6.03.2022

Rusiyanın əmriylə yol bağlayan ermənilər: MN və XİN-in susqunluğu - Səxavət Məmməd yazır

Ölkə Ramiz Mehdiyevi müzakirə edir, Rusiyanın Ukraynaya hücum edib-etməyəcəyi barədə mərcləşir, Tahir Kərimlinin əjdahasını lağlağıya qoyur, ancaq Qarabağdakı ermənilər yol kəsir, Azərbaycana məxsus maşın karvanının Kəlbəcərə getməsinin qarşısını alır.

Ölkədə müzakirə edilən məsələlər arasında ən sevdiyim, ən bəyəndiyim isə TIR sürücülərinin yol bağlayaraq etdiyi etirazdır.

ABŞ-də polis qaradərili şəxsi öldürdükdən sonra ölkəni etirazlar dalğası bürümüşdü. O dönəm prezident olan Barak Obama gənclərə səslənərək etirazlara qatılmalarını istəmişdi. Mətn təxminən belə idi: “Çıxın etiraz edin, fərqi yoxdur, hansı tərəfdə olacaqsınız, əsas odur, etiraz edin. Çünki ABŞ etirazlar üzərində qurulub”. Söz düşmüşkən bunu yazmaya bilməzdim.

Artıq ermənilər ikinci dəfədir ki, yolu kəsərək Azərbaycana məxsus maşın karvanının Kəlbəcərə getməsinə mane olur. Azərbaycan tərəfi erməni əsirlərini geri qaytardı, Şuşa Bəyannaməsi təsdiq edildi, Rusiya Müdafiə Nazirliyi yaydığı video ilə qondarma rejimin polislərinin Azərbaycana məxsus maşınları yoxladığı ortaya çıxdı və artıq mülki ermənilər işə keçib. Yolu bağlayır, maşınların getməsinin qarşısını alırlar. Düzü, maşınların içərisində nələrin olması barədə məlumatsızam. Azərbaycan tərəfi necə ermənilər atəşkəsi pozanda onların spirtli içki təsiri altında olduğu barədə məlumat yayırsa, çıxıb açıqlamalıdır ki, maşınlarda nələr daşınır. Bəlkə, o maşınlarda əsgərlərə çatmalı olan ərzaqlar, vasitələr var?

Əslində, erməni tərəfinin bu cür oyunu çox yaxşı hesablanıb. Bunu hansısa bir erməni əsgəri, polisi etsə, müdaxilə etmək çox asan olacaq və silah ən gözəl bəhanədir. Ancaq mülkilərin ora gətirilib yol kəsmələrinə şərait yaradılmasına silahlı müdaxilə çox ağır nəticələr verə bilər. İnsan haqqlarını, mülki şəxslərə qarşı silah işlədilməsini bəhanə gətirib nə qədər beynəlxalq təşkilat var, bəyanat verəcək.

Ermənilərin bu etirazı, təbii ki, planlı şəkildə həyata keçirilir. Mülki şəxslər olduğu üçün də Rusiya sülməramlıları guya onlarla danışıqlar aparır, onları razı salmağa çalışır. Yaxşı variantdır. Ancaq bu taktikanı azdan-çoxdan bölgəni tanıyan adama desən, deyəcək ki, rus stilidir.

Azərbaycan tərəfi bəyanat verir ki, Arayik Arutyunyanı əməliyyat keçirib gətirəcək. Bu ola bilsin, informasiya savaşıdır, erməni tərəfinə cəmiyyətini məşğul etmək üçün tapşırıq verilib. Erməni tərəfi də dərhal yol kəsməklə cavab verir. Bu zaman nə etmək lazımdır?

Düzdür, dərhal bəzi insalar ən radikal olanı seçir. Çıxıb deyirlər ki, ordu dərhal antiterror əməliyyatı keçirməlidir. Antiterror əməliyyatı keçirmək müharibə qərarı vermək qədər çətindir. Müharibədə rəsmi olaraq ruslar ərazidə yox idilər. Ancaq hazırda Rusiya sülməramlı adı altında ərazidədir. Rusiyanı tapdalayıb keçiriləcək bu əməliyyat? Bir az ciddi olun.

Azərbaycan tərəfinin əlində müxtəlif rıçaklar var. Onlardan biri də elə məhz yollarla bağlıdır. Gorus-Qafan yolunda Azərbaycan post qurub. Yol bağlansa, nə edəcəklər? Onların hərəkətlərinə cavab olaraq edildiyini də demirsən. Sanki görünməmiş işdir, azmı ötən il çəkilmiş yolu yenidən qazıb çəkmişik?

Yenə Laçın dəhlizi deyənlər olacaq. Laçın dəhlizi çoxdan Ermənistanla Azərbaycan arasındakı problem olmaqdan çıxıb. Oranı bağlamaq üçün isə belə getsə, Rusiyanın dağılmasını gözləməli olacağıq.

Bunları başa düşdük, bəs Azərbaycan rəsmi olaraq niyə ortaya mövqe qoymur? Müdafiə Nazirliyini anladıq, ordakıların başları öz haylarına qarışıb, tutulan-tutulanadır. Xarici İşlər Nazirliyi niyə susur? Öz-özünə sual verib onu mətbuatın adından cavablandırmaq çətin işdir?

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics