6.03.2022

Rusiya-Ukrayna savaşının ÇİRKİN ÜZÜ: Riyakar siyasətin acı reallığı - Səxavət Məmməd yazır

Ukrayna-Rusiya müharibəsinin artıq beşinci günü geridə qalıb. Geridə qalan beş gün ərzində Rusiya ordusunun, xüsusilə Xarkov, Kiyev və Mariopol şəhərinə hücumlarını müşahidə edirik.

Rusiya xəritə üzərində planladıqlarına döyüş meydanında nail olmasa da, hücumlarına davam edir, ancaq informasiya müharibəsində konkret şəkildə məğlub olur. Belə bir deyim var, savaşı qazanıb  informasiya müharibəsində uduzsan, məğlub sayılacaqsan. Ukrayna, daha dəqiq desək, Qərbin informasiya maşını elə bir vəziyyət yaradıb ki, Ukrayna məğlub olsa belə, qalib sayılacaq. Hətta bu yöndə də bilərəkdən təbliğat gedir. Yəqin, siz də buna çox rast gəlmisiniz: “Ukrayna müharibədə uduzsa da, Zelenski, Ukrayna xalqı gözümüzdə qalib sayılacaq”.

Rusiyanın sosial şəbəkələrdən məhrum edilməsi də işə yarayır. Hazırda Ukrayna tərəfinin yaydığı videoları, fotoları görürük və ona görə qərar vermək məcburiyyətində qalırıq.

Yayılan videolardan sonra Rusiya silahı, texnikası barədə bütün miflər dağılır. Bəzən sovetdənqalma tanklar, texnikalar, partlamamış raketlər görürük. Bu onu deməyə əsas verir ki, Rusiya ordusu, əslində, deyilən səviyyədə deyilmiş.

Bu yerdə 44 günlük müharibəni xatırlamasam, olmaz.

Azərbaycan ordusu Ermənistana məxsus Rusiya silahlarını, texnikalarını məhv edirdi. Əslində, Rusiya istehsalı olan silah və texnikaların işəyaramaz olduğunu dünyaya sübut etmişdik. Ancaq onu da həmişə yazırdıq ki, Rusiya əlindən çıxarmaq istədiyi silahları Ermənistana kreditlə verir. Bundan əlavə, müharibə vaxtı Azərbaycan tərəfi sovetdənqalma, arsenaldan çıxarılmış çoxlu sayda silah və texnikaları ilk sıraya düzmüşdü. Misal üçün, uzun zamandır ordunun arsenalından çıxmış T-55 tanklarını cəbhəyə gətirib, rəngləyib, təzə görünüş verirdi. Hətta elə T-55 tankları var idi ki, heç nəyə yaramırdı, sadəcə görüntü xarakterli idi. Düzdür, T-55 tanklarının lüləsi yivli olduğu və daha uzaq mənzili vura bildiyi üçün passiv döyüşdə istifadə edilirdi. Bundan əlavə, istifadə müddəti bitməkdə olan raketlər də eynilə ilk günlər istifadə olunurdu. Bununla həm də ordu bir yükdən qurtulmış olurdu. Rusiya ordusu da, ola bilsin, məhz özünün də canını qurtarmaq istədiyi silah və texnikanı ilk mərhələdə meydana atıb. Bu həm də korrupsiyanın içində boğulmuş Rusiya ordusu üçün çirkabdan təmizləmə də ola bilər. Təbii ki, bu bir versiyadır.

Ukrayna-Rusiya müharibəsi həm də onu göstərdi ki, əslində, heç bir dəyər yoxdur, ancaq maraqlar var. Məsələn, illər öncə faşist salamı sayılan dayanıb, bir əlimin önə doğru açılmış fotomu sosial şəbəkədə paylaşmışdım. Təxminən bir neçə ay əvvəl sosial şəbəkə hesabıma mesaj gəldi ki, bu fotonu bəlli qaydalara görə silirik. İtaliyanın məhşur və çox bəyəndiyim Paolo Di Kanio adlı futbolçusu var idi, hər qoldan sonra faşist salamı verərək sevinirdi və hər dəfə də FİFA, UEFA, İtaliya Futbol Federasiyası onu cəzalandırırdı. Hətta bu adətinə görə İtaliya millisinə də dəvət almırdı.

Sözümün canına gələk. Sosial şəbəkədə molotov kokteylinin necə hazırlanması barədə saysız-hesabsız videolara rast gəlirik. Deyənlər olacaq ki, Ukrayna özünü müdafiə edir, bu səbəbdən də bunun yayılmasına icazə verilməsi doğrudur. Tamamilə əksini düşünürəm. Silah hazırlanması videolarının yayılması, fikrimcə, çox yanlışdır və gələcəkdə fəsadları olacaq. Lap hesab edək ki, fəsadları olmadı, bəs qaydalara, dəyərlərə hörmət harada qaldı? Bu həm də, “Mənə lazım olanda bütün dəyərləri, öz yazdığım qaydaları tapdalayaram”, – demək deyil? İstəyinə çatmaq üçün bütün yollar mübahdır prinsipi? Düşünürəm ki, bu müharibə BMT yarananda razılaşdırılmış bütün qaydaların üstündən xətt çəkilməsi ilə nəticələnəcək və dünya yeni düzənə getməli olacaq.

Rusiya atom bombası ilə təhdid edir. Bütün dünyanı “Rusiya pisdir, atom bombası ata bilər” fikirləri ilə Rusiyaya qarşı birləşdirə bilirlər. Paradoksa baxın, atom bombası atanlar elə aura yaradıb ki, hamı atom bombası atmaqla hədələyəni daha təhlükəli hesab edir. Bu, Rusiyanı haqlı çıxarmaq anlamına gəlmir. Rusiyanın işğalçı olduğunu hər fürsətdə yazmışam. Mənim gözümdə təkcə Rusiya yox, bütün işğalçılar eynidir.

Belə yerdə bir lətifə yerinə düşər: İki qadın söhbət edir. Biri öz qızını bəzəyə-bəzəyə tərifləyir. O biri isə deyir ki, vallah mənim qızım da fahişədir, ancaq sənin qədər bəzəyə bilmirəm.

Rusiya ordusu kifayət qədər itki verib. İtkilər verməkdə də davam edəcək. Düşünürəm ki, Rusiyanın əsas hədəfi Ukraynanın Qara dənizə çıxışını tamamilə bağlamaqdır. Bu alınacaq, alınmayacaq məlum deyil.

Bir qədər də dünənki Ukrayna-Rusiya arasındakı danışıqlar barədə. Mətbuatda və sosial şəbəkədə belə bir informasiya və ab-hava yayılmışdı ki, Rusiya düçar olduğu uğursuzluğa görə özü danışıqlara meyillidir. O zaman belə bir sual yaranır: Danışıqlara meyilli olan ölkə danışıqlar gedə-gedə qarşı tərəfi niyə ballistik və qadağan olunmuş raketlə vurur?

Ukrayna-Rusiya müharibəsindən çıxaracağımız daha bir dərs: Azərbaycanda bomba əleyhinə sığınacaqlar, demək olar ki, yox dərəcəsindədir. Rusiya kimi ölkə ilə qonşu olan dövlət bu boşluğunu doldurmağa məcburdur.

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics