22.05.2020

Bir nəfərə görə hamının əziyyət çəkməsi...

Azərbaycanda bu gün başa çatacağı gözlənilən karantin rejimi may ayının 4-ə qədər uzadıldı. Rəsmi statistika koronavirusla mübarizə çərçivəsində hər şey qaydasında, vəziyyət isə nəzarət altındadır.

Hər halda, görürük ki, bizdə yoluxma sayı minlərlə, ölü sayı isə onlarla deyil. Buna görə hətta hərdən üstünə getdiyimiz Qərb ölkələri də bizə həsəd apara bilər. Ona görə də, rəsmi statistikaya əsaslanıb, karantin rejiminin ləğv ediləcəyini, ya da heç olmasa, yumşaldılacağını gözləmək olardı. Lakin fərqli qərar verirldi.


Burada mühüm fərq statistika ilə rəsmi bəyanatlar arasındakı uyğunsuzluqdur. Nədənsə, o bəyanatlar açıqlanan statistika qədər ürəkaçan deyil. Rəsmilərin açıqlamaları adamın beyninə qurd salır.

Əsgərlikdə ən acığım gələn şey bir nəfərə görə digərlərinin də əziyyət çəkməsi idi. Hərbi xidmətdə olanlar bilir. Əsgərlərdən biri əmri icra etməyəndə, buna görə bütün bölüyə cəza verirdilər.

Təsəvvür edin, birinin səhvinə görə bölüyün bütün əsgərləri çöküb-qalxır, sürünür, “qaz yerişi” yeriyir, döyüşə gedir və sair. Hər əyilib qalxanda da kimə görə əziyyət çəkiriksə, onun yeddi arxa dönənini qeyri-senzura ilə yad edirdik…

Məncə, orduda “dedovşina”nn yaranmasına da məhz bu qayda səbəb olub. Əziyyət hissəsi bitəndən sonra əsgərlər həmin “səbəbkar”ın üstünə düşürdülər ki, sənə görə niyə əziyyət çəkməliyik? Dava-dalaş, söz-söhbətlər, hətta qətl hadisəsi daha çox bu üzdən baş verirdi.

Karantin rejiminin bütün ölkə boyu tətbiq edilməsi əsgərlikdə kiminsə səhvinə görə əziyyət çəkilməsinə bənzəyir, hətta deyərdim ki, onunla eynidir. Məsələn, Bakıda yoluxma və ölüm halları var, amma Ağdamda virusun izi-tozu da yoxdur. Bakıdakı vəziyyətə görə Ağdamda olan birisi niyə mağazaya getmək üçün SMS-lə icazə almalıdır? Lənkərənda yoluxma varsa, Zərdab sakini nəyə görə şoran torpağında işləməyə icazə alaraq getməlidir?

Şəhər və rayonlara giriş-çıxış bağlıdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da, mütəxəssislər də deyirlər ki, koronavirusa ancaq təmas zamanı yoluxmaq olar. O halda, yoluxma faktı qeydə alınmayan rayonlar niyə bu əziyyəti çəkməlidirlər?

Kənd mağazalarının “dövriyyə”sini bilirik, orada ancaq güdəlik təlabat malları tapmaq olur. Bir kəndli bazarlıq etmək üçün rayon mərkəzinə SMS-lə icazə alıb getsə, 2 saat ona bəs edəcək? Kənd yollarını və rayon mərkəzi ilə məsafəni nəzərə alsaq, bunun imkansız olduğunu bilməyən yoxdur.

Azərbaycanda hansı kənddə aptek var? Şəxsən mən apek olan kənd görməmişəm. Kəndli 1 manatlıq dərman almaq üçün niyə görə 100 manat cərimə olunmağı gözə almalıdır?

Ergi düzü deyilən yer var, Ağdam ərazisinin bir hissəsi oraya düşür. Ancaq yol yoxdur, bir Ağdamlı Ergi düzünə getmək üçün Ağcabədidən keçməlidir. Polis də deyir ki, olmaz. İndi o torpağı kim əkib-becərəcək?

Epidemiyaları araşdırarkən görürük ki, bundan daha çox böyük şəhərlər zərər görür. Ölkədə böyük deyəcəyimiz 2-3 şəhər var. Onlar, üstəgəl də, virusun qeydə alındığı rayonları karatinə almaqla, digər bölgələri zəruri tədbirləri görmək şərtilə əvvəlki yaşamına qaytarmaq olardı. Bunun dövlət büdcəsinə də faydası dəyərdi. Yəni Ucarda karantin rejimi ləğv olunarsa, həmin rayonda yaşayanlara sosial yardım verməyə də ehtiyac qalmır.

Hər halda, bu fikirlərə, statistika və rəsmilərin açıqlamasından sonra gəlmişəm. Yəni ölkənin bütün ərazisinə yayılmayan virusla mübarizə üçün ölkənin başdan ayağa karantinə almaq nə qədər doğrudur? Koronavirus sanki qayda pozan bir əsgərdir, ölkə də bölük.

İndi bütün ölkə o bir “əsgər”ə görə sürünmək məcburiyyətində qalıb…

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönderme

Real Time Analytics