8.01.2023

Qarabağda təhlükəli oyunlar: "Böyük yanğın"ın bir addımlığında - Səxavət Məmməd yazır

Eyni taktika, eyni düşüncə tərzi, təkrarçılıq və təkrarlanan tarix. Qarabağ ətrafında baş verənlər bundan o yana keçmir. Keçə bilmir.

Qarabağda hadisələrin qızışması, münaqişənin alovlanması və sonunda baş verən müharibə uzaq tarix deyil.

Bir-birinə tüpürməklə, daşlaşma ilə başlayan qarşıdurmalar sonunda silahlı hal aldı və böyük müharibəyə çevrildi, nəticədə bir milyondan artıq qaçqın, minlərlə şəhid və əlil…

Azərbaycan müstəqillik əldə etməmişdən əvvəl Qarabağda proseslər başlamışdı. Azərbaycan müstəqilliyini qazandıqdan sonra Qarabağa əl qoymağa çalışdı. Mədənləri dövlətin balansına keçirmək üçün fəaliyyət göstərdi. Təbii ki, bu hər zaman uğurlu olmurdu.

Azərbaycan 44 günlük müharibədən sonra işğaldan azad edə bilmədiyi ərazilərə daxil olmağın yollarını axtarırdı. Qeyri-rəsmi görüşlər onu deməyə əsas verir ki, bu, gözlənilən qədər uğurlu alınmayıb. Ya da, görüşülən şəxslər prosesləri Azərbaycanın xeyrinə dəyişmək iqtidarında olmayıblar.

Azərbaycan tərəfi bir müddət öncə Laçın dəhlizinin bir neçə saatlıq da olsa, bağlamağa müvafiq olmuşdu. Bunu da məhz işğaldan əvvəlki dönəmdə olduğu kimi, mədənlərlə bağlı etdi. Bu gün olduğu kimi, o zaman da monitorinq üçün gədənlərə qarşı aksiyalar keçirildi, ara qarışdı. Beləcə rəsmi Bakı sözdə mülki şəxslər, əslində, provokatorlarla üz-üzə qaldı.

Ruben Vardanyan ilk gələndən yazırdım ki, Moskva milyarderini kiçik işlər üçün kiçik əraziyə göndərməz, göndəribsə, böyük oyunlar qurulub. Ruben gələndən sonra, təbii ki, ilk əl qoyduğu şeylər elə milyardının üstünə milyard gətirəcək mədənlər oldu. Azərbaycan ərazidə monitorinq keçirən zaman məhz Ruben Vardanyanın orada olması da bunlara sübutdur. Sual olunur, mədənlərdən çıxarılan qiymətli materiallar hansı ölkəyə daşnır? Əlbəttə ki, Rusiyaya. Faktiki olaraq Rusiya sülhməramlı adı altında bölgədə maraqlarını təmin etmək üçün fəaliyyət göstərir. İndi, yəqin ki, ruslar sülhməramlı adı altında əraziyə girəndə “Rus ordusu bölgəyə girdi və çıxması qəliz olacaq” deyənləri qınayanlar biraz utanarlar…

Dünənə qədər sülhdən, Azərbaycanın suverenliyindən danışan Ermənistan və onun baş naziri açıq şəkildə bəyan etdi ki, üçtərəfli bəyanatın 4-cü bəndinə əməl etməyəcəklər. Ermənistan rəhbərinin bu bəyanatı gerçəkdə müharibə səbəbidir. Təkcə bu bəyanat Paşinyanın “Azərbaycanın suverenliyini tanıyırıq” cümləsini sadəcə söz xətrinə dediyinin sübutudur. Ermənistan hər nə qədər Qarabağdan əlini çəkirmiş kimi davransa da, faktiki olaraq prosesin içindədir və oynamağa davam edir. Hətta Azərbaycan ordusu ərazidə olan qanunsuz silahlı dəstələri zərərsizləşdirmək üçün əməliyyat həyata keçirməyə qalxsa, ordunun qarşısına silahlılardan öncə mülki şəxsləri çıxaracaqlar. Əgər bir mülki erməniyə güllə dəysə, bütün dünyanı ayağa qaldırmağa çalışacaqlar. Azərbaycan tərəfi bunu hesablamamış deyil.

Erməni tərəfinin monitorinqlər zamanı aksiya təşkil etməsinə Azərbaycan tərəfinin cavabı da, demək olar ki, eyni oldu. Mülki şəxslər sülhməramlılara qarşı aksiya keçirir, yolu bağlamağa cəhd edir. Bunun nə qədər uğurlu olub-olmamasını zaman göstərəcək.

Məsələnin gerçək tərəfi odur ki, iki xalqın eyni dam altında yaşaması üçün heç bir çarə tapılmayıb. Bu tip mintiqlər hətta prosesə qarışmayanlar arasında belə aqressiya yaradır, onsuz da qarşılıqlı nifrətlə yaşayan xalqlar arasında münasibəti daha da kəskinləşdirir.

Bu cür hallar mülki şəxslərin, cəmiyyətin reaksiyası kimi təqdim edilsə də, kənardan “iki xalqın bir arada yaşaması imkansızdır” mesajını verir. Bu isə təkcə Ermənistanın yox, Rusiyanın da, Fransanın da çörəyinə yağ sürtmək kimi bir şeydir.

Təəssüf edici bir məqam da ondan ibarətdir ki, müharibədən əvvəl olduğu kimi, indi də Azərbaycan tərəfi ancaq cavab addımları atır. Erməni tərəfi hansısa hərəkət edir, Azərbaycan tərəfi də ona eynilə cavab verir. Belə olduğu halda, prosesi idarə edən tərəf kimi ermənilər görsənir. Azərbaycan yalnız müharibədən sonra keçirdiyi bir neçə hərbi əməliyyatda artıqlaması ilə cavab verib. Digər məsələlərdə ancaq və ancaq eyni cür davranıb.

Proseslərin bu həddə çatması onu göstərir ki, artıq siyasi, diplomatik böhran pik həddə yaxınlaşır. Danışıqlar dalana dirənib, faktiki olaraq “söz güləşi” gedir.

Məsələ ondadır ki, hərbi əməliyyatların keçirilməsi üçün zəmin, bəhanə, adını hər nə qoyuruqsa-qoyaq, hər şey var, sadəcə şərait yoxdur. Azərbaycan hərbi əməliyyatı kimə qarşı keçirəcək? Ruslara, yoxsa qanunsuz erməni silahlı dəstələrinə qarşı?

Görünən odur ki, münaqişəni sürətlə alovlandırmaq istəyən güclər var. Kiçik bir qığılcım böyük yanğın törədə bilər.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics