olar, sizcə? 44 günlük müharibəyə baxmayın. O müharibə xalqın hədəfinə çevrilmişdi. Qarabağ istənilməsə də, ideologiya idi. İdeoloji baxımdan boşluq içində olan xalq böyük hədəfə dorğu gedə bilər? Mümkün deyil.

Dəliyə yel ver, əlinə bel ver. Bax bu dəqiqə cəmiyyətimiz belədir. Küyə getməyə bir şey axtarır. Bu gün zəlzələ, sabah hansısa deputatın “quşlaması”, o biri gün hansısa məmurun sayaqlaması. Azərbaycan xalqını elə bir vəziyyətə gətiriblər ki, xalq dəmdəməyə çevrilib. Tək hədəfi var, lağlağı etməyə, söyməyə, zibilin çıxarmağa bir mövzu olsun.

Türkiyədə zəlzələ çox güclü olmuşdu, ancaq ətraf dağıntılar altında, ortada salamat qalan binalar da çox idi. Harada rüşvət, harada korrupsiya, harada haram varsa, mütləq şəkildə orada problem var, olub, olacaq. Əslində o qorxunun, panikanın səbəbi qonşudakı zəlzələ yox, binalar tikiləndə edilən haramdır.

Bu dəfə zəlzələ lağlağı etdirdi. İlk dəfədə güldüyümüz şeylər, sonda həmişə ağladıb. Ümid edək, ağlatmaz…

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics