3.06.2020

Müqəddəs post – Onu kim və necə qoruyur?

Azərbaycanda bütün vəzifələri müqəddəsləşdirmişik, daha dəqiq desək,  müqəddəsləşdiriblər. İstər icra başçısı olsun, istər nazir. Biri haqqında tənqidi fikir səsləndirən kimi tənqid olunanlar qalır kənarda, müəllifin “cavab”ı dərhal yüksək səviyyədə verilir.

Bu günə qədər bütün tənqid olunan məmurlar eyni qayda ilə müdafiə olunur. “Arqument”ləri də budur ki, onları Prezident təyin edib, vəzifələrini şərəflə yerinə yetirirlər və sair.


Millət vəkili Vahid Əhmədov Milli Məclisdə müdafiə naziri Zakir Həsənovu, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovu tənqid edib. Əslində, bu, tənqid də deyildi, deputat sadəcə, olanı demişdi. Bunun qarşılığında isə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli və digər deputatlar onun üstünə getdilər, spiker də onlarla həmrəylik nümayiş etdirdi. Az qalsın, Vahid Əhmədovu vətənə xəyanətdə ittiham suçlayırdılar.

Əli Hüseynlinin sözündən belə çıxır ki, müdafiə nazirini tənqid etmək olmaz, çünki müdafiə məsələləri ilə məşğuldur. Onda Elmar Məmmədyarovu da tənqid etməyək, adam xarici məsələlərlə məşğul olur, təhsil nazirini tənqid etməyək, gələcəyimizlə məşğul olur, səhiyyə nazirinin adını belə çəkməyək, canımızın sağlığı üçün əlləşib-vuruşur...

"Müdafiə məsələləri ilə məşğuldur"... Zakir Həsənovu o posta məhs bunun üçün qoymayıblar? Tənqid edənlər nə deyirlər ki? Bəlkə müdafiə nazirindən təhsil islahatı, yaxud da futbol yığmamızı Dünya çempionatının final mərhələsinə çıxarmağı tələb edirlər? Tənqidə cavab vermək olar. Ancaq faktla, sübutla, yalnışı varsa, düzəldərək...

Bu gün Zakir Həsənov Milli Məclisin sədri və müavinləri səviyyəsində müdafiə olunursa, onun postunu itirmək qorxusu haradan olsun? Şəxsən mən də yüksək post tutsam, ölkənin dövlət dilini bilməsəm və məni Milli Məclisdə müdafiə etsələr, o dili öyrənmərəm. Müdafiə naziri, fərqi yoxdur, istənilən bir məmur niyə tənqid olunmasın? İctimai nəzarət yoxdur, mətbuat olmaz, millət vəkili olmaz, bəs naziri kim tənqid etsin? Müdafiə naziri olmuş, olacaq şəxslərin kimliyindən asılı olmayaraq, nə vaxta qədər ki, Qarabağ işğaldadır, onun tərcümeyi-halında hər zaman bir əskiklik olacaq. Qarabağ müdafiə nazirləri üçün "domokl qılıncı" kimidir, ağızları ilə quş da tutsalar, yetərli olmayacaq.

Dəfələrlə olub ki, həbs olunan icra başçıları haqqında mətbuatda yazı dərc olunub, ancaq çox keçməyib, elə Prezident Administirasiyasının hansısa bir şöbəsindən zəng gəlib və o tənqidi yazı silinib. Sual yaranır, həmin icra başçısını müdafiə edən məmur niyə cəzalandırılmır? İcra başçısı cinayətkardırsa, onu müdafiə edən, havadarlıq edən məmur mələkdir? Müdafiəçilər bunu da bir düşünsün.

Ermənilərin 21 may tarixində Şuşa şəhərində "andiçmə" mərasimi keçirməsi ilə bağlı Müdafiə Nazirliyi ən çox tənqid olunan qurum oldu. Diqqət elədim, müdafiəçilər "Müdafiə naziri nə etsin, əmrə tabedir" tipli fikirlər səsləndirdilər. Dolayısı ilə hədəf oxunu prezidentə tərəf yönəldirdirdilər.

