20.07.2023

Ermənistan-Azərbaycan danışıqları: Proses yaxın gələcəkdə nə vəd edir? - Səxavət Məmməd yazır

Azərbaycanla Ermənistan arasında xarici işlər nazirləri səviyyəsində danışıqlar gedir. Hətta bəzi bəndlərin razılaşdırılması yönündə açıqlamalar da var.

Bununla paralel Qarabağdakı separatçı rejim, daha dəqiq desək, Ruben Vardanyan aktivlik göstərir. İmzalar toplanır ki, beynəlxalq qurumlara müstəqilliklə bağlı müraciətlər edilsin.

Dünən İranla Azərbaycan arasında yumşalma hiss olunurdusa, bu gün İran Azərbaycanın 4 diplomatını arzuolunmaz şəxs elan etdi. Regiondakı sabitlik bu qədər kövrəkdir.

ABŞ-dən verilən mesajlar hər nə qədər sülhün yaxın zamanda imzalanacağının işartısı kimi görünsə də, Rusiyada liderlərin görüşündən sonra fərqli fikirlərə də düşə bilərik.

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmaması üçün xüsusi problem yoxdur. Sərhədlər şərti də olsa, müəyyən olunub, sərhəd-buraxılış məntəqəsi qoyulub və işləyir. Demarkasiyanı Azərbaycan ordusu çəkib, tək qalan delimitasiya məsələsidir ki, onun sonra edilməsi sülh müqaviləsinə mane ola bilməz. Rusiya ilə delimitasiya 2010-cu ildə Rusiya eksklavı Xraxoba və Uryanobanın tamamilə Azərbaycana keçməsi ilə bitib. Gürcüstanla hələ də qalmaqdadır. İranla delimitasiya Türkmənçay müqaviləsi zamanından həll olunub.

Hər nə qədər iki ölkə arasında sülh bağlamaq üçün xüsusi problemin qalmadığını desək də, əslində, Qarabağ problemi həlledicidir. Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bəyan edir, eyni zamanda, Qarabağdakı separatçı rejimə dövlət büdcəsindən vəsait ayırır…

Təxminən Qarabağda 8-10 min civarında silahlının olduğu deyilir. Qrantlar və ianələrlə ayaqda qalan separatçı rejim 10 minə yaxın şəxsi heyəti necə ştat strukturuna uyğun olaraq silahlandırıb, onların maaşını hansı yolla verir? Hüquqi baxımdan Qarabağdakı silahlıları qeyri-qanuni silahlı dəstə adlandırsaq da, əslində, həmin silahlıların Ermənistan ordusunun qalıqları olduğunu bilirik.

Qarabağdakı silahlıların taleyi necə olacaq?

Oradakı zabitlərin, demək olar ki, hamısı Ermənistan hərbi məktəblərinin məzunlarıdır. Bir anlıq təsəvvür edək, iki ölkə arasında sülh müqaviləsi imzlandı, Qarabağdakı silahlıların taleyi necə olacaq? Rusiya imkan verəcək mi Azərbaycan onları təmizləsin, yaxud onlar silahlarını yerə qoyub getsin?

SSRİ dağılarkən, demək olar, müstəqil olan ölkələrin hamısının ərazisində münaqişə ocaqları yaradıldı. Rusiya təkcə Ermənistan və Azərbaycana yox, regiona təsir edə bilən münaqişənin bitməsini istəyər? Münaqişələrdən birinin bitməsinə razı olar? İnandırıcı deyil.

Münaqişələr hər nə qədər hakimiyyətlər üçün riskli olsa da, xalqı idarə baxımından nemətdir.

Bir anlıq təsəvvür edək. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlanıb, iki ölkə arasında gediş gəliş var. İstanbula daha ucuz uçmaq üçün İrəvandan gedib uçursunuz. Ermənilər dəniz görmək üçün bulvara gəlir. Qarabağda komendant rejimi var, əhali arasında xırda davalar xaric, böyük problemlər yoxdur. Cəbhə yox, atəşkəs sözü tarix olub. Çağırış ərəfəsində bilərəkdən atışma imitisasiyası yaradıb əsgərləri ön xəttə çəkməmək üçün hər iki tərəfdəki dəllallar iş başında deyil. Kimsə “Allah ordumuzu qorusun” yazanda heç kim zəng edib: “Qaqa, müharibə olacaq?” – deyə soruşmur. Təlimlərin rutin olduğunu hər kəs anlayır… Bunu istədiyimiz qədər uzada bilərik…

Bunlar baş tutursa, ölkələrin gündəmi, qəzetlərin, saytların manşeti nə olacaq? İş, maaş, sosial problemlər, yaşamaq, daha yaxşı yaşamaq… Ekranlarda boşboğazlıq edən, pafosla qarşı tərəfə zərbə vurduğunu düşünən ekspertlərin yerini sosioloqlar, siyasətçilər alacaq. Üzr istəyirəm, Azərbaycanda daha çox manıslar.

Danışıqlar necə nəticələnəcək, onu yalnız təxmin etmək olar. Ancaq münaqişənin qısa zamanda bitməsi arzuolunan olsa da, asan görünmür. Heç kim qızıl yumurtlayan toyuğunu kəsməz.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics