7.06.2020

"Qurban Qurbanov koronavirusa yoluxub"

İnanmaq işin yarısıdır.

Ayın 5-i, 5-ci gün küçəyə çıxmağın qadağan olduğu şəhərlərdə belə desək insanlar ərzaq və meyvə-tərəvəz mağazalarını yağmaladı. Düzdür, pul verib alırdırlar ancaq çörək, makaron, meyvə-tərəvəz şöbələrinin silinib-süpürülməsi bir başqa mənaya da gəlmir.

Sosial şəbəkələrdə onlarca videolar, fotolar izlədik. 10-15 çörək alan kim, makaron üstündə dava salan kim (şahidi olmuşam), 2 gün üçün meşokla xiyar, pomidor aparan kim.


Yəqin ki, hər kəsin yadındadır. Türkiyədə ilk dəfə həftə sonu küçəyə çıxmaq qadağan ediləndə, 2 saat ərzində bütün ölkə küçəyə axışmışdı. Həmin vaxt o videolara biz də baxıb gülürdük. Hamımız da, deyirdik ki, 2 gün üçün o qədər ərzaq nəyə lazımdır? Bir çoxlarımız öz cəmiyyətimizə şükür etmişdik.

Baş verənlərə görə məsuliyyəti Türkiyənin Daxili işlər naziri Süleyman Soylu öz üzərinə götürdü və istefa verdi.

Olanlara görə camaatı bəs qədər tənqid edib, məzəmmət etdik. 5-ci gün baş verənlər nəyi göstərdi?

Hökumətin həftə sonu küçəyə çıxmama qərarından sonra bir neçə dövlət qurumu əhaliyə müraciət etdi. Ən gülməli müraciəti Fövqəladə Hallar nazirliyi etmiş oldu. Həftə sonları çimərlik adı ilə evdən çıxmayın. Sanki hər yerə getmək olar da, çimərliyə olmazmış. Öz aləmlərində haqlı olsalar da, son dərəcə mənasız və boş bir müraciət idi. Əvəzində, müraciət edəcək qurumlar isə susdu.

Bütün bu ajiotajın qarşısını almaq mümkün idimi bəs? Bu çörək davalarını, növbələrini önləmək, tərəvəz-meyvə yoxluğuna çarə etmək olardımı?! Olardı! Əhalisinin çörəkdən çox istifadə etdiyini bilən hökumət (tanıyırdısa əgər) çörəkbişirmə sexlərinə müraciət edərək, 25 faiz artıq istehsala çağıra bilərdi. Kənd təsərrüfatı nazirliyi bazar və marketlərə çıxartdıqları meyvə-tərəvəzin 30-40 hətta 50% artığını çıxartmağı tövsiyyə edə bilərdi (birbaşa nazirliyin "Kənddən şəhəri" proyekti var ən azı orda fərq görünməliydi). Amma Kənd təsərrüfatı nazirliyi şənbə günü anladı ki, əslində satışa çıxarılan meyvə-tərəvəz gündəlik üçün hesablanırmış.

Qərar vermək asandı amma həyatı iflic vəziyyətə salmamaq üçün öncədən tədbirlər görmək müddəasını unutmamaqla. Əslində bir növ xeyirləri dəydi. Birinci gün alınacaq bütün  məhsulların hamısı yeni olacaq.

Şənbə günü artıq polislə vətəndaş arasında qaçdı-tutdu və gizlənqaç oyunu başladı. İnsanlar həyətə axışır, polis maşının səsi gələn kimi, hamının canına vəlvələ düşür və qaçırlar evlərə. Səbəb nədir? Düzdür, insanlar qadağan olunmuş şeyləri sevir. Ancaq bu qadağa sənin ziyanına deyil axı?!

İstirahəti yatmaq bilən insanların küçə həsrəti çox qəribə gəlir. Polisin gözü yolda-irizdə olduğu vaxtda kreativ insanlarımız damlara çıxdılar. Binaların başında söhbət edənlər, qucaqlaşan oğlanla qız, nərd atan qonşular (inanmayan oxucuya foto, video təqdim edə bilərəm). Polis, daxili qoşunlar azdır, damdakılar üçün də xüsusi təyinatlılar gətirsinlər?

Əslində bunları yazmaqla bir növ cəmiyyətimizin iç üzünü açmış oluruq sanki. Məsələnin dərinliyinə gedəndə, günahkarın təkcə cəmiyyət olmadığını görürük.

10 çörək alanın da, bir meşok xiyar aparanın da, makaron üstündə dava edənlərin də arqumenti birdir - "bunlara inam yoxdur".

Təsəvvür edirsiniz, ölkə əhalisi nə qərara inanır, nə virusa. Operativ Qərargah nə qədər də desə ki, şəffafıq, şayələrə inanmayın, inam, etibar daha da itir. Brinfinqə çıxan şəxslərin hamısı deyir ki, mübarizə aparırıq, dövlətimiz elə addımlar atır, belə xəstəxanalar inşa edir. Düzdür, bunlar da lazımdır, vacibdir. Ancaq öncə xalqı inandırmaq lazımdır.

Sosial şəbəkədə bir nəfər özünün və ailəsinin xəstələndiyini, Atletlər kəndində müalicə aldıqlarını yazıb, baxımsızlıqdan şikayət edib. Şəxsən özü xəstə olub, bunu yazana belə cavab verirlər ki, boş şeydir, adi qripdir, camaatın ətin tökməyin. İnanmayan adama qadağa, maska təsir edəcək?

Bəhram Bağırzadənin koronavirusa yoluxduğu xəbəri yayıldı. Sosial şəbəkədə böyük əksəriyyət yazır ki, yalandır, camaatı inandırmaq üçün belə xəbər çıxarıblar. Əgər Bəhram Bağırzadə yoluxubsa, tez sağalsın, yox, camaatın dediyi kimidirsə, gecikmiş addımdır.

Niyə gecikmiş addım? İnsan psixologiyası belədir ki, ilk xəbər, ilk zərbə təsiredici olur. Artıq azərbaycanlılar hamısı rus və türk bloggerlərin - bunlar hamısı oyundur, bunları bir siyasətdir-; fikirləri ilə doyublar.

Təsəvvür edin, virusun ilk vaxtlarında, inanmıram deyənlərin 5-10 nəfər olduğu dövrdə "Qurban Qurbanov koronavirusa yoluxub" xəbəri nə qədər effektli olardı. 5 gün sonra da Rəşad Sadıqov. Heç yoluxmasalar belə, ağıllı bir adam gedib onları razı salardı ki, camaatımızı bilirsiniz, adınızı yazaq, 3-5 şəkil qoyaq, inansınlar, yoxsa yoluxma dəhşət artacaq. Razı olmazdılar?

Burada da bir acınacaqlı durum var. Təsəvvür edin, fikirləşirəm ki, hər kəsin hörmət edəcəyi adam olsun, adam tapmaq çətindir. Nazir desən hamı sevinəcək, deputat desən ölümünə qurban deyənlər olacaq, icra başçısı desən, bayram elan edəcəklər. Etibarlı adam da qoymayıblar cəmiyyətdə, bu da ayrı bir virus.

Hökumət həqiqətən də virusla mübarizə aparmaq istəyirsə, əhalini inandırmaq məcburiyyətindədir. Yoxsa bu inamsızlıqla, vəziyyət daha da bərbad olacaq. İnandıqdan sonra cəriməsiz, qaçdı-qovdusuz əhali maskasını da taxacaq, sosial məsafəsini də gözləyəcək. Sərt karantinə etiraz etmirik amma bu günün sabahı da var, sabah şəhərdə (mallarda, restoranlarda, bulvarda, parklarda)vəziyyət necə olacaq? Bax, bunu da sabah biləcəyik.

P.S. Sərt karantin ertəsi müşahidə yazım olacaq.

Səxavət Məmməd

Hiç yorum yok:

Yorum Gönderme

Real Time Analytics