14.01.2016

Fahişəxanadan reportaj: Ehsan Zahidov, bu da fakt

Hər şey Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovun “əlimizdə barlardakı fırıldaqçılıqla bağlı fakt yoxdur” deməsindən sonra başladı.


İnterpress.az olaraq məsələni araşdırmaq qərarına gəldik. Redaksiyamıza əvvəllər də barlarda olan fırıldaqçılıqla bağlı bir neçə məlumat daxil olmuşdu. "Odnaklassniki.ru "da profil açıb “Ayka Milaşka”nı tapıb, nömrə almaq çox da uzun çəkmədi. Telefonla danışıb Səməd Vurğun bağında görüş təyin edirik. Səməd Vurğun bağında Ayka Milaşkaya yenidən zəng etdikdə sonradan adının Aysel olduğunu deyən bu qız "Anadolu” restoranının qarşısına gəlməyimi istədi. Görüşdük və restoranın qarşı tərəfindəki binanın zirzəmisinə girdik. Fırıldaqçılığın başlanğıcı obyektinin adının olmaması idi, ancaq barla tanış olduqdan sonra məlum oldu ki, barın iki adı var. Qaranlıq zirzəmi və guppagup...


Barın içərisi qaranlıq, effektsiz işıqlar və guppuldayan dinamiklər. Hər stulda iki qız və indi kef etdiyini sanıb sonradan fırıldaqçılığın qurbanı olacaq oğlanlar. Çəkilib bir masada əyləşdik. “Aysel” masadan durub getdi, qayıdanda əlində içki ilə gələndə artıq oyunun başladığını anladım. Bizə daxil olan məlumatda da eyni ilə belə idi. Aysel qarşıda əyləşdi və intim münasibət üçün əvvəlcədən 25 manat pul ödəməli olduğumu bildirdi. Pulu ödədikdən sonra əlində içki daha bir xanım masaya yaxınlaşdı. Aysel bu xanımın görüşəcəyimiz evin sahibi olduğunu dedi. Qızlar ikisi də durub getdi və əllərində yeni içkilərlə geri qayıtdılar. Hər şey qaydasında idi. Artıq bunları inandıra bilmişdim ki, Türkiyədə yaşayıram və gəzməyə gəlmişəm. Düzdür, bunlar daha çox Bakıya nabələd rayon oğlanlarını seçirlər, amma biləndə ki, mən Türkiyədən gəlmişəm mənə daha böyük yem kimi baxırdılar, sanki əllərinə qaz düşüb yolacaqlar.


“Aysel” dedi ki, hazırdır və evə qalxaq. Mən də razılaşdım. Ancaq öncə hesabı ödəməli olduğumu bildirdilər. Hesab da ki nə hesab - 104 manat. Hesabın niyə çox olduğunu və Ayselin hara yoxa çıxdığını soruşdum. Qarşımda dayanan qız dedi ki, hesabı ödə qız gələcək. Qız dedim ki, hesab çoxdur, bu qədər pulum yoxdur. Bu zaman idmançı görkəmli bir oğlan mənə yaxınlaşdı və arxa otağa keçməli olduğumu bildirdi və arxa otağa keçdik. Otağa girəndə diqqətimi çəkən ilk əşya divara söykənmiş plakatda "Nur” çay evi yazısı oldu. Qarşıma qoyulan hesabın üstündə isə "Amazon night klub" yazılmışdı, qızın iki adaxlısı varmış kimi.


Mübahisə başladı. “Pulun yoxdu belə yerlərə gəlmə, pulu mütləq ödəməlisən, ödəməsən başın ağrayacaq” kimi təhdidlər sağdan, soldan yağmağa başladı və bu idmançı görkəmlilərin sayı 7-8 nəfərə çatdı. Redaksiyada danışdığımız kimi bunlara “pulum yoxdur, dostuma zəng edim gətirsin” dedim və razılaşdılar.


Redaktor Amil Hacıyevə zəng edib məsələni üstü örtülü başa saldım ki, bunlar nə olduğunu anlamasınlar. Qoluyoğunlara yarım saata pul çatacaq dedim və ara sakitləşdi. Sakitlikdən istifadə edib ətrafa göz gəzdirəndə gördüklərim məni təəccübləndirdi. Sanki bir redaksiyanın ofisini xatırladan stullar, kompüterlər və hər kompüterin qarşısında bir qız sosial şəbəkələrdə oğlan ovuna, öz dilləri ilə desək “qaz ovu”na çıxmışdı. İki qız oğlanlara nömrə verir, bir qız isə gələn zəngləri qəbul edərək “25 manata çıxıram, Səməd Vurğun heykəlinin yanına gəl” görüşək deyirdi. Artıq yarım saat keçmişdi və Amil Hacıyevə zəng etdim, redaktor bildirdi ki, polisə zəng etmişəm, jurnalistlərlə gəlirik. Qarşımda mənimlə oturan oğlana dedim ki, 5 dəqiqəyə çatırlar. Bu zaman kompüterin arxasında əyləşən qızlardan biri qışqırdı ki, arxa otaqda oturan oğlan jurnalistdir. “Bütün saytlar ondan yazır, polislə gəlirlər” deyib qaçmağa başladı. Göz qırpımında barda bir nəfər də qalmadı. Bir nəfər oğlan qaçaraq geri qayıdıb 20 manatı stolun üstə atıb yenə qaçdı. Barda heç kimin qalmadığını görüb çölə çıxdım. Qızlar “Səməd Vurğun” bağı tərəfə qaçırdı, oğlanlarsa bulvara.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deyirdi ki, fakt yoxdur, bu da fakt... Hələ bu, bildiyimiz fakt. Bilmədiyimiz və məmur “krışası” altında toxunulmazlıq qazanan neçə belə fırıldaq yuvaları var.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics