Onların öz dünyaları, adət-ənənələri, yaşam tərzləri var.
Söhbət Yevlaxda yaşayan Zilan kürdlərindən gedir.
Ölkəmizdə kimi dindirsən, Azərbaycanı yaxşı tanıdığını iddia edəcək. Ancaq böyük olmayan ölkəmizdə tanımadığımız, barəsində kifayət qədər məlumatımız olmayan o qədər yerlər var ki.
Yevlaxa Qaraçı icması ilə reportaj üçün getmişdik. Onların yaşam tərzini araşdırmaq istəyirdik. Onlar da digər azərbaycanlılar kimi özlərinə qonaqpərvər deyirlər. Yolda qalan birini evlərinə dəvət edib, saxlayarlar da. Ancaq bizi qəbul etməkləri bir qədər zaman aldı. Axı biz qonaq kimi yox, sırf reportaj üçün getmişdik.
Jurnalistlərin ən böyük çətinliklərindən biri də, “sizdən əvvəl gəlib çəkmişdilər, ancaq biz deyənləri verməmişdilər”dir. Yevlaxda da ilk çətinlik bu oldu. “Sizdən əvvəl gəlib bizi çəkdilər, özümüz haqqında danışdıq, ancaq gedib bizi qaraçı kimi təqdim etdilər. Biz kürdük, Zilan kürdüyük”, dedilər.
Yevlaxda bir neçə gün qaldığımız və 10-a yaxın ailə ilə tanış olduğumuz üçün onların yaşam tərzini və adət-ənənələrini bir yazı ilə izah etmək olmaz. Ona görə də, bu yazıda Yevlaxda yaşayan Zilan kürdlərinin Azərbaycana gəlişlərindən söz açacağam.
Yaşlıların söylədiklərinə görə, onlar Türkiyə ərazisindən köçürülüblər. Zilan kürdləri Özbəkistana, Qazaxıstana, sonra isə Azərbaycana gəliblər. Əslində, gətiriliblər desək, daha doğru olar. Hazırda Yevlaxda yaşayan hər bir Zilan kürdünün Qazaxıstanda, Türkiyədə yaşayan qohumları var və onlarla daim əlaqədədirlər.
Ötən əsrin ortalarından başlayaraq Zilan kürdləri Azərbaycan ərazisinə köçürülüblər. Köçürüldükləri yerlər isə demək olar ki, bütün ölkəni əhatə edir. İrəvandan tutmuş Qəbələ, İsmayıllı, Qax, Şəki, Gəncə və digər bölgələrə qədər yayılıblar. Zilan kürdlərinin bu qədər geniş əraziyə yayılmasına səbəb əslində heyvandarlıqla məşğul olmaları olub. Daha sonra onlar Gəncə şəhəri ətrafına yerləşiblər.
Gəncə şəhərində yaşamış yaşlı insanlar söhbət zamanı bildirirlər ki, Zilan kürdləri Gəncə ətrafına gələndə çadırlar qurublar, orada məskunlaşıblar. Gəncəlilər bildirirlər ki, bəlkə də ilk dəfə Zilan kürdlərinə “qaraçı” sözünü onlar deyib: “Uşaqları qorxutmaq üçün Zilan kürdlərini göstərib deyirdik ki, məhəllədən o yana getməyin, yoxsa “qaraçılar” gəlib sizi oğurlayacaqlar”.
Gəncədən olanlar deyirlər ki, əslində onlar özləri də gələnlərin kim olduğunu dəqiq bilməyiblər:
“Onlar çadırlarda yaşayırdılar. Çadırın ətrafında çalıb oynayırdılar. Yallı gedirdilər. O zaman demək olar ki, heç kimlə əlaqələri yox idi. Sonradan onların bir qismi Yevlaxa yerləşdi, bir hissəsi də Gəncədə məskunlaşdı”.
Yevlaxa gələn Zilan kürdləri rayon mərkəzindən kənarda, Kür çayına yaxın ərazilərdə yerləşiblər.
Zilan kürdlərinin özlərinin qəbiristanlığı da mövcuddur. Həmin qəbiristanlığa el arasında “Dəvəçi” qəbiristanlığı deyilir. Yaşlı Zilan kürdləri ilə söhbət zamanı bildirirlər ki, aralarında imkanlı olanların dəvələri var idi və onlar ticarətlə məşğul olurdular. Bu səbəbdən də onlara “köçəri” yox, “dəvəçi” deyirdilər. Onların dəfn edildiyi yerin adı da dildə “Dəvəçi” qəbiristanlığı kimi qalıb.
Qəbiristanlığı gəzirik. Qəbiristanlıq demək olar ki, 2 yerə bölünüb. Hazırda Zilan kürdlərinin dəfn edildiyi qurtaracaq və ön hissə. Ön hissə təmir edilir, yol çəkilib. Yerli sakinlər bildirir ki, Gəncə şəhər icra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin anası və atasının dəfn edildiyi yer təmir olunub. Arxa tərəf isə yüngül formada desək, baxımsızdır.
Düzdür, Azərbaycanın hər bölgəsində qəbirlərin üzərində məqbərə, talvar görə bilərik, ancaq “Dəvəçi” qəbiristanlığında bunları daha çox görürük. Ümumiyyətlə, Zilan kürdlərinin göstərişi xoşladığı ilk baxışdan müşahidə edilir. Kişili-qadınlı barmaqlarda böyük üzüklər, ən kasıbının belə ağzında qızıl dişlər…
Qəbirlər də elədir. Varlıların qəbirlərinin üzərində minarə, kasıbların qəbirlərinin üzərində isə talvarlar var. Qəbirlərdə diqqət çəkən məqamlardan biri də Türkiyə bayrağında olan aypara və beşguşəli ulduzun əks istiqamətə baxmasıdır. Köhnə qəbirlərin demək olar ki, hamısında bu işarələr mövcuddur. Ancaq bunun izahını verə bilən tapılmadı.
Yas mərasimlərində də fərq olduğu sonradan məlum olur. Ölən biri üçün 3, 7, 40 mərasimi keçirilir. Zilan kürdləri bundan əlavə 52 mərasimi də keçirirlər.
Azərbaycanın müstəqilliyindən sonra Yevlaxda yaşayan Zilan kürdləri Türkiyədə, Qazaxıstanda yaşayan qohumları ilə əlaqələr qurublar. Zoya adlı qadın deyir ki, əmisi uşaqları Iğdırda yaşayırlar:
“Təxminən 2 il əvvəl oraya getdik. Bir müddət də orada qaldım. Biz burada necə yaşayırıq, adət-ənənəmiz nədirsə, orada da odur. Düzdür, biz kürdük, öz adət-ənənəmizi, dilimizi qorumuşuq, ancaq Azərbaycan vətəndaşıyıq və bura bizim vətənimizdir. Düzünü deyim, oradakı qohumlar “köçün buraya gəlin, uşaqları göndərin, gəlib burada işləsinlər” dedilər. Ancaq qətiyyən buna razı deyiləm. Bir dəfə sərhəd bağlandı, qohum qardaşdan ayrı düşdük. Qorxuruq ki, yenə nələrsə olar və ayrı düşərik. Ona görə də, onlar qohumumuz olaraq qalacaqlar, ancaq oraya qayıtmağı düşünmürük”.
Zilan kürdləri hələ də öz dillərini qoruyub saxlayırlar. Onlar öz aralarında daim öz dillərində danışırlar. Özləri belə gülərək deyir ki, “əvvəllər yerli türk millətindən gizlin danışa bilərdiksə, artıq qonşuluqda yaşayanlar dilimizi bilirlər. Onlardan gizlinimiz yoxdur”.
Zilan kürdləri üçün ən önəmli məsələ ağsaqqal və böyük məsələsidir. Onlar üçün ağsaqqalın, özlərindən yaşca böyük qardaşın sözü qanundur. Həyətlərinə, evlərinə getdiyimiz ailələrdə stol arxasında böyük qardaş otururdusa, kiçik qardaş kənarda dayanırdı. Səbəbini soruşduqda isə bildirdilər ki, “böyük varsa, mənim söz deməyimə ehtiyac yoxdur”.
Bundan sonrakı yazıda Zilan kürdlərinin toy adətindən bəhs edəcəyik.
Səxavət Məmməd

Hiç yorum yok:
Yorum Gönder