2.10.2018

Qarabağ mitinqinin pərdəarxası - Çıxış üstündə dava edənlər, tribunasını Qarabağdan əsirgəyənlər...

645 manatlıq mitinq. Əslində mitinqlə bağlı bir cümlə belə yazmaq istmirdim. Düşünürdüm bir çoxları deyəcək ki, erməni dəyirmanına su tökürəm, hansısa klana xidmət edirəm. Ta ki, polisin mitinqə 2 000 nəfər insan gəldiyi xəbərini oxuyana qədər…

Bir neçə gün idi ki, “Qarabağa azadlıq” mitinqi ilə bağlı müxtəlif fikirlər səsləndirilirdi.

Çoxları mitinqin keçirilməsinin vacib olduğunu vurqulayırdılar. Bəziləri isə mitinqi bir oyun adlandırır və insanları mitinqə qatılmamağa çağırırdı.


Mitinqdən bir gün əvvəl artıq tirbuna üstündə dava-dalaş başlamışdı. Birlikdə “Qarabağa azadlıq” mitinqi ilə yurda dönüş aksiyasına çağırışı edən QAT sədri Akif Nağı ilə Camal Əhmədov aksiyaöncəsi sosial şəbəkədə bir-birini sözün əsl mənasında ağ yuyub, qara sərməklə məşğul idilər. Səbəb isə tribunada kimin dayanması üstündə idi…

Bəzi partiyaların sırf Qarabağın adı üçün mitinqə qatıldıqlarını öncədən hər kəs bilirdi. Bəzi yerlərdə, səmimi söhbət zamanı da Qarabağ Komitəsinin üzvləri də bunu etiraf edirdilər.

Hər birimiz bilirik ki, mitinq keçirmək üçün maliyə lazımdır. “Qarabağa azadlıq” adlı mitinq 645 manata başa gəlib. Üzərində dava gedən tribuna isə bir nəfərin hesabına – 350 manata yığılıb. Sual olunacaq ki, bəs illərdir “Məhsul” stadionunda mitinq keçirilir, orada mitinq edənlər hansı tirbunadan istifadə edirdilər? Hə… Demək belə, mitinq üçün tirbuna Müsavat Partiyasında olub, ancaq partiya üzvləri müxtəlif bəhanələrlə tribunanı verməkdən boyun qaçırıb. Sonda isə komitə üzvlərindən biri öz cibinin pulu ilə tribuna hazırlatdırmalı olub.

Mitinqdən sonra bir çoxları bildirir ki, Qarabağ Azərbaycanın məsələsidir, problemidir. Azərbaycanın problemi üçün 645 manata mitinq keçirmək Azərbaycan boyda ayıb deyil?

Bunlar işin görünməyən tərəfi idi. Gələk görünənlərə. Gözlənilənin əksinə olaraq mitinqə insan axını oldu. Tam desəm yalan olar, ancaq stadion dolmuş kimi idi. Son zamanlar insanların gördüyü mitinqi və sonrasını nəzərə alsaq, bu mitinq sözün əsl mənasında əla keçdi deyə bilərik. Ancaq təşkilatçılıq baxımından yox. Sırf insanların Qarabağ adına gəlməsi baxımından.

Mitinq başladı. İlham İsmayılın çıxışı ilə coşdu. İsgəndər Həmidovun siyasi fikirləri, “istefa” çağırışı ilə də söndü. Hətta bir qrup insan generalın çıxşından dərhal sonra stadionu tərk etdi.

Bəs Qarabağ üçün mitinq keçirmək ideyası haradan qaynaqlanır? Paşinyan hər mitinqdən sonra deyir ki, xalq Qarabağı vermək istəmir, sülh danışıqları istəmir. onların əksinə gedə bilmərəm.
Yəqin ki, bu mesaja cavab kimi hesablanıb. Amma və lakin cavab da cavab kimi deyildi.

Qarabağ mitinqinə ehtiyac var idi? Əsla! Qarabağ üçün mitinq yox, müharibə lazımdır. Lap deyək ki, mitinqə gərək vardı. Niyə mitinq üçün “Məhsul” stadionu? Qarabağ istəyi məhsul qədər kiçilib?!..

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics