30.10.2018

50 manatlıq mülki veteranlar - Səxavət Məmməd yazır

Qarabağda müharibə üzü görməyib, veteranlıq vəsiqəsi alıb, sinəsinə medallar düzdürüb özünü irəli verənlər azmış kimi, indi də “mülki veteranlar” boy göstərir.

Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan zabit, General-polkovnik Tofiq Ağahüseynovun imzası ilə mülki şəxslərə üzvlük vəsiqəsi satılır.

Bəlkə də “satılır” ağır söz, ittiham kimi gələcək.

Amma və lakin…

Bəli, satılır!

50 manata!


Bazar da var, simsarlar da var, alıcı da.

Hətta almaq istəyənlərə, yer, ünvan da deyə bilərəm, 50 manat versinlər, bir neçə gün sonra üzvlük vəsiqəsini əldə etsinlər.

Artıq Aprel döyüşləri zamanı cəbhə bölgəsində yaşayıb, evini tərk etməyənlər də Respublika Veteranlar Təşkilatına üzv olmaq üçün müraciət edə və təşkilata üzv ola bilərlər. Təbii ki, 50 manat cibində olmaq şərti ilə.

Hələ bu azmış kimi, onlara medal da verirlər. “Evini tərk etməyənlər” sinələrinə medal taxıb, alçaq dağları yaradıbmış kimi gəzirlər də.

Saxta Qarabağ müharibəsi veteranları, əlillərinin aşkar edilməsi, ifşa edilməsi üçün deputat, nazir səviyyəsində təkliflər var. Bunun üçün hansısa işlərin görüləcəyi də gözlənilir. Bu çirkab təmizlənməmiş sabah-birigün “mülki veteranlar” necə təmizlənəcək?

Yaxın günlərdə dövlət idarələrinin birində bu vəsiqəni göstərib, növbədən kənar keçənlər də olub. Yəni, artıq vəsiqə işə düşüb.

Çox maraqlıdır. Həmin şəxslərin evini tərk etməməsi, mülki işlərə yardımçı olması necə təyin edilir? İcra nümayəndələri hansısa sənəd verir? Aprel döyüşləri zamanı cəbhəyanı kənd və qəsəbələrdə hansı icra nümayəndəsi qalmışdı ki?

Aprel döyüşlərində cəbhəyani kəndləri qarış-qarış gəzən biri kimi hansı kənddə, hansı evdə kimin çıxıb, çıxmadığını yaxşı bilirəm. Üstəgəl, hər kənddə qalan bir neçə nəfərdən də soruşmaq olar ki, kimlər nə ediblər. Aprel döyüşləri zamanı evini boşaldıb qonşu rayonlara yığanlar, döyüşlər zamanı kəndindən telefonla xəbər alanlar, indi cibində veteran vəsiqəsi gəzdirir, sinəsinə medal vurub, kimlərəsə barmaq silkələyir.

Medal məsələsi sözün əsl mənasında iyrəncliyin pik həddinə çatıb.

Müharibədə məğlubiyyət acısı dadan, torpağı işğal altında olan, şəhid olan əsgər yoldaşının qisasını ala bilməyən biri necə özünə sığışdırıb, pulla satılan medalları gəzdirə bilir? Döyüş yolu keçmiş, məğlubiyyəti həzm edə bilməyən veteranlar var ki, özləri bu hala qarşı çıxırlar. Hətta bir çoxlarımızın tanıdığı elə döyüşçülər var ki, nəinki medal, heç veteranlıqlarının arxasınca belə düşmürlər.

Dövlətin təltifini başa düşürük. Bu saysız hesabsız veteranlar təşkilatı hansı “sıfat”la müxtəlif adlar, medallar satır? Əslində, o təşkilatlar veteranlar üçün yox, bir qrup şəxsin dolanışıq yeridir.

Bir də görəcəyik, hansısa nazir, deputat çıxıb deyəcək ki, saxta “mülki veteranlar”ın aşkar edilməsi üçün araşdırma aparmaq lazımdır filan. Bunu onlara üzvlük, medal verəndə düşünmək lazım deyildi?

Kimsə üzvlük məsələsinə yaxşı don da geyindirə bilər. Əcəb edər. Əlinin içindən girib, çölündən çıxar. Həmin şəxslər qorxmayıb, evin tərk etməyib, mülki işlər görüb. Əslində bu mülki işlərin nə olması da ayrı mövzudur. Nə isə…

Mərminin dili yox, ağzı yox, qanmır, qandırmır. Gəlib düşdü ürəkli, qorxmayan birinin evinə və evdəkilər həlak oldu. Onda nə olacaqdı? Aprel döyüşləri zamanı insanlar evlərini tərk etdi. Əslində doğru olan da bu idi. Doğru olmayan, bu günə qədər o kəndlərdə bomba sığınacaq mərkəzlərinin tikilməməsi, dəqiq təxliyyə planının olmamasıdır.

Bu gün 50 manata “mülki veteranlar” olanlar, sabah 500 manat verib, xalq artisti də olarlar.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics