12.06.2020

AMEA, şeir və koronavirus - Dünya elminə kəllə atanlar

Azərbaycan Milli Elmlər Akademiyası koronavirusla bağlı gündəm olub.

Eşidən bilən də elə bilər ki, alimlərimiz koronavirusa qarşı vaksin tapıblar və yaxud hansısa elmi bir nailiyyət əldə ediblər. Buna nəinki biz, heç alimlər özləri belə inanmazlar.

AMEA-nın alimləri koronavirusa elmi yox, bədii tərəfdən yanaşıblar. Sözü çox dolandırmayaq, ailmlərimiz koronavirus və pandemiya ilə bağlı şeir yazacaqlar. Gülməyin! Dünyanın hansı elm mərkəzi planetimizi cənginə alan bir epidemiyaya bədii tərəfdən yanaşıb? Yanaşmaq nədi, heç bunu düşünə biləcək dünyada alim tanıyırsınız?


Lap əvvəldən başlayaq. Koronavirus dünyaya yayılmağa başlayanda ölkələr bir-bir karantin rejimi elan etməyə başladı. Azərbaycan da eyni bu addımı atmalı oldu. Azərbaycanda ilk evdən işləyən qurumlardan biri AMEA oldu. Təsəvvür edin, alimləri koronavirus üzərində baş sındırmaq yerinə, göndərildilər evlərinə. Azərbaycan bəzi dövlətlər kimi yaşı 65 və daha çox olanların evdən çıxmasını qadağan etdi. Bu qərara əsasən AMEA-nın alimləri iki qat evdə qalmalı oldu. Sonradan məlum oldu ki, alimlər elmi kəşflərini evdən edəcəklər. Hər gün AMEA-nın rəsmi saytına baxdıqda, koronavirusla bağlı yeni xəbər görürdük, xəbərə baxanda məlum olurdu ki, AMEA hansısa ölkənin etdiyi işi tərcümə edib, sayta yerləşdirib. AMEA-nın karantində olan ölkəyə verdiyi töhvə ancaq bu şəkildə oldu. Yeri gəlmişkən TƏBİB sədri Ramin Bayramlı hər brifinqində deyir ki, alimlərlə məsləhətləşirik, indi məlum oldu hansı alimləri deyir.

AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli alimlərin koronavirusla bağlı şeirlər yazacağını açıqladı. Əslində bu AMEA-nın elmə bədii münasibətidir. Təsəvvür edin, dünya alimləri durmadan açıqlamalar verir, araşdırmalarla bağlı məlumatlar yayır, peyvəndin nə vaxt tapılacağını bildirir. Bizim AMEA isə şeir yazır, yazdırır.

Dünən bir şair sosial şəbəkədə belə bir paylaşım etmişdi: "AMEA-nın alimlərindən biri zəng edib, dedi ki, koronavirusla bağlı bir şeir yaz göndər, hörmətini edəcəm". Demək elmləri kimi şeirləri də saxta olacaq. Buradan belə görsənir ki, şeir yazmaq alimlərin boynuna qoyulub. Bəlkə də, AMEA-nın tərkibindəki hər instituta plan da qoyulub ki, bu qədər şeir sizin öhtənizə düşür.

Razıyıq, şeiri alim də yazar, nazir də yazar, çoban da. Ancaq mövzu ilə bağlı şeir yazdırmaq ancaq və ancaq sovet təfəkkürlü qocaların ağılan gələ bilərdi. Dünya bəla ilə "uğraşarkən" buna şeirlə töhvə vermək dünya elminə kəllə atmaq kimi bir şeydir.

Hələ kitab da çap olunacaq, maliyəsi də ayrılıb artıq.

Ramiz Mehtiyev başda olmaqla bütün alimlərimizi təbrik edirik. Bunu ancaq biz, üzr istəyirəm, onlar bacara bilərdilər!

Sonda dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirdən bir kuplet şeirlə AMEA-nın təşəbbüsünə qoşulaq:

Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ aftomobil minməyiriz;
Quş kimi göydə uçar yerdəkilər,
Bizi gömmüş yerə minbərdəkilər!

P.S Mirzə Ələkbər Sabir həqiqətən dahi olub. 100 ildən çoxdur yazıb, diaqnozunu qoyub, müalicə oluna bilmirik ki, bilmirik.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics