8.01.2023

Bir İran məsələsi və ya biz nə istəyirik? - Səxavət Məmməd yazır

Azərbaycanda ən müxtəlif sferalarda müzakirə olunan əsas məsələlərdən biri İran, daha dəqiq desək, qonşumuzda baş verənlərin fonunda Cənubi Azərbaycanın taleyidir.

İranda baş verənlərə müxtəlif yanaşmalar mövcuddur. 1988-ci ildə SSRİ-də baş verən xalq hərəkatlarında iştirak edənlər İranda da inqilab sevdasındadırlar. Bəziləri isə daha realistdir, prosesin gedişini izləməkdə maraqlıdır, xeyir və zərərləri hesablamağı üstün tutur. “Müzakirələrdə ehtiyatı əldən vermək lazım deyil”, – deyənlər də çoxdur. Yəni qaza gəlib hərəkət edərik, İran dağılmaz, ondan sonra İranla Azərbaycanın münasibətlərinin necə olacağı sual altına düşər.

SSRİ-nin dağılmasından 30 ildən çox müddət keçib, artıq çox mətləblərə aydınlıq gəlib, ancaq Azərbaycanda hələ də SSRİ-ni şüarlarla dağıtdıqlarını düşünənlər var. Hərəkatdan çıxıb, ancaq hərəkatın onlardan çıxmadığı adamların ipi ilə quyuya düşmək intihara bərabərdir.

Birinci bəzi yalanlara nöqtə qoymaq lazımdır. Misal üçün, Azərbaycanda kimi dindirsən, deyəcək ki, Azərbaycan Rusiya ilə İran arasında bölüşdürülüb. Buna bir acı, miskil, dram da qatırlar. Dərhal Gülüstan və Türkmənçay müqavilələri ortaya atılır. Gülüstan və Türkmənçay müqavilələri imzalanan vaxt İran adlı dövlət var idi? O vaxt İran Qacarlar adlanırdı və həmin qacarlar türk sülaləsi idi. Qacarlarla indiki adla Rusiya müharibə aparırdı və Qacarlar bu müharibənin məğlub tərəfidir. Rusların qazancı da əldə etdiyi torpaqlar oldu. Sual yaranır, türk olan Qacarlar Azərbaycanı bilərək ruslarla bölüb? Türk demişkən. İrandakı soydaşlarımız özülərinə türk deyirlər. Biz isə azərbaycanlı. Hətta cənublular onlara azərbaycanlı adlandıran zaman deyirlər, özünsən, biz türkük.

Bu mövzuda çox çıxışlar, müzakirələr izləmişəm. Ən çox səslənən fikirlərdən biri də budur ki, gərək oradakı soydaşlarımızı gətirib burada təhsil verərdik. Bunu həm də o adamlar deyir ki, həmin adama Azərbaycan təhsili ilə bağlı sual versək, ağzını açıb, gözlərini yumacaq.

Ümumiyyətlə, biz İranı, oradakı soydaşlarımızı necə tanıyırıq? Onların nə istədiyini bilirikmi?

İrandakı soydaşlarımız müxtəlif düşüncələrə sahibdirlər. Bir çoxu İranı türk dövləti hesab edir, bölünməyən bütöv İranın tərəfdarıdır, sadəcə hakimiyyətə türklərin gəlməsini arzulayır. Federasiya tərəfdarları da az deyil. Hətta Azərbaycana birləşmədən müstəqil dövlət qurmaq istəyən düşüncənin sahibləri də var. Vahid Azərbaycan dövləti düşüncəsində olanlar da var. Öncə bilmək lazımdır ki, çoxluq nə istəyir. İki dostun, üç tanışın sözü ilə hadisəyə hakim olmaq mümkün deyil. İranda müstəqil olmaq istəyən təkcə türklər deyil axı. Kürdlər də açıq fəaliyyətə keçiblər. Hətta ciddi şəkildə silahlandırılırlar. İddia edərdim ki, əgər İran xarici ölkələr tərəfindən qarışdırılıbsa, bu, türklərə görə yox, kürdlərə görə edilib.

Hesab edirəm ki, İranı, oradakı prosesləri ciddi araşdırmadan, soydaşlarımızın nə istədiyini bilmədən, kor-koranə, pafosla addımlar atmaq həm ölkə üçün, həm də soydaşlarımız üçün yaxşı nəticələr verməyə bilər.

Azərbaycanda bir çoxları artıq xəyalən İranı parçalayıb oradan pay götürməyin yollarını düşünürlər. Atalar deyib, şər deməsən, xeyir gəlməz. Birdən parçalanma baş vermədi, İran prosesi öz xeyrinə dəyişdi, onda nə olacaq?

Əslində, “tarixi fürsət” deyimi ilə çox razıyam. Çünki ilk dəfədir ki, İran mövzusunda xalqla hakimiyyətin baxışları üst-üstə düşüb. Xalqla hakimiyyətin baxışlarının üst-üstə düşməsi o anlama gəlmir ki, qərar verib hansısa addımlar atılsa, uğurlu olacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycan əhalisinin sayı 10 milyon, İranda yaşayan soydaşlarımızın sayı isə 40 milyondur.

Bu qədər neqativ düşüncələrin fonunda Azərbaycanın əlinə çox ciddi fürsət düşüb. Oradakı soydaşlarımızın taleyi ilə bağlı addımlar ata, gələcəyə yönəlik “alt yapı” qura , təşkilatlanmaları üçün maddi, mənəvi və informasiya dəstəyi verə bilər. Olunacaqlar da ancaq və ancaq İranda yaşayanlar üçün olmaq şərti ilə. Yəni rejimdən qaçanlar onsuz da Avropa və Amerikada yaxşı layihələr edib əla pullar da qazanırlar. Fundamental təməllər atılmadan yaxşı şeylərə ümid etmək real görünmür.

Qorxa-qorxa deyirəm ki, vətəndaş cəmiyyəti nümayəndələri prosesə aktiv qoşulmalıdır. Niyə qorxa-qorxa? Çünki bu günə qədər sözügedən cameənin baş qoşduğu hər şeyin sonradan puç olduğu ortaya çıxır.

Hər şey bir yana, burada əsas düşünməli olduğumuz məqam budur: Azərbaycan nə istəyir? Ümumiyyətlə, biz nə istədiyimizi bilirik?

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics