19.10.2018

Həbsxanadan məktub - Kəşfiyyat bölüyünün komandirinin müharibə xatirələri - I yazı

Həbsxanadan məktub var.

Qarabağ müharibəsində adlı-sanlı komandirlərdən olan Yaşar Şükürov bir neçə ildir ki həbsxanadadır. O, 1989-cu ildən Qarabağ müharibəsi bitənə qədər döyüşüb. 704 saylı hərbi hissənin kəşfiyyat bölük komandiri vəzifəsinə qədər yüksəlib.

Yaşar Şükürov qələmə aldığım yazılardan və əsgər yoldaşlarının xahişindən sonra, orduya qatıldığı gündən sona qədər yaşadıqlarını, bildiklərini, gördüklərini yazaraq, həbsxanadan məktub şəklində göndərib.
Yenicag.az Yaşar Şükürovun xatirələrini sizə təqdim edir:

“Mən Şükürov Yaşar Teyyub oğlu 1967-ci ildə Lerik rayonunun Kəlvəz kəndində müəllim ailəsində anadan olmuşam. Ailədə 11 (on bir) uşaq olmuşuq. 1989-cu ildə Sovet ordusu sıralarında xidmət edirdim. Erməni quldurları vətənimizə basqın edəndə, mən də bir azərbaycanlı kimi çətinliklə də olsa vətənə təyinat aldım.

Məni Gəncədə yerləşən 70-ci polkda tağım komandiri təyin etdilər. Polk Xanlıqlar kəndində (Qazax rayonu) Peşə məktəbinin binasında yerləşirdi. Mən Xanlıqlar kəndinə gəldim, məni orada polk komandiri qəbul etdi və mən tağım komandiri vəzifəsində xidmətə başladım. Polkun əsgərlərinin 95%-i rus millətindən ibarət idi. 1-ci batalyon Xeyrimli kəndində yerləşirdi. 1-ci batalyonun rotaları Yuxarı Əskipara, Aşağı Əskipara, Quşçu Ayrım kəndlərində mövqe tutmuşdu. 2-ci batalyon Sofulu, Bərxudarlı kəndlərində, 3-cü batalyon isə Ağstafa rayonunun Yuxarı Qışlaq, Tovuz rayonunun Əlibəyli, Ağdam kəndlərində mövqe tutmuşdu. Bu polkun vəzifəsi Ermənistan- Azərbaycan sərhədində sabitliyi qorumaq idi. Mənim vəzifəm bu batalyonlara lazımi ərzaq və yanacaq çatdırmaq idi.

Tez-tez kəndlərimizə gedib özünümüdafiə dəstələri ilə əlaqə saxlayırdım. Azərbaycanlı olduğuma görə mənə kəndlərdə gedən hadisələri gizlində deyirdilər. Mən icazəsiz özünümüdafiə dəstələri ilə görüşür və lazımi döyüş sursatlarını onlara ötürürdüm. Artıq bilirdim ki, erməni quldurları bizim kəndləri atəşə tuturlar. Rus əsgərləri müdafiəyə çox səhlənkar yanaşırdılar. Erməni tərəfdən avtomatlardan atəş açırdılar. Bizim özünümüdafiə dəstələri isə ov tüfəngləri, TOZ-8 silahları ilə müdafiə olunurdular.

Erməni və rus hərbçilər arasında söhbət və nəticəsi

Bir gün Sofulu kəndinə gedərkən kəndin yaxınlığında erməni əsgərlərinin rus əsgərləri ilə söhbət etdiyini gördüm. Rus zabitinə iradımı bildirdim və erməni quldurlarına silah çəkdim, onlar oradan uzaqlaşdılar. Polka qayıdanda komandirimiz polkovnik Reznikov mənə acıqlandı və həmin gecə Gəncədən general Şerbak vertolyotla Xanlıqlar kəndinə gəldi. Mənim qollarımı kəndirlə bağlatdırıb, Gəncə qaupvaxtına (müvəqqəti həbsxana) apardı. Bir ay orada qaldım. Artıq mənimlə Qazax rayonunun keçmiş İcra başçısı Cavanşir Carçıyev, polis rəisi Mehrəli müəllim, özünümüdafiə dəstələri də maraqlanırdılar. Sonra məni İcra başçısı Cavanşirin pulu gücünə geri qaytardılar. Mən Xanlıqlar kəndinə gələndə artıq başa düşmüşdüm ki, ruslar erməni quldurlarına kömək edirlər. Düşmən kəndlərimizi gülləbaran edəndə və biz tərəfdən də ov tüfəngləri ilə cavab verəndə, ruslar tez başlarının üstünü alıb atəş açmağa qoymurdular. Mənimlə bərabər 2 azərbaycanlı zabit də vardı. Bəxtiyar Əliverdiyev və artilleriyaçı Ərəstun. Ərəstun əslən Qazaxlı idi.

Hərbi hissədən qaçış

Polka qayıdandan sonra qəti qərara gəldim ki, ruslar ermənilərə kömək etdiyinə görə Xanlıqlar kəndini tərk edim. Xanlıqlar kəndində yerləşən polkun anbarlarından lazımi silahları götürüb, çayı keçərək Dəmirçilər kəndinə qaçdım. Çayı keçəndə tamam islanmışdım. Bir neçə kilometr gedəndən sonra nəhayət kəndin kənarındakı bir parnikə girdim. Sağ olsunlar ki, orada mənə şərait yaratdılar. Mən paltarlarımı qurutdum. Ruslar Xanlıqlar kəndinin çay- meşə ərazisini axtarırdılar. Dəmirçilər kəndində də qalmadım. Bir maşına minib Qazax rayonuna qayıtdım. Yanğınsöndürən post ilə üzbəüz “nemes” ləqəbli İsmayıl kişinin oğlu Familgilə gəldim, o məni gizlətdi. Dedi ki, ruslar hər yerdə səni axtarır. Bir neçə ay orada gizləndim.

Qazaxda əlahiddə ərazi özünümüdafiə batalyonunun yaradılması


Nəhayət ruslar getməyə başladılar. Biz bundan istifadə edərək Xanlıqlar kəndində Qazax əlahiddə ərazi özünümüdafiə batalyonunu yaratdıq. Əliverdiyev Bəxtiyar batalyon komandiri vəzifəsində idi, mən isə rota komandiri vəzifəsində. Balacəfərli kəndinin müdafiəsinə başladıq. Kəndin bütün istiqamətlərində səngərlər qazdırıb, müdafiə sistemini yaratdım. Həmin vaxt Balacəfərli kəndinin müdafiəyə böyük ehtiyacı var idi. Kəndə 3 tərəfdən hücumlar olurdu. Düşmənlər Balacəfərli kəndini 3 tərəfdən mühasirəyə almışdılar. Solda Lələ kənd, yuxarıda uzun tala, üzbəüz isə Kaynavan qəsəbəsi. Bir tərəfimizdə də Böyük Cəfərli. O kəndlə aramızı Böyük Didvan gölü kəsirdi. Bir sözlə kəndə hər tərəfdən basqınlar olurdu. Aylarla gedən döyüşlərdə düşmən böyük itkilər verirdi. Nəhayət anladılar ki, kəndin müdafiəsinə kim rəhbərlik edir.

Ova gələn, ovlanar

Bir gün düşmənlər mənə tələ qurub məni izləməyə başladılar ki, mən kənddən arxaya, yəni Xanlıqlara gedəndə məni tutsunlar. Lələkəndin yolu bizim arxamıza düşürdü. O yolda kənd əhalisini dəfələrlə pusquya salmışdılar. Mən kəndin müdafiəsini quranda o yolu da unutmamışdım. Həmin Lələ kəndə qalxan yolda ruslardan apardığım iki ədəd tank əleyhinə mina basdırmışdım. Minaların birini incə şəkildə asfalt yolda, o birini isə çinarların dibində, kölgəlikdə basdırmışdım. Düşmən mənim Kamazla axşam Qazax istiqamətində qetdiyimi görmüşdü. Axşam saat 10 radələrində mən Böyük Cəfərliyə, oranın müdafiəsində duran komandirlərə bəzi məsləhətlər aparmağa getmişdim. Böyük Cəfərliyə getmək üçün maşınla mütləq Xanlıqlardan keçmək lazım idi. Mən Böyük Cəfərlinin müdafiəsini qoruyan Müqabil və Elşadla söhbət edərkən Bala Cəfərli istiqamətində güclü partlayış oldu. Bir neçə dəqiqədən sonra düşmən üç istiqamətdən kəndi atəşə tutdu. Böyük Cəfərlinin mövqelərindən Bala cəfərlinin ərazisi aydın görünürdü. Əvvəl heç nə başa düşmədim və geri – Bala Cəfərliyə qayıtmağa tələsdim. Artıq axşam saat 12-yə işləyirdi. Adətən axşamlar belə döyüşlər olmazdı. Düşmən hər tərəfdən yanar mərmilərlə hücuma keçmişdi. Geri qayıtdım. Maşını Didivan gölünün üstündə, kilsənin yanında saxlayıb, sürücü ilə Bala Cəfərliyə doğru hərəkət etdik. Kəndə çatanda gördüm ki, düşmən Lələ kəndə qalxan yol istiqamətində çox fəaldır. Mənə dərhal hər şey aydın oldu. Mənim axşam kəndə getdiyimi görən düşmən bir neçə kəşfiyyatçı ilə “Niva” markalı maşında həmin o minalı əraziyə gələrək pusqu qurub, məni qayıdanda tutmaq istəmişdilər və yol kənarında, çinarların sirasında basdırdığım minaya düşüblər. Ona görə də düşmən kəndi gülləbaran edir və minaya düşən kəşfiyyatçıları çıxartmaq istəyirdi. Bir qrup əsgərlə o əraziyə gəldim və gördüm ki, “Niva” partlayışdan parça-parça olaraq kənardakı üzümlüyə atılıb və ətraf qan içindədir. Düşmənin kəşfiyyat komandiri və bir neçə əsgəri məhv olmuşdu. Düşmən bundan qəzəblənərək məni daha ciddi nəzarət altına aldı. Erməni quldurları tərəfdən mənə talış Yaşar kimi təhdidlər başladı. Qazaxın qeyrətli oğulları məni erməni dığalarına yem etməz idi…

Ardı var…

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics