8.01.2023

Azərbaycan Ermənistanın "mitinq oyunu"na necə cavab verməlidir? - Səxavət Məmməd yazır

Qarabağ ətrafında gərginlik hər keçən gün bir qədər də artır.

Azərbaycanlı fəalların Şuşa-Xankəndi yolundakı aksiyası 2 həftədən çoxdur davam edir. Separatçılar bu müddət ərzində diplomatik yolla, hansısa ölkələrin hədələri, BMT-nin qınağı ilə Azərbaycan tərəfinin geri addım atacağını düşünürdülər, ancaq bu baş vermədi. Azərbaycan tərəfi də bilir ki, geri addım atsa, çox pis nitəcələrlə üzləşə bilər. Ona görə də geri addım atılmadı. Erməni tərəfi də, sonunda gözlənilən kimi, aksiyaya aksiya və ya mitinqlə cavab verdi.

Azərbaycanda Xankəndində keçirilən mitinqlə bağlı münasibətlərə baxdım. Biz hardayıq, düşmən dediklərimiz harda. Biz hara hesablayırıq, onlar hara.

Erməni tərəfi açıqlayıb ki, 120 min nəfərlik mitinq keçiriblər. Mitinq keçirən tərəf, əlbəttə ki, rəqəmi şişirdəcək. Azərbaycanlı bəzi politoloq və ictimai fəallar buna sanki müxalifətin mitinqinə münasibət bildirirmiş kimi münasibət bildirirlər. O mitinq bura hesablanmayıb. Mitinqin sifarişçisi kimlərdirsə, ora da göstərirlər. Təkcə onlara da yox, elə dünyaya, beynəlxalq qurumlara. İndi bura hesablanmayan mitinqi Azərbaycan cəmiyyətinə niyə primitiv formada yeritməyə çalışırsınız? Qazancınız nə olacaq? Bu təfəkkürlə, bu düşüncə tərzi ilə, bu yanaşma ilə mübarizədə nəticə əldə edəcəyinizi düşünürsünüz?

Baş verənlər Azərbaycan və Ermənistanın olmaqdan çıxıb. Hər şey dünyaya, beynəlxalq qurumlara və böyük güclərə hesablanıb. Ermənistan prosesə diplomatik yolla, şantajla, yalvarmaqla KTMT-ni, ATƏT-in Minsk qrupunu qoşa bilmədi. İndiki məqamda erməni tərəfi prosesə daha böyük gücləri cəlb etmək niyyətindədir. Ona görə də erməni tərəfinin atdığı addımlara daxildəki müxalifətə qarşı verilən reaksiyalar verilməməlidir. Azərbaycan tərəfi beynəlxalq qurumlarla, Qərbin böyük tirajlı qəzetləri, TV kanalları ilə işləməlidir.

Sırf bu proseslə məşğul olanlar ya məsələni ciddiyə almır, ya qarşı tərəfinin niyətini sezmir, ya da əllərindəki mübarizə üsulu gördüklərimizdən o yana getmir.

Azərbaycan Prezidenti qərbi azərbaycanlılarla görüşdə Ermənistanın Azərbaycan torpaqlarında yaradılmasından tutmuş, nə vaxtsa qərbi azərbaycanlıların ora qayıdacağına qədər maraqlı mesajlar verib. Yeri gəlmişkən, Cənubi Azərbaycan, orAda yaşayan soydaşlarımızla bağlı da cəsarətli mesajlar verilmişdi.

İrandakı soydaşlarımızla bağlı mesajdan sonra ictimayətdə, QHT-lər arasında, siyasi təşkilatlar arasında bir hərəkətlənmə baş verdi. Bir çoxları səmimi olsalar da, bəziləri bunu fürsət bilib qrant sevdasına düşdülər. Gördüyümüz kimi dayanıb. Qərbi Azərbaycan məsələsi də bundan o yana keçməyəcək. Niyə? Çünki istər QHT-lər, istər ictimayət, istərsə də müstəqil fəaliyyət göstərənlər dövlətdən gələn mesajlara adekvat davrana bilmirlər.

Bir qədər də irəli gedəcəm. Hazırda baş verənlərlə ona uyğun verilən mesajları icra etmək istəyənlər arasında ciddi IQ fərqi var.

Çox deyirik ki, hakimiyyətdə, qurumlarda, məmurlar arasında islahatlar aparılmalıdır. Ancaq baş verənləri görəndən sonra anlaşılır ki, islahatlar daha dərin aparılmalıdır. Dünya dəyişir, proseslər fərqliləşir, mübarizə üsulları da dəyişir, ancaq düşüncə tərzi, yanaşması dəyişməyənlərlə nə informasiya müharibəsi aparmaq olar, nə də mübarizədə qalib gəlmək.

Elə buna görədir ki, hərbçisi də, siyasətçisi də, jurnalisti də, vətəndaş cəmiyyəti nümayəndəsi də ağzını açanda antiterror deyir. Çünki düşünmürlər, düşünmək istəmirlər. Düşünsələr də, tapmırlar. Hesabatın düz olması üstündə baş sındıranlardan nəticə gözləmək özü belə məntiqsizlikdir.

Elə bilirsiniz, ermənilər pul yemir? Edirlər, bəlkə də, məbləğ olaraq bizimkilərdən daha çox yeyinti edirlər. Ancaq onlar ortaya iş də qoyurlar. Avropada barmağımızı hansı qəzetin üstünə qoysaq, orada məqalə dərc etdirə bilirlər. Elə bilirsiniz, Qərbdəki media qurumları ermənilərin qara qaşına, qara gözünə vurulub? Hər şey münasibət qurmaqdan və maliyyədən keçir. Azərbaycan tərəfi elə bilirsiniz buna maliyyə ayırmayıb? Araşdırılsa sənəd üzərində milyonlar xərclənib. Nəticə?

Bilirəm, mövzudan bir qədər yayındım, ancaq bunları demədən məsələni anlamaq olmur.

Hər iki tərəfin istəkləri ilə məsələ yekunlaşsa, danışıb anlaşmaq mümkündür. İş orasındadır ki, bölgədə digər dövlətlərin də maraqları var. Hər kəs öz marağının həyata keçməsi üçün savaşa girişib. Burada təkcə hərbi gücü, qüdrəti olan qalib gəlməyəcək. Bu oyunun sonunda hansı tərəf daha ağıllı davransa, oyunu düzgün qursa, o da qalib olacaq.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics