25.11.2016

Tarixi qoruq, yoxsa kafe, restoran və çayxanalar məhəlləsi? — İçərişəhərdən reportaj + FOTOLAR

Hər zaman tarixi abidələrimizlə öyünürük, ancaq desək ki, onlardan bir neçəsini sayın, Qız qalası, Şirvanşahlar sarayı, İçərişəhər, Şəki xan sarayı deyib, düşüncəyə dalacaqlar.


Son zamanlar ölkəmizə İran və ərəb ölkələrindən çoxlu sayda turist gəlir. Turistlərə isə ən çox İçərişəhəri, Qız qalasını, Şirvanşahlar Sarayını gəzdiririk. Etiraf edək ki, olanımız budur. Başqa haranı turistlərə göstərəcəyik ki?
Bəzən deyirlər ki, Avropdan turistlər Azərbacana niyə az gəlir? Sual olunur, Avropalı turistlərə fərqli nə təqdim edəcəyik? Qız qalası deyirsiniz? Avropada minlərlə qalalar var. Şirvanşahlar Sarayı deyirsiniz? Avropada nə qədər desəniz saraylar var. Dəniz deyirsiniz? Bizim çirkli Xəzərimiz Avropalının nəyinə lazımdır?
İçərişəhər, Qız Qalası, Şirvanşahlar Sarayı bizim üçün bir dəyərdir. Ancaq gəlin görək bu dəyərə necə baxırıq.
İçərişəhərdə tarixlə bağlı heç nə qalmayıb artıq. İçərişəhər başdan-başa kafelərlə, çayxanalarla, restoranlarla dolub. İçərişəhərin qala divarını artıq içəridən görmək olmur. Qala divarları içəri tərəfdən kafelərlə, çayxanalarla, restoranlara hasarlanıb.
İçərişəhər sakinlərinin xahişi ilə Ölkə.Az-ın repartyor qrupu tarixi qoruqda oldu. Qoşa qala qapılarından İçərişəhərə daxil oluruq. İçərişəhərin daxili tarixdən daha çox bazarı xatırladır. Sol və orta tərəfdə guya qədimi adı ilə Sədərək və Binədən gətirilmiş təsbehlər, kiçik suvenirlər satılır. Sağ tərəfdə isə kafe, çayxana və restoranlar düzülüb. Qiymətlərdən danışmağa dəyməz. Nə isə... İçərişəhərə gəlişimizin məqsədi bu deyil.
İçərişəhər sakinləri bizə şikayət edərək bildirdilər ki, burada qoruq rəhbərliyi ikili standartlardan çıxış edir. Belə ki, İçərişəhərdə yaşayan vətəndaşlar evlərini təmir edən zaman İçərişəhər Dövlət Tarix- Memarlıq Qoruq (DTMQ) İdarəsi evlərdə heç bir dəyişikliyə icazə vermir. Sakinlər bildirir ki, hətta plastik pəncərələrin qoyulmasına da icazə vermirlər. Ancaq tarixi abidələrin üstündə çayxanaların tikintisinə icazə verilir. Sual olunur, əgər vətəndaşların öz evlərində dəyişikliyinə icazə verilmirsə, tarixi abidələrin üzərində necə çayxanalar tikilir?
Qız qalasının qarşısında Hacı Bani hamamı var. Hamam ölkə əhəmiyyətli tarixi abidədir. Hamam dəfələrlə təmir edilib, ancaq rütubətliliyin çoxluğuna görə istifadə etmək olmur. Bu səbəbdən də qapılarına qıfıl vurulub. Hamamın üzərində günbəzlər var. Hacı Bani hamamının üzərində isə çayxana tikilir. Qızğın iş gedir. Yəqin yaxın zamanlarda çayxana öz müştərilərini qarşılayacaq. Öz tarixi abidələrini göz bəbəyi kimi qoruyan əcnəbilər Bakıya gəlib, bizim ölkə əhəmiyyətli qoruğumuzun üzərində oturub çay içəcək, şəkil də çəkdirib sosial şəbəkələrdə paylaşacaqlar.
Evlərin pəncərələrinin dəyişdirilməsinə icazə yoxdur, ancaq İçərişəhərdə Karvansarayın üst hissəsi yeni kostruksiya ilə örtülüb. Deyəcəksiniz qorunur, ona görə, amma əsla elə deyil. Karvansarayın orta hissəsi restorandır.

Əncir ağaclarının altına stollar qoyulub. Hava yağışlı olarsa, təbii müştərilərin başına və yeməyinin içinə yağacaq, bu səbəbdən məhz Karvansarayın üzəri örtülüb. Demək ki, bizim üçün restoran, yemək, çay, müştəri tarixi abidələrdən daha qiymətlidir.

İçərişəhər sakinləri ilə söhbət edən zaman dedilər ki, əvvəllər uşaqlarımızın oynaması, özümüzün oturmağımız üçün yerlər var idi. Axşamları oturub somavar qaynadıb, çay içərdik. Həmin yerlərin hamısı indi kafe, restoran, kimi fəaliyyət göstərir.
Bu il turistlərin sayının çox olması işbazları daha da həvəsləndirib. Artıq kafelərin, çayxanaların, restoranların sayı durmadan artır. İçərişəhər tarixi bir qoruqdan çox, sürətlə yeyib-içmək, əylənmək məkanına çevrilir.
İçərişəhərin tarixinin məhvi həm də bizim turizim anlayışımızı düzgün qavramamağımızdan irəli gəlir. Bu şəkildə turizmə yanaşsaq, onda bir neçə ildən sonra yuxarılarda əlaqələri olan bəzi işbazlar Şirvanşahlar sarayının özünü belə kafe, restoran və ya VİP çayxanaya çevirəcəklər.






































Hiç yorum yok:

Yorum Gönder

Real Time Analytics