Mətbuatı izləyən hər kəs prezidentin hansısa yolun çəkilməsi ilə bağlı sərəncam imzaladığını oxuyur, görür. Hər halda, prezident həmin yola baxıb, bu sərəncamı imzalamır. Bunun üçün müəyyən qurumlar var, layihələr işlənilir, hesablanır və ən sonda prezidentə təqdim olunur. Saysız-hesabsız dövlət qurumları nədən ötrüdür? Elə bunun üçün deyil?

Müdafiə naziri prezidentlə görüşə və yaxud müraciət edə bilməzdi ki, buna adekvat addım atmasaq, cəmiyyətin bizə münasibəti dəyişəcək? Necə ki, dəyişdi! Müdafiə Nazirliyinin 31 mayda "Silah gücü düşmənlə danışılacaq yeganə dildir" bəyantı cəmiyyətin heç vecinə də olmadı. Əvvəllər bundan daha yumşaq bəyanatlar da cəmiyyətə bir ruh verirdi. Heç Müdafiə Nazirliyinin müdafiəçiləri də bu barədə bir cümlə yazmadılar. Hə, ola bilər ki, elə bunu gözləyirdilər, insanların müharibə, Qarabağ ümidini qırmaq istəyirdilər. Nəbz yoxlamaq üçün bu bəyanatı yaydılar. Təbrik edirəm, buna nail oldular.

Dünyanın bir çox ölkəsində müdafiə naziri mülki şəxsdir, hətta aralarında qadınlar da var. Elə düşmən ölkənin müdafiə naziri də mülki şəxsdir. Müdafiə naziri postunun siyasi vəzifə olduğunu bilmirsiniz?

Müdafiə Nazirliyi özü haqqında gedən istənilən tənqidi materialı Azərbaycan Ordsuna qarşı “qarayaxma” adlandırır. Şəxsən mən Ordu haqqında qarayaxama yazı görməmişəm. Ordu bizimdir, bu xalqındır. Kim öz qohumunun, qardaşının, özünün xidmət etdiyi struktura ləkə yaxar?

Zakir Həsənov, Nəcməddin Sadıkov haqqında mətbuatda gedən tənqidi materialın heç birindən əsgərlərin xəbəri olmur. Bir il hərbi xidmətdə olduğum müddətdə bir dəfə də olsun, Səfər Əbiyev və Nəcməddin Sadıkov haqqında çıxan tənqidi yazılardan xəbərim olmayıb.

Yəni hansısa yüksək post tutan bir hərbçi haqqında tənqidi materialın Ordu ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Bütün hallarda Müdafiə Nazirliyi tənqid ediləndə, deyirlər ki, düşmən də görür, oxuyur. Dəfələrlə yazmışam, yenə də yazım - "Düşmən görür" yanaşmasını “sipər”ə çeviriblər! O “sipər”in arxasında dayanıb, hər şey edib də, "düşmən görür" demək, elə düşmənçilik deyil?

Ermənistanın baş naziri koronavirusa yoluxub. Onlar niyə "düşmən görür" deyərək,  bu məsələni ört-basdır etmirlər? Görürük axı... Erməni ordusunda kifayət qədər koronavirusa yoluxanlar oldu, xəbəri yaydılar, biz də gördük, nə oldu?

Ancaq Azərbaycan Ordusunda da koronavirusa yoluxanlar oldu və bunu Operativ Qərargah açıqladı. Açıqlamadan əvvəl informasiya var idi, ancaq dedilər ki, yaymaq olmaz, "düşmən görür". Hə, gördü, bununla nə dəyişdi? Adını da qoyublar “informasiya müharibəsi”.

Postların müqəddəsi əsgərlərin qoruduğudur. Əsgərlər dəyişir, post qalır.

Vəzifələr də belə olmalıdır.

Səxavət Məmməd

1 yorum:

  1. Ordu rəhbəri kimi baxilmalidi, tək şəxs kimi yox bu insanlara. Ona gore deyirler ki dusmen gorur. Ne probleminiz var verin mehkemeye hell etsinler. Mehkemeye de inanmirsiz? Verin yuxari instansiyaya. Hec neye inanmiyan da day yasamasin da burda.

    YanıtlaSil

Real Time Analytics