20.07.2023

Bakının tələbləri, görüşlər və reallıqlar - TƏHLİL

Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin Vaşinqtondakı görüşünə yekun vuruldu. Gözlənildiyi kimi görüşdə nəticə əldə olunmadı.

Vaşinqton görüşlərinə qədər müxtəlif şəhərlərdə görüşlər keçirilmişdi. Yalnız sonuncu Vaşinqton görüşündən sonra tərəflərin əsas tələbləri tamamilə üzə çıxdı. Məlum oldu ki, tərəflər sərhəd, delimitasiya, demarkasiya, sülh sazişindən daha çox təhlükəsizlik məsələləri üzərində dururlar. Tərəflərin razılaşmadığı məsələ isə Qarabağdakı qeyri-qanuni erməni silahlılarıdır.

Azərbaycan artıq açıq şəkildə qeyri-qanuni erməni silahlılarının ərazidən çıxmasını tələb edir. Bunu Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutunyan da bəyan edib. Araik Arutunyan açıq şəkildə bildirib ki, Azərbaycan silahlıların ərazidən çıxmasını istəyir və tələbdən geri addım atmayacaq. Araikin sözündən o da anlaşılır ki, heç onların da geri addım atmaq kimi niyyəti yoxdur. Bununla Qarabağdakı son təxribatların nədən qaynaqlandığını da görə bilirik.

Qarabağdakı qeyri-qanuni erməni silahlılarından söz açaq. Təxminən Qarabağda 10 min nəfərə yaxın yarqlının olduğunu bilirik. Azərbaycanda nədənsə ancaq bu saya fokuslanırlar. Məsələ ondadır ki, Qarabağda silahlıların sayı daha artıqdır. Qarabağda demək olar ki, hər evdə "Kalaşnikov" avtomatı var. Bəzi evlərdə bu rəqəmin daha çox olduğu da deyilir. Azərbaycanın tələbi təkcə Qarabağdakı qeyri-qanuni silahlılar çıxarılması yox, ümumilikdə Qarabağın silahsızlaşdırılması, mülkiləşdirilməsi olmalıdır.

Mülki əhalinin silahlı olması peşəkar orduya qarşı təhlükə ola bilməz, əməliyyatlar zamanı problemlər yarada bilər. Ancaq mülki əhalinin silahlı olması gələcəkdə çox ciddi problemə çevrilə bilər, isrət mülkilərə qarşı, istərsə də hüquq mühafizə orqanlarına qarşı. Ona görə də, Qarabağın mülkiləşdirilməsi Azərbaycanın əsas hədəflərindən biri olmalıdır.

Bəzən insanlara hər şey asan gəlir, məsələ ondadır ki, Qarabağ ətrafındakı problemlər göründüyündən çox daha qəlizdir. Rusiya açıq şəkildə Qarabağ üzərindən tərəfləri kontrolunda saxlamağa davam etmək istəyir.

Vaşinqton və Avropa İttifaqının Qarabağı silahsızlşadırması mümkün görünmür. Birdəfəlik anlamalıyıq ki, silahsızlaşdırılma masada həllini tapmayacaq. Silahsızlaşdırma ancaq sahədə mümkündür. Sahədə isə təkcə qeyri-qanuni erməni silahlıları yoxdur. Rusiya sülhməramlıları əsas fiqurdur. Sülhməramlıların say tərkibinin və döyüş qabiliyyətinin bu məsələdə heç bir önəmi yoxdur. Bunu separatçı rejim də, Ermənistan da gözəl anlayır. Hətta bölgədə marağı olan digər güclər də bunu anlayır ki, əgər Azərbaycan genişmiqyaslı əməliyyatlara start versə və bu Kremillə ilə razılaşdırılmasa Moskva İlə Bakı üz-üzə qalacaq. Ümumiyyətlə, müharibədən sonra Ermənistanın əsas siyasi xətti məhz Azərbaycanla Rusiyanı qarşı qarşıya qoymaq idi. Etiraf etmək lazımdır ki, bu xətt özünü doğrultdu. Faktiki olaraq Qarabağ məsələsində Azərbaycan Rusiya ilə üz-üzə qalıb.

Hansı masada nə danışılmasından aslı olmayaraq şərti sərhəddə və sülhməramlıların nəzarəti altındakı ərazilərdə törədilən təxribatlar bütün əldə edilmiş razılaşmaları sıfırlayır. Sıfırdan başlamaq isə həm fiziki, həm də mənəvi baxımdan yorucu olur.

Göründüyü kimi son günlər Qarabağda atəşkəsin pozulma hallarının sayı artıb, istiqamətlər isə tez-tez dəyişir. Bu o deməkdir ki, Rusiya separatçı rejimin əli ilə gərginliyi daha da artıracaq. Rusiyanın məqsədi təkcə Vaşinqton və Brüssel danışıqlarını pozmaq deyil. Rusiya həm də ona çalışır ki, növbəti 5 il üçün sülhməramlılara mandat ala bilsin.

Azərbaycanın iki yolu var, ya danışıqlara inanıb gözdəmək, ya da hərbi əməliyyatlar həyata keçirmək. Rəsmi Bakı artıq başa düşüb ki, zaman ancaq Ermənistanın xeyrinə işləyib. Ona görə də, gözləmək, səbr etmək Azərbaycanın işinə gəlmir. Məsələ təkcə bu da deyil. Artıq cəmiyyət də bu cür qeyri-müəyyənlikdən bezib. Azərbaycan xalqı artıq qələbə ehforiyasından ayılıb. Eyforiyadan sonra adətən insanlar dərin boşluğa düşür. Azərbaycan cəmiyyəti də dərin boşluq içərisindədir. Azərbaycan cəmiyyətinin siyasi yox, məişət tipli olması isə boşluğu daha da dərinləşdirir. Ona görə də, rəsmi Bakı Qarabağla bağlı məsələni qısa zamanda yekunlaşdırmağa çalışmalıdır. Hesab edirəm ki, dünyada baş verəcək hadisələr fonunda bunu etmək mümkün ola bilər.

Azərbaycan təkcə Qarabağda yox, regionda baş verəcək bütün hadisələrə də hazırlıqlı olmalıdır.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